Müdafiə sənayesinin
inkişafı ölkəmizin hərbi qüdrətini daim
gücləndirir
Azərbaycanda yeni fəaliyyətə başlayan sənaye müəssisələri arasında xüsusən strateji əhəmiyyət kəsb edən müdafiə sənayesi məhsulları istehsal edən zavodların fəaliyyətə başlaması respublikamızın kompleks inkişaf yolunda qazandığı böyük nailiyyətdir. Silahlı qüvvələrimizin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər mühüm işlər görülüb. Ordumuz yeni texniki imkanlar əldə etməklə həm də müasir, dünyada təcrübədən çıxmış müharibə və döyüş taktikalarını da mənimsəyib.
Bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malik ölkə statusunu daşıyır. Cənubi Qafqazda ən güclü ordunun Azərbaycana məxsus olması həm region, həm də dünya dövlətləri tərəfindən etiraf olunur. Respublikamız Silahlı Qüvvələrin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir. İşğal edilmiş ərazilərimizi qısa zaman ərzində tam azad etmək gücündə olan ordumuzun qüdrəti təcavüzkar Ermənistanın özündə də açıq etiraf olunmaqdadır. Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev deyib: "Biz danışıqlar apardığımız zaman, eyni zamanda, ordu quruculuğuna böyük diqqət göstəririk, ordumuzu gücləndiririk. Bu sahədə böyük uğurlara nail ola bilmişik. Düşmən də bunu bilir və qorxudan əsir. Onların son aylarda verdikləri isterik və əsəbi, qorxu ilə dolu çıxışlar bunun əyani sübutudur. Onlar da yaxşı bilirlər ki, Azərbaycan ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə endirə bilər. O zərbə nəticəsində nəinki Dağlıq Qarabağda, Ermənistanda da vəziyyət başqa istiqamətdə inkişaf edə bilər".
Ölkəmizdə ordu quruculuğu ilə yanaşı, müdafiə sənayesinin inkişafı da diqqət mərkəzindədir. Hərbi təyinatlı məhsullar istehsal edən Azərbaycan sənayesinin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada ərsəyə gətirilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir. Digər tərəfdən, ildən-ilə ölkə daxilində istehsal olunan məhsulların keyfiyyəti ilə bərabər kəmiyyətində də böyük artım var. Müdafiə Sənayesi Nazirliyi fəaliyyətə başlayandan bəri tabeliyində olan müəssisələrdə 30-dan çox yeni istehsal sahəsi yaradılıb. Müdafiə sənayesi üzrə yaradılan istehsalat sahələri Azərbaycan Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin edir. 2010-cu ildə müdafiə təyinatlı məmulatların istehsal həcmi 2006-cı illə müqayisədə 115 dəfədən çox artıb. 2009-cu illə müqayisədə isə ötən il müdafiə sənayesi müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatların həcmi 4 dəfə artıb, çeşid sayı 370-ə çatdırılıb. İstehsalı mənimsənilmiş məhsullar sırasında uzaqməsafəli minaatanları, snayper tüfəngini, əl qumbaraatanını, müxtəlif növ tank əleyhinə minaları, optik nişangahları, aviasiya təlim bombalarını, maskalanma torunu, müxtəlif döyüş sursatlarını və bir sıra digər məmulatları göstərmək olar. "Matador" və "Marauder" tipli zirehli transportyorların birgə istehsalı, NATO standartlarına uyğun "Zəfər", "Zəfər-K" və "İnam" tipli müasir tapançaların hazırlanması və hazırda Silahlı Qüvvələrdə istifadə edilən keçmiş SSRİ istehsalı olan müxtəlif tıpli zirehli döyüş maşınlarının müasir tələblərə uyğun təkmilləşdirilməsi işləri də uğurla həyata keçirilir.
Diqqətçəkən başqa bir cəhət də Azərbaycanın hərbi sənaye kompleksinin real istehsal gücü Silahlı Qüvvələrimizi silah-sursat, hərbi texnika və digər vasitələrlə təmin etməklə yanaşı, xarici bazarlara da məhsul ixrac etməyə qadir olmasıdır. Qeyd etmək xoşdur ki, xarici bazarlarda Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullara böyük maraq var. Bunu indiyə qədər keçirilən və ölkəmizin istehsalı olan müdafiə məhsullarının nümayiş etdirildiyi sərgilər təsdiq edir. Beynəlxalq miqyasda Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məmulatlara böyük maraq göstərilməsinin səbəbi onların keyfiyyətli olması, müasir tələblərə cavab verməsidir. Bir çox dövlətlər ölkəmizdə müdafiə sənayesi tərəfindən istehsal olunan məhsullara maraq göstərməklə yanaşı, bu sahədə Azərbaycanla əməkdaşlıq qurulmasına və ya mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə çalışırlar.
Qısa müddətdə respublikanın hərbi potensialının artırılması məqsədilə yaradılan müdafiə sənayesi sahəsində əldə olunan nailiyyətlərə məhz ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqəti sayəsində nail olunub. Yeni istehsal sahələrinin açılışında iştirak edən Prezident İlham Əliyev müdafiə sənayesi ilə bağlı fikirlərini bildirib və görülmüş işləri yüksək qiymətləndirib.
Bu günlərdə ölkəmizdə fəaliyyətdə olan müdafiə sənayesi müəssisələrinin sırasına daha üç müəssisə qoşuldu. Bu ayın əvvəlində Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin yeni "AZAD Systems Co." müəssisəsi, yenidənqurmadan sonra "Cihaz" İstehsalat Birliyinin Bakı Cihazqayırma Zavodu və "Sənayecihaz" Elm-İstehsalat Mərkəzi istifadəyə verildi. Hər üç müəssisənin açılışında Prezident İlham Əliyev iştirak etdi. Həmin muəssisələrdə müasir tipli məsafədən idarə edilən pilotsuz uçuş aparatları, mina təsirinə dayanıqlı "Matador" və "Marauder" tipli zirehli nəqliyyat vasitələri, seysmik prinsipli mina partladıcısının və bir neçə adda yaxın məsafəli döyüş vasitələrinin ehtiyat hissələri və digər hərbi, eləcə də mülki təyinatlı məhsullar istehsal olunur, T-72 tankının, BTR və BRDM tipli zirehli maşınların təkmilləşdirilməsi üzrə işlər həyata keçirilir. Yeni müəssisələrin işə düşməsi ölkəmizin müdafiə sənayesinin daha da güclənməsinə və istehsalın artmasına müsbət təsir göstərəcək.
Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin hərbi müdafiə potensialının güclənməsinə xidmət edən bu müəssisələrin istifadəyə verilməsinin yaratdığı xoş ovqatla Soçiyə səfər etdi. Ermənistan rəhbərliyi Azərbaycanın hərbi qüdrətinin və müdafiə sənayesinin güclənməsindən narahatlığını gizlədə bilmir, həyəcanlandığını büruzə verirdi. Yəqin ki, buna görə yeni hərbi müəssisələrin Soçi görüşündən bir neçə gün əvvəl fəaliyyətə düşməsini ermənilər onlara verilən mesaj kimi də qiymətləndirirlər.
Bəli, Azərbaycanda
Silahlı Qüvvələrin modernləşdirilməsi ilə
yanaşı, həm də son illərdə yerli istehsal
hesabına hərbi birləşmələrin müxtəlif hərbi
ləvazimatlara və döyüş sursatlarına olan
ehtiyacını ödəməsi ölkəmizin Ermənistan
qarşısında üstünlüyünü daha da
artırır. Bunu düşmən tərəf də
yaxşı bilir. Hələlik isə respublikamız sülh
danışıqlarına sadiqdir. Rəsmi Bakı beynəlxalq
hüquqa müvafiq olaraq zəbt olunmuş ərazilərin
güc yolu ilə işğaldan azad edilməsi hüququnu
özündə saxlayır. Prezident İlham Əliyevin bəyan
etdiyi kimi, danışıqlar prosesi tükəndiyi təqdirdə
Azərbaycan Ordusu problemin həllində öz
sözünü deyəcək.
Azərbaycan.- 2011.-29 mart.- S. 1.