II Beynəlxalq muğam
festivalı çərçivəsində “Azərbaycan
muğamının dostları” adlı görüş-konsert
olmuşdur
Martın 19-da Azərbaycan
Dövlət Muğam Teatrında “Azərbaycan
muğamının dostları” adlı görüş-konsert
keçirilmişdir.
AzərTAc xəbər verir ki, “Muğam aləmi” II Beynəlxalq muğam festivalı çərçivəsində keçirilən konsert İraq muğam musiqiçilərinin ifası ilə açılmışdır. İraqın “Anğam Al Rafidain” ansamblının ifasında İraq muğamı, milli mahnı - xoyrat, türkməncə Qarabağ haqqında mahnı, “Nəhamət” muğamı tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Ansamblın solisti Məhəmməd Rauf Dərzidir.
Sonra amerikalı musiqiçi Cefri Verbok, fransalı Julyan Vays və digər xarici qonaqlar öz məharətlərini göstərmişlər.
Azərbaycan xalq mahnısı “Evləri var xana-xana”nı özünəməxsus tərzdə tamaşaçılara çatdıran Rəşad Qaraxanoğlunun ifası alqışlarla qarşılanmışdır. Xanəndəni tarda Altay Niftəliyev, kamançada Araz Ağaverdiyev müşayiət etmişlər.
Sonda azərbaycanlı
və xarici musiqiçilər “Ay bəri bax, bəri bax” xalq
mahnısını birgə ifa etmişlər
Azərbaycan.- 2011.-20 mart.- S. 11.