Sahə Qiymətləndirmə
Missiyasının nəticələri işğal edilmiş ərazilərdə
qanunsuz fəaliyyətin aparılması ilə bağlı Azərbaycanın
narahatlığının əsaslı olduğunu təsdiqləmişdir
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin qiymətləndirilməsi məqsədilə həyata keçirdiyi Sahə Qiymətləndirmə Missiyasının hesabatına münasibət açıqlamışdır.
XİN-in mətbuat xidmətindən AzərTAc-a daxil olmuş açıqlamada deyilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran edilməsi ilə əlaqədar Azərbaycanın müraciəti əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin qiymətləndirilməsi məqsədilə 2010-cu il oktyabrın 7-dən 12-dək Sahə Qiymətləndirmə Missiyasını (SQM) həyata keçirmişlər.
Bu missiyanın həyata keçirilməsində ATƏT sədrinin xüsusi nümayəndəsi və onun komandası, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından iki mütəxəssis və ATƏT-in 2005-ci ildəki faktaraşdırıcı missiyasının bir üzvü həmsədrlərə qoşulmuşlar.
SQM bir daha Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılma siyasətinin davam etdirildiyini, həmçinin infrastruktur dəyişikliklərin və iqtisadi fəaliyyətin həyata keçirildiyini aşkarlamışdır. Bu da Ermənistanın 1993-cü ildə qoşulduğu 1949-cu il 12 avqust tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyasına və ona əlavə protokollara ziddir.
Əyani qiymətləndirmə və yerli əhali tərəfindən verilmiş məlumatlara əsasən, Azərbaycanın işğal olunmuş yeddi rayonunda qeyri-qanuni məskunlaşmış ermənilərin sayı təqribən 14 min nəfər təşkil edir. Onların bir hissəsi bərpa edilmiş və ya yenidən inşa olunmuş evlərdə yaşayır. SQM-nin müşahidələrinə əsasən, missiyanın baş çəkdiyi bir sıra inzibati, təhsil və tibbi binalar erməni diasporunun maddi yardımı ilə inşa olunmuş və avadanlıqla təchiz edilmişdir.
İnfrastruktur dəyişikliklərinə gəldikdə isə SQM-nin əldə etdiyi nəticələr infrastrukturun inkişafı, xüsusilə elektrik və içməli su təminatının artırılması ilə bağlı işlərin həyata keçirildiyini göstərir. SQM-nin baş çəkdiyi bütün, ən ucqar məskunlaşmalar istisna olmaqla, yaşayış məntəqələri elektriklə təmin olunmuşdur. Aşkar olunmuşdur ki, Laçın şəhərinin şimalında, Zabuxçay çayının dərəsində 2,2 meqavat gücündə su-elektrik stansiyası vardır. Bu stansiya 25 kiçik su-elektrik stansiyalarının inşa edilməsi ilə bağlı planın bir hissəsidir. Bir neçə məskunlaşma yerlərində istiliyin təmin olunması üçün kiçik qaz boruları vardır. Sakinlər bunların son beş il ərzində çəkildiyini qeyd etmişlər. 2005-ci ildən fərqli olaraq, missiyanın baş çəkdiyi əksər məntəqələrdə mobil rabitə imkanları mövcuddur.
SQM, həmçinin işğal olunmuş ərazilərin inzibati sərhədlərinin dəyişdirildiyini müşahidə etmişdir. Sərhədlərin yenidən çəkilməsi, bəzi rayonların adlarının dəyişdirilməsi, həm də işğal altında olan ərazilərin inzibati aidiyyətinin dəyişdirilməsi də müşayiət edilmişdir. Ermənilər Azərbaycan ərazilərinin və yaşayış məntəqələrinin adlarını dəyişdirir və öz adlarını qoyurlar.
Hazırda Azərbaycanın digər ərazilərində yaşayan məcburi köçkünlərin gələcəkdə öz torpaqlarına qaytarılmasının yalnız davam edən işğal deyil, həmçinin bu bölgələrin dağıdılmış vəziyyəti ucbatından çətin olması ilə bağlı SQM-nin yekun rəyi xüsusi narahatlıq doğurur. Demək olar ki, keçmiş sakinlərin bütün şəxsi və ticarət əmlakları dağıdılmışdır. Onların geri qaytarılması üçün regionlarda münasib şərait yoxdur. Yerli əhalinin qaytarılması bu bölgələrdə evlərin və əsas infrastrukturun genişmiqyaslı inşası ilə müşayiət edilməlidir.
Qeyd edilməlidir ki, vaxt məhdudiyyəti, missiya üzvlərinin sayının az olması və ərazilərdə hərəkət üçün mövcud maneələr missiyaya işğal olunmuş ərazilərdəki vəziyyəti daha ətraflı qiymətləndirməyə və dərin təhlil aparmağa imkan verməmişdir. Buna baxmayaraq, mövcud faktlar o qədər dəhşətli və ağırdırlar ki, hətta üzləşdiyi problemlərlə belə missiyanın topladığı faktların hesabatda əks etdirilməsi qaçılmaz idi.
SQM-nin nəticələri işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətin aparılması ilə bağlı Azərbaycanın narahatlığının əsaslı olduğunu təsdiqləmişdir.
Missiyanın müşahidələri Ermənistanın beynəlxalq hüququn normaları və prinsipləri, xüsusilə güc tətbiq etməmək prinsipini pozduğunu, işğalla bağlı "status-kvo"nu möhkəmlətmək cəhdlərini bir daha təsdiqləmişdir.
Bu faktlar və müşahidələr həmsədrlər tərəfindən hələ 2005-ci ildə qeydə alınmış və o zaman öz tövsiyələrində onlar "bundan sonra işğal olunmuş ərazilərdə hər hansı məskunlaşmaya yol verilməməlidir" və "bu, vəziyyətin davam etməsinin uzadılmasına "fait accompli" (baş vermiş fakt) gətirib çıxara bilər. Bu da sülh prosesinə ciddi əngəllər törədə bilər" kimi çağırışlar etmişlər.
Həmsədrlər indiki tövsiyələrində də eyni narahatlıqları və çağırışları etmişlər. Təəssüf ki, Ermənistan son altı il ərzində həmsədrlərin çağırışlarına əməl etməyib və münaqişənin həlli prinsipinə hörmətsizlik nümayiş etdirməkdədir.
Azərbaycan SQM-nin "status-kvo"nun saxlanılmasının qəbul olunmazlığı ilə bağlı əsas bəyanata diqqəti yönəldərək Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətinə son qoymağı tələb edir. Azərbaycan aydın şəkildə bəyan edir ki, Ermənistanın bu istiqamətdə davamlı siyasətinə dözüm göstərilməyəcəkdir.
İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmaların mövcudluğu həyata keçirilən danışıq prosesinə əngəllər yaradır və münaqişənin davamlı həllinə nail olunması perspektivlərini ciddi sual altına qoyur. Buna görə də bu problemə çevik və xüsusi yanaşma tələb olunur.
Münaqişənin davamlı həlli işğal olunmuş ərazilərdən zorla qovulmuş bütün azərbaycanlı əhalinin doğma yurdlarına qayıtması yolu ilə əldə edilə bilər. İşğal olunmuş ərazilərdəki hazırkı vəziyyət erməni hərbi qüvvələrinin bu ərazilərdən çıxarılmasının və orada bərpa işlərinin aparılmasının ləngidilməsinə hər hansı bir bəhanə kimi göstərilə bilməz.
Azərbaycan həmsədrlərin işğal olunmuş ərazilərdə münaqişənin təsir etdiyi sahələrdə demoqrafik, sosial və yaxud mədəni xüsusiyyətləri dəyişə biləcək (davam edən qeyri-qanunu məskunlaşma, infrastrukturun inkişafı, iqtisadi istismar və mədəni dəyişikliklər) hər bir fəaliyyətdən və yaxud "status-kvo"nu dəyişməyə və münaqişənin sülh yolu ilə həllinə imkan verməyən addımlardan çəkinməyə dair müraciətini dəstəkləyir.
ATƏT-in
Minsk qrupunun həmsədrlərinin Sahə Qiymətləndirmə
Missiyası və vasitəçilərin tövsiyələri
bu problemin gələcəkdə baxılması və tənzimlənməsi
üçün əsas yaradır. Azərbaycan bu ərazilərin
işğalına son qoymaqda beynəlxalq birliyin güclü dəstəyinə
inanır. Azərbaycan Ermənistanın silahlı qüvvələrinin
işğal olunmuş ərazilərdən
çıxarılmasının və Azərbaycanın ərazi
bütövlüyünün bərpasının regionda
mövcud ciddi təhdid və riskləri azaldacağına və
nəinki sülh şəraitində birgə yaşamağa,
həmçinin hər bir insanın inkişaf və tərəqqisinə
yol açacağına dair dünya miqyasında mövcud
anlayışla qəbul edilməsi ilə razılaşır.
Azərbaycan.- 2011.-29 mart.- S. 1.