Azərbaycanın milli təhlükəsizlik orqanlarının şəxsi heyəti peşə bayramını qeyd etmişdir

 

Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasından 92 il ötür.

AzərTAc xəbər verir ki, peşə bayramı münasibətlə milli təhlükəsizlik naziri Eldar Mahmudov başda olmaqla nazirliyin şəxsi heyəti Fəxri xiyabana gələrək Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi, müstəqillik illərində Milli Təhlükəsizlik Nazirliyinin xalqın maraqlarının və təhlükəsizliyin etibarlı təminatçısı kimi formalaşmasında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın unudulmaz xatirəsini yad etmiş, məzarları üstünə güllər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş və burada dəfn edilmiş milli təhlükəsizlik orqanlarının əməkdaşlarının da xatirəsi yad edilmiş, məzarları üstünə gül dəstələri düzülmüşdür.

Bayram mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilmişdir. Akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilmişdir. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Dövlət himni səsləndirilmişdir.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin peşəkarlıq ənənələri əsasında müasir təlim-tədris prosesini həyata keçirən bu ali təhsil ocağının şəxsi heyətini, kursantları və dinləyiciləri Azərbaycan təhlükəsizlik orqanlarının 92-ci ildönümü münasibətilə təbrik etmiş, onlara ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin qorunması naminə təhsildə, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır.

Qeyd olunmuşdur ki, gənc zabit korpusunun yetişdirilməsi üçün maddi-texniki imkanları ildən-ilə artan akademiyada hər cür şərait yaradılmışdır. Nazir Eldar Mahmudov milli təhlükəsizlik orqanlarına, onun şəxsi heyətinə göstərdiyi gündəlik diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Bu gün Azərbaycanın dinamik inkişaf etdiyini qeyd edən nazir Eldar Mahmudov ölkədə hərtərəfli islahatların aparıldığını, yeni iqtisadi layihələrin həyata keçirildiyini, uğurlu dövlət quruculuğu siyasəti nəticəsində respublikanın dünyanın aparıcı dövlətləri sırasında yerinin ildən-ilə möhkəmləndiyini vurğulamışdır. Ancaq inkişafımızı gözü götürməyən qüvvələr də vardır. Əminəm ki, gənclərimiz, o cümlədən kursantlarımız yad təsirlərdən uzaq durmağı, pisi yaxşıdan seçməyi bacarırlar. Onlar ölkənin tərəqqisi, öz gələcəkləri naminə aparılan siyasətə dəstək verirlər. Son vaxtlar bütün ölkə miqyasında mənfi hallara, xüsusilə korrupsiyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi ümumən insanların öz sabahlarına olan inamlarını daha da artırır. Bu mühüm tədbirlərin uğurla həyata keçirilməsində Milli Təhlükəsizlik Nazirliyinin də üzərinə böyük vəzifələr qoyulmuşdur. Ümumi məqsəd ölkənin iqtisadi inkişafına yönəlmiş bütün səylər və islahatlar üçün əlverişli şərait yaratmaqdır. Sözsüz ki, ən mühüm vəzifə düşmən işğalında olan Azərbaycan torpaqlarının azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunmasıdır. Milli Təhlükəsizlik Nazirliyi dövlətimizin başçısı tərəfindən həyata keçirilən çoxsahəli fəaliyyətlərdə, o cümlədən informasiya mübarizəsində yaxından iştirak edir. Bu təhsil ocağının üzərinə Azərbaycanın təhlükəsizliyinə cavabdehlik daşımağa qadir gənc kadrların yetişdirilməsi kimi mühüm vəzifə düşür.

Milli təhlükəsizlik naziri Azərbaycan xalqının mənafelərinin və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyət göstərildiyini, vaxtında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində ekstremist-terrorçu niyyətlərin və konkret cinayətkar hərəkətlərin qarşısının qətiyyətlə alındığını bildirmişdir. Ümumən, son bir il ərzində görülmüş işlər və əldə edilmiş uğurlar diqqətə çatdırılmışdır. Nazir Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinin müasir tələblərə uyğun inkişafı, maddi-texniki bazasının güclənməsi və şəxsi heyətin sosial müdafiəsinin xeyli yüksəlməsi istiqamətində Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısını xüsusi vurğulamışdır. O, çağdaş dövrdə milli təhlükəsizliyə cavabdeh strukturdan daim yüksək peşəkarlıq, çeviklik və səriştə tələb olunduğunu qeyd etmiş, xüsusi xidmət orqanlarının ölkədə həyata keçirilən müasirləşmə və yeniləşmə siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəklərinə əminliyini bildirmişdir.

Sonda kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər.

Bundan sonra Milli Təhlükəsizlik Nazirliyində Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 92-ci ildönümü münasibətilə geniş təntənəli mərasim keçirilmişdir.

Əvvəlcə mərasim iştirakçıları Milli Təhlükəsizlik Nazirliyinin ən müasir tələblərə cavab verən yeni inşa olunmuş inzibati binasının açılışında iştirak etmişlər. Binanın foyesində Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, ümummilli lider Heydər Əliyevin tanınmış heykəltəraş Fuad Salayev tərəfindən hazırlanmış büstü önünə əklil qoyulmuş və xatirəsi ehtiramla yad edilmişdir. Qonaqlar ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olmuşlar.

Sonra tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə tarixə qəhrəmanlıq salnaməsi yazmış milli təhlükəsizlik orqanlarının əməkdaşları olmuş Azərbaycan Respublikasının milli qəhrəmanlarının xatirəsinə yaradılmış guşəyə baxmışlar.

Təntənəli mərasim Milli Təhlükəsizlik Nazirliyinin akt zalında davam etdirilmişdir. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov mərasimdə çıxış edərək milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini və veteranları, ulu öndərin şərəfli məktəbinin davamçılarını peşə bayramı münasibətilə təbrik etmişdir.

Nazir qeyd etmişdir ki, Azərbaycan özünün tarixi inkişafının müasirləşmə və yeniləşmə mərhələsini yaşayır. Azərbaycanda həyata keçirilən tarazlı və milli maraqlara xidmət edən fəaliyyət strategiyası ölkəmizdə normal iqtisadi inkişafın və sosial-siyasi sabitliyin başlıca təminatıdır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sabitlik və inkişaf kursu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Xalqımızın bu kursu birmənalı dəstəkləməsi ümummilli liderin dövlətçilik strategiyasına etimad deməkdir. Ölkənin siyasi gücünün, iqtisadi potensialının və beynəlxalq nüfuzunun yüksəlməsində digər dövlət orqanları ilə yanaşı, Milli Təhlükəsizlik Nazirliyi də yaxından iştirak edir.

Nazir Eldar Mahmudov bildirmişdir ki, Azərbaycanın əlverişli geosiyasi mövqeyi, iqtisadi və tranzit potensialı, eləcə də digər müsbət amillər xarici xüsusi xidmət orqanları və kriminal elementləri üçün cəzbedici görünür. Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat və hərbi əks-kəşfiyyat sahəsi üzrə fəaliyyətində bu amillərə xüsusi fikir verilir. Vaxtında görülmüş tədbirlər sayəsində xarici xüsusi xidmət orqanlarının və digər subyektlərin kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin qabaqlanması və ifşa edilməsi istiqamətində işlər uğurla davam etdirilmişdir. Əks-kəşfiyyat və hərbi əks-kəşfiyyat tədbirləri nəticəsində dövlətə xəyanətə və casusluğa görə 12 nəfər ifşa olunmuşdur.

Milli Təhlükəsizlik Nazirliyinin çox mühüm bir fəaliyyət istiqamətini terrorçuluğa qarşı mübarizə təşkil etdiyini bildirən nazir 2010-cu ildən hazırkı dövrədək antiterror xətti ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 9 cinayət işinin başlandığını, 29 nəfərin cinayət məsuliyyətinə cəlb olunduğunu qeyd etmişdir.

Azərbaycanın iqtisadi potensialı əleyhinə təhdidlərin neytrallaşdırılması milli təhlükəsizliyimiz üçün mühüm şərtdir. Bu sahədə fəaliyyət iqtisadi və maliyyə cinayətləri, korrupsiyaya, dələduzluq, qaçaqmalçılıq hallarına qarşı mübarizə və əldə olunmuş konkret nəticələrlə xarakterikdir. Nazir Eldar Mahmudov korrupsiya probleminə ayrıca toxunaraq bildirmişdir ki, bu, Azərbaycan Prezidentini və cəmiyyətini narahat edən bir məsələdir. Ötən dövr ərzində korrupsiya faktları üzrə ümumən 8 cinayət işi başlanmış, 12 nəfər məsuliyyətə cəlb olunmuşdur.

Nazirliyin funksional vəzifələri arasında informasiya təhlükəsizliyinin təmini xüsusi önəm daşıyır. İnformasiya texnologiyaları sahəsində cinayətlərlə, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində fəaliyyətin müasir tələblərə uyğun qurulmasına ciddi fikir verilir. Təcrübə göstərir ki, açıq qaynaqlar bir sıra ölkələrdə sabitliyin total surətdə pozulması üçün vasitə rolunu oynayır. Xüsusən təbii sərvətlərlə zəngin, həssas dini mühiti və çoxmillətli olan ölkələr hədəfə alınır. Təsir altına yetkin siyasi şüura malik olmayan gənclər düşür. Bu vəziyyətdən xarici qüvvələr, həm də daxildəki müəyyən ünsürlər faydalanmağa çalışırlar. Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə keçirilən səmərəli əməliyyat-axtarış tədbirləri nəticəsində ötən dövr ərzində ümumən 24 cinayət işi başlanmış, 44 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur.

Milli mənəvi dəyərlər, demoqrafik sabitlik və humanitar təhlükəsizlik cəmiyyət üçün vacib meyarlardır. Bu mənada, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri, o cümlədən Azərbaycanın enerji və nəqliyyat təhlükəsizliyinin təmini hər zaman olduğu kimi fəaliyyət prioritetlərini təşkil edir. Bu sahələrdə önəmli uğurlar əldə edilmişdir. Ötən müddət ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri çərçivəsində 30 transmilli qrup zərərsizləşdirilmiş, 1 ton 550 kiloqram narkotik müsadirə olunmuş, həmin faktlarla bağlı 44 cinayət işi başlanmışdır. Bu istiqamətdə digər dövlətlərin hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə qurulmuş səmərəli əməkdaşlıq münasibətləri xüsusi qeyd edilmişdir.

İstintaq fəaliyyətinin səmərəli aparıldığını, cinayətlərin açılmasına, cinayətkarların ifşa olunmasına dəyərli töhfələr verildiyini qeyd edən nazir Eldar Mahmudov ötən müddət ərzində Milli Təhlükəsizlik Nazirliyində 147 cinayət işinin istintaqının başa çatdırıldığını bildirmişdir.

Məlumdur ki, hər bir orqanın fəaliyyətinin uğuru ilkin olaraq üç təmələ, yəni işin təşkili, kadr potensialı və xidmət şəraitinə əsaslanır. MTN-də günün tələblərinə uyğun struktur islahatlar aparılmış və normativ hüquqi bazanın təkmilləşdirilməsi işi davam etdirilmişdir. Perspektivli, yüksək savada və dünyagörüşünə malik kadrlarla komplektləşmə, şəxsi heyətin bilik və bacarıqlarının, fiziki və mənəvi keyfiyyətlərinin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda, vətənpərvərliyə və peşəkarlığa xüsusi diqqət yetirilir. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası kadrların hazırlığı və təkmilləşdirilməsi sahəsində mühüm rol oynayır.

Nazir bildirmişdir ki, dövlətimizin başçısının gündəlik diqqət və qayğısı sayəsində milli təhlükəsizlik orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də tədbirlər davam etdirilmişdir. Bir sıra strukturlar üçün yeni inzibati binaların inşası, habelə zəruri təmir-tikinti və bərpa işləri ardıcıl surətdə aparılmışdır. Qeyd olunmuşdur ki, peşə bayramı ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin ən yüksək standartlara malik yeni inzibati binasının istifadəyə verilməsi xüsusilə əlamətdardır. Bundan əlavə, ötən il ərzində nazirliyin qapalı idman kompleksi istifadəyə verilmiş, Hərbi hospitalda və istirahət evində tikinti işləri isə plan üzrə aparılır.

Mühüm sahələrdən olan beynəlxalq əlaqələrin daim diqqət mərkəzində saxlanıldığını və tərəfdaşlıq münasibətlərinin müsbət dinamikada inkişaf etdiyini vurğulayan nazir Eldar Mahmudov hazırda Milli Təhlükəsizlik Nazirliyinin 60-a yaxın xarici xüsusi xidmət orqanı və beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini bildirmişdir.

Milli Təhlükəsizlik Nazirliyində ictimaiyyətlə əlaqələrin səmərəli təşkilinə xüsusi fikir verilir. MTN-in fəaliyyətinin işıqlandırılması, görülən tədbirlər, əldə edilən nəticələr barədə cəmiyyətin operativ məlumatlandırılması təmin olunur. Hər bir şəxs həm gündəlik mətbuat səhifələrində, həm də MTN-in rəsmi internet səhifəsində lazımi məlumatlarla tanış ola bilir.

Qeyd olunmuşdur ki, Ermənistan xətti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması prioritetdir. Dövlət başçısının düşmənə qarşı informasiya mübarizəsində "hücum taktikası"na dair tövsiyələri rəhbər tutularaq bu işin məqsədyönlü, planlı və digər dövlət orqanları ilə əlaqəli aparılması istiqamətində fəaliyyət ardıcıl davam etdirilmişdir. Ermənistanın terror siyasətini ifşa edən, Azərbaycan həqiqətlərini dünyaya çatdıran müxtəlif sənədli filmlər, 25 mindən çox kitab və digər vəsait hazırlanmış, xarici dillərə tərcümə edilmiş və yayılmışdır. Bütün bu işlərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının xüsusi rolu olmuşdur.

Peşə bayramı ilə əlaqədar Azərbaycan Prezidentinin sərəncamlarına əsasən nazirliyin bir qrup əməkdaşının yüksək dövlət mükafatlarına layiq görüldüyünü və ali zabit rütbəsinin verildiyini vurğulayan Eldar Mahmudov bildirmişdir ki, bu etimad şəxsi heyətin məsuliyyət hissini daha da artırmalıdır. Bir daha dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını çatdıran milli təhlükəsizlik naziri demişdir ki, digər hüquq-mühafizə orqanları və maraqlı dövlət strukturları, eləcə də ictimaiyyətlə səmərəli və işgüzar əlaqələr, qarşılıqlı etimad uğurlara stimul verən başlıca amillərdir. Nazir Eldar Mahmudov milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətinin, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarının icrasına hər an və dönmədən hazır olduğunu bildirərək demişdir: "Dövlətimizin başçısının söylədiyi bir fikri xatırlatmaq istəyirəm - Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir, sabitlik qorunub saxlanılır. Bu ifadə bizi ikiqat məsuliyyətli olmağa çağırır".

Yığıncaqda Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə çıxış etmiş, MTN tərəfindən həyata keçirilən tədbirlərin, əldə olunan uğurların cəmiyyətdə rəğbətlə qarşılandığını qeyd etmiş, akademiyada aparılan təlim-tədris prosesi barədə danışmışdır. Sonra təbrik sözü ilə çıxış edən Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısının da şəxsi heyətə təbriklərini çatdırmış, dövlətçiliyimizin və milli maraqlarımızın təhlükəsizliyinin təmin olunmasında MTN-in rolunun yüksək qiymətləndirildiyini vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunmuşdur.

Mərasimdə MTN əməkdaşlarına ali hərbi rütbə və təltiflərin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 18 mart tarixli sərəncamları elan olunmuşdur.

Xidmətdə fərqlənmiş əməkdaşların mükafatlandırılması barədə nazir Eldar Mahmudovun əmrləri elan olunmuş, təhlükəsizlik orqanlarının veteranlarına qiymətli hədiyyələr təqdim edilmişdir.

Sonda Milli Təhlükəsizlik Nazirliyinin arxiv materialları əsasında tanınmış kinorejissor Vaqif Mustafayevin hazırladığı "Təxribat" sənədli filmi nümayiş olunmuşdur.

 

 

Azərbaycan.- 2011.-29 mart.- S. 2.