Azərbaycan xalqı Prezident
İlham Əliyevin ətrafında sıx səfərbər
olub
Vətəndaşlarımız
xaos və anarxiya daşıyıcılarının deyil,
inkişaf və yüksəliş təminatçısının
tərəfindədirlər
Antiazərbaycan dairələrin tapşırığı ilə ifrat radikal müxalifət ölkədə qarşıdurma yaratmaq, Azərbaycanı ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürükləmək niyyətindən əl çəkmədiyini dir daha göstərməkdədir. Son günlər müxalifət düşərgəsində belə bir absurd fikirlər özünə yer almışdır ki, guya bir sıra ərəb ölkələrində yaşanan məlum hadisələr Azərbaycanda da təkrarlana bilər. Radikal müxalifət təmsilçiləri unudurlar ki, xaos və anarxiya, vətəndaş itaətsizliyi, siyasi, iqtisadi və mənəvi böhran dövrü kimi səciyyələnən "siyasi eksprementlər" mərhələsi artıq başa çatıb.
Ərəb ölkələrində baş verən hadisələrdən "ruhlanan" radikal müxalifət ictimai rəyi aldatmağa, eyni hadisələrin Azərbaycanda da təkrarlanacağı haqqında yanlış fikir formalaşdırmağa cəhd göstərir. Azərbaycan isə artıq öz inkişaf və qüdrətinin elə bir həddindədir ki, hər hansı kənar qüvvənin daxili işlərinə qarışmasına qətiyyən yol verməz və buna cəhd edənlər hər zaman qanunun tələblərinə müvafiq cəzalarını alacaqlar.
Digər tərəfdən ona da xüsusi diqqət yetirilməlidir ki, Azərbaycanda əhalinin, ayrı-ayrı təbəqələrin narahatlığına və narazılığına, kütləvi aksiyalara səbəb ola biləcək hal yoxdur. Əlbəttə, aksiyaların keçirilməsi və hər bir ölkə vətəndaşının istədyi vaxt bu hüququndan faydalanması qanunvericiliklə təsbit olunub. Bu mənada, ehtiyac yaranarsa, qanun çərçivəsində aksiyaların keçirilməsi üçün hər hansı problem mövcud deyil. Lakin qeyd edildiyi kimi, bu gün dinamik inkişaf yolunda böyük nailiyyətlərə imza ataraq müffəqiyyətlə irəliləyən Azərbaycanda kütləvi aksiyaların keçirilməsinə heç bir əsas, ehtiyac yoxdur. Bununla belə, yalnız öz şəxsi mənafeyini güdən, antiazərbaycançı şəbəkənin əlində bir vasitəyə çevrilən radikal müxalifət hələ də 1990-1992-ci illərin eyforiyasından xilas ola bilməyərək kütləvi aksiyalar keçirilməsinə cəhdlər edir. Özü də bu cəhdlərini qanunların tapdalanması, digər insanların hüquqlarının pozulması hesabına reallaşdırmağa can atır. Bu səbəbdən təsadüfi deyil ki, radikal müxalifət kütləvi aksiyalar üçün nəzərdə tutulmayan və belə tədbirlər üçün qadağan edilən, adətən insanların gur toplaşdığı məkanlarda mitinq, nümayiş keçirməyə can atır. Səbəb əslində hamıya bəllidir. Sosial bazaya, xalq arasında dayağa malik olmayan radikal müxalifət bununla cəmiyyətdə yanlış görüntü yaradaraq guya müəyyən sayda tərəfdarlarının olduğunu göstərməyə çalışır. Ancaq unudur ki, hüquqi dövlət quruculuğu prosesinin uğurla reallaşdığı Azərbaycanda qanunun tələblərinin pozulması ilə aksiyalar keçirilməsi mümkünsüzdür. Bu cür uğursuz aksiyaların qarşısı qətiyyətlə alınacaqdır. Çox da uzağa getməyək. Martın 11-12-də ifrat radikal müxalifət qüvvələri qeyri-qanuni mitinq keçirməyə cəhd göstərdilər. Lakin bir daha əmin oldular ki, həm cəmiyyətdə sosial dayaqları yoxdur, həm də istənilən qanunsuz hərəkətin qarşısı müvafiq dövlət strukturları tərəfindən həmişə olduğu kimi, yenə qətiyyətlə alınır.
Lakin radikal müxalifət bütün bunlardan hələ də ibrət götürmək niyyətində deyil. Elə bunun nəticəsidir ki, cəmiyyətdə siyasi partiyadan daha çox xırda dərnək kimi qəbul olunan radikal müxalifət partiyalarının təmsilçilərindən ibarət İctimai Palata aprelin 2-də mitinq-yürüş keçirmək barədə qərar qəbul edib. Bu dəfə də radikal düşərgə təmsilçiləri açıq-aşkar hakimiyyət orqanları ilə qarşıdurmaya gedəcəkləri barədə qabaqcadan mesaj veriblər. Belə ki, Müsavat başqanı İsa Qəmbər "Nərimanov" kinoteatrı qarşısında mitinq keçirilməsinə icazə verilməyəcəyi təqdirdə zor işlədəcəklərini bildirib. Bununla, əslində, radikal düşrəgə təmsilçiləri ölkədə, cəmiyyətdə qarşıdurmanın yaranmasında maraqlı tərəf kimi çıxış etdiklərini aydın göstərirlər. Digər tərəfdən, cəmiyyətdə qarşıdurmanın yaranmasına xüsusi maraq göstərən radikal müxalifət bununla həm də cəmiyyətə qarşı çıxan tərəf olduğunu nümayiş etdirir. Elə bu səbəbdən də cəmiyyətdə heç bir dayaq və dəstəyi yoxdur.
Elə ifrat radikal müxalifətin martın 12-də keçirdiyi uğursuz aksiya bir daha göstərdi ki, dayaz təfəkkürlü müxalifət rəhbərlərinin arxasınca heç kim getmir. Radikal partiya rəhbərləri insanların istirahət etdiyi yerləri bilərəkdən seçərək ictimai asayişi pozmağa cəhd göstərirlər. Müsavat rəhbərinin hakimiyyət orqanlarına qarşı "zor işlədəcəyik" ifadəsi də bu "çayxana təfəkkürlü" partiya liderlərinin antiazərbaycan dairələr tərəfindən yaxşıca təlimat aldıqlarından xəbər verir. Bu radikal dairələr unudurlar ki, Azərbaycan qüdrətli dövlətə çevrilib və indi 1992-1993-cü illər deyil! Azərbaycanın milli maraqlarına yönələn istənilən addımın qarşısı qətiyyətlə alınacaqdır.
Azərbaycan xalqı AXC-Müsavat cütlüyünün respublikaya rəhbərlik etdiyi ağır dövrləri yaxşı xatırlayır. Həmin dövrdə Azərbaycanda cərəyan edən ağır və mürəkkəb proseslər göstərdi ki, milli dövləti yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərlərin yüksək idarəçilik və liderlik keyfiyyətləri sayəsində hifz etmək olar. O illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.
2010-cu il parlament seçkiləri ərəfəsində cərəyan edən proseslər bu qüvvələrin meydan eyforiyasından, ictimai rəydə ikrah hissi doğuran ənənəvi təbliğat metodlarından əl çəkə bilmədiklərini göstərdi. Bu qüvvələr seçkiqabağı ərəfədə alternativ ideya və proqramlarla çıxış etmək əvəzinə, öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində qurmağa, ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışdılar. Bu səbəbdən də onlar ölkədə seçkilərə hazırlaşmaq üçün yaradılmış normal mühitdən qanun çərçivəsində bəhrələnmək əvəzinə, müəyyən illüziyalara qapılaraq parlament seçkilərindən sonra ölkədəki proseslərin idarəolunmaz müstəviyə keçirilməsi vacibliyindən dəm vurdular. Unutdular ki, "ənənəvi müxalifətçilik" - populizm, radikallıq, dağıdıcılıq, qaragüruhçuluq, qisasçılıq kimi naqis cəhətlərlə ictimaiyyətin diqqətini cəlb etməyə çalışmaq mərhələsi Azərbaycan siyasəti üçün aktuallığını tamamilə itirib.
Təşviqat mərhələsi zamanı televiziya ilə yayımlanan çıxışlarda milli-mənəvi, etik dəyərlərdən tamamilə uzaq olan, psixoloji durumu normal təsir bağışlamayan insanlara da rast gəlindi. Seçki Məcəlləsinin liberallığı və demokratikliyi hətta belələrinə də namizədliyini irəli sürərək pulsuz efir vaxtından istifadə etmək imkanı yaratmışdı. Lakin bu qəbildən olan namizədlər qeyri-ciddi, primitiv təsir bağışlayan, məntiqdən uzaq çıxışları ilə özlərini ictimaiyyətin gülüş hədəfinə çevirmişdilər. Deputat statusunun nədən ibarət olduğunu bilməyən, seçicilərinə populist, qeyri-real vədlər verən həmin namizədlər ağı qaradan seçməyi bacaran Azərbaycan seçicisi üçün tragikomik təsir bağışlayırdı. Belə namizədlərin canlı efirdə, xalq qarşısında özünü apara bilməməsi, əxlaqi normalara sığmayan ifadələr işlətməsi onun psixi durumu ilə bağlı əsaslı şübhələrə rəvac verirdi. Bu fonda daha bir maraqlı nüans seçki günü özünü büruzə verdi. Belə ki, seçki günü radikal müxalifət təmsiçilərinin bir çoxu seçkilərin normal şəraitdə, qanunvericiliyin tələblərinə uyğun formada baş tutduğunu bildirsə də, səhərisi öz dediklərindən imtina etdilər. Tamam başqa hava çalmağa başladılar. Bununla bir daha nə qədər qeyri-ciddi olduqlarını, Azərbaycanı istəməyən qüvvələrin əlində adi bir vasitədən başqa heç nə olmadıqlarını göstərdilər.
Bütün bunlara baxmayaraq, son seçkilərin nəticələri göstərdi ki, Azərbaycan xalqı düzgün seçim etməyi bacarır. Xalqımız ölkədəki siyasi qüvvələr arasında azad və tərəddüdsüz, həm də doğru seçim edəcək qədər yetkin və müdrikdir. Bu müdrik seçim həm də obyektiv reallığa, ölkənin son 15 ildə keçdiyi tarixi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının bugünkü yaşam tərzinə əsaslanır. Son seçkilərin nəticələrinə nəzərən bir daha təsdiqlənmişdir ki, Azərbaycan cəmiyyəti ulu öndərin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir.
Seçki prosesi hər bir siyasi qüvvənin fəaliyyətinə verilən ictimai qiymət olaraq ciddi elmi-politoloji əsaslara söykənir. Hər bir fərdin maraq və mənafelərini özündə ehtiva edən rasional siyasət yeritməyən, yaxud platformasının səmərəlilik əmsalını inandırıcı sosial-iqtisadi, siyasi dəlillər əsasında sübuta yetirə bilməyən qüvvənin ictimai etimad qazanmasının qeyri-mümkünlüyünü isə xüsusi əsaslandırmağa ehtiyac yoxdur. 7 noyabr parlament seçkilərinin yekunları da birmənalı deməyə əsas verir ki, Azərbaycan cəmiyyətinin siyasi nöqteyi-nəzərdən kifayət qədər yetkinləşməsi vətəndaşların düşüncə tərzində də kardinal dəyişikliklərə səbəb olmuş, seçki mübarizəsində populizm elementlərinə, irreal vədlərə hansısa yer saxlamamışdır.
Mövcud imkanları ilə iddiaları tərs mütənasiblik təşkil edən "çayxana təffəkürlü" radikal müxalifət - AXCP, Müsavat Partiyası və onların yedəyində olan cırtdan partiyalar bu dəfə də primitiv mübarizə metodlarına üstünlük veriblər. Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, hətta iğtişaşlar törətməyə hazır olan bu ifrat radikal dairələrin iç üzünü artıq xalq yaxşı tanıyır. Yenidən mitinq eyforiyasında olan bu qüvvələrin xaricdən "göstəriş" aldıqları da deyilənləri təsdiqləyir. Ötən mitinqlərin uğursuzluqları göstərdi ki, partiyaları daxilində demokratiya yarada bilməyən, qarşıdurmalar, intriqalar yaradaraq bundan öz maraqları naminə istifadə edən təşkilat sədrlərinin arxasınca heç kim getmir. Çünki azsaylı qüvvələrlə mitinqə çıxan partiya sədrlərinin səsləndirdikləri şüarlar gülünc və istehza doğurur. Ölkədə sosial rifahın yaxşılaşdırılması, yoxsulluğun azaldılması, iş yerlərinin açılması kimi şüarlar səsləndirən ifrat müxalifət funksionerləri bununla da özlərini gülünc vəziyyətə qoyurlar. Bununla radikal müxalifət rəhbərləri hələ də köhnə təfəkkürdə olduqlarını göstərirlər.
Cəmiyyət isə belə köhnə təfəkkür sahiblərini qəbul etmir. Həmçinin bu cəmiyyət onu da aydın görür ki, radikal müxalifət antiazərbaycançı şəbəkənin buyruq qulu olmaqdan başqa heç bir işə yaramır. Bu şəbəkədən gələn sifarişlərin icrası üçün Azərbaycanın milli maraqlarına xəyanət etməyə radikal müxalifətin hər zaman hazır olması da cəmiyyətə gün kimi aydındır. İndi bu xislətdə olan qüvvələrin yenidən hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan adlı məmləkətdən heç nə qalmayacağı və ölkənin tarixin arxivinə qovuşacağı da heç kim üçün sirr deyil. Bu səbəbdən bugünkü reallıqda cəmiyyət radikal müxalifət düşərgəsini birmənalı şəkildə qəbul etmir və sözügedən düşərgə indi ölkə ictimaiyyətindən tam təcrid olunmuş vəziyyətdədir.
Radikal müxalifətin ölkədə hansısa problemi qabartmağa çalışması da onun lehinə işləmir. Çünki radikal müxaliflər demədən də ölkədə mövcud olan problemlərin həlli istiqamətində konkret addımlar atılır. Məsələn, korrupsiyaya qarşı mübarizənin yeni mərhələsinə start verilməsi bunun indi ən konkret sübutlarından biri kimi çıxış edir. Digər hər bir taleyüklü məsələnin uğurlu həllində də dövlətin, onun başçısının iradəsi meydana qoyulur. Bunun nəticəsidir ki, Azərbaycanın inkişafı get-gedə daha dinamik xarakter alır. Belə vəziyyətdə ölkədə təbii ki, hər hansı kütləvi etirazdan söhbət gedə bilməz. Axı, cəmiyyət nəyə etiraz etsin? Öz həyat səviyyəsinin sürətli yüksəlişinə, ölkənin dinamik inkişafına, iqtisadi artım tempinə görə son bir neçə ildə Azərbaycanın lider ölkəyə çevrilməsinə, günü-gündən siması yeniləşərək gözəlləşən ölkəyə, demokratik dəyərlərin möhkəm özüllər üzərində bərqərar olaraq tərəqqisinə, Azərbaycanın artan beynəlxalq nüfuzuna, yoxsa, əhalinin maddi rifah halının davamlı olaraq yüksəlməsinə?
Bu gün Azərbaycanın hər bir bölgəsi böyük inkişaf mərhələsini yaşayır. Paytaxt və regionlar arasında yaşanan tərəqqi mütənasib bir xarakterə malikdir. Azərbaycanın ümumi inkişafı ölkə üzrə proporsional qaydada paylanıb. Elə Milli Məclisə deputat olaraq seçildiyim Kürdəmir rayonu son on ildə nə qədər böyük inkişaf yolu keçib. Burada nə qədər yeni iş yerləri açılıb, müxtəlif təyinatlı müəssisələr istifadəyə verilib, istirahət guşələri salınıb, əhalinin mənzil-məişət problemləri öz həllini tapıb. Ümumi daxili məhsul istehsalında rayonun payı artan xətt üzrə inkişaf edir, daha 1990-cı illərin əvvəllərində olduğu kimi buradan iş dalınca Bakıya, xarici dövlətlərə üz tutmur. Əksinə, əvvəl gedənlər indi geri qayıdırlar. Azərbaycanın digər bölgələrində olduğu kimi, burada da güclü sahibkarlar sinfi formalaşıb. Onlara dövlət tərəfindən hər cür dəstək göstərilir, iş fəaliyyətlərini genişləndirmək üçün müxtəlif yardımlar edilir. Budur müasir Azərbaycan reallığı, budur müsair Azərbaycanın inkişafı!
Cəmiyyətin bu inkişafa etirazının mümkünsüz olduğu radikal müxalifətə də tam aydındır. Onlar yaxşı bilirlər ki, belə şəraitdə hakimiyyət iddialarını nə vaxtsa reallaşdırmaları da baş tutmayacaq. Bu səbəbdən xislətlərinə, antiazərbaycançı şəbəkədən aldıqları tapşırığa uyğun olaraq ölkədə hər vəchlə qarşıdurma, anarxiya yaratmaq istəyirlər. Yaşanan inkişafa kölgə salmağa, hər şeyə qara yaxmağa çalışırlar. Lakin dövlət başçısının apardığı uğurlu iqtisadi siyasət nəticəsində əldə olunan uğurların nüfuzlu beynəlxalq qurumlar tərəfindən vaxtaşırı təqdir olunması, Azərbaycanın dünya maliyyə böhranından az itki ilə çıxan ölkələrdən olması faktını görməmək ən azı nankorluqdur. Azərbaycanda sosial-iqtisadi sahədə yüksək nəticələrin əldə olunması, yoxsulluğun kəskin aşağı düşməsi, əhalinin sosial rifahının gündən-günə yaxşılaşması bu siyasətə alternativin olmadığını göstərir.
Keçmişə dönmək, ağır faciələri, fəlakətləri həyatında bir daha yaşamaq istəməyən ölkə vətəndaşı, əslində, xaos və anarxiya ilə sabitlik, inkişaf və tərəqqi arasında prinsipial seçim etməli olub. Təbii ki, bu müdrik seçim heç zaman diletantların, təsadüfi meydan qəhrəmanlarının, hakimiyyəti bəsit məqsədləri üçün bir vasitə hesab edənlərin xeyrinə olmayıb. Xalqımız onun rifahı, firavanlığı üçün çalışan, ölkəni inamla irəliyə aparan, vətəndaşların həyatında böyük irəliləyişlərə səbəb olan əməli, praktik siyasətə səs verib. Azərbaycan xalqı Heydər Əliyev siyasətinə alternativ görmür və bu siyasətə sadiqliyini ötən seçkilərdə bir daha təsdiqləyib.
Fərhad QƏRİBOV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2011.-29 mart.- S. 3.