Bir medalın iki üzü

 

və yaxud ictimai palat(k)ayla "6 nömrəli palata"nın fərqi

 

Bir müddət əvvəl yerli QHT-lərdən biri qrant layihəsi həyata keçirərək ölkə mediasının nümayəndələrinə pulsuz həkim müayinəsini təşkil etdi. Nəticələr gözləniləndən fərqli oldu. Bir sıra jurnalistlərin bəzi xəstəliklərə mübtəla olduğu üzə çıxdı. Hətta bir jurnalistin "hepatit C" daşıyıcısı olması da aşkarlandı. Bu məsələni təsadüfən xatırlatmadım. Sözümün canı var. Son günlər ölkənin adına radikal müxalifət deyilən qanadına daxil olan kəsiminin bir sıra çıxışlarına və davranışlarına diqqət yetirəndə bir məsələyə qəti əmin oldum ki, bu insanların da ciddi, həm də kompleks həkim müayinəsindən keçirilmələrinə ehtiyac var. Və əgər bu, baş tutarsa, sizi inandırım ki, həmin insanlarda nəinki hepatitin əlifbadakı bütün hərflərlə növü, hətta psixi durumlarıyla bağlı da ciddi problemlərinin olması üzə çıxacaqdır. Diqqət yetirin.

Ölkənin keçmiş daxili işlər naziri, general rütbəsi dasıyan İsgəndər Həmidov yaşının ağsaqqal vaxtında yenidən özünü 1992-ci ildəki nazir postunda hiss edərək jurnalistin adi bir sualına səbirsizlik nümayiş etdirərək ana-bacı söyüşləri ilə zəngin müsahibələr verir. Ölkənin qəzet və internet saytları da bu söyüşləri başlığa çıxararaq dərc edir. Və yaxud keçmiş baş nazir Pənah Hüseynov parlament seçkilərində məğlub olan kəsləri başına toplayıb İctimai Palata (İP) adı altında bir kölgə parlamenti yaradıb. Özünü spiker seçdirib. Sessiyalar keçirir, hansısa "qanunlar", "qərarlar" qəbul etməklə məşğul olur. Gülməlisi də budur ki, əksəriyyəti ayrı-ayrı partiyalardan qovulmuş bir sıra ipiqırıqlar da Pənahın başına toplaşıb onun İP-inin üstünə odun yığmağa cəhd edirlər. Yaxud parlamentin keçmiş spikeri İsa Qəmbəri götürək. Bu adamın hərəkətləri, danışıqları, bir sözlə, küll halında fəaliyyəti qeyri-ciddiliyin, psixi natarazlığın ən yüksək məqamını əks etdirir! Bu şəxs nədənsə hələ də Müsavatı hakimiyyətdə, özünü isə prezident kreslosunda hiss eləyir. Belə olmasaydı, bir müddət əvvəl Müsavatın 100 illiyi ilə bağlı keçirdiyi tədbirdə "Müsavat hələ indən belə də 100 il hakimiyyətdə olacaq"- deməzdi. Bu insan 20 il ərzində nəinki prezident, hətta deputat seçkisini belə qazana bilmir, yalnız Novruz bayramlarında yumurta döyüşlərində qalib gəlir, amma nədənsə özünü hakimiyyət başında, prezident kreslosunda görür. Qəribədir deyilmi...

Amma bəlkə də təbii qarşılanmalı bir haldır. 100 ilin partiyası cəmi 2 il hakimiyyətdə olub... Anlaşılandır! Yeri gəlmişkən, görəsən dünyada ikinci belə partiya varmı ki, bir əsrlik stajı ola, amma alayarımçıq, ikiillik iqtidarı ola. Amma əslinə qalanda, İsa Qəmbər və onun havadarları, əlaltıları bütün demokratik dəyərləri gözdən saldıqları kimi Müsavata da saxta xələflik edərək bu partiyanın adını, nüfuzunu, tarixi irsini biabır və rəzil etdilər.

Artıq bu şəxslərin ətrafına toplananlarda da psixi tarazlıqlarının pozulması nəzərə çarpır. Belə olmasaydı, narkotika satışında şübhəli şəxs qismində saxlanılan birisinin müdafiəsi ilə bağlı keçirdikləri yürüşə "hamımız Cabbar, hamımız narkomanıq" - şüarı ilə çıxmazdılar. Bunlar hamıyla qurtardılar, indi də başlayıblar erməniləri təqlid eləməyə. Yəqin ki, yadınızda olar. Erməni jurnalist Qrant Dink qətlə yetiriləndə həmin ermənilər də İstanbulda keçirdikləri yürüşlərə "Hepimiz Qrant, hepimiz ermeniyiz"- sloqanı ilə çıxmışdılar. 20 illik şüarçılıq, 20 illik təkrarçılıq... İndi sual olunur - özünü nazir, spiker, prezident və ən nəhayət ki, erməni kimi görənlərə normal adam demək olarmı? Təbii ki yox!..

Oxucuların yadında olar. Bir müddət əvvəl Müsavat Partiyasının bir neçə tanınmış funksioneri partiyadan istefa verdi. Həmin vaxt baş verən bəzi məqamlar diqqəti çəkdi. Birincisi, İsa Qəmbər neçə illərdən bəri çiyin-çiyinə çalışdığı müavinlərinə satqın, xain damğası vurdu. Hətta sağollaşan vaxtı onların əlini belə sıxmağı özünə yaraşdırmadı. Bəs necə, adam da satqına, xainə əl verər. İkincisi, İsa Qəmbərin uzun illər boyu müavini, müşaviri olmuş bu şəxslər də borclu qalmadılar - başqanın onların ünvanına söylədiklərinə adekvat olaraq onun psixi durumunun yerində olmadığını söylədilər. Və əgər bu fikrin əsas müəlliflərindən biri olan Adil Qeybullanın ixtisasca həkim, özü də professor olmasını nəzərə alsaq onda əlavə şərhə ehtiyac qalırmı?! Və bütün bunlardan sonra İsa Qəmbərin onu "psixi nataraz" adlandıran həmin "satqın" və "xain" Adil Qeybullanı sanki heç nə olmamış kimi yenidən özünə müşavir kimi partiyaya qaytarması da nəzərə alınsa, onda nəticə çıxarmağı dəyərli oxucuların öhdəsinə buraxırıq.

Yəqin ki, bu məqamda Çexovun "6 nömrəli palata"sındakı məşhur qəhrəmanlarını xatırladınız. Eyni ilə Pənah Hüseynovun "ictimai palatka"sında olduğu kimi, "6 nömrəli palata"nın sakinləri də bir yerə toplaşar, öz aləmlərində sanki ağıllı söhbətlər edər, hətta ona-buna məsləhət verməkdən belə çəkinməzdilər. Xəstəxananın həkimləri isə onlara "diqqətlə" qulaq kəsilər, diskussiyalar açar, bir çox hallarda isə hətta razılaşardılar da. Ancaq bütün bunlara rəğmən hamı bilirdi ki, onlar psixi xəstə, cəmiyyətin bədbəxt hissəsidirlər. Bir məsələyə də diqqət kəsilmənizi istərdik. Əgər fikir veribsinizsə, tək bizdə deyil, elə dünyanın ayrı-ayrı ölkələrində belə süjet xəttinin əsas qəhrəmanları psixi xəstələr olan filmlərin hamısında dəlilər özlərini mütləq hansısa tirana - Napaleona, Sezara, Hitlerə bənzədirlər. İndi bizim İctimai palatkanın da üzvləri özlərini eynən nazir, spiker, prezident kimi aparırlar. Təqlidçiliklə məşğul olurlar. Məhz ona görə də bu insanların həqiqətən də psixi durumlarının ciddi müayinə və müalicəsinə ehtiyac var.

Əslinə qalanda bizim müxaliflərin təqlidçiliyi təəccüb doğurmamalıdır. Çünki bunların mayası elə əzəldən belə yoğrulub. Yaxın keçmişə nəzər salaq. Hələ sovetlər dönəmində Baltik ölkələri milli azadlıq hərəkatına Xalq cəbhələrinin rəhbərliyi altında başladılar. Siyasi plagiatlığa da məhz o vaxtdan start verildi və ilk klonlaşdırma üzə çıxarıldı - AXC yaradıldı. Və o vaxtdan da bu təqlidetmə davam edir. Amma çox uğursuz və primitiv formada: narıncı, qızılgül, məxməri, indi isə yasəmən, ispanaq inqlabı və s... Bu insanların heç vaxt müstəqil fikri, özlərinə məxsus ideyaları, siyasi dəst-xətləri olmayıb. Həmişə də qonşunun çırağına ümid bəslədiklərindəndir ki, işıqsız qalıblar. Ona görə də ətrafları həmişə qaranlıq, ətrafdakılar isə yalnız qara rəngdə görsənib.

İndi yenə də növbəti plagiata əl atıb, avantürayla gündəmə gəlmək istəyirlər. Lakin anlamırlar və yaxud da anlamaq istəmirlər ki, başqasının başmağını geyməklə onun yerişini yerimək mümkün deyildir. Fikir verin, plagiatlıq elə ilk addımdan başladı. Eyni ilə H.Mübarəkin Misirdə devrildiyi 11 fevral tarixinə rəğmən 11 marta mitinq təyin etdilər. Meydana 30-40 min nəfər etirazçı çıxarmaqla bağlı bəyanatlar verdilər. Sonu da ki məlum... Meydana 30 nəfərdən artıq adam çıxmadı. Çıxanların da hamısı köhnə sifətlər, nimdaş personalar! Ayrı heç kim! Nə "mitinqdən" yayımlanan kadrlarda, nə də saxlananlar arasında bircə nəfər də olsun yeni ada rast gəlinmədi. Köhnə hamamda yeni tas görünmədi! 20 il ərzində oynanılan bütün tamaşalarda olduğu kimi, bu dəfə də yazılan ssenari də eyni idi, ifaçılar da, rejissorlar da. Adını "lider" qoyan kəslər isə bu dəfə də öz köhnə xislətlərinə sadiq qaldılar - meydana göndərdikləri bir qrup uşaq-muşağın qarşısına çıxmağa, onların önündə yeriməyə yenə də özlərində cəsarət tapmadılar. Hazıra nazir olmağa öyrəncəli İsa Qəmbər 20 Yanvar gecəsindən üzübəri daim adətkərdə olduğu qaçmaq, gizlənmək vərdişinə bu dəfə də sadiq qaldı. Cəsarəti çatmadı, yoxsa yenə də qətiyyəti olmadı, yaxud da növbəti dəfə silahdaşlarını yarı yolda buraxdı - bu suallara sıravi müsavatçılar özləri çavab axtarsınlar! Beləliklə, radikal müxalifətin yaz premyerasında oynadığı tamaşa həmişə olduğu kimi, bu dəfə də alınmadı. Vəd olunan anşlaq baş tutmadı. Belə də olmalıydı. Çünki "yetim böyüyən quzudan qoç olmaz", - deyib atalarımız.

Fikrimcə, bu şəxslərin psixiatrla bərabər okulist müayinəsinə də ehtiyacları var. Çünki görmə qabiliyyətlərinin ancaq qaranı seçməklə məhdudlaşması onlarda okulist yoxlamasını zəruri edir. Doğrudanmı, bu adamlar hər şeyi qara rəngdə görür, yoxsa buna vərdiş ediblər? Doğrudanmı, ətrafda işıqlı heç nə görmürlər? Nədən bu insanlar yarasa tək işıqlı dünyadan ayrılıb, ancaq qaranlıq tunellə irəliləməyə üstünlük verirlər? Bütün ömürləri boyu işığı tunelin sonunda axtarmağa vərdiş etmiş bu kəslər birdən tunelin sonunda işıq görsələr də, buna sevinməsinlər. Çünki həmin isiq qarşıdan gələn qatarlara da məxsus olur!

Böyük yunan filosofu Diogen çəlləkdə yaşayırdı. Ancaq bununla bərabər özünün xoşbəxt olduğunu söyləyirdi. Çünki o, həyatın ancaq müsbət çalarlarını görməyə can atır, həyatdan zövq almağa çalışırdı. Ancaq bizim palatka sakinləri çəlləkdə deyil, hətta cənnətdə yaşasalar da, xeyri yoxdur. Onlar üçün hər şey qara və qaranlıq görsənir. Azərbaycanda gedən inkişaf, quruculuq işlərini görmür, Azərbaycanı Gürcüstanla, hətta bəzən bir qədər də uzağa gedib Ermənistanla müqayisə edirlər. Baxmayaraq ki, özləri də yaxşı bilirlər ki, bu gün Gürcüstan dövləti və xalqı məhz Azərbaycan iqtisadiyyatı ilə nəfəs alır. Bunu həmin ölkənin prezidenti belə səmimi şəkildə etiraf etməkdən çəkinmir. "Mən xalqıma qulluq etməyi dostum İlham Əliyevdən öyrənmişəm", - deyən Mixeil Saakaşvilinin dillər əzbəri olan bu şüarını isə təbii ki, bizim müxaliflər heç vaxt eşitməyəcəklər. Çünki görmə kimi eşitmələrində də problem var (deməli, həm də otolorinqoloq müayinəsinə də ehtiyacları var).

Ən gülməlisi isə bu insanların "hətta Ermənistanda belə iqtisadi durum Azərbaycandan yaxşıdır" - demələridir. Mən uzun-uzadı müqayisələr aparıb, hansısa iqtisadi göstəriciləri sadalamaqla oxucuları yormaq istəməzdim. Amma bu gün hər bir azərbaycanlı yaxşı bilir ki, Azərbaycanın tək hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Bu gün Azərbaycanın ən ucqar əyalətində aparılan quruculuq-abadlıq işləri Ermənistanın paytaxtında belə aparılmır. Bu siyahını istənilən qədər uzatmaq da olar. Bütün bunları isə bir korlar, bir də Azərbaycan müxalifəti görmür və ya görmək istəmir. Ancaq 20 ildən bəri heç harada işləməyən və bununla bərabər də hər şeyin nə qədər pis olduğunu söyləməyə vərdiş edənlərin dedikləriylə, sürdükləri həyat tərzi nədənsə heç vaxt üst-üstə düşməyib. Hamısının yaraşıqlı villası, bahalı maşınları, yekəpər cangüdənləri, xaricdə təhsil alan övladları da öz yerində.

Bütün bunlardan sonra ölkənin radikal qanadı indi yenə də inqilab etmək həvəsinə düşüb. Amma yenə də yapmaq istədiklərini özgə atına minməklə etmək istəyirlər. Amma iş burasındadır ki, bu üzdəniraq inqilabçılar hələ ki, öz inqilablarına ad axtarmaqla məşğuldurlar. Müxalifət mətbuatında tez-tez bu mövzuda sorğular da keçirilir ki, "bəs Azərbaycanda olacaq inqilabı necə adlandıraq?" Və başlayırlar müxtəlif adlar təklif etməyə. Necə deyərlər, ovlanmamış ayının dərisi indidən bölüşdürülür. Amma unudurlar ki, Azərbaycanda inqilab hamıdan əvvəl edilib. Və bu inqilabın da müəllifləri 1993-cü ildə Azərbaycan xalqı və Azərbaycanın xilaskarı Heydər Əliyev oldu. Özü də bu inqilab bir güllə belə atılmadan, bir damla qan tökülmədən baş verdi. Bəli, tarixdə bu cür inqilabın analoqu yoxdur. Hələ heç bir ölkədə heç bir lider Heydər Əliyevin bacardığı inqilabı etməyə qadir olmayıb. O ki qaldı sizlərin nəzərdə tutduğunuz inqilaba, onun adını "yuxu inqlabı" qoyun. Çünki bundan sonra sizlər inqilabı yalnız yuxularda edib, yuxularda görəcəksiniz...

Zənnimcə, yuxuyla bağlı probleminiz yoxdur. Odur ki, yuxunuz şirin olsun...

 

 

Etibar HÜSEYNOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2011.-29 mart.- S. 3.