Azərbaycan gəncliyi Heydər Əliyevin siyasi kursuna sadiqdir

 

Son zamanlar Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyi pozmağa cəhdlər biz gəncləri hiddətləndirir. Bu gün Azərbaycanda ictimai-siyasi sabitliyin möhkəmlənməsini, iqtisadi inkişafın geniş miqyas almasını, güclü vətəndaş cəmiyyətinin qurulmasını və hər bir azərbaycanlıya bu inkişafdan pay düşməsini bəzi qüvvələr qəbul etmək istəmirlər.

Belə bir anlam var ki, keçmişindən xəbəri olmayan indiki zamanı dərk edə və gələcəyini düzgün formalaşdıra bilməz. Azərbaycan xalqı həmişə öz tarixini, keçmişini öyrənir və gələcəyini düzgün qurub. Mövcud müxalifətin ötən əsrin 90-cı illərinin əvvəllərində iqtidarda olması və dövləti necə idarə etməsi bizə valideynlərimizin söhbətlərindən yaxşı məlumdur. Ölkənin ictimai-siyasi durumu, iqtisadi vəziyyəti çox acınacaqlı hal almışdı. İnsanlar saatlarla növbədə durardılar ki, çörək alsınlar; ölkədə vətəndaş müharibəsi gedirdi, uzun illər boyu azadlıq eşqi ilə yaşayan Azərbaycan xalqı məhv olmaq, ölkəmiz isə parçalanmaq ərəfəsində idi. Dövlətimiz, sözün əsl mənasında, uçuruma gedirdi. Ancaq Azərbaycan xalqı yenə öz iradəsini bildirərək ümummilli lider Heydər Əliyevi hakimiyyətə gətirdi. Məhz xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik edən ulu öndər vətənimizin düzgün inkişaf yolu ilə irəliləməsini təmin etdi. Məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan parlaq gələcəyə doğru addımlamağa başladı. Əsrin müqaviləsinin imzalanması, Azərbaycanın dünyada demokratik, hüquqi dövlət kimi tanınması, öz sözünü beynəlxalq arenada deməyə haqq qazanması bu inkişaf yolunun əsas mərhələləri idi. Ümummilli liderin apardığı siyasi kursu bu gün böyük uğurla və geniş miqyasda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycanda iqtisadiyyatın bütün sahələri inkişaf edir. Yeni-yeni uğurlar, nailiyyətlər əldə olunur.

Çox təəssüf hissi ilə qeyd edirəm ki, bəzi qüvvələr Azərbaycanda inkişafı görmür, daha doğrusu, görmək istəmirlər. Bəzi Qərb qüvvələrindən qaynaqlanan anti-Azərbaycan niyyətləri onlara düzü əyridən ayırmağa imkan vermir. Azərbaycanın sürətli inkişafı, regionda aparıcı dövlətə çevrilməsi, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əvəzsiz rolu, əlbəttə, düşmən qüvvələri narahat etməyə bilməz. Çünki onlar başa düşürlər ki, artıq Azərbaycan öz sözünü deməyə və yerinə yetirməyə qadir dövlətdir. Bundan narahat olan qüvvələr Azərbaycan gəncliyinin çox cüzi bir hissəsini öz tərəfinə çəkmək istəyirlər. Ancaq bu niyyətlər heç vaxt həyata keçməyəcək. İlk öncə ona görə ki, Azərbaycan xalqı dostunu-düşmənini yaxşı tanıyır. Düşmənlərin istəkləri, fikirləri yalnız cəmiyyəti xaosa aparır. Ona görə də cəmiyyətimiz onları dəstəkləmir. Xalqın iradəsi isə bu gün Azərbaycanda gedən inkişafda ifadə olunub və beləliklə, cəmiyyətimiz ölkədəki uğurlardan razıdır.

Bəzi qüvvələr tərəfindən sosial şəbəkələrdə gənclərə yönələn müxtəlif çağırışların da mənası yoxdur. Bu gün Azərbaycan gəncliyi öz məqsədlərini artıq müəyyən edib. Bu məqsədlər Azərbaycanda olan ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın davam etdirilməsi, mədəniyyətimizin, təhsilimizin inkişafıdır, tariximizin öyrənilməsinin təbliğ etdirilməsidir. Dağlıq Qarabağ probleminin həllinə, Azərbaycanın ərazi bütövlüyünün təmininə nail olmaqdır.

Azərbaycan gəncliyi bu gün cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Çünki hər bir gənc, ölkədə aparılan siyasətdə öz payını hiss edir. Dövlətimiz gənclərə diqqət yetirir, onların inkişafı naminə böyük səylər göstərir. Gənclik dövlətin gələcəyidir, deməli, bu gün dövlətimizin apardığı siyasət nəinki bugünkü inkişafa yönəlib, o, həmçinin Azərbaycanın gələcəkdə də bu uğuru davam etdirməsinə hesablanıb.

Bu gün Azərbaycan gənci demokratik, hüquqi, unitar, dünyəvi dövlətdə, sivil cəmiyyətdə yaşayır. Gənclər onlar üçün yaradılan şəraitdən maksimum şəkildə istifadə edə bilər. Gənclərimiz xaricdə təhsil ala bilirlər, beynəlxalq arenada müxtəlif seminarlarda, konfranslarda iştirak və çıxış edirlər. Onlar gündəlik həyatlarında dövlətin onlara göstərdiyi qayğını hiss edirlər. Azərbaycan gəncliyi vətən sevgisi ilə, vətənin inkişaf etdirilməsi arzusu ilə yaşayır. Ölkə başçısı İlham Əliyevin gənclərin arzusunun həyata keçməsi istiqamətində apardığı uğurlu siyasət məhz gənclərin prezident ətrafında daha sıx birləşməsi ilə səciyyələnir.

11 və 12 mart tarixlərində əsassız tələblərin gənclik tərəfindən dəstəklənməməsi ondan irəli gəlirdi ki, Azərbaycan gənci öz dövlətini sevir, onun inkişafı üçün əlindən gələni əsirgəmir və yalnız dövlətin inkişafı naminə çalışan Prezidentinin siyasətini birmənalı olaraq müdafiə edir. Həqiqətən baş verən proseslər bir daha sübut etdi ki, Azərbaycanda ictimai-siyasi sabitlik dönməz hal alıb və xalqımız Prezident İlham Əliyevi tam dəstəkləyir. Azərbaycan xalqı, o cümlədən gənclik bir daha xaos və anarxiya dövrünə qayıtmaq istəmir. Biz gəncliyin yolu haqq yolu, inkişaf və yüksəliş yolu, Heydər Əliyev yoludur.

 

 

Məmmədbağır MƏMMƏDOV,

BDU-nun Tələbə-Gənclər

Təşkilatının sədri,

politologiya ixtisası üzrə

magistrant

 

Azərbaycan.- 2011.- 29 mart.- S. 4.