Radikal müxalifət Azərbaycanı bir daha məhvə sürükləyə bilməyəcək

 

Azərbaycan sürətlə inkişaf edir. Bunu dünyanın beynəlxalq nüfuzlu maliyyə qurumları da öz hesabatlarında təsdiq edir. Azərbaycan MDB məkanında sosial-iqtisadi inkişaf tempinə görə lider ölkədir. Ölkəmizdə nəhəng enerji layihələri həyata keçirilib. Hazırda böyük enerji layihəsi olan Cənub axınının həyata keçirilməsi üçün uğurlu addımlar atılır. Avropa ilə Asiyanın ucqar nöqtələrini özündə birləşdirən İpək yolunun çəkilişində də ölkəmiz önəmli rol oynayır.

2004-2010-cu illərdə Azərbaycanda ümumi daxili məhsulun həcmi 3 dəfə artmış, o cümlədən qeyri-neft sektorunda 2 dəfə çox olmuşdur. Sənaye məhsulu istehsalı 2,8, əsaslı kapitala qoyulan investisiyalar 2,9, o cümlədən qeyri-neft sahələrinə yatırılan sərmayələr 8,2 dəfə artmışdır. Xarici ticarət dövriyyəsi 5,4, banklardakı əmanətlər 12, kredit qoyuluşları 13,7, əhalinin gəlirləri 4,5, orta aylıq əməkhaqqı 4,2, minimum əməkhaqqı 7,1, pensiyaların orta məbləği isə 4,7 dəfə artmışdır. Bu rəqəmlər ölkəmizin son bir neçə ildə nəhəng inkişaf yolu keçdiyini aydın şəkildə göstərir.

Dövlət iqtisadi sahədə əldə olunan uğurlardan ilk növbədə, əhalinin həyat səviyyəsini yüksəltmək və sosial müdafiəsini gücləndirmək məqsədilə istifadə edir. Bunun nəticəsidir ki, son illər əhalinin əməkhaqları və pensiyaları mütəmadi qaydada artırılır. Əhalinin yoxsul təbəqəsinə dövlət tərəfindən ayrılan sosial müavinətlər onların həyat səviyyəsinin yüksəlməsində önəmli rol oynayır. Dövlət ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda vuruşmuş müharibə veteranlarının və şəhid ailələrinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlayaraq onlar üçün lazım olan bütün işləri görür. Təkcə onu demək kifayətdir ki, keçən il bu qəbildən olan 515 ailəyə mənzil verilmiş, 200 ailə üçün fərdi ev inşa olunmuş, 352 nəfər minik avtomobili ilə təmin edilmişdir.

Dövlət daha böyük iqtisadi inkişafa nail olmaq üçün yeni sənaye və emal müəssisələrinin tikintisinə də xüsusi önəm verir. Sumqayıtda tikilən Texnopark sənayedə keyfiyyətcə yeni universal istehsal kompleksidir. Ümumilikdə 16 zavoddan ibarət olacaq kompleksin 5 müəssisəsi artıq fəaliyyətə başlamışdır. Bu zavodlar müasir texnologiyalar əsasında ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyətli, böyük ixrac potensialına malik müxtəlif çeşidli məhsullar istehsal edir. Həmin müəssisələrdə istehsal olunan məhsulun dünya bazarına ixracı isə ölkəmizə əlavə valyuta qazandırmağına imkan verir. Ən başlıcası isə bu müəssisələrdə Azərbaycan vətəndaşları çalışırlar və yüksək əməkhaqqı alırlar. Bu da onların ailələrinin yaxşı yaşaması deməkdir.

Dövlət ölkənin hərtərəfli inkişafına da böyük diqqət göstərir. Buna görə də regionların sosial-iqtisadi inkişafına dair iki mühüm proqram qəbul edilib. 2004-2008-ci illəri əhatə edən birinci Dövlət Proqramı uğurla həyata keçirilib. Bu proqramın icrası nəticəsində bölgələrdə yüzlərlə yeni sənaye və emal müəssisələri, sosial obyektlər tikilib, yeni infrastruktur layihələri uğurla başa çatdırılıb. Azərbaycanın bölgələrində həyata keçirilən sosial-iqtisadi layihələr onun simasını tamamilə dəyişib. Rayon mərkəzlərində fəaliyyət göstərən park və istirahət guşələri, səhiyyə və təhsil müəssisələri, mədəniyyət ocaqları insanlara xidmət göstərir.

Ötən əsrin 90-cı illərində bölgələrə enerji verilmədiyi üçün gecələr hər tərəf zülmət qaranlığa bürünürdü. Artıq bölgələrdə 24 saat ərzində əhali enerjidən istədiyi kimi istifadə edə bilir. Bölgələrin elektrik enerjisi təchizatı bu gün də dövlətin diqqət mərkəzindədir. Təkcə ötən il Ordubadda Biləv SES, Qəbələdə, Salyanda yeni yarımstansiyalar və yüksək gərginlikli xətlər istifadəyə verilib, 4 kiçik SES-in təməli qoyulub, 5 elektrik stansiyasının tikintisi isə davam edir.

Təkcə keçən il ölkəmizin regionlarında 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisələri tikilib istifadəyə verilib. Bütün bunlar ölkənin sürətli inkişafını özündə əks etdirir. Ölkəmizin təkcə paytaxtı deyil, bölgələr də onunla bərabər inkişaf edir. Bu inkişafı görməmək ən azından insafsızlıqdır.

Eşitdim ki, özlərini müxalifət adlandıran qüvvələr aprelin 2-də mitinq keçirəcəklər, başa düşmədim ki, onlar nəyə etiraz edirlər: ölkənin inkişafınamı, yoxsa dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətəmi? Prezidentin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə yüksək nüfuz qazanıb, söz sahibinə çevrilib. Bizim Qarabağ kimi böyük bir problemimiz var. Bu problemi həll etmək üçün ölkəmizə siyasi sabitlik və iqtisadi inkişaf hava və su kimi lazımdır. Müxalifət ölkəmizi yenidən ötən əsrin 90-cı illərindəki kimi xaosa, hərc-mərcliyə sürükləmək istəyir. Azərbaycan xalqı bunun acı nəticələrini özü görüb və bu, çox da keçmiş bir tarix deyil. İndi də həmin günləri xatırlayanda bir ziyalı kimi narahatlıq keçirirəm. Çünki müxalifət bizi yenidən həmin günlərə qaytarmaq istəyir. Buna isə yol vermək olmaz. Azərbaycan xalqı ölkəmizi yenidən uçuruma sürükləyən müxalifətə öz sözünü deməlidir. Hamımız birləşib dövlətimizin başçısının daxili və xarici siyasətini dəstəklədiyimizi müxalifətə və onların xarici havadarlarına açıq şəkildə birdirməliyik. Biz göstərməliyik ki, Azərbaycanda xalq və Prezident həmrəydir və onun uğurlu siyasətini dəstəkləyir.

 

 

Fətulla QƏDİROV,

mühəndis-texnoloq

 

Azərbaycan.- 2011.-29 mart.- S. 4.