Cəzasız qalmış cinayətlər

 

1905-ci ildə silahlanmış erməni dəstələri Qafqazda etnik zəmində soyqırımı kimi dəhşətli bir cinayətin ilk müəllifləri olmuşlar

 

İki əsrdən artıq müddətdə qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edən təcavüzkar erməni millətçilərinin etnik təmizləmə və soyqırımı siyasətinin nəticələrini bütövlükdə iki milyondan çox azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir. "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni ideoloqları illər boyu tarixi saxtakarlıqlara əl atmış, faktları təhrif edərək qondarma fikirlər irəli sürmüş, dünya ictimaiyyətini çaşdırmağa çalışmışlar. XIX əsrdən başlayaraq ermənilər torpaqlarımızda kütləvi şəkildə məskunlaşdırılmış, sonradan onlar tərəfindən azərbaycanlılar qədim ata-baba yurdlarından qovulmuş, soydaşlarımıza qarşı soyqırımı və deportasiya prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.

Şərqdə təsir dairəsini genişləndirmək, reqionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası hələ XVIII əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə apararkən məhz "erməni kartı"ndan siyasi alət kimi yararlanmağa çalışmışdır. Kütləvi soyqırımı və deportasiyaların qanlı tarixi isə Rusiya ilə İran arasında gedən iki müharibənin (1804-1813 və 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələrindən sonra başlanmışdır. Həmin müqavilələr xalqımızın tarixində faciəvi rol oynamış, Azərbaycanın parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoymuşdur. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir. Türkmənçay müqaviləsindən sonra imperator I Nikolay 1828-ci il martın 21-də İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni vilayəti"nin yaradılması haqqında əmr imzalamışdır. Həmin əmrə əsasən o zaman İrəvan şəhəri də erməni vilayətinin tərkibinə daxil edilmişdir. Bunun ardınca Türkmənçay müqaviləsinin 15-ci bəndinə əsasən İrandan ermənilərin İrəvana, Qarabağa və Naxçıvana kütləvi şəkildə köçürülməsinə başlanılmışdır. Tarixi mənbələrə əsasən təkcə 1828-1830-cu illər ərzində Cənubi Qafqaza İrandan 40, Türkiyədən 84 min erməni Azərbaycan ərazisində yerləşdirilmişdir. Çar Rusiyasının himayəsi altında erməni vilayəti adlandırılan süni inzibati bölgünün yaradılması isə azərbaycanlıların əzəli torpaqlarından zorla çıxarılmasının və soyqırımı siyasətinin əsasını qoymuşdur.

XIX əsrin ikinci yarısında "Böyük Ermənistan" xülyasına düşən, millətçi, şovinist ideyalarını həyata keçirmək istəyində olan ermənilər təşkilati strukturlar yaratmağa başlamışlar. Əsasən xaricdə - 1887-ci ildə Cenevrədə "Hnçaq", 1890-cı ildə Tiflisdə "Daşnaksütyun" partiyalarını təsis etmiş, 1895-ci ildə Nyu-Yorkda "Erməni vətənpərvərlər ittifaqı" təşkilatını yaratmışlar. Həmin təşkilatların fəaliyyət proqramında azərbaycanlılara və türklərə qarşı ardıcıl olaraq terror və qırğın aksiyaları həyata keçirmək məramı əsas yer tutmuşdur.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları birinci rus inqilabı dövründə - 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirmişlər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki yaşayış məntəqələrini əhatə etmişdir. Yüzlərlə Azərbaycan kəndi dağıdılaraq yerlə-yeksan edilmiş, on minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Bütün bu vəhşiliklər ermənilərin vaxtı ilə yerləşdirildikləri, lakin əhalinin milli tərkibində azlıq təşkil etdikləri Azərbaycan torpaqlarını erməniləşdirmək, qeyri-insani planlarını azərbaycanlıların soyqırımı hesabına həyata keçirmək niyyətinin ifadəsi olmuşdur.

 

Bakı: 1905-1906-cı illərdə

 

Ermənilər Bakıya XIX əsrin 70-ci illərindən gəlməyə başlamışlar. Bu elə bir dövr idi ki, şəhərin iqtisadiyyatı sürətlə inkişaf edir, Abşeronda illik neft istehsalı 200-300 min puda çatırdı.1871-ci ildə Balaxanıda ilk buruq işə düşmüşdü. Bakının neft sənayesinə xarici kapitalın axını başlanmışdı. Suraxanıda ilk neft emalı zavodu istifadəyə verilmişdi. 1873-cü ildə Bakı ətrafında neft emalı rayonu - Qaraşəhər salınmışdı. Bir qədər sonra Keşlədə və Ağşəhərdə neft emalı zavodları inşa edilməyə başlamışdı. Bundan əlavə Bakıda digər sənaye sahələri - mexaniki zavodlar, emalatxanalar, tütün fabrikləri, buxar mühərrikləri ilə işləyən dəyirmanlar işə düşmüş, banklar, ticarət və sənaye firmaları yaradılmışdı. Həmin illərdə çar Rusiyasının havadarlığı ilə Bakıya axışan ermənilər neft sənayesi, ticarət və bank işi sahələrində üstünlüyü ələ keçirmiş, qısa vaxtda iri kapitalistlərə çevrilmişdilər. Bu illərə qədər isə Bakı və onun ətraf kəndlərində ermənilər barmaqla sayılacaq qədər azlıq təşkil edirdilər. Tarixi mənbələrə görə, 1810-cu il avqustun 2-də rus generalı Tormosovun Bakı, Quba və Dərbənd xanlıqları üzrə müşaviri Quryevə verdiyi məlumatda bildirilirdi ki, Bakı qalası və onun ətrafında yaşayan əhalinin sayı 2.235 nəfərdir. Onlardan da 2.154 nəfəri müsəlman, 55 nəfəri erməni, 26 nəfəri isə yəhudidir. Bakının ətrafındakı 37 kənddə isə 5.387 nəfər yaşayır ki, onların da hamısı müsəlmanlardır. Yenə həmin müəllifin məlumatına görə, 1816-cı ildə Bakıda (Qala və Bayır şəhər nəzərdə tutulurdu) 5.270, 1860-cı ildə isə 11.570 azərbaycanlı var idi. Bu illərdə ermənilərin sayı 655 nəfər olmuşdur. Onların əksəriyyəti çar Rusiyası istilasından sonra buraya köçürülmüş ermənilər idi. Tarix elmləri namizədi Ataxan Paşayev "1905-1907-ci illərdə Azərbaycan xalqına qarşı erməni vəhşilikləri" adlı məqaləsində yazır ki, 1905-ci il fevralın əvvəllərində Bakı şəhəri və quberniyasında baş vermiş ilk erməni-azərbaycanlı qırğınını tədqiq edən senator Kuzminskinin hesabatına görə, həmin ilin yanvarında Bakı quberniyasında 1.057 min nəfər əhali siyahıya alınmışdır. Onlardan 800 min nəfəri müsəlmanlar, 12 faizi ruslar, 9 faizi ermənilər, 3 faizi isə başqa millətlərin nümayəndələri idi. Hesabatda həmçinin göstərilirdi ki, quberniyanın şəhərlərində müsəlmanların sayı kəndlərə nisbətən azlıq təşkil edirdi. Belə ki, quberniyanın şəhər əhalisinin 50 faizi müsəlmanlardan, qalan şəhər əhalisinin 24 faizi ruslardan, 18 faizi ermənilərdən, 8 faizə qədəri isə baqşa millətlərin nümayəndələrindən ibarət idi. Beləliklə, qısa bir zamanda Bakıda öz saylarını 18 faizə çatdıran ermənilər burada yaranmış inqilabi şəraitdən məharətlə istifadə edərək ilk növbədə neft sahibkarları arasında nüfuzlarını artırır, digər tərəfdən erməni fəhlələrinin də sayı çoxalırdı.

Bakının Balaxanı, Sabunçu, Ramana, Zabrat kəndlərində yerli əhalini aldatmaq yolu ilə çoxlu torpaq sahələri ələ keçirmiş erməni sahibkarları Mirzoyev, Sarkisov, Qukasov, Şagedanov və onlarca başqalarının həyasızlığı o dərəcəyə çatmışdı ki, həmin kəndlərdə yaşayan əhalini tamamilə köçürmək və bütün torpaqlara yiyələnmək üçün Qafqaz canişinindən tutmuş imperatoradək ardı-arası kəsilmədən ərizələrlə müraciət edirdilər. Bu mənfur millətin bununla da iştahı azalmırdı. Onlar 1905-ci ildə Peterburqda neft sənayeçilərinin Bakı fəhlə nümayəndələri ilə birlikdə müşavirəsinin çağırılmasına nail olmuşdular. Bu müşavirədə Azərbaycan ziyalılarından Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, İsrafil Hacıyev də iştirak edirdi. Qəribə orası idi ki, torpaqlarının alınması nəzərdə tutulmuş kənd əhlindən isə ora bircə nəfər də dəvət edilməmişdi. Erməni neft sənayeçiləri tələb edirdilər ki, Balaxanı, Ramana, Sabunçu, Zabrat kəndlərinin əhalisi başqa yerə köçürülsün və onların bütün torpaqları neft istismarına ayrılsın. Azərbaycan ziyalılarının qəti etirazı nəticəsində sənayeçilərin təklif və tələbləri rədd edildi. Bir il sonra, yəni 1906-cı ildə sənayeçilər bu dəfə Qafqaz canişininə müraciət etdilər. Onlar şikayətlənərək, iddia edirdilər ki, mədənlərdə baş vermiş yanğın və təxribat həmin bu kəndlərin əhalisi tərəfindən törədilir. Erməni sahibkarları torpaqları əllərindən alınmış kəndliləri mədənlərində işə də qəbul etmirdilər. "Həyat" qəzetinin 1906-cı il tarixli 80 və 81-ci nömrələrində Əliağa Həsənzadənin "Bakı neft mədənləri ətrafında olan kəndlərin köçürülməsi" barədə olan məqaləsində deyilirdi: "...mədən sahiblərinin tamamilə erməni olması və kənd camaatının tamamilə müsəlman olması cəhətdən bu məsələyə həddindən artıq əhəmiyyət vermək lazım gəlir. Çünki ixtilaf və iğtişaş hələ sönməmişdir. Bu cürə xilaf təkliflərlə yaranmış fitnə və fəsadı oyadıb, cəmi Qafqaza od vurub, yandırmaq kimidır".

Həmin ildə Tiflisdə çap olunan "Arç" erməni qəzeti Balaxanının, Ramananın, Sabunçunun, Zabratın kənd əhalisinin hamısını quldur, soyğunçu, qaniçən kimi qələmə verib, hökumətdən təkidlə tələb edirdi ki, gərək həmin kəndlər köçürülsün.

Bəzi kəndlilər güc-bəla erməni sahibkarlarının mədən və zavodlarında işə düzələ bilsələr də, sahibkarlar tərəfindən həmişə sıxışdırılırdılar. Azərbaycanlı fəhlələrin vəziyyəti çox çətin idi. 1900-cü illərdə Bakı fəhləsinin əsas tərkibini yerli azərbaycanlılar (bunların da əksəriyyəti Bakı kəndlərindən idi), həmşərilər (o zaman Cənubi Azərbaycandan işləməyə gəlmiş adamları belə adlandırırdılar), ləzgilər, ruslar və tatarlar (ümumi fəhlələrin cəmi 7 faizi tatarlardan ibarət idi) təşkil edirdi. Onlar bir qayda olaraq açarçı, dartalçı, ocaqçı, əksər hallarda isə mehtər, nökər, arabaçı, suçu və süpürgəçi işləyirdilər. İranlı fəhlələr (həmşərilər) isə Bakıda çox qalmırdılar. Az miqdarda pul əldə edən kimi ailələrinin yanına qayıdırdılar. İranlılardan sonra Bakıya işləməyə gələnlər ləzgilər idi. 1897-1899-cu illərdə Bakıda fəhlələrin 13-15 faizini təşkil edirdilər. Onların əksəriyyəti mədənlərdə keşikçi işləyirdi.

Azərbaycanlı fəhlələr üçün ayrılmış yaşayış mənzilləri və kazarmalar acınacaqlı vəziyyətdə idi. Neft firmalarının əksəriyyətində hamam yox idi. Su ya çatışmır, ya da çirkli olurdu. Bibiheybətdə Xetisovun kazarmalarında vəziyyət daha ağır idi. XX əsrin əvvəllərində gündəlik iş müddəti 10-12 saat idi. Sənayedəki böhran isə fəhlələrin vəziyyətinə xüsusilə mənfi təsir bağışlayırdı. Müəssisələrdən fəhlələr kütləvi surətdə qovulur, işsizlik artır və əmək şəraiti daha dözülməz olurdu.

1901-1903-cü illərdə Bakı fəhlələrinin təxminən 30 faizi işdən qovulmuşdu. Böhran dövründə Bakıya axışıb gələnlərin sayı o dərəcəyə çatmışdı ki, şəhərin hakim dairələri Həştərxan qubernatorundan buraya gələnlərin qarşısını almaq üçün ciddi tədbirlər görülməsini tələb edirdilər. Gələnlərin əksəriyyəti isə ermənilər idi. Fəhlələrlə kobud rəftar adi hal almışdı. Mirzəbekyansın tütün fabrikində əgər bir işçi bir neçə gün xəstələnirdisə, dərhal işdən qovulurdu. Böhran əmək və kapital arasında ziddiyyəti daha da dərinləşdirirdi. Bu da öz növbəsində şəhərdə inqilabi hərəkatın vüsət tapmasına səbəb olurdu. 1901-ci ilin 24 martında Ter-Qriqoryevin tənbəki fabrikində, Sabunçuda "Remont" mexaniki emalatxanasında, iyunun 6-da Balaxanıda Luberskinin, 18-20 sentyabrda Balaxanı yolunda olan Xetisovun mexaniki emalatxanasında fəhlələr tətilə başladılar.

 

(ardı var)

 

 

İ.ƏLİYEVA

 

Azərbaycan.- 2011.-29 mart.- S. 5.