Nəfəs alan torpaq

 

Mənə bu hadisəni Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Güney Qışlaq kəndinin sakini Nəriman Ənnağı oğlu danışdı. XX əsrin əvvəlində baş vermiş bu qanlı hadisəni ona anası nağıl edib. Mən də erməni vəhşiliyinin bariz nümunəsi olan bu faciəni qələmə alıb oxucuların diqqətinə çatdırmağı özümə borc bildim.

1918-ci il idi. Dünya müharibəsinin bitməsindən çox az keçmişdi. Balaca bir kənd olan Qızıl Qışlaq əldən-ayaqdan uzaqda, dağlar qoynunda yerləşsə də, müharibənin quduz yelləri bu kəndə də əsmişdi. Hər yerdə aclıq hökm sürürdü. Bu azmış kimi həmin ilin yazında kəndin əkin yerlərini, taxıl zəmilərini dolu vurmuş, gözlənilən məhsul alınmamışdı. Hamı intizar içində yaşayırdı. Sabah necə olacaqdı, bilinmirdi! Bir tərəfdən də mənfur qonşumuz olan ermənilərin kəndə tez-tez hücumları, evləri top atəşinə tutmaları əhalini vahimə içində saxlayırdı.

Kəndin başıpapaqlıları ətraf yerlərə ruzu qazanmaq üçün səpələnmişdilər. Bəziləri isə ailələrinə, uşaqlarına çörək tapmaq ümidi ilə işləmək üçün Türkiyənin Trabzon şəhərinə gedirdi. Kəndin kişiləri dəstə-dəstə Batum şəhərinə, oradan da gəmilərə doluşaraq Dərəbizana (Trabzon şəhərinin kənd deyimi) gedirdilər. Dərəbizanda bez istehsal edən fabrik vardı. Qızıl Qışlaq kəndindən işləmək üçün ora birinci dəfə 30 nəfər kişi gedib. Onlar kəndə məktub yazaraq bildiriblər ki, burada hər şey yaxşıdır, kim bacarırsa gəlsin, özünə, ailəsinə gün-dirrik düzəltsin. Kəndin ağsaqqallarından sayılan Ənnağı kişi də birinci gedənlərdən idi. O, qardaşı Əliyə də ismarıc edib işləmək üçün öz yanına çağırdı. Əligil dəstə düzəldib Dərəbizana yollandılar.

Onlar vicdanla işləyir, fabrik sahibi də zəhməthaqqını artıqlaması ilə ödəyirdi. Qayıtmaq məqamı çatanda Ənnağı qardaşına deyib:

- Qardaş, bu qədər işlədik, pulumuzu da almışıq, çıxaq gedək, gözü yolda qalanlarımızı sevindirək.

Əli cavab verib ki, "Qardaş, sən qayıt get, mən qalıb işləyəcəyəm. Bir az da pul toplayım ki, gələndə uşaqları saxlaya bilək. Sən indi get, evdəkilərdən muğayat ol. Mən də tezliklə qayıdaram".

Birinci gedən dəstə kəndə qayıtmaq üçün gecə yola düşdülər. Yolları kəsə olsun deyə indi Ermənistan adlanan əzəli Azərbaycan torpaqlarından keçib öz obalarına getmək istədilər. Dəstə gəlib Aleksandropol şəhərinə (sonradan Leninakan, indi Gümrü şəhəri - S.Ə.) yetişib. Ermənilər onları görüblər. Bilirlər ki, səfərdən qayıdan azərbaycanlılardı. Onları müsəlman-türk olduqlarına görə öldürmək qərarına gələrək qabaqlarını kəsib deyiblər:

- Sizi şəhərin böyüyü görmək istəyir.

Şəhərin "qlavası" gizlin əmr vermişdi: harada müsəlman gördünüz, öldürün! Odur ki, ermənilər Dərəbizandan kəndlərinə qayıdan zəhmətkeş və dinc müsəlman kişilərini mühasirəyə alıb "qlavnının" oturduğu idarənin həyətinə gətiriblər. "Qlava" xeyli keçmiş həyətə çıxır, məkrli gözləri ilə onları başdan-ayağa süzür, yanındakılarla ermənicə nə isə danışmağa başlayır.

Dəstədə Badamlı kəndindən Vahab adlı bir kişi də var idi. Badamlı kəndi əslən Azərbaycan kəndi olsa da, burada ermənilər də yaşayırdı. Hər iki millətin adət-ənənəsi bir-birinə o qədər yaxınlaşmışdı ki, onları ayırd etmək olmurdu. Kənddə yaşayan hər iki millətin nümayəndələri bir-birilərinin dilində təmiz danışa bilirdilər.

Dəstədə olan Vahab da erməni dilini təmiz bildiyindən ermənilərin danışığını başa düşüb. Hiss edib ki, bir azdan onları öldürəcəklər. Həmyerlilərinin ölümünün qarşısını almağa çalışır, özünü erməni kimi qələmə verərək deyir:

- Bizim ermənilər orada azərbaycanlılarla birgə yaşayırlar, bir bulaqdan su götürürlər, çörək yapanda bir-birilərinə kömək edirlər, pencər yığmağa bir yerdə gedirlər. Əgər siz burada bunları öldürsəniz, onlar da orada bizimkiləri öldürərlər.

Vahab kişinin sözləri "qlava"nı fikrindən döndərib. Onların çıxıb öz vilayətlərinə getməyinə icazə verib. Dəstədə 14 nəfər kişi var idi.

Vaxt gəlib ötür. Dərəbizana işləmək üçün gedən ikinci dəstə də həmin yolla qayıdası olub. Onları da tutub "qlava"nın yanına gətiriblər. İdarənin həyətinə yığışan müsəlman kişiləri xeyli ayaqüstə, ac-susuz "qlava"nı gözləməyə məhkum ediliblər. "Qlava" aşağı həyətə düşəndə onların gözlərində ümid işığı yanıb. Elə hesab edirlər ki, şəhərin böyüyü yüngül sorğu-sual edib onların getmələrinə icazə verəcək. Erməni "qlava" kinli gözlərini azərbaycanlılara dikərək əmr edir:

- Kimin üstündə nəyi varsa, hamısını bir yerə yığın! Sizə bir iş tapşıracağam, onu yerinə yetirəndən sonra buraxacağam, çıxıb gedəsiniz öz elinizə, obanıza.

Azərbaycanlı kişilər bir-biri ilə baxışırlar, çiyinlərini çəkib sakitcə əllərini döş ciblərinə salırlar. Zəhmətlə qazandıqları pulları gətirib bir ağacın altına qoyurlar. Onlar səbirsizliklə "qlava"nın daha nə deyəcəyini gözləyirdilər. Nəhayət, "qlava" dillənir:

- Bu həyətdə iri bir çala qazmalısınız. İşinizi bitirən kimi azadsınız.

Azərbaycanlı fəhlələr erməninin bu sözlərini eşidib sevinirlər. "Allaha şükür" edib cəld işə başlayırlar. Elə ki çala qazılıb böyüyür, açılan güllə səslərindən azərbaycanlılar çaşıb qalırlar. Bir-birilərinə baxmağa belə macal tapmayaraq üzüqoylu özləri qazdıqları çalanın içinə yıxılırlar. Yerə yıxılan biçarələr bir-birinin üstünə düşərək çabalayırdılar. Hamısı namərd ermənidən güllə yarası almışdı, yaralarından qan fışqırırdı. Onların gözlərinin dərinliyində "niyə" sualı donub qalmışdı. Fəhlələr inildəyir, zarıyırdılar. Ermənilər isə fit çala-çala çaladan bir az qabaq çıxarılmış torpaqla azərbaycanlıların diri, isti olan bədənlərini basdırmaqda idilər. Onlar heç nə olmamış kimi sakitcə öz işlərini görürdülər. Ermənilərin ürəkləri daşa dönmüşdü. Yaralı insanlar bir əli ilə yaralarının üstündən basıb axan qanı dayandırmaq, o biri əli ilə üstlərinə tökülən torpağın qarşısını almaq istəyirdilər. Ancaq onların bu cəhdi boşa çıxırdı. Bir azdan hələ də nəfəs alan insanların üstünə atılan torpaqdan balaca bir təpə yarandı.

Onlar 17 nəfər idilər. Diri-diri torpağın altına gömüldülər.

Dəstənin içində Ənnağının kiçik qardaşı Əli də var idi. O, təzəcə nişanlanmışdı. Nişanlı yolu gözləyən qız haradan biləydi ki, nişanlısı daha yoxdur, canı üstündə ola-ola torpağa basdırılıb.

Dəstənin başçısı, Nehrəm kəndindən olan Soltan adında bir kişi idi. O, əvvəlki hadisədən xəbərdar olduğundan xarici görkəmcə özünü erməniyə oxşatmışdı, bığlarını ermənilər kimi lopa saxlamışdı. Başına qoyduğu kepka azərbaycanlıların qoyduğu kepka kimi dimdiyinin yuxarısı yastı deyil, dik idi. Ermənilər Soltan kişini özlərininki bilib ona toxunmamışdılar. Soltan kişi həm də ermənicə yaxşı danışırdı. Hadisənin qarşısını almaq üçün nə qədər çalışsa da, bu dəfə ermənilər onu eşitmədilər. "Ərə, sana nə, bu dalı musurmanı qorumaq istəyirsən? - dedilər. Axşama qədər birtəhər dözən Soltan kişi gəzmək bəhanəsi ilə evində qaldığı ermənini də götürüb idarənin həyətinə gəldi. Yavaşca üstü torpaqlanmış çalaya yaxınlaşdı. Diqqətlə torpağa baxdı. Gördüklərindən əti ürpəşdi, tükləri biz-biz durdu, çalaya tökülən torpaq enib-qalxırdı. O, qışqırmaq dərəcəsinə gəldi: "Ay nadürüstlər, siz nə elədiniz? Bunlar hələ ölməyib, hələ sağdırlar, nəfəsləri gedib-gəlir". Ancaq boğazında qaynayan sözləri dilinə gətirə bilmədi. Bilirdi ki, bunun heç bir xeyri yoxdur, iş-işdən keçib. Bilsələr ki, o da azərbaycanlıdır, dərisini boğazından çıxararlar. Başını aşağı salıb oradan uzaqlaşdı...

...Onlar 17 nəfər idilər. Uşaqlarını dolandırmaq üçün qazanc dalınca gedən fağır kəndlilər ermənilər tərəfindən qətlə yetirildi. Onlar qanlarına qəltan oldular, torpaq altında can verdilər. Soydaşlarımızın diri-diri basdırıldıqları yer də məlumdur: keçmiş Aleksandropol, indiki Gümrü şəhəri. Şəhər rəhbərliyinin yerləşdiyi binanın həyəti. Burada basdırılmış insanların cəsədləri də Qubada aşkar edilən sümüklər kimi tapılaraq erməni vəhşiliyinin daha bir səhifəsini də üzə çıxaracaq.

...Onlar 17 nəfər idilər.

 

 

Salatın ƏHMƏDLİ,

filologiya elmləri üzrə

fəlsəfə doktoru

 

Azərbaycan.- 2011.-29 mart.- S. 5.