Müxtəlif mədəniyyətlərin
qovuşduğu Azərbaycan daha bir möhtəşəm
ümumdünya məclisinə qucaq açır
Aprelin 7-9-da Bakıda keçiriləcək
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunda 5 qitədən çoxsaylı nümayəndələr
iştirak edəcəkdir
Xəbər verdiyimiz kimi, bu il aprelin 7-dən 9-dək Azərbaycan daha bir möhtəşəm beynəlxalq tədbirə - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcəkdir. Ən əvvəl onu deyək ki, dünya üzrə ilk dəfə keçiriləcək və əsas məqsədi mədəniyyətlərarası dialoq sahəsində Azərbaycan tərəfdən reallaşdırılan təşəbbüsləri regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırmaq, ölkəmizdə daimi əsasda Beynəlxalq Forum təsis etmək olan belə bir mötəbər məclisə respublikamızın ev sahibliyi etməsi təsadüfi hadisə kimi qiymətləndirilə bilməz.
Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin çox böyük əksəriyyəti artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən gəlmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycan mədəniyyətinin böyük hamisi Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə ölkəmizdə reallaşdırılan nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri respublikamızı dünyanın mədəni həyatının mərkəzinə çevirmişdir desək, şübhəsiz, mübaliğəyə yol vermiş olmarıq. Elə qarşıdakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili ideyası da ölkəmizə, daha dəqiq desək, onun liderinə - Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur.
Möhtəşəm forum ərəfəsində xüsusi minnətdarlıq hissi ilə xatırlamaq yerinə düşər ki, artıq 20 dövlətin (Avstriya, Çexiya, Sloveniya, Rumıniya, Bolqarıstan, Səudiyyə Ərəbistanı, Bəhreyn, İordaniya, Tailand, Gürcüstan, Bruney, Əfqanıstan, Kuba, Efiopiya, Qırğızıstan, Makedoniya, Qətər, Toqo, Ukrayna, Latviya) mədəniyyət nazirlərinin, bir neçə ölkənin (Peru, Litva, Küveyt) nazir müavinlərinin, aparıcı beynəlxalq təşkilatların, o cümlədən YUNESKO-nun Baş katibinin, İSESKO-nun Baş direktorunun, Avropa Şurasının Baş katibinin, eyni zamanda, Avropa Şurası Parlament Assambleyası prezidentinin, bir sıra dünya şəhərlərinin merlərinin, görkəmli mədəniyyət və incəsənət xadimlərinin iştirakının rəsmən təsdiqləndiyi, ümumiyyətlə, 400 nəfərdən çox nüfuzlu nümayəndənin qatılmasının nəzərdə tutulduğu belə bir mötəbər beynəlxalq məclisi reallaşdırmaq üçün uzun müddət iş aparmaq lazım gəlmişdir. Başqa sözlə, dövlətimizin başçısının ideya müəllifi, təşəbbüsçüsü və təşkilatçısı olduğu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna yetişmək üçün Azərbaycan 3 illik yol keçməli olmuşdur.
Gəlin yada salaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa və qonşu regionların mədəniyyət nazirlərinin 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş konfransındakı nitqində müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan "Bakı Prosesi" təşəbbüsünü irəli sürmüşdür. Bundan sonra Azərbaycan paytaxtının bu yöndə ev sahibliyi etdiyi daha bir mötəbər beynəlxalq məclisdə - 2009-cu il oktyabrın 13-dən 15-dək davam etmiş islam ölkələri mədəniyyət nazirlərinin konfransı çərçivəsində "Mədəniyyətlərarası dialoq" mövzusunda keçirilmiş "dəyirmi masa"da "Bakı Prosesi-sivilizasiyalar arasında dialoqa yeni çağırış" adlı rəsmi sənəd qəbul edilmişdir.
TÜRKSOY-un Daimi Şurasının 2009-cu il oktyabrın 16-17-də Bakıda keçirilmiş 26-cı toplantısında qəbul olunmuş sənədlərdə də Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü "Bakı Prosesi"nin davam etdirilməsinin vacibliyi əksini tapmışdır. Nəhayət, bu istiqamətdə Azərbaycan tərəfinin səyləri və təşəbbüsləri öz bəhrəsini vermişdir. 2010-cu il mayın 20-də Bakıda YUNESKO-nun "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya"sının təqdimat mərasimində 2011-ci ilin aprelində "Bakı Prosesi"nin davamı olaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi və tədbir çərçivəsində Bakı şəhərinin "Dünya Dialoq Paytaxtı" elan ediləcəyinin gözlənildiyi bildirilmişdir.
Bundan bir qədər sonra, daha dəqiq desək, 2010-cu il sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Məclisinin 65-ci sessiyasında 2011-ci ilin aprelində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini rəsmən bəyan etmişdir. Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycan tərəfinin dünya üzrə ilk belə bir mötəbər məclisin Bakıda keçirilməsi ilə bağlı təşəbbüsünü bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən YUNESKO, Avropa Şurası və onun Şimal-Cənub Mərkəzi, BMT-nin Sivilizasiyalar Alyansı yekdilliklə dəstəkləmişlər.
Təqdirəlayiq haldır ki, təkcə dəstəklə iş bitməmiş, yuxarıda adları çəkilən qurumlar, həmçinin İSESKO Bakı forumunun beynəlxalq tərəfdaşları olmuşlar. Bundan əlavə, dünyanın ən nüfuzlu Euronews televiziya kanalının forumun beynəlxalq səviyyədə təşkili üçün əsas media tərəfdaşı kimi çıxış etməsi bu tədbirin möhtəşəmliyindən və ona göstərilən beynəlxalq marağın yüksək səviyyəsindən xəbər verir. Bununla bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Euronews arasında müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq, telekanal forumda çəkiliş aparacaq və tədbirdən sonra 1 həftə ərzində 20 dəfə 20 dildə nümayiş etdirəcəkdir.
Eyni zamanda, xüsusi vurğulamaq gərəkdir ki, foruma hazırlıq sahəsində həyata keçirilmiş tədbirlər Azərbaycanda indiyədək reallaşdırılmış bütün beynəlxalq məclislər kimi, bu mötəbər görüşün də mədəniyyətlərin və sivilizasiyaların bir-birinə daha da yaxınlaşmasına böyük töhfə verəcəyi qənaətinə gəlməyə tam əsas yaradır. Artıq Bakı görüşünə hazırlıqla bağlı Azərbaycanın Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin, YUNESKO-nun, Avropa Şurası və onun Şimal-Cənub Mərkəzinin, BMT-nin Sivilizasiyalar Alyansının təmsilçilərindən ibarət forumun İşçi Qrupunun Fransanın Paris və Strasburq şəhərlərində 4 iclası keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin bu il yanvarın 18-də imzaladığı sərəncamla Bakı Forumunun Tədbirlər Planı təsdiqlənmişdir.
Mötəbər tədbirin İşçi Qrupunun fəaliyyətindən danışarkən qeyd etmək lazımdır ki, bu qurumun fevralın 27-28-də Parisdə -YUNESKO-nun qərargahında keçirilmiş yekun iclasında foruma hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələr geniş təhlil edilmişdir. Yekun iclasında Azərbaycan tərəfdən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun koordinatoru, nazirliyin beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri Vasif Eyvazzadə, Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi Eleonora Hüseynova, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Arif Məmmədov, ölkəmizin Fransadakı səfirliyinin müşaviri Zaur Əhmədov və digər əməkdaşları iştirak etmişlər.
İclasın iştirakçıları arasında, həmçinin nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri, o cümlədən YUNESKO-nun sektor müdiri Katerina Stenu, Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmer, BMT-nin Sivilizasiyalar Alyansının müşaviri Jan-Kristov Bas, AŞ-nin Şimal-Cənub Mərkəzinin direktoru Denis Huber və ekspert Robin Vilson və digər rəsmi şəxslər də olmuşlar.
İclasda Bakı Forumunun proqramının təfərrüatlı tərtibatı, moderator, məruzəçi və panelçilərin müəyyən edilməsi, hər bir beynəlxalq təşkilatın, eləcə də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək Azərbaycan tərəfinin məsul olduğu sessiyaların düzgün şəkildə təşkili, yeni layihə və təşəbbüslərin təqdimatı üçün bağlanışdan əvvəl mərasimin təşkili və s. məsələlər əsas müzakirə mövzuları olmuşdur. Görüşdə, həmçinin Bakı Forumunun veb-saytı iştirakçılara təqdim edilmişdir.
Yekun iclasında İşçi Qrupunun üzvü, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iştirakçılara Azərbaycan tərəfindən forumun təşkili istiqamətində görülən işlər, ölkəmizin mədəniyyətlərarası dialoqun inkişafı üçün göstərdiyi səylər, həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat vermişdir.
İclasda yuxarıda adları çəkilən beynəlxalq təşkilatların nümayəndələri forumun təşkili istiqamətində Azərbaycanın səylərini yüksək qiymətləndirdiklərini və Bakıda keçiriləcək ilk dünya səviyyəli mədəniyyət tədbirinin uğurlu alınması üçün lazımi dəstəyi göstərəcəklərini bildirmişlər.
Aparılmış müzakirələr nəticəsində proqramın layihəsi müəyyən düzəlişlərlə tərtib olunmuş və panelçilər coğrafi və dini baxımdan balanslaşdırılmış qaydada müəyyən edilmişdir.
Bakı Forumunda 20-dən çox ölkənin nazirlərinin iştirak edəcəkləri nəzərə alınaraq hər bir sessiyada 3-4 nazirin çıxış etməsi üçün şəraitin yaradılması qərara alınmışdır. Həmçinin bütün çıxışlar üçün 3 dəqiqə vaxt məhdudiyyətinin qoyulması təklif olunmuşdur. Eyni zamanda, hər bir sessiyanın sədri, panelçiləri və məruzəçiləri müəyyən edilmiş, hər bir sessiya üzrə müzakirə mövzularını əks etdirən bir səhifə həcmində arayışın hazırlanması razılaşdırılmışdır.
Göründüyü kimi, Azərbaycan paytaxtının müxtəlif mədəniyyətlərin dialoq meydanına çevriləcəyi gün ərəfəsində əminliklə demək olar ki, Bakı bu mötəbər görüşü keçirməyə tam hazırdır. Yeri gəlmişkən, aprelin 7-9-da Bakının demək olar ki, bütün qitələr və dünya xalqları mədəniyyətlərinin ab-havasına köklənəcəyi əsas götürülərək forumda "5 A-Mədəniyyətlərarası Əməkdaşlıq Platforması"nın əsasının qoyulması nəzərdə tutulur. Tədbirdə təmsil olunacaq Avropa, Asiya, Amerika, Afrika, Avstraliya qitələrinin adlarının Azərbaycan dilində "A" hərfi ilə başlandığı nəzərə alınaraq rəmzi olaraq yeni platformanın adı "5 A" kimi təklif edilir.
Forum ərəfəsində səslənən fikirlər, xüsusilə çıxışlarda Bakı şəhərinin "Dünyanın mədəniyyətlərarası dialoq paytaxtı" elan olunmasına dair təkliflərin irəli sürülməsi ehtimalının getdikcə daha çox vətəndaşlıq hüququ qazanması gələcəkdə bu məqsədə çatmaq üçün hüquqi və siyasi əsasların yaranmasına səbəb ola bilər. Eyni zamanda, forumun gedişində Azərbaycanı mədəniyyətlər və sivilizasiyalararası debat mərkəzinə çevirmək məqsədilə bu tədbirin Bakı Dünya Mədəniyyət Forumu adı ilə hər iki ildə bir dəfə keçirilməsinin bəyan edilməsi gözlənilir ki, bunun da necə böyük əhəmiyyət daşıdığını sübut etməyə ehtiyac yoxdur.
Təbii ki, Azərbaycan bu mühüm tədbirə ev sahibliyi etməklə beynəlxalq qurumlar arasında əməkdaşlığa, həm Şimal və Cənub, həm də Şərqlə Qərbin kəsişməsində yerləşən bir ölkə olaraq mədəniyyətlərarası dialoqun inkişafı və təbliğinə dəyərli töhfə verəcəkdir.
Bir vacib məqamı xüsusi vurğulamaq lazımdır ki, forumun müzakirə mövzuları olduqca genişdir. Forumun rəsmi sessiyaları və tədbirləri ilə yanaşı, beynəlxalq tədbir çərçivəsində xüsusi mədəni proqram təşkil ediləcəkdir. Bu proqramlar da bilavasitə mədəniyyətlərarası dialoq mövzusuna həsr olunacaqdır. Bundan əlavə, Azərbaycanın Mədəniyyət və Turizm, Avstriyanın Federal Təhsil, İncəsənət və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə "Yəhudi, xristian və müsəlmanlar: mədəniyyətlərarası dialoq ən qədim yazılarda" mövzusunda sərgi açılacaqdır. Bu sərgidə ən qədim əlyazmalar nümayiş etdiriləcəkdir. Eyni zamanda, tədbir çərçivəsində YUNESKO, Avropa Şurası və BMT-nin Sivilizasiyalar Alyansının birgə sərgisi təşkil olunacaqdır.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi forumu rəngarəng proqramlarla zənginləşdirmək məqsədilə beynəlxalq təşkilatlar və digər ölkələrdəki həmkarları ilə birgə əməkdaşlıqdan əlavə, özü də müxtəlif təkliflər və təşəbbüslər irəli sürür. Nazirlik tərəfindən forum ərəfəsində mədəniyyətlərarası dialoq mövzusu çərçivəsində milli fotomüsabiqəsinin elan edilməsini buna misal göstərmək olar. Müsabiqənin qalibləri forum günlərində müəyyənləşəcəkdir. Ümumiyyətlə, Azərbaycan tərəfi bu layihəni beynəlxalq bir layihəyə çevirməyi və onu forumda nümayiş etdirməyi planlaşdırır.
Forum zamanı "Layihə və təşəbbüslərin təqdimatı" adlı tədbir də nəzərdə tutulmuşdur. Bu tədbir çərçivəsində Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və Azərbaycan tərəfi özlərinin layihə və təşəbbüslərini nümayiş etdirəcəklər.
Bir sözlə, dünyanın mədəni həyatında mühüm hadisə olacaq Bakı Forumu ərəfəsində gedən proseslər belə bir nikbin fikir söyləməyə əsas verir ki, bu mötəbər tədbirdə müzakirəyə çıxarılacaq məsələlər, qəbul olunacaq sənədlər və hesabatlar gələcəkdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bilavasitə davamlılığını təmin edəcək, onu daha da inkişaf etdirməyə təkan verəcəkdir. Son nəticədə isə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusuna malik Azərbaycanda bu istiqamətdə real nəticələrə söykənən yeni bir platforma formalaşacaqdır.
Əhməd Məmmədov,
AzərTAc-ın müxbiri
Azərbaycan.- 2011.- 29 mart.- S. 6.