"Muğam aləmi" II Beynəlxalq muğam festivalına Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə yekun vurulmuşdur

 

Bir həftə ərzində Bakı "Muğam aləmi" II Beynəlxalq muğam festivalına ev sahibliyi etmişdir. Milli mədəniyyətimizin və xalq sənətimizin qorunması və inkişafına yüksək diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın 20-dən çox ölkəsinin muğam biliciləri və ifaçıları Beynəlxalq muğam festivalında bir araya gəlmişlər. Martın 21-də Heydər Əliyev Sarayında festivalın təntənəli bağlanış mərasiminə həsr edilən konsert olmuşdur.

AzərTAc xəbər verir ki, martın 14-dən 21-dək Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini bir daha Azərbaycana yönəltmişdir. Festival çərçivəsində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, Beynəlxalq muğam müsabiqəsi qaliblərinin unudulmaz çıxışları, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirərək festival proqramını həm rəngarəng, həm də yaddaqalan etmişdir.

Festivalın təntənəli bağlanış mərasiminə həsr edilən konserti Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri açmışdır. Orkestr Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüranı ifa etmişdir. Orkestrin bədii rəhbəri Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra səsləndirilmişdir.

Gecədə tanınmış Azərbaycan bəstəkarlarının əsərləri dinlənilmişdir. Həmçinin II Beynəlxalq muğam müsabiqəsinin laureatları - Çin Xalq Respublikasının Urumçi şəhərindən olan musiqi qrupu və "Qarabağ şikəstəsi"nin ən yaxşı ifaçısı nominasiyası üzrə mükafatçı türkiyəli müğənni Yeşim Köksal da çıxış etmişlər.

"Muğam aləmi" II Beynəlxalq muğam festivalının bağlanış mərasiminə həsr edilən konsert proqramı zənginliyi ilə fərqlənmişdir. Hər bir ifa sürəkli alqışlarla qarşılanmışdır.

Beləliklə, Azərbaycanda martın 14-dən başlayan "Muğam aləmi" II Beynəlxalq muğam festivalına martın 21-də yekun vurulmuşdur.

Muğam sənətinin qorunması və inkişafına xidmət edən "Muğam aləmi" II Beynəlxalq muğam festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilmişdir.

Novruz bayramı günlərində şəhərimizdə keçirilən bu möhtəşəm musiqi bayramı muğam ifaçılığı tarixində ən mühüm tədbir kimi artıq tarixə çevrilmişdir. Bakı bir həftə ərzində həqiqətən də xalqımızın milli sərvəti, dünya mədəniyyətinin şah əsəri olan muğamın paytaxtına çevrilmişdir. Yenidən nəzərlər Avropa ilə Asiyanın qovuşuğunda yerləşən ölkəmizə yönəlmişdi - bu dəfə Azərbaycan mədəniyyətinin təntənəsinə...

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən "Muğam aləmi" II Beynəlxalq muğam festivalının açılışı martın 14-də Beynəlxalq Muğam Mərkəzində olmuşdur.

Açılış mərasimində xalqımızın mədəni irsinin keşiyində ləyaqətlə dayanan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış etmişdir. Azərbaycan muğamının YUNESKO-nun Dünya İrs Siyahısına da məhz Mehriban xanım Əliyevanın xidməti sayəsində daxil edilmişdir. Muğam festivalının Novruz bayramı ərəfəsində keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayan Mehriban Əliyeva muğamla Novruzu birləşdirən bir çox amillərin olduğunu diqqətə çatdırmışdır. Təbiət hər zaman təkrarsız canlandığı kimi, muğam sənəti də heç bir sərhədlərə sığışmayan, azad, özü-özündən bəhrələnən bir sənətdir.

Mehriban xanım Əliyeva demişdir: "Builki festivalın başqa bir özəlliyi də vardır. Bu festival Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ərəfəsində keçirilir. Biz fərəh hissi ilə qeyd edə bilərik ki, bu 20 il ərzində muğam sənətinin inkişafında, təbliğində çox davamlı dinamika müşahidə edilib".

Beynəlxalq muğam festivalı çərçivəsində martın 15-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində "Azərbaycan muğamı və Orta Şərq musiqisi" mövzusunda elmi simpozium işə başlamışdır.

Üç gün davam edən elmi simpoziumda Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən gələn muğam tədqiqatçılarının məruzələri dinlənilmişdir. Muğam sənətinin tarixində mühüm bir mərhələ olan simpozium muğamın qorunması və inkişaf etdirilməsi, onun müsəlman ölkələrinin mədəniyyətləri arasında əlaqələrin möhkəmləndirilməsinə təsiri baxımından yüksək qiymətləndirilmişdir.

Beynəlxalq Muğam Mərkəzində keçirilən festival konsertlərində azərbaycanlı ustad ifaçılarla yanaşı, iraqlı Hüseyn Əladhaminin ifasında "İraqi məqam", özbəkistanlı Yıldız Turdıyevin ifasında "Şaşmakom", türkiyəli Salih Turhanın ifasında "Uzun hava", hindistanlı İndrani Mukherjeenin ifasında "Raqa", misirli Aicha Reduanenin ifasında "Nahda" və iranlı Salar Aghılının ifasında "Makam" böyük maraqla dinlənilmişdir.

Martın 17-dən 20-dək Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçirilən Beynəlxalq muğam müsabiqəsi isə əsl sənət yarışmasına çevrilmişdir. Müsabiqədə Azərbaycan, Türkiyə, Özbəkistan, Çin, Hindistan, İordaniya, İran, Küveyt və Mərakeşdən olan 20-yə yaxın ən istedadlı ifaçının çıxışları münsiflər heyətinin işini çətinləşdirsə də, seçimin nəticəsindən hamı - ifaçılar da, münsiflər heyətinin bütün üzvləri də, tamaşaçılar da razı qalmışlar. Müsabiqədə azərbaycanlı xanəndə Ehtiram Hüseynov və İranın Tehran "Sepehr" ansamblı birinci, Çin Xalq Respublikasının Urumçi şəhərindən olan musiqi qrupu ikinci, Mərakeşin "Makam" və İordaniyanın "Şərq-bənd" ansamblları isə üçüncü yerlərə layiq görülmüşlər.

Bakı Caz Mərkəzində keçirilən caz axşamları da festivala bir rəngarənglik gətirmişdir. Eyni zamanda ilk dəfə festival çərçivəsində keçirilmiş ustad dərsləri də gənc muğam ifaçılarına bu sənətin sirlərini daha dərindən mənimsəməyə böyük imkanlar yaratmışdır.

Bütövlükdə "Muğam aləmi" II Beynəlxalq muğam festivalı mədəniyyətin, incəsənətin, musiqinin, ən əsası, muğamın bayramına çevrilmiş, ayrı-ayrı xalqların nümayəndələrini bir araya gətirmək baxımından özünü misilsiz bir tədbir kimi təsdiq etmiş, xalqların daha da yaxınlaşmasına mühüm bir töhfə olmuşdur. "Muğam aləmi" II Beynəlxalq muğam festivalı indiyədək bu istiqamətdə mühüm tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun muğamın qorunub saxlanması, gələcək nəsillərə çatdırılması sahəsində atdığı daha bir böyük addımdır. Bu festival bütün türk dünyasına xas olan muğamın tacının da Azərbaycanda olduğunu sübut etmişdir. Bir həftəlik möhtəşəm muğam bayramından sonra çoxsaylı qonaqlar Şərq və Qərb mədəniyyətini özündə sintez edən gözəl Bakıdan festivalın bir daha təkrarlanacağı arzusu ilə ayrılmışlar.

 

 

Azərbaycan.- 2011.- 29 mart.- S. 6.