Dağlarda bahar

 

Novruz bayramı Gədəbəydə də maraqlı, məzmunlu keçdi. Təbiiliyinə, rəngarəngliyinə, coşqunluğuna, əhatə dairəsinə və milli adət-ənənələrinin geniş təbliğinə görə də unudulmaz oldu.

Bayram şənlikləri yeddi gün davam etdi. Rayon mərkəzindən tutmuş ən ucqar kəndlərə, sərhəd bölgələrinə kimi hər yanı bürüdü. Miskinlidə, Novosaratovkada, Kiçik Qaramuradda, Qoşabulaqda, "N" saylı hərbi hissədə minlərlə adam şənliklərdə iştirak etdi.

Şınıx rayon mərkəzindən 50-60 kilometr aralıda - düz sərhəd zonasında yerləşir. Bu yerlər Gədəbəyin qeyrət qalası sayılır. Doxsanıncı illərin ən ağır günlərində Şınıx əyilmədi, sınmadı, mərdanə vuruşdu. Bir qarış torpağı belə düşmənə verilmədi. Əksinə, haçansa, nə yollasa ermənilərin ələ keçirdikləri Başkənd bölgəsi tamamilə azad edildi.

Şınıxın camaatı mərddir, mübarizdir. Mutudərə kəndi yandırılanda bu yerlərdə düşmənin sıralarına od vuruldu. Onlarca şəhid verilib, üç nəfər Milli Qəhrəman adını alıb. Yenicə bərpa olunmuş Mutudərənin dolanbac yolları ilə keçirik. Qarşıda İsalı, Zamanlı kəndləri durur.

Bayrama gələn qonaqları əllərində üçrəngli bayraqlarla çaparlar qarşılayırlar. Geniş meydana yüzlərlə adam yığışıb. Bir yandan qara zurnanın sədaları ucalır, digər tərəfdə aşıqlar meydan sulayırlar. Bura Zamanlı kəndidir. Ulu keçmişimizdən, müqəddəs adət-ənənələrimizdən xəbər verən mənzərələr bir-birini əvəz edir. Kirkirələr fırlanır, nehrələr çalxanır. Bir tərəfdə sac asılıb, fətir, qatlama bişirilir. Milli geyimli qızlar əllərində duz-çörək, paxlava, qoğal, şəkərbura paylayırlar, rəsm həvəskarları əl işlərini nümayiş etdirir, idmançılar öz məharətlərini göstərirlər.

Rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə tədbirin iştirakçılarını salamlayıb ulu öndərin yolunu uğurla davam etdirən İlham Əliyevin xalqımızın milli adət-ənənələrinin qorunub saxlanması, onların davam etdirilməsi, gələcək nəsillərə çatdırılması üçün gördüyü misilsiz işlərdən ətraflı söz açdı.

Novruz tonqalı alovlandı. Kütləvi şənliklər başladı. Şair İlyas Tapdıq "Salam olsun bahara" şeirini oxudu.

Şair Musa Ələkbərli Gədəbəyin Novruz bayramı haqqında yazdığı kitabı təqdim etdi. El sənətkarları öz məharətlərini göstərdilər. Ağbirçək nənə bayatı dedi. Yaşlı adamlar Novruz ənənələrindən danışdılar. Papaq atanların, qulaq falına çıxanların söz-söhbətləri, Xanım Şirinovanın rəqsi xoş təsir bağışladı. Neçə saat davam edən şənliklərin sonunda qaliblərə hədiyyələr verildi. Ən gözəl rəqsə görə isə Xanım Şirinova hədiyyə aldı.

Bəzi yerlərdə şənliklər yalnız rayonun mərkəzində keçirilir. Gədəbəydə isə bu iş yerli-yataqlı qurulub. Hər kəndin, hər bölgənin adət-ənənəsinə uyğun tədbirlər keçirilir. Həm ötən günlər yada salınır, həm də qədim adət-ənənələr yeni çalarlarla təzələnir. Bayramın təşkilatçıları da, ifaçıları da, tamaşaçıları da məhz həmin kəndin camaatı olur.

Müşahidələr göstərir ki, yerlərdə bahar bayramlarının keçirilməsi üçün etnoqrafların, folklorşünasların iştirakı ilə proqramlar hazırlayıb hər bölgədə bayram şənliyi məhz həmin bölgənin özünün ruhuna uyğun keçirilsə, yerli ziyalılar, icra nümayəndələri, bələdiyyələrin fəalları itməkdə olan ənənələrin üzə çıxarılıb yaşamasına qayğı və kömək göstərsələr daha yaxşı olar. Gədəbəy rayonunda olduğu kimi.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.-29 mart.- S. 7.