Azərbaycanı böyük uğurlara aparan iqtisadi
inkişaf strategiyası
Mənsub olduğu xalqın
etimadını əməli fəaliyyəti ilə
doğrultmaq, milyonlarla insanın rəğbətini qazanaraq
liderlik səviyyəsinə yüksəlmək heç də
hər rəhbərə nəsib olmur. Yalnız hakimiyyəti
millətə layiqli xidmət vasitəsi kimi dəyərləndirən
və bunu əməli fəaliyyəti ilə sübuta yetirən
şəxsiyyətlər seçkilərdə qalib gəlib
dövlətə rəhbərlik şansı qazanırlar.
Başqa sözlə, fəaliyyətində ictimai rəyə
əsaslanan, hər bir fərdin maraq və mənafeyini
özündə ehtiva edən siyasət hər zaman ictimai
etimad qazanır, dəstəklənir.
Artıq tarixə
çevrilmiş 2010-cu ilin ən mühüm hadisələrindən
biri kimi əlamətdar olmuş parlament seçkiləri Azərbaycan
cəmiyyətinin siyasi nöqteyi-nəzərdən kifayət
qədər yetkinləşdiyini, habelə demokratik seçki
mübarizəsində populizm elementlərinə, qeyri-real vədlərə
yer olmadığını bir daha təsdiqləmişdir. Həmin
seçkilərin tamamilə azad və ədalətli şəraitdə
keçməsini təmin edən əsas amillərdən biri
də hökumətin ötən beş ildə ictimai rəylə
hesablaşaraq sosial məsuliyyət prinsipinə ciddiliklə əməl
etməsi, xalqın mənafeyinə uyğun liberal siyasət
yeritməsidir. Milli inkişafı təmin edən çevik
islahatlar kursunu inamla həyata keçirən Prezident İlham Əliyevin
hökumətin vaxtaşırı olaraq xalqa hesabat verməsini
milli dövlətçilik tarixində mütərəqqi ənənəyə
çevirməsi isə onun demokratik dəyərlərə
hörmətinin, ictimai rəyə həssas münasibətinin
təcəssümüdür.
İctimai rəy bir növ
hökumətin fəaliyyətinə nəzarət
funksiyasını yerinə yetirməklə onu mövcud problemlərin
həllinə istiqamətləndirən mühüm mexanizmdir.
Azərbaycan Prezidentinin siyasi iradəsinə uyğun olaraq
hökumətin fəaliyyəti ilə bağlı müntəzəm
hesabat verməsi cəmiyyətdə şəffaflığın
və sosial ədalət normalarının qorunmasını təmin
edir, dövlət məmurlarının xalq və prezident
qarşısında məsuliyyətini artırır,
onları qarşıya qoyulmuş vəzifələrin
uğurla həyata keçirilməsi üçün daha səylə
çalışmağa sövq edir. Effektiv müzakirələrlə
yadda qalan bu cür hesabatlar həm də konkret zaman
intervalında əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi,
hökumətin fəaliyyət istiqamətlərinin ictimaiyyətə
düzgün, obyektiv çatdırılması, mövcud
problemlər ətrafında ictimai müzakirələrin
aparılması və onların həlli yollarının
tapılması üçün səmərəli vasitəyə
çevrilmişdir. Bu cür hesabatlar başqa bir cəhəti
ilə də xüsusi əhəmiyyət daşıyaraq cənab
İlham Əliyevin dövlət idarəçiliyi sahəsində
böyük səriştəyə, təşəbbüskarlığa
malik lider olduğunu parlaq şəkildə əks etdirir.
Azərbaycan tam başa
çatmamış qlobal böhran şəraitində bir
çox ölkələr üçün tamamilə əlçatmaz
görünən iqtisadi inkişaf sürətinə nail
olmuşdur və bunu beynəlxalq maliyyə qurumları da
etiraf edirlər. Ötən dövrün iqtisadi qiymətləndirməsi
deməyə əsas verir ki, hökumətin maliyyə
sabitliyinin təmini yönümündə həyata keçirdiyi
tədbirlər praktik baxımdan özünü
doğrultmuş, Azərbaycan qlobal böhranının təsirinə
ən az məruz qalan dövlətlərdən olmuşdur. Bir
tərəfdən uğurla gerçəkləşdirilən
antiböhran tədbirləri, digər tərəfdən əvvəlki
illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi
potensial hesabına ölkə iqtisadiyyatının
dayanıqlığı qorunub saxlanılmış, onun mənfi
xarici təsirlərə müqavimət qabiliyyəti
sınaqdan uğurla çıxmışdır.
İqtisadi
dayanıqlığın mühüm əsaslarından olan
makroiqtisadi və maliyyə sabitliyinin dərinləşdirilməsi,
habelə qlobal böhranın təsirlərinin zəiflədilməsi
də hökumətin ötənilki fəaliyyətinin
prioritet istiqamətlərindən birinə
çevrilmişdir. Bir çox qonşu dövlətlərdə
böhran ilk növbədə maliyyə-bank sektoruna dəysə
də, respublikamızda arzuolunmaz hallara rast gəlinməmiş,
bankların öz öhdəliklərini normal şəkildə
yerinə yetirməsində, kreditləşmə siyasətini
həyata keçirməsində ciddi problem
yaranmamışdır.
Ümumiyyətlə,
dünya maliyyə-iqtisadi böhranı Azərbaycanın
öz iqtisadiyyatının sadəcə, neft amili üzərində
qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə
qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir
və bu baxımdan 2010-cu ilin yekunlarını da müsbət
qiymətləndirmək olar. Ötən ilin pozitiv nəticələri
respublika iqtisadiyyatının yalnız neft amilindən
asılılığı barədə irəli sürülən
iddiaların əsassızlığını tam sübuta
yetirmişdir. Ağır sınaqlardan uğurla çıxan
respublika iqtisadiyyatının inkişaf dinamikasında
qeyri-neft sektorunun əhəmiyyətli paya malik olduğu da bir
daha təsdiqlənmişdir. Həyata keçirilən şaxələndirmə
tədbirləri, sahibkarlığın inkişafı,
investisiya mühitinin daha da
yaxşılaşdırılması qeyri-neft sektorunun dinamik
inkişafı davam etmişdir.
Qeyri-neft sektorunun sürətli
yüksəlişi həm də daxili investisiyaların həcminin
artımında özünü göstərir. Prezident
İlham Əliyev "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın
icrasının ikinci ilinin yekunlarına həsr olunmuş
konfransda demişdir: "Ölkəmizin inkişafı
üçün özəl sektorun möhkəmlənməsi
xüsusi əhəmiyyət daşıyır. Bu, sadəcə
olaraq sözlər, şüarlar deyildir. Biz gündəlik fəaliyyətdə
özəl sektorun, sahibkarlğın inkişafı
üçün əlimizdən gələni edirik. Mən
sahibkarlarla həm Bakıda, həm bölgələrdə
mütəmadi qaydada görüşürəm. Dövlət
tərəfindən sahibkarlığın inkişafına
güclü dəstək vardır. Bütün dövlət
qurumları - həm mərkəzi dövlət orqanları, həm
yerli icra orqanları bu sahədə sahibkarlara kömək
göstərməlidirlər. Sahibkarların normal biznes
mühitində fəaliyyəti ölkəmizin gələcək
inkişafını təmin edəcəkdir. Biz bazar
iqtisadiyyatı şəraitində yaşayırıq. Bu
gün iqtisadiyyatımızın böyük hissəsi - 80
faizdən çoxu özəl sektorda formalaşır. Hesab
edirəm ki, bu, çox böyük nailiyyətdir".
Qlobal böhrana rəğmən,
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi,
ayrılan maliyyə vəsaitlərinin həcminin artması da
son dərəcə təqdirəlayiq faktdır. Bir sıra
dövlətlərin təcrübəsində uğurla
sınaqdan çıxmış, özünü
doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan
gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının
inkişafına yönəldilməsini, özəl sektorun
ümumi daxili məhsulda xüsusi çəkisinin
artırılmasını nəzərdə tutur.
İqtisadiyyatın bütün sahələrinin
inkişafı həm də makroiqtisadi sabitliyin qorunub
saxlanılması və maliyyə təhlükəsizliyinin təmini
baxımından vacib əhəmiyyət kəsb edir.
Azad sahibkarlıq fəaliyyətinə
geniş imkanlar yaratmadan işsizlik probleminin aradan
qaldırılmasının, infrastrukturun yeniləşdirilməsinin,
regionların tarazlı və davamlı inkişafının və
digər mühüm vəzifələrin həyata
keçirilməsinin mümkünsüzlüyünü
düzgün müəyyənləşdirən cənab
İlham Əliyev ötən il də özəl sektorun
inkişafına xüsusi diqqət yetirmişdir. 2010-cu il ərzində
170-dən çox yeni müəssisənin
açılışı və təməlqoyma mərasimi
keçirilmiş, regionların tarazlı
inkişafının təmin edilməsi əhalinin həyat səviyyəsinin
daha da yüksəlməsində müstəsna rol
oynamışdır. Regionlarda 160-dan çox sənaye, kənd
təsərrüfatı, xidmət və ticarət müəssisəsi
tikilib istifadəyə verilmişdir, 200-dən çox müəssisənin
tikintisi isə davam etdirilir. Bu müəssisələrin 112-də
Sahibkarlığa Kömək Milli Fondunun güzəştli
kreditlərindən istifadə olunur. Başqa sözlə desək,
Prezident İlham Əliyev ötən 8 ildə özəl
sektorun inkişafına xüsusi diqqət yetirmişdir.
Sahibkarlığın inkişafına əngəl törədən
süni maneələrin qanunvericilik qaydasında aradan
götürülməsi, sərbəst bazar subyektlərinə
plüralist iqtisadi mühitin yaradılması, fəaliyyətin
bu növü ilə məşğul olanların hərtərəfli
dəstəklənməsi diqqət mərkəzində
olmuşur. Yeri gəlmişkən xatırladaq ki,
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
2004-2010-cı illərdə təxminən 700 milyon manat həcmində
güzəştli kreditlər verilmişdir. Kreditlərin 80
faizi regionlara verilir. Bu il isə Sahibkarlığa Kömək
Milli Fondunun xətti ilə özəl sektora 125 milyon manat
güzəştli kredt veriləcəkdir.
Regionların inkişafı
ilə bağlı kompleks tədbirlər ötən il inamla
davam etdirilmişdir. Ümumiyyətlə, "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"
regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən
qurulması, milli iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun tərəqqisi
hesabına aradan qaldırılması üçün
geniş imkanlar açmışdır. Təkcə bu
faktı qeyd etmək kifayətdir ki, proqramın icrası sayəsində
keçən il 70 mindən çox iş yeri
açılmışdır, onun 53 mini daimidir. İş yerlərinin
açılması, yeni müəssisələrin işə
salınması nəticəsində ölkə daxilində
istehsal olunan malların sayı artır, ixracdan
asılılıq azalır.
Göründüyü kimi, ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi çox müsbət nəticələr verir. Çünki bu kursu layiqli şəkildə davam etdirən dövlət başçısı cənab İlham Əliyev həmişə milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıq göstərir. Bu da onu göstərir ki, Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur.
Milli Məclisin martın 15-də keçirilən iclasında müzakirə edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ildəki fəaliyyəti haqqında hesabatı da sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Hökumətin fəaliyyətinin ictimaiyyətə çatdırılması baxımından belə hesabatların qanunverici orqanda dinlənilməsi mühüm əhəmiyyət daşıyır, ümumilikdə dövlət idarəçiliyinin şəffaflığını və fəaliyyət effektivliyini əyani göstərir.
E.HACIALIYEV
Azərbaycan.- 2011.- 30 mart.- S. 1.