Azərbaycan ilə Meksika
arasında əlaqələrin inkişaf perspektivləri
müzakirə olunmuşdur
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksikaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici siyasət idarəsinin rəhbəri xanım Patrisiya Espinoza ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə P.Espinoza ölkəsinin Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini vurğulamışdır. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyinə toxunan meksikalı nazir enerji sektorunda Azərbaycan ilə əməkdaşlığın inkişafında, o cümlədən Meksikanın enerji emalı sahəsində fəaliyyət göstərən gənc mütəxəssislərinə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil imkanlarının yaradılmasında maraqlı olduqlarını bildirmişdir.
P.Espinoza 2010-cu ildə Meksikada Azərbaycan Mədəniyyəti günlərinin uğurla keçməsini və bu cür tədbirlərin Meksika ictimaiyyətinə Azərbaycanı tanıtmaq üçün əlverişli imkan olduğunu diqqətə çatdırmışdır.
E.Məmmədyarov Azərbaycanın Latın Amerikası regionunda ilk səfirliyinin məhz Meksikada təsis edilməsini ölkəmizin Meksika ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyinin bariz nümunəsi olduğunu demişdir. Nazir meksikalı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi barədə ətraflı məlumat vermişdir.
Görüşdə həmçinin ikitərəfli əlaqələr, xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılmışdır. Azərbaycanın uğurlu enerji siyasəti ilə bağlı P.Espinozaya ətraflı məlumat verən E.Məmmədyarov Meksikanın da neft istehsal edən dövlət olduğunu vurğulayaraq bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu demişdir.
Bundan əlavə, E.Məmmədyarov Meksika XİN-in Diplomatik Akademiyasında "Azərbaycanın xarici siyasəti" mövzusunda təşkil edilmiş elmi konfransda çıxış etmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər haqqında danışan nazir iqtisadiyyat, xüsusilə enerji sahəsində uğurlar barədə ətraflı məlumat vermişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan E.Məmmədyarov vurğulamışdır ki, Azərbaycanın 20 faiz ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyondan artıq həmyerlimiz qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Nazir münaqişənin həlli ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, həmçinin digər beynəlxalq təşkilatların Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinin dayandırılması və problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı qətnamələri haqqında məlumat vermişdir.
Konfransda Meksika Konqresinin üzvləri, dövlət və hökumət nümayəndələri, ictimai-siyasi dairələrin, eləcə də bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak etmişlər.
Azərbaycanın xarici işlər naziri Meksikanın mətbuat nümayəndələri ilə də görüşmüş, ölkələrimiz arasında əməkdaşlığa dair suallara cavab vermişdir.
E.Məmmədyarovun
Meksikaya rəsmi səfəri davam edir.
AzərTAc
Azərbaycan.- 2011.-30 mart.- S. 1.