Ölkəmizin siyasi və iqtisadi mövqeləri güclənən kimi antiazərbaycançı qüvvələr radikal müxalifəti fəallaşdırır

 

Zahid ORUC: "Müxalifətin süni qarşıdurma yaratmaq cəhdi, əslində, Qarabağdakı qondarma respublikanın rəsmiləşdirilməsinə hesablana bilər"

 

Radikal müxalifət düşərgəsi böyük iddialarla yenidən mitinq həvəsinə düşüb. Sıralarında kimsəni tapmadığı üçün radikal müxalifətin martın 11-12-nə təyin etdiyi mitinq alınmadığından şəhərin mərkəzində süni ajiotaj yaratmağa cəhd göstərildi. Görünən odur ki, radikal düşərgə antiazərbaycançı dairələrdən yeni sifarişlər alıb və istəyinə çatmaq üçün dövlətimizin maraqlarını satmağa canla-başla hazırdır. Lakin radikal müxalifət bilməlidir ki, güclü Azərbaycan dövlətinin və xalq-hakimiyyət birliyinin qarşısında ölkəmizə qarşı yönəlmiş bütün planlar iflasa məhkumdur.

Mövzu ilə bağlı qənaətlərini bölüşən Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc dedi:

- Radikal müxalifətin keçirmək istədiyi mitinq və ya aksiyanın daxili həyatda xüsusi siyasi nəticə doğurması mümkün deyil. Çünki birinci növbədə radikal düşərgə əvvəlki dövrlərdə də bu vasitə ilə hakimiyyətin alternativi kimi çıxış eləmək imkanlarını ortaya qoya bilməyib. Bu mənada radikal düşərgə Azərbaycan iqtidarı üçün rəqib sayıla bilməz.

Digər tərəfdən, başlıca olaraq bu proseslər, mitinq və ya aksiya hər hansı kəsimin, elektoratın iradəsi kimi deyil, daha artıq dərəcədə ölkə xaricində baş verən proseslərin hansısa bir elementi kimi nəzərə çarpdırılır. Sanki çalışırlar ki, beynəlxalq medianın gündəminə çıxsınlar və Azərbaycanı həmin informasiya selinin hədəfinə çevirsinlər. Beləliklə, XXI əsrin fenomeni olan informasiya axınının hədəfinə düşməklə özlərinin qeyri-sivil mübarizələrində hansısa nəticəni qazanmış olsunlar. Başlıca istək budur. Əks halda aksiyaların icazə verilən məkanda keçirilməsinə çalışardılar, nəinki şəhərin o düyün nöqtələrində yox ki, orada hazır auditoriyalar, müxalif partiyaların çağırışından kənar insanlar var. Belə olan təqdirdə istək kommunikasiyanı, nəqliyyatın hərəkətini iflic etmək və bu iflici siyasi sistemə transfer edib bununla hansısa bir prosesi həyata keçirməkdir.

Qeyd edim ki, ərəb ölkələrində baş verən hadisələrdən sonra radikal müxalifət eyni hadisələrin Azərbaycanda da təkrarlanacağını iddia edir. Azərbaycanla həmin ölkələr arasında bu cür paralellər aparmaq siyasi baxımdan məntiqli sayıla bilməz. İstənilən hakimiyyətin və ya liderin başlıca meyarı onun idarəçilik keyfiyyəti, milli vəzifələri yerinə yetirməsi nəticələri ilə müəyyənləşir. Mən bu günlərdə Almaniya əyalətlərinin birində keçirilən parlament seçkilərinin nəticələrini izləyirdim. Həmin əyalətdə Almaniyanın Baş naziri Angela Merkelin rəhbərlik etdiyi partiya 40 ildən artıqdır ki, seçkilərdə qalib gəlir. Bu, qətiyyən Almaniyanın hər hansı bir hissəsinin yalnız bir siyasi qüvvənin inhisarında olması anlamını doğurmur. İnsanlar öz razılıqlarını bildirir və səsvermə ilə öz gələcək həyatlarını həmin qüvvə ilə bağlayırlar. Onlarla Avropa ölkəsində idarəçilikdə bir siyasi qüvvə uzun illər hökumətə rəhbərlik edib. Demək ki, siyasətdə mexaniki paralellərin, müqayisələrin aparılması tamamilə səhvdir.

Birdən bu ərəblər dönüb işğal olunmuş ərazilərini azad etsəydilər, bizim daxildə beynəlxalq təkliflərə indekslənmiş fəaliyyət aparan və hakimiyyət uğrunda mübarizəni yalnız xarici iradə ilə göstərən, daha çox onlardan nəsə gözləyən qüvvələr doğrudanmı yığışıb Qarabağ uğrunda savaşa atılardılar? Buna siz inanırsınızmı? İstərdim bu ritorik sualı müxalifət cavablandırsın. Ərəb dünyası özünün tarixi əraziləri uğrunda savaşa qatılarsa, bizim müxalifət Horadizdə, Ağdamın Azərbaycanın nəzarətində olan hissəsində Qarabağ aksiyası keçirərmi? Mən buna əmin deyiləm.

Lakin ona əminəm ki, Azərbaycanın siyasi və iqtisadi mövqeləri güclənən kimi xaricdən təzyiq alətləri işə düşür və antiazərbaycançı qüvvələr dərhal bizim radikal müxalifəti fəallaşdırır. Çünki güclü Azərbaycan heç kimə sərf eləmir. Bu regionun geosiyasətinə diktə etmək istəyənlər, bölgənin siyasi-iqtisadi coğrafiyasını istədiyi formaya salmağa çalışanlar və iqtisadi imkanlarını, resurslarını ucuz ələ keçirmək mövqeyində olanlar radikal müxalifət təmsilçilərini taparaq onları hakimiyyətin əleyhinə qaldırmağa cəhd edirlər. Budur başlıca məsələ.

Ötən yüzillikdə cərəyan edən proseslər, inqilablar, geosiyasi toqquşmalar dönəmində hər dəfə Azərbaycan bir parça ərazisini itirib. Mən çox narahatam ki, radikal müxalifətin xarici diktə ilə ölkəmizdə süni qarşıdurma yaratmaq cəhdi, əslində, işğal altında olan Qarabağdakı qondarma respublikanın de-yure rəsmiləşməsi üçün prosesin başladılmasına hesablansın. Onlarla ölkənin Qarabağı tanıması reallaşsın. Bax, ən böyük təhlükə bu olardı. Bu ssenarini əvvəlcə guya daxildə inqilab kimi göstərə bilərlər. Sonda isə məlum olacaq ki, əslində bu, işğal edilmiş ərazilərimizin siyasi və hüquqi cəhətdən Azərbaycandan qoparılması əməliyyatı imiş.

Azərbaycan dünyanın və regionun sabit və dinamik inkişaf edən ölkəsidir. Xüsusən 2011-ci ildə cənab İlham Əliyevin başladığı proseslər ölkənin bütün vətəndaşlarının maraqlarına cavab verir. Ən narazı insanın da mövqeləri bu hakimiyyətin və onun liderinin leksikonuna, ümumi siyasi proqramlarına daşınmaqdadır. Açığını deyim ki, müxalifət bundan çaşıb qalıb. Çünki seçkilərdə ortaya heç bir aksiya qoya bilmədi. Əslində isə məntiqlə mitinq parlament və prezidentlik marafonunda görünməli idi. Necə oldu ki, 2011-ci ildə müxalifət mitinq keçirmək iddiasına düşdü. Demək, cənab Prezidentin başladığı prosesləri gözü götürməyən dairələr var. Onlar radikal müxalifəti cəlb edərək, ələ alaraq buna qarşı çıxırlar. Təbii ki, heç bir qüvvə Azərbaycanı inkişafdan saxlaya bilməz. Heç bir güc Azərbaycanı itirilmiş ərazilərinin işğaldan azad edilməsi ilə bağlı planlarından döndərə bilməz.

Radikal müxalifət vətəndaşların maraqlarına bağlı olan platformalar və ideya-siyasi imkanlar ortaya qoya bilmək imkanından da məhrumdur. Cəmiyyət onları qəbul etmir. Odur ki, planlaşdırdıqları mitinq də vaxtlarını mənasız işlərə sərf etməkdən başqa bir şey deyil. Biz artıq 1992-ci ildə yaşamırıq. Ona görə süni gərginlik yaratmaq cəhdi də, təbii ki, baş tutmayacaq.

 

 

Azərbaycan.- 2011.-30 mart.- S. 2.