Radikal müxalifətin sosial bazası tam tükənib
Fərəc QULİYEV: "Bu qüvvələr xaricdəki
ermənipərəst dairələrlə fəal əməkdaşlıq
qurub"
Radikal müxalifət dairələrinin
Azərbaycanın əleyhinə fəaliyyət göstərən
qüvvələrlə sıx əməkdaşlıq etdiyi
heç kimə sirr deyil. Şübhəsiz ki, ifrat radikal
müxalifətə "dayı"lıq edən antiazərbaycançı
şəbəkə də bu "siyasi qüvvələr"dən
alət kimi istifadə edir. AXCP və Müsavat Partiyası
funksionerlərinin Azərbaycanda gedən pozitiv işlərlə
bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirmələri
və nəzarət altında saxladıqları mətbuat səhifələrində
sərsəm bəyanatlar səsləndirmələri
onların idarə olunduğunu bir daha sübuta yetirir. Xarici
havadarlarının maliyyə dəstəyi ilə istənilən
yola baş vurmağa, hətta iğtişaşlar törətməyə
hazır olan bu ifrat radikal dairələrin iç
üzünü artıq xalq yaxşı tanıyır. Mitinq
eyforiyasında olan bu destruktiv qüvvələrin xaricdən
"əmr" aldıqları da deyilənləri təsdiqləyir.
12 mart mitinqinin uğursuzluğu göstərdi ki,
partiyaları daxilində demokratiya yarada bilməyən,
qarşıdurmalar, intriqalar törədərək bundan
öz maraqları naminə istifadə edən partiya sədrlərinin
arxasınca heç kim getmir. Yenidən mitinq keçirmək
istəyində olan və aksiya zamanı hakimiyyət
orqanları ilə qarşıdurma yaradacaqlarını
açıq şəkildə bəyan edən ifrat radikallar
bir daha nəyə qadir olduqlarını göstərirlər.
Milli Məclisin deputatı,
Milli Dirçəliş Hərəkatının sədri Fərəc
Quliyev də müxalifət həmkarlarının siyasi
mübarizə metodlarını yanlış sayır:
- Özünü müxalifət
hesab edən bu "qüvvələr"in siyasi mübarizə
metodlarını normal qəbul etmirəm. Biz də müxalifət
təşkilatıyıq. Hesab edirəm ki, sovet dönəmində
aparılan siyasi mübarizə metodlarını müstəqil
respublikamızda tətbiq etmək yersizdir. Həmin dövrdə
SSRİ-dən ayrılmaq və müstəqillik uğrunda
mübarizə aparırdıq. Bu gün isə müstəqil
respublika olaraq ölkəmizi gücləndirmək və daha
da inkişaf etdirmək istiqamətində
çalışmalıyıq. Siyasi mübarizə, bir
növ, yarış xarakteri daşımalıdır. Siyasi
qüvvələr arasında intellekt mübarizəsi getməlidir.
Söhbət müxalifətdə təmsil olunan qüvvələrin
alternativ proqramlar ortaya qoymasından, potensial imkanlarına
uyğun fəalyyət göstərməsindən gedir. Siyasi
qüvvələr arasında gedən mübarizə də
sivil, demokratik prinsiplərə uyğun olmalı, ölkənin
milli maraqlarına cavab verməlidir.
Son aylar ərəb ölkələrində
baş verən inqilablara gəlincə, hesab edirəm ki, bu
proseslərin başvermə səbəblərinə diqqət
yönəltmək lazımdır. Ərəb ölkələrində
cərəyan edən hadisələr müəyyən xarici
dövlətlərin təsiri və maraqları nəticəsində
baş verir. Həmin xarici dairələr ərəb ölkələrində
qarşıdurma yaratmaq, bundan öz məqsədləri
üçün istifadə etmək niyyətini güdürlər.
Ərəb ölkələrində dəyişikliklər etmək
adı altında radikal islamçı qüvvələrə
dəstəyin verilməsi də müəyyən məqsədlərə
xidmət edir. Bu ölkələrdə öz adamlarını
yenidən dəyişmək metodundan istifadə edən
böyük dövlətlər "dəyişiklik"
etdiklərini göstərməyə
çalışırlar. Konkret olaraq Azərbaycanda hər
hansı xarici dairələrin öz məqsədləri naminə
oyun qurmasının tamamilə əleyhinəyəm. Ölkədə
ən müxtəlif sferalarda islahatlar həyata keçirilir və
bu islahatların daha da gücləndirilməsinin tərəfdarıyam.
Müxalifət düşərgəsini təmsil edən
şəxs kimi deyə bilərəm ki, Milli Məclisin
tribunasından ölkədə həyata keçirilən
işlərlə bağlı kifayət qədər fikirlərimi
bildirmişəm. Bu yaxınlarda hökumətin hesabatı
müzakirə edilən zaman ötən müddətdə
görülən müsbət işlərlə
yanaşı, çatışmazlıqlarla da bağlı
fikirlərimi açıqladım. Bir daha qeyd edirəm ki,
hansısa ölkədə dağıdıcılıqla,
bölücülüklə müşahidə olunan proseslərin
ölkəmizə transferini düzgün saymıram.
Bu gün özünü
müxalifət hesab edən dairələr ölkədə
sivil, demokratik siyasi mübarizə aparmaq əvəzinə
inqilab tərəfdarı kimi çıxış edirlər.
Hesab edirəm ki, ölkədə bütün proseslər
yalnız sivil, demokratik qaydada həyata keçirilməlidir.
Azərbaycanı istəməyən kifayət qədər
xarici qüvvələr var ki, hər an qarşıdurma
yaratmaqda maraqlıdırlar. Azərbaycanın milli
maraqlarına zidd addım atan bu qüvvələrin əlinə
əlavə imkanlar vermək olmaz. Antiazərbaycançı
qüvvələr ölkəmizdə xaos, qarşıdurma
yaratmaqda maraqlı olduqlarını heç gizlətmirlər
də. Biz ölkəmizdə bütün sahələrdə
davamlı inkişafın olmasında, insanların sosial rifah
halının yüksəlməsi istiqamətində islahatlar
aparılmasında maraqlıyıq. Ölkə
başçısının bu istiqamətdə
gördüyü işləri, xüsusilə də korrupsiya
hallarının aradan qaldırılması sahəsində həyata
keçirdiyi tədbirləri müsbət qiymətləndirirəm.
Hansısa xarici dövlətdən örnək
götürüb Azərbaycanda xaos yaradılmasının
tamamilə əleyhinəyəm.
- Xarici antiazərbaycançı dairələrin
tapşırığı ilə ifrat radikal müxalifətin
ölkədə qarşıdurma yaratmaq istəyi aydın
görünməkdədir. Sizcə, bu dairələr
"siyasi ekspermentlər" dövrünün başa
çatdığının fərqində deyillərmi?
- Mənim müxalifətçiliyim
ayrı-ayrı fərdlərə qarşı deyil. Mən
bütünlüklə mövcud problemlərə
qarşı müxalifət mövqeyindəyəm. Azərbaycan
hakimiyyətində təmsil olunan şəxslərdən hər
hansı biri milli maraqlardan çıxış edirsə, biz
o fikri dəstəkləyirik. Eynilə müxalifətdə təmsil
olunan şəxslərin də ölkəmizin inkişafı
naminə pozitiv mövqedən çıxış etməsi
biz tərəfdən müsbət dəyərləndirilir.
Biz Azərbaycanda xarici qüvvələrin qurduğu
oyunların oyunçusuna çevrilib milli maraqlara zidd
addımlar atan istənilən qüvvəyə
qarşıyıq. Milli azadlıq hərəkatı
dövründə bir cərgədə olduğum, sonradan isə
ayrılmış bəzi adamlar, ola bilsin ki, mənim
mövqeyimlə razı deyillər.
Vaxtilə bu şəxslər
"narıncı köynəklər" geyinərək
küçələrə çıxırdılar.
"Narıncı inqilab" arzusunda olan bu şəxslər
sonradan öz yaxın tərəfdarlarını da
aldatdılar. Mən həmin vaxt bildirmişdim ki, ölkədə
dəyişikliklər etmək üçün kiminsə
köynəyini geyinməyə dəyməz. Bugünün
özündə də ən müxtəlif fondlar Azərbaycana
böyük qrantlar yönəldirlər. Bu qrantlar məqsədli
şəkildə ayrılır. Ən müxtəlif fondlar Azərbaycanın
maraqlarına zərbə vurmaq üçün lobbiçilik
işindən belə çəkinmirlər, ikili standartlarla
Azərbaycana baxırlar. Bu dairələr aldıqları
qrantlar hesabına fəaliyyətlərini qurur və
"ağa"larına vaxtaşırı hesabatlar verirlər.
Azərbaycanda müəyyən xarici qüvvələrin təsiri
ilə qarşıdurma yaratmaq istəyən qüvvələr
mövcuddur. Bu qüvvələrin "gücü" də,
əslində, ortalıqdadır. Həmin insanları Azərbaycan
xalqı çox yaxşı tanıyır.
Martın 12-də
özünü müxalifətçi sayan dairələrin
keçirdikləri mitinq-yürüş onların nəyə
qadir olduqlarını bir daha ortaya qoydu. Xalq kimin kim
olduğunun fərqindədir. Mən Azərbaycanın
maraqlarına uyğun olmayan istənilən
davranışın əleyhinəyəm.
- İfrat radikal dairələrin şəxsi
maraqlarını partiya və ümummilli maraqlardan
üstün tutması da zaman-zaman müşahidə olunub...
- Bilirsinizmi, köhnə
mübarizə üsullarından imtina etməyin vaxtı
çatıb. İndi demokratik mübarizə aparmaq
lazımdır. Hesab edirəm ki, ölkədə mövcud
problemləri göstərən və onların həllinə
diqqəti yönəldə bilən sanballı qüvvələrin
ortada olması labüddür. Mövcud
çatışmazlıqların aradan qaldırılması
üçün konkret mövqe ortaya qoymaq lazımdır.
Özlərinə "ana müxalifət" adı qoyan bu
adamlar istənilən addımları ata bilərlər.
Bugün ərəblər fəallaşıbsa, onda bu radikal
dairələr ərəb çalması bağlayırlar,
sabah şotlandlar mübarizəyə qalxarsa, belə
çıxır ki, onlar şotland şalvarları geyinəcəklər.
Azərbaycanda hansısa dövlətdə baş verən
siyasi mübarizə metodlarını tətbiq etmək
yanlışdır.
Digər tərəfdən,
bu insanlar dəyişiklik etmək fikrində deyillər.
İndiyə qədər bu insanlar "şapalaq"
yazılardan savayı, cəmiyyətə aydın bir platforma,
fundamental ideya təqdim etməyiblər. Özlərini
müxalifətçi sayan bu şəxslər ancaq bir-birlərinin
qeybətini etmək, köhnə dostlarının qarasına
danışmaqdan o tərəfə keçməyiblər.
Ancaq şəxsi maraqlarını güdürlər, lazım
gəldikdə isə bunun naminə hətta düşmənlə
də ittifaqa gedirlər. Buna fakt kimi həmin radikal müxalifət
dairələrinin xaricdəki ermənipərəst siyasi dairələrlə
fəal əməkdaşlığını misal gətirmək
olar. Məlum olduğu kimi, Müsavat Partiyasının rəhbəri
İsa Qəmbər Ermənistan Ümummilli Hərəkatı
ilə qarşılıqlı əməkdaşlıq
haqqında bəyannamə imzalayıb. Ermənistan
Ümummilli Hərəkatı erməni ideoloqlarını idarə
edən mərkəzlərdən sayılır. Bundan əlavə,
müxalifət düşərgəsindən ermənilərlə
danışıqlara gedənlər oldu və ifşa olunaraq həbs
edildilər. Bu gün bir qrup da yaranıb ki, özünün
xalqın adından danışmağa haqqı
çatdığını bəyan edib. Bu, tamamilə
yanlışdır. İctimai Palata adlanan qurumda təmsil
olunanlar yalnız qurumun adından danışa bilərlər,
xalqın yox. Xalqın adından yalnız Prezident və
deputatlar söz deyə bilərlər.
- İfrat radikal dairələr
aprelin 2-də mitinq-yürüş keçirəcəklərinə
qərar veriblər. Ötən mitinq təcrübəsi
göstərdi ki, bu dairələrin arxasınca heç kim
getmir. Sizcə, buna başlıca səbəb nədir?
- Bu şəxslərin arxasınca xalqın getməməsinin bir neçə səbəbi var. Əvvəla, yalnız seçkidən-seçkiyə insanların yanına getmək düzgün taktika deyil. Bunu insanlar qəbul etmirlər. İnsanların problemləri ilə daim maraqlanmaq lazımdır. Digər tərəfdən, partiya rəhbərləri nə istədiklərini bilməlidirlər. Onlar deyirlər ki, hakimiyyət getməlidir. Ancaq bu şəxslərin hakimiyyətə gəlib xalqa nə verəcəkləri ilə bağlı alternativ proqramları yoxdur. Bir başqa məsələ də var ki, onlar Elçibəy yoluna xəyanət etdilər, bu da hamıya yaxşı məlumdur. Bunların hamısı gözümüzün qarşısında baş verib. Bu adamlar strateji məqamlarda tamamilə fərqli davranşılar nümayiş etdirirlər. Xalqın bu insanların arxasınca getməməsinin mühüm səbəblərindən biri də onların öz mövqelərini bir neçə dəfə dəyişməsidir. Dəfələrlə radikal partiya sədrləri ən müxtəlif məsələlərdə birgə mövqedən çıxış edəcəklərini bəyan etsələr də, son anda fərqli addımlar atıblar. Bir müddət əvvəl AXCP-Müsavat birliyindən söhbət gedirdi. Yenə də nəticəsiz qaldı. Bu partiyaların bir yerdə olması heç zaman mümkün olmayacaq. Qeyri-standart davranışlar, öz yaxınlarını aldatmalar onların siyasi iflasını sürətləndirib.
12 mart mitinqində radikal dairələrin sosial bazalarının kifayət qədər kasad olduğu bir daha görsəndi. Normal siyasi rəqabət aparılmalıdır. Seçkilərə sivil mübarizə metodları ilə getmək lazımdır. Bu insanlar uzun müddət tərəfdarlarını aldatmaqla məşğul olublar və yalan vədlər veriblər. Müxalifətçilik hakimiyyətdə təmsil olunan ayrı-ayrı şəxslərə qarşı düşmənçilik yaratmaq deyil, görülən işlərə verilən düzgün qiymətlə ölçülür. Görülən müsbət işlərə də, çatışmazlıqlara da obyektiv münasibət bildirilməlidir. Cəmiyyətdə bölücülük, qarşıdurma yaratmaq, milli və dövləti maraqlara zidd bəyanatlarla çıxış etmək müxalifətçilik deyil.
Aprelin 2-də də onları eyni aqibət gözləyir. Heç kəs bu qüvvələrin arxasınca getməyəcək. Yenə də bir qrup adam sosial şəbəkələrdə mitinqöncəsi təbliğatla məşğuldur. Ancaq bunun da bir xeyri olmayacaq. Mən tamamilə əminəm ki, onlar istədikləri yerdə mitinq keçirsələr belə heç kim ora getməyəcək. Bununla da məsələ həll olunacaq. Çünki radikal müxalifətin sosial bazası yoxdur, tam tükənib. Hesab edirəm ki, onların mitinqöncəsi çağırışlarına da səs verən olmayacaq. Çünki mənasız və hədəfsiz bir şeyə cəmiyyətdə reaksiya verilməyəcəkdir. Aksiya zamanı zorakı metodlardan istifadə edəcəkləri barədə fikir səsləndirmələrinə gəlincə, hesab edirəm ki, bu da fiaskoya uğrayacaqdır.
Müsahibəni yazdı: E.HACIALIYEV
Azərbaycan.- 2011.-30 mart.- S. 3.