Xalqın gözü tərəzidir

 

Uzun illərdir istehsalatda çalışıram. Keçən əsrin 90-cı illərinin əvvəllərində, AXC-Müsavat cütlüyünün qısa iqtidarı dövründə iqtisadi sahələrdə baş verən qanunsuzluq, sözün əsl mənasında dağıdıcılıq heç zaman yadımdan çıxmaz.

Səs-küylü sexlərə birdən-birə sükut çökmüşdü. İşçilərin bir çoxu məcburi məzuniyyətə göndərilmiş, bəziləri müəssisədən çıxıb getmişdi, qalanlarımız isə aylarla məvacib ala bilmirdik. Xalqın, dövlətin malı talan edilirdi. Təkcə sənayedə deyil, iqtisadiyyatın, ictimai həyatın bütün sahələrində belə hərc-mərclik hökm sürürdü.

Lakin xalqın gözü tərəzidir. Bütün bunların nə üçün törədildiyini insanlar çox yaxşı bilirdilər. Ona görə də xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı. İstehsalatda tez bir zamanda qayda-qanun, nizam-intizam bərpa edildi. Fəaliyyətini dayandırmış bir sıra müəssisələr yenidən işə başladı. Yavaş-yavaş həyat öz axarına düşdü.

Yadımdadır ki, o illərdə hətta mədənlərdə neft və qaz hasilatı da azalmışdı. Ulu öndər bu mühüm sahəyə də diqqət yönəltdi. Köhnə yataqlarda hasilatın sabitləşməsi və artırılması üçün təxirəsalınmaz tədbirlər görüldü. Ümummilli liderin gərgin mübarizəsi və dünyadakı böyük nüfuzu sayəsində 1994-cü ildə "Əsrin müqaviləsi" adlanan nəhəng bir neft müqaviləsinin imzalanması mümkün oldu. Qısası, həmin vaxtdan bəri əldə edilən irəliləyişlər, qazanılan nailiyyətlər göz qabağındadır.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət, məqsədyönlü islahatlar nəticəsində Azərbaycan yüksək templə inkişaf edir. Ölkəmizdə həyata keçirilən qlobal neft-qaz, ixrac, infrastruktur layihələri dünyaya səs salıb. Bütün bunlar xalqın güzərarına öz müsbət təsirini göstərir.

Çox təəssüf, bir sıra adamlar var ki, onlar camaata qoşulmur və faydalı işlərlə məşğul ola bilmirlər. Belələri özləri üçün başqa bir məşğuliyyət axtarır, məsələn, mitinq keçirmək istəyirlər. Bunlar, bəlkə də, özlərini "qəhrəman" kimi göstərmək istəyirlər, guya xalqa can yandırırlar. Lakin belə deyil. Yaxşı olar ki, onlar öz bacarıq və təşkilatçılığını halal zəhmət tələb edən sahələrdə, vətənin, torpağın müdafiəsində göstərsinlər, ölkədə gedən böyük abadlıq-quruculuq işlərinə qoşulsunlar.

Mitinqə toplaşmağa meyillənmiş həmin adamlar bilməlidirlər ki, onların bu hərəkəti dövlətimizin nüfuzuna, ölkəmizin inkişafına zərər gətirən bir haldır və düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyildir.

 

 

Rafael TAĞIYEV,

ARDNŞ-in "Azəriqaz"

İstehsalat Birliyinin işçisi

 

Azərbaycan.- 2011.-30 mart.- S.2.