Azərbaycan gəncliyi radikal müxalifətin bədnam niyyətini qəbul etmir

 

Azərbaycanın bugünkü inkişafının təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Biz gənclər də bu inkişafın, müstəqilliyimizin və ölkəmizin gələcəyinə istiqamətlənmiş siyasətin müasirləriyik.

Respublikamızın ugurlu daxili siyasəti ilə yanaşı, xarici siyasətdə də qazandıgı nailiyyətlər Azərbaycanın beynəlxalq aləmdə ciddi partnyor, tərəfdaş kimi qəbul olunmasına şərait yaratmışdır. Ötən əsrin 90-cı illərinin ortalarında imzalanmış "Əsrin müqaviləsi" adlanan neft müqaviləsi Azərbaycanın növbəti onilliklərdə davamlı inkişafının təməlini qoydu.

Halbuki ondan əvvəlki illərdə Azərbaycanda baş verən siyasi sabitsizlik ölkəmizin gələcəyini sual altına qoyurdu. Məhz 1993-cü il iyun ayının 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə siyasi sabitlik bərqərar oldu.

Ulu öndərin apardıgı çoxşaxəli islahatlar zamanı gənclər də unudulmadı. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması Azərbaycan gənclərinin inkişafının təminatçısı oldu. Ölkədə gənclər forumları keçirilməyə başladı. Bu da gənclərin təşkilatlanmasına rəvac verdi.

Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu siyasət bu gün cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. İndi Azərbaycan beynəlxalq arenada ən sürətlə inkişaf edən ölkə kimi tanınır.

Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili" proqramı gənclərimizin dünyanın tanınmış universitetlərində təhsil almasına şərait yaradıb. Azərbaycan gəncliyi ona göstərilən qayğını müsbət qiymətləndirir. Ölkəmizin davamlı inkişafı gənclərə əvəzsiz imkanlar yaradır. Azərbaycan gəncliyi öz fəaliyyətini ölkənin ümumi maraqlarına yönəldir. Biz gənclər dövlətimizin ümumi maraqlarını hər zaman üstün tutmuşuq və bu amalımıza həmişə sadiq qalacağıq. Təəssüf ki, bəzi sosial şəbəkələrdə Azərbaycanın sabitliyinə zərbə vurmaq məqsədilə bir sıra aldanmış gənclər yersiz çıxışlar edirlər. Lakin biz əminik ki, onlar tezliklə bir sıra xarici təşkilatların maliyyələşdirdiyi siyasətbazların iç üzünü görüb əsl həqiqəti başa düşəcək və bizim sıralarımıza qoşulacaqlar.

Axı radikal müxalifət həmişə uğursuz siyasətlərində iflasa ugramış, heç vaxt Azərbaycan gəncliyini öz çirkin əməllərinin hayata keçirilməsinə cəlb edə bilməmişdir.

Mən aldanmış gənclərə demək istəyirəm ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətin təməli çox möhkəmdir. Bu təməli sarsıtmaq cəhdləri isə əbəsdir. Bunu hər kəs bilməlidir.

 

 

Araz MƏMMƏDOV,

Azərbaycan Texniki

Universitetinin IV kurs tələbəsi

 

Azərbaycan.- 2011.-  30 mart.- S. 2.