Biz inkişafı dəstəkləyirik, mitinqi yox!

 

Cəmiyyətin inkişafı ilk növbədə keçilən doğru yolla ölçülür. Çünki vətəninə, elinə, torpağına ləyaqətlə xidmət edənlər yaşadıqları və işlədikləri dövrdə keçilən yolda gördükləri işlərlə qarşılaşırlar. Yaxşı əməllərə görə minnətdarlıq, yarıtmaz işə, qulağının dibindən uzağı görməməyə görə isə lənət qazanılır.

Müstəqilliyinin 20-ci ilini qeyd etməyə hazırlaşan ölkəmiz ötən dövrlərdən böyük dərs almışdır. Hamının yaxşı yadındadır, küçədə gəzmək belə mümkün deyildi. Çörək tapılmırdı, valideynlər uşaqlarını məktəbə yollamaqdan çəkinirdilər. Azərbaycan cəmiyyəti təhlükələrlə üz-üzə qalmışdı.

Şükürlər olsün Allaha ki, bütün çətinliklər aparılan uğurlu siyasət nəticəsində aradan qaldırıldı. 1993-cü ildən başlayan inkişaf nəticəsində respublikamız təkcə regionun deyil, həmçinin dünyanın önəmli dövlətlərindən birinə çevrilib. Bu gün respublikamızda görülən işləri görməmək və onları qiymətləndirməmək mümkün deyil. Belə yüksək inkişafa qarşı yalnız bu ölkənin düşmənləri çıxa bilər.

Bakının bir addımlığında yerləşən Sumqayıtda da həyat öz axarı ilə davam etməkdədir. Sumqayıtlılar ölkədəki dinamik inkişafdan geridə qalmamaq üçün əllərindən gələni etməyə, bacardığı işin qulpundan yapışıb cəmiyyətə öz xeyrini verməyə çalışırlar. Əhali əldə edilən bu sabitliyi ən böyük uğur kimi qoruyub saxlamaqda daha çox maraqlıdır. Çünki atalar yaxşı buyurub: "Hirsli başda ağıl olmaz". İnsan nəyisə yoluna qoymaq istəyirsə, bunun yaxşı variantı masa arxasında əyləşib hər şeyi götür-qoy etməkdir. Bu, özünə hörmət edənlərə xas xüsusiyyətdir.

Keçmiş böyük tarix dərsidir. Onun ağrı-acısını dadanlar bir daha onu yaşamaq istəmirlər. Başına gələn başmaqçı olar. Bu xalqı inkişafdan süstlüyə, abadlıqdan dağınıqlığa səsləmək mümkün deyil. Yüz mitinq çağırışı ola, heç kəs radikal müxalifətin ardınca gedən deyil. Bu torpağın havasını udub, suyunu içib ona xəyanət edənləri isə "nankor" adlandırmaq belə azdır. Çünki belələri xaricdəki düşmənlərimizin dəyirmanında ştatla çalışanlardır. Yoxsa bu cür inkişafı qoyub, mitinqə çağırış səsləndirməzdilər.

Ata-babalardan qalma gözəl bir söz var; görünən kəndə bələdçi nə gərək. Sizi xalq yaxşı tanıyır. Arzularınız ürəyinizdə qalacaq. Buna isə tam əmin ola bilərsiniz.

 

 

Fikrət HİLALOĞLU,

Sumqayıt şəhəri, səhiyyə işçisi

 

Azərbaycan.- 2011.- 30 mart.- S. 3.