Dövlətçiliyimizə qənim
kəsilən radikal müxalifətin qarşısında ən
kəskin sipər Azərbaycan gəncliyidir
Cəmiyyətimizin qəbul etmədiyi radikal müxalifət partiyalarının mitinq keçirmək niyyətinə düşməsi vətəninin, xalqının uğurları ilə fəxr edən hər bir azərbaycanlının hiddətinə səbəb olub. Biz bu müxalifətin iç üzünü, məramını çox gözəl bilirik. Nə yolla olur-olsun hakimiyyətə gəlmək istəyən AXCP və Müsavat kimi partiyaların fəaliyyəti bütövlükdə Azərbaycan dövlətçiliyinə ziddir.
20 illik müstəqillik tarixinə nəzər salsaq görərik ki, sivil mübarizə metodlarından uzaq olması səbəbindən cəmiyyətimiz tərəfindən müxalifətin radikal qanadı adlandırılan qruplaşma heç vaxt Azərbaycanın dövlətçilik maraqlarını nəzərə almayıb. Bunlar 1992-ci ildə hakimiyyətə silah gücünə, insanlarda qorxu xofu yaratmaqla gəlmişdilər. Bir il hakimiyyətdə olduqları dövrdə hələ kövrək olan müstəqilliyimizin möhkəmləndirilməsi üçün heç bir iş görmədilər. Əksinə, Azərbaycanın bəzi regionlarında separatizm meyillərinin baş qaldırmasına göz yumdular. O zaman cəbhəçi və müsavatçı "bəylər" yalnız özlərinin şəxsi mənafelərini güddüklərindən, daxili və xarici siyasətdə naşı olduqlarından Azərbaycanın dövlətçilik maraqları, demək olar ki, təmin olunmadı.
Mən idmançıyam. Çıxış etdiyim bütün beynəlxalq yarışlarda məni qalib olmağımdan daha çox üçrəngli bayrağımızın ən zirvədə dalğalanması fərəhləndirib. Mən dövlətimin uğurları ilə qürur duyuram və sosial şəbəkələrdəki çıxışlarımda da qeyd edirəm ki, insanı hər yerdə şərəfləndirən vətəndir. Yarışlarda bayrağımızı dalğalandırmağı, Azərbaycanın uğurlarını dünyanın hər yerində təbliğ etməyi özümün mənəvi borcum saymışam. Amma bugünkü radikal müxalifət partiyaları hakimiyyətdə olduqları qısa zamanda ürəyi vətən üçün yanan insanları, o cümlədən bütün peşəkar idmançıları ölkədən didərgin salmışdılar. İdman kompleksləri dağıdılmışdı, başqa məqsədlər üçün istifadə olunurdu. Ona görə idmançılar da öz karyeralarını digər ölkələrdə qurmağa məcbur olurdular.
Bu gün isə hər şey dəyişib. Heydər Əliyevin qurduğu və möhkəmləndirdiyi müstəqil Azərbaycan dövləti hər birimizin qürur məbədimizdir. Biz hər yerdə güclü dövlətimizə arxalanırıq, uğurlarımızla öyünürük. Prezident İlham Əliyev uzaqgörənliyi, peşəkarlığı, cağdaş dünyanın tələblərini gözəl bilməsi sayəsində beynəlxalq münasibətlər sistemində Azərbaycan dövlətinin yerini möhkəmləndirib. İdmançı olduğum üçün dövlətimizin idman imicini xüsusi qeyd etmək istəyirəm. Biz bunu beynəlxalq yarışlarda Azərbaycan idmançılarına göstərilən yüksək ehtiramdan da hiss edirik.
Odur ki, vaxtilə xalqa və dövlətə divan tutan radikal müxalifətin bu gün Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasətə, gördüyü işlərə qara yaxmağa cəhd göstərməsi, mitinq keçirmək həvəsinə düşməsi hər birimiz tərəfindən qəzəblə qarşılanır. Biz hətta müşahidə edirik ki, bunlar məqsədyönlü şəkildə süni qarşıdurma yaratmaq istəyirlər. Bu partiyaların sıralarında meydana çıxaracaq kimsə qalmadığından onlar şəhərdə əhalinin gur olduğu yerlərdə icazəsiz aksiyalara cəhd edirlər. Bunun da səbəbi hər kəsə aydındır: həm ətrafda olan insanları mitinq iştirakçısı kimi qələmə vermək, həm də icazəsiz aksiyanın qarşısını almaq istəyən polislərlə məqsədyönlü şəkildə süni qarşıdurma yaratmaq. Əvvəllər olduğu kimi, müxalifətin bu fitnəsi də baş tutmayacaq və bu mitinq ideyasının zərbəsi bumeranq kimi onun özünə dəyəcək. Çünki xalqımız radikal müxalifəti və onun çağırışlarını qəbul etmir. Bu müxalifət xalqa heç nə verməyib və ərəb ölkələrində baş verənləri ölkəmizdə təkrarlamaq iddiasına düşməklə əslində hansı təfəkkürün sahibi olduğunu, burnunun ucundan irəlini görə bilmədiyini ortaya qoyur.
Son vaxtlarda eşitməyə adət etdiyimiz əsas xəbərlərdən biri də müxalifətin xarici ölkələrdə fəaliyyət göstərən ermənipərəst, Azərbaycanı istəməyən təşkilatlarla əməkdaşlığa can atmasıdır. Maraqlıdır ki, niyə Qərbdəki siyasi institutların nümayəndələri Azərbaycana gələndə AXCP sədri Əli Kərimli ilə görüşürlər? Niyə AXCP və Müsavat Bakıdakı bəzi xarici səfirliklərlə müəmmalı əməkdaşlıq qurmaqda maraqlıdırlar? Ona görə ki, hakimiyyət hərisliyi ilə yanan radikal müxalifət rəhbərləri utopik niyyətlərinə çatmaq üçün antiazərbaycançı şəbəkənin dövlətimizin maraqlarına zidd olan siyasətinə qulluq edirlər. Xalq məsəlində deyildiyi kimi, düşmən dəyirmanına su tökürlər.
Təbii ki, bütün bunların heç bir səmərəsi olmayacaq. Çünki ifrat radikal düşərgənin siyasət dəllallarını insanlar qəbul etmir. Onların partiyalarının isə yalnız kağız üzərində adları qalıb. Bu gün Azərbaycan xalqı hakimiyyətin həyata keçirdiyi siyasəti dəstəkləyir və Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə dövlət başçısına inamını ifadə edir. Heç bir qüvvə bu inamı sarsıda bilməz!
Vüqar NAMAZOV,
ağırlıqqaldırmanın
pauerliftinq növü
üzrə dünya və Avropa
çempionu
Azərbaycan.- 2011.- 30 mart.- S. 3.