Gücümüzü
qurub-yaratmağa sərf etməliyik
Bu gün Azərbaycana nə mitinq
lazımdır, nə də iğtişaşlar
Yüz illərdən keçib gələn müqəddəs bir arzu-istəyimiz vardı - Azərbaycanı müstəqil görmək. Bu yolda qurbanlar verdik, oğullar itirdik. Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra həyatın bütün sahələrində qazandığımız böyük nailiyyətlər müstəqilliyin necə gözəl bir nemət olduğuna bir sübut oldu. Gündən-günə siması dəyişən şəhərlərimiz, kəndlərimiz göz oxşayır, yollar salınır, körpülər tikilir, abadlıq-quruculuq işləri geniş vüsət alır. Əhalinin məşğulluq problemi həll olunur, gəlirləri artır, pensiya təminatı yaxşılaşır. Qarabağ savaşında haqsız məğlubiyyətlə üzləşən xalq qəddini düzəldir, böyük qələbəyə inamını özünə qaytarır.
Bütün bu uğurların, nailiyyətlərin arxasında isə güclü dövlət, sabit inkişafda olan bir ölkə dayanır. Bu ölkənin Qarabağ dərdi, qaçqın və məcburi köçkün problemi olmasaydı, bugünkü uğurlarımız daha çox, həyat, yaşayış şəraitimiz də, yəqin ki, tamam başqa cür olardı. Təbii ki, yüz illərdir torpaqlarına göz dikən bir düşmənlə üz-üzə qalan cavan, gənc bir dövlətin son illər nələr yaşadığını bilməyən yoxdur. Amma bütün bunları qaçqın-köçkün ömrü yaşayanlardan da yaxşı cətin ki kimsə bilsin. Son illər ağrı-acılarımızı azaltmaq üçün, demək olar ki, bütün hökumət və qeyri-hökumət strukturları fəaliyyət göstərir. Məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün görülən işləri bizdən yaxşı bilən, daha dərindən hiss edən başqa birisini tapmaq, doğrudan da, çətin olar. Tam əminliklə söyləyə bilərəm ki, hər ay məcburi köçkünlərin problemlərinin həlli ilə əlaqədar hansısa bir tədbir görülür, qərar qəbul olunur. Qaçqınların və köçkünlərin sosial müdafiəsi ilə bağlı son illər Prezident İlham Əliyev 27 fərman və sərəncam imzalayıb, bir dövlət proqramı və ona əlavələr təsdiqləyib, bu sənədlərin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 88 qərar və sərəncamı verilib, Milli Məclisdə qanun qəbul olunub. Prezidentin tez-tez qaçqınlarla görüşlərini, onlarla birbaşa ünsiyyətini də yada salmaq yerinə düşər. Belə görüşlər isə az deyil. Təkcə son 7 ildə Prezident 17 dəfə, o cümlədən 2010-cu ildə 4 dəfə biz məcburi köçkünlərlə görüşüb. Onu da yaxşı bilirik ki, bu qəbildən olan insanlara Azərbaycan hökumətinin ayırdığı vəsait dünyada ən yaxşı göstəricilər hesab olunur. Dövlətimizin gücü artdıqca ayrılan vəsaitlərin miqdarı artır, bizim tezliklə öz doğma yurd-yuvalarımıza dönmək inamımız da bu gücə-qüdrətə uyğun olaraq artıb möhkəmlənir. Bu yaxınlarda Prezident İlham Əliyev bizimlə növbəti görüşündə hamımızın ürəyində olanlara toxunaraq bir daha bəyan etmişdir: "Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".
Ancaq son vaxtlar rahatlığımız pozulub. Səbəb ölkəmizdə fəaliyyət göstərən bəzi radikal qüvvələrin haqsız olaraq irəli sürdükləri tələblər, qanunsuz mitinqlərə, itaətsizliyə çağırışlarıdır. Cavanlara üz tutaraq mənim kimi qaçqın-köçgün ömrü yaşayanların fikirlərini çatdırmaq istəyirəm: biz o vaxt güclüyük ki, aramızda birlik var, böyük-kiçik var. Vaxtilə başda oturanların səriştəsizliyi ucbatından başımıza gələnləri xatırlayın. Evimizə, həyatımıza, sakit günlərimizə əl uzadanlara uymayın, ölkəmizi qarışdırmaq istəyənləri durdurun. Problemlərimiz həll edilərkən növbəti təxribatlara uymayın.
Ayxan BALAKİŞİYEV,
Xocavənd rayonundan gənc məcburi
köçkün
Azərbaycan.- 2011.- 30 mart.- S. 3.