Kurort turizminin inkişafı həmkarlar
ittifaqlarının başlıca vəzifələrindəndir
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ilin "Turizm ili" elan olunması bu sahənin inkişafına, ölkənin turizm sənayesinin potensialının gücləndirilməsinə yeni perspektivlər açır. "Turizmin inkişafı üzrə Dövlət Proqramı"nın qəbul olunması birmənalı şəkildə göstərir ki, dövlətimiz bu sahənin inkişafına çox böyük maraq göstərir. Turizm Azərbaycanın sosial-iqtisadi inkişafını şərtləndirən mühüm istiqamətlərdən biridir və iqtisadiyyatımıza əlavə gəlirlərin daxil olması baxımından həlledici rol oynayır.
Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında qeyd edib ki, artıq Azərbaycanda turizmin inkişafı reallıqdır. Bu infrastrukturu yaratmaq üçün, əlbəttə ki, dövlət tərəfindən böyük vəsait tələb olunur. Cənab Prezidentin fikrincə, Azərbaycanın inkişafına inam o qədər böyükdür ki, paytaxtda və regionlarda tikilən otellərə, istirahət mərkəzlərinə, digər turizm obyektlərinə özəl sektor tərəfindən yüz milyonlarla vəsait qoyulur: "İnvestorlarda inam var ki, bu vəsait onlara dividendlər gətirəcək. Şəhərimizə isə bu, yenilik gətirir, müasirlik gətirir. Şəhərə gələn qonaqlar üçün gözəl şəraitin yaradılması, əlbəttə ki, vacib məsələdir". Ölkə rəhbəri daha sonra bildirir ki, Azərbaycanın gözəl təbiəti, Xəzər dənizi, dağlarımız, çaylarımız, meşələrimiz bizim böyük sərvətimizdir: "Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin "Turizm ili" elan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr görək. 2011-ci il başlayıb, mən gələcəyə çox böyük nikbinliklə baxıram. Tam əminəm ki, 2011-ci il də ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacaq".
Dövlət başçısı İlham Əliyevin 2011-ci ili ölkədə "Turizm ili" elan etməsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının çoxminli kollektivinin qarşısında mühüm vəzifələr qoyur. Hələ sovetlər dönəmindən Azərbaycanda kurort turizmi böyük inkişaf yolu keçib. SSRİ-nin bütün respublikalarından, sadə dillə desək, Karpatdan Saxalinədək olan böyük bir ərazinin elə bir guşəsi yox idi ki, insanlar dilbər guşələrimizdə dincəlmək, yaxud müalicə olunmaq üçün Azərbaycana üz tutmasın. Kəlbəcərin və Lənkəranın İstisuyu, Naxçıvanın duz mədənlərində yaradılan təbii müalicə ocağı, Naftalan, Şuşa, Bilgəh sanatoriyaları, Zaqatalının, Qəbələnin, Lerikin, Qubanın zümrüd meşələri, bumbuz bulaqları şəfaverici, insanlara rahatlıq və həyat eşqi gətirən ünvanlar kimi məşhur idi. Dünyanın bir çox ölkələrindən Azərbaycana üz tutan tanınmış, imkanlı şəxslər meşələrimizdən, sıldırım qayalarımızdan ayrılmaq istəmir, bu yerlərdə ova çıxır, balıq tutur, ailəliklə dincəlirdilər.
Biz Azərbaycanın turizm imkanlarını genişləndirmək, sahənin yeni məcrada inkişafına nail olmaq niyyətindəyik. Bu arzuların reallaşdırılması üçün isə adıçəkilən və çəkilməyən ünvanlara yeni həyat verməli, dünya turizm təşkilatlarının diqqətini ölkəmizə cəlb etməliyik. Bununla bağlı həmkarlar ittifaqlarının gördüyü tədbirlər və perspektivdə həyata keçiriləcək işlər barədə məlumat verməzdən əvvəl ölkəmizin kurort turizmi tarixinə qısaca ekskurs etmək istərdim.
1936-cı ildə sovetlər birliyinin hər yerində olduğu kimi, Azərbaycanda da turist- ekskursiya işi Həmkarlar İttifaqları Şurasının tabeliyinə verilərək bu qurumun nəzdində Turizm və Ekskursiyalar İdarəsi yaradıldı. Maddi bazası yalnız Bakı Turist Bazası, Göygölün sahilindəki turist düşərgəsi və Hacıkənddəki Turist Evindən ibarət olan şuranın nəzdində ötən əsrin 50-ci illərində Mingəçevir, Zaqatala, Hacıkənd turist bazaları, sonrakı illərdə Bakı Turist Klubu, Bakı, Gəncə, Sumqayıt, Naftalan, Mərdəkan səyahət və ekskursiya büroları, 1970-ci illərdə Zaqatala, Şuşa, Qəbələ, Nabran turist bazaları, paytaxtda iki mehmanxana və digər turist-ekskursiya təşkilatları (Əli Bayramlı, Lənkəran, Şamaxı, Şəki, Quba, Masallı, Yevlax, Şəmkir, Naxçıvan, Ordubad, Cəlilabad, Biləsuvar, Ağcabədi və s.) yaradıldı. Turizm Şurasının və onun təşkilatlarının əsas fəaliyyəti keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə turist qrupları göndərməkdən və Sovetlər İttifaqının bir çox bölgələrindən gələn qonaqları qəbul etməkdən, yüksək səviyyəli xidmət göstərməkdən ibarət idi. O illərdə respublikamızda turist-ekskursiya hərəkatı yüksələn xətlə inkişaf edirdi. Xatırladım ki, yalnız 1987-ci ildə 535 min turistə xidmət göstərilmiş, 2 milyon 575 min nəfər ekskursiyalarda iştirak etmişdi. Əsas fondların ayrılmasına və tikintiyə 1 milyon 730 min rubl əsaslı vəsait qoyulmuşdu.
1988-ci ildə məlum Qarabağ hadisələrinin başlanması, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın kütləvi deportasiyası, respublikamızda hökm sürən xaos həmkarlar ittifaqlarının, kurort turizminin fəaliyyətinə də böyük ziyan vurdu. Artıq 1991-ci il ərəfəsində ölkədə fəaliyyət göstərən turist təşkilatlarının fəaliyyətini qismən dayandırmışdılar. SSRİ-nin ləğv olunmasından sonra isə sovetlər birliyinin müxtəlif bölgələrindən turist qəbuluna tamamilə son qoyuldu. Həmin dövrdə MDB ölkələri müharibə şəraitində yaşayan, xaos və hakimiyyətsizliyin hökm sürdüyü Azərbaycana turist qrupları göndərməkdən imtina etdilər. Vahid rubl məkanının ləğvi, Rusiyada və MDB ölkələrində müşahidə olunan qeyri-sabit durum, ölkəmizdə sosial-iqtisadi vəziyyətin getdikcə ağırlaşması, siyasi və sosial gərginlik keçmiş sovetlər məkanına turist qruplarının göndərilməsində müəyyən çətinliklər yaradırdı. Respublikamızın 20 şəhərində səyahət və ekskursiya büroları, müxtəlif bölgələrdəki 10 turist bazası, Bakıdakı 2 turist mehmanxanası, digər yardımçı qurumlar çox çətin bir şəraitdə işlərini davam etdirmək məcburiyyətində idi.
Təbii ki, vəziyyətin normallaşması üçün ciddi tədbirlər görülməsi zəruriyyəti ortaya çıxmışdı. Bu məqsədlə Turizm və Ekskursiya Şurasının işini tənzimləmək məqsədilə daxili imkanların araşdırılmasına və mümkün variantların işlənib hazırlanmasına başlanıldı. İlk növbədə, Türkiyənin, İranın, Polşanın, Çinin, Birləşmiş Ərəb Əmirliklərinin və digər xarici ölkələrin turist təşkilatları ilə müqavilələr bağlandı. 1991-1992-ci illərdə həmin müqavilələrin həyata keçirilməsi nəticəsində adıçəkilən ölkələrə ilk turist qrupları göndərildi. Bu addımlar lazımi iqtisadi səmərə vermirdi. Məlum olduğu kimi, turizmdə əsas gəlir mənbəyi olan gəlmə turizmi yox dərəcəsində olduğu üçün getmə turizmi ilə məşğul olmaq maliyyə baxımından rentabelli deyildi. Nəticədə şura aparatında çalışan əməkdaşların 65 faizi ixtisar olundu. Bir sıra turist-ekskursiya təşkilatları fəaliyyətlərini dayandırdılar. Həmin illərdə ovaxtkı respublika rəhbərliyinin sosial-iqtisadi sahələrə soyuq münasibəti və biganəliyi turizmdən də yan keçmədi. 1992-1993-cü illərdə Ermənistanın işğalçı siyasəti nəticəsində Qarabağda bir sıra turist-ekskursiya obyektləri - Şuşadakı 130 yerlik "Şəfa" turist bazası və yeni tikilmiş 200 yerlik ikinci korpus, Ağdamda atçılıq turizmi üçün nəzərdə tutulan "Şahbulaq" bazası, Xankəndidə, Şuşada və Ağdamda səyahət və ekskursiya büroları, Xankəndi turist idman klubu fəaliyyətlərini dayandırdılar. Cəbhə bölgələrində yerləşən Beyləqan, Naftalan, Ağcabədi büroları da bu taleyi yaşadılar.
1992-1993-cü illərdə öz doğma yurdlarından didərgin düşən minlərlə soydaşımızın Bakı şəhərinə və respublikanın digər bölgələrinə daşınmasında Azərbaycan Həmkarlar İttifaqlarının əməkdaşları ilə birgə Turizm Şurasının işçiləri və "Turist" avtobazasının sürücüləri də fəal iştirak etdilər. Məcburi köçkün və qaçqın ailələrinin bir hissəsi Turizm və Ekskursiyalar Şurasının bazalarında yerləşdirildi. Beləliklə, şuranın 8 turist bazasında 2500 nəfər qaçqın soydaşımıza müvəqqəti sığınacaq verildi.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə daxilində sabitliyin tədricən bərpa olunması, intensiv döyüşlərin dayandırılaraq atəşkəs rejiminin tətbiqi, Bakıda və bölgələrdə sosial-iqtisadi və siyasi durumun yaxşılaşması, xarici dövlətlərlə siyasi və iqtisadi əlaqələrin artması turizm sahəsində də öz müsbət nəticələrini verməyə başladı. 1994-1995-ci illərdə Turizm və Ekskursiyalar Şurası AHİK-in bilavasitə dəstəyinə arxalanaraq fəaliyyətində əsaslı dönüş yarada bildi. Şuranın nəzdindəki bir sıra turist-ekskursiya təşkilatları öz fəaliyyətləri çərçivəsində turizmin coğrafiyasını genişləndirir, marşrutların (o sıradan gəlmə turizmi, avia, avtobus və dəmiryolu ilə getmə turizmi) sayını artırır və keyfiyyətini yaxşılaşdırırdı.
1995-1996-cı illərdə Polşa, Çexiya, Rusiya, Baltikyanı respublikalar, İran, Türkiyə və Çinlə yanaşı, Suriya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan, Pakistan, Belarus, Ukrayna və digər ölkələrə turist səfərləri təşkil edilirdi. "Bakı-Tur" Turizm Agentliyi və Bakı Səyahətlər və Ekskursiyalar Bürosunun bölgələrdəki qurumları ilə sıx əməkdaşlığı nəticəsində müxtəlif rayonların sakinləri də turist səyahətlərində iştirak etmək imkanı qazandılar. Nəticədə şuranın və onun nəzdində fəaliyyət göstərən ekskursiya təşkilatlarının maddi durumu tədricən sabitləşməyə başladı. Turist bazalarında isə qaçqın və məcburi köçkün ailələri məskunlaşdığı üçün bu obyektlərdən turizm məqsədilə hələ də lazımınca istifadə olunmur. Xatırladım ki, hazırda Turizm və Ekskursiyalar Şurasının beş bazasında 1200-ə yaxın məcburi köçkün və qaçqın ailəsi yaşayır.
Ulu öndər Heydər Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində, Azərbaycanın bütün regionlarında, o cümlədən Dağıstanla həmsərhəd olan şimal bölgəsində sərhədlərin möhkəmləndirilməsi, asayişin bərpası, eyni zamanda, Nabranda yerləşən "Xəzər" və "Dostluq" turist bazalarında məcburi köçkün ailələrinin nisbətən azlığı həmin turbazalarda qonaq qəbulunu bərpa etməyə zəmin yaratdı. Bu obyektlərdə həmkarlar ittifaqları üzvlərinin ailəvi istirahətinin mümkünlüyü haqqında Turizm və Ekskursiyalar Şurasının müraciəti AHİK rəhbərliyi tərəfindən bəyənildi və dəstəkləndi. Azərbaycan Həmkarlar İttifaqlarının köməyi ilə "Xəzər" və "Dostluq" turist bazalarında bərpa və təmir işləri aparıldı. 1996-cı ildən başlayaraq həmkarlar ittifaqlarının üzvləri güzəştli yollayışlarla bu obyektlərdə ailəvi istirahət etmək şansı qazandılar. "Xəzər" turist bazasında istifadəyə yararsız olan beş kottec tam bərpa olundu, lazımi avadanlıqla təchiz edilərək turistlərin istifadəsinə verildi. O vaxtdan şuranın nəzdində olan turist bazalarına yollayışlar sahə həmkarlar ittifaqları tərəfindən 85 faiz güzəştli şərtlərlə verilir. Son illərdə "Xəzər" və "Dostluq" turist bazalarında, "Bakı-Tur" icarə müəssisəsində hər yay mövsümündə 3 min nəfərdən çox həmkarlar ittifaqı üzvü ailəlikcə istirahət edir. İstirahət edənlərin sayında və xidmət həcmindəki artım bu obyektlərdə yaradılan şəraitin yüksək səviyyəsindən xəbər verir.
AHİK-in Turizm və Ekskursiyalar Şurasının əldə etdiyi nailiyyətlər dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, 2006-cı ildə Prezident İlham Əliyevin fərmanı ilə turizm sistemində çalışan doqquz əməkdaşımız "Tərəqqi" medalına layiq görülmüşdür. "Kurort" Səhmdar Cəmiyyətinin 7 əməkdaşına "Tərəqqi" medalı verilmiş, 5 nəfər isə "Əməkdar həkim" adı almışdır.
AHİK-in "Kurort" Səhmdar Cəmiyyətinin tabeliyindəki sağlamlıq ocaqları da "Turizm ili"nə mühüm töhfələr vermək niyyətindədir. Bu obyektlərdə 2008-2010-cu illərdə əsaslı təmir, yenidənqurma və abadlıq işləri aparılmış, Azgeokaptajminsu Ekspedisiyası tərəfindən geoloji kəşfiyyat işləri, İstehsal-İstismar Birliyi tərəfindən isə cari təmir işləri və kommunal xidmətləri yerinə yetirilmişdir. İlk növbədə, "Bilgəh" kardioloji sanatoriyasında görülən işləri diqqətə çatdırmaq istərdim. Sanatoriyanın keçmiş inzibati binası öz görkəmini tamamilə dəyişmiş, ərazidə müasir tələblərə cavab verən lüks tipli yataq kotteci istifadəyə verilmişdir. 1 saylı yataq korpusunun iki nəfərlik yarımlüks otaqları yerləşən dörd mərtəbədə (hər mərtəbədə 11 otaq) əsaslı təmir işləri başa çatdırılmış, 1, 2 və 3 lüks tipli otaqlarda bərpa işləri tamamlanmışdır. Sanatoriyanın ərazisində yeni kölgəliklər, su hovuzları, fəvvarələr quraşdırılmış, əraziyə asfalt örtük çəkilmiş, plitələr döşənmişdir. Yararsız yeraltı kabel xətləri dəyişdirilmiş, yeni işıq dirəkləri basdırılmışdır. Yeməkxananın girəcəyində və foyesində təmir işləri aparılmış, kondisionerlər quraşdırılmışdır. Müasir tələblərə cavab verən məişət və texnoloji avadanlıq yeməyin keyfiyyətini yaxşılaşdırmağa, xidmətin səviyyəsini yüksəltməyə şərait yaradacaq. Yaz-yay mövsümünə hazırlıqla əlaqədar sanatoriyanın çimərlik ərazisi təmizlənmiş, köhnə pilləkən sökülərək yenidən tikilmişdir. Qazanxana təsərrüfatındakı qurğular dəyişdirilmiş, magistral isti su və istilik xətləri yenisi ilə əvəz olunmuşdur. Müalicə korpusunda da nəzərəçarpan dəyişikliklər baş vermişdir. Yeni müalicə avadanlığı alınmış, xəstələrin normal qəbulu və yaşayışı üçün şərait yaradılmışdır.
Cəmiyyətin tabeliyindəki "Abşeron" sanatoriyasının 1 saylı yataq korpusunda əsaslı təmir və yenidənqurma işləri aparılmış, müasir tələblərə cavab verən yataq otaqları istifadəyə verilmişdir. Sanatoriyanın ərazisi abadlaşdırılmış, korpusları müntəzəm istiliklə təmin etmək məqsədilə iki mini-qazan, ərazinin tam işıqlandırılması üçünsə yeni işıq dirəkləri quraşdırılmışdır. "Günəşli" sanatoriyasının 1 saylı yataq korpusunun sol cinahında 28 otaq (hər biri iki nəfərlik) əsaslı təmir olunmuş, qazanxana təsərrüfatı qaydaya salınmış, daxili istilik sistemi tamamilə dəyişdirilmiş, radiatorlar yeniləri ilə əvəzlənmişdir. Müalicə korpusunun birinci mərtəbəsində uzun illər yararsız vəziyyətdə qalmış otaqlarda və dəhlizdə əsaslı təmir və yenidənqurma işləri aparılmış, inzibati şöbə burada yerləşdirilmişdir. Şöbənin əvvəllər yerləşdiyi binada isə təmir-bərpa işlərindən sonra müasir tələblərə cavab verən Diaqnostika Mərkəzi yaradılmışdır. "Abşeron" və "Günəşli" sanatoriyalarının ərazilərindən keçən qaz xətləri dəyişdirilmişdir. 2009-cu və 2010-cu illərdə "Qaranquş" sanatoriyasının ərazisində də yenidənqurma və abadlıq işləri görülmüşdür. 3 saylı yataq korpusuna bir mərtəbə əlavə edilmiş, müasir tələblərə cavab verən yataq otaqları istifadəyə verilmişdir. Nəticədə sanatoriyanın yollayış xidməti üzrə fəaliyyətdə olan çarpayı fonduna daha 36-sı əlavə olunmuşdur. Sanatoriyanın ərazisində də nəzərəçarpan abadlıq işləri həyata keçirilmişdir. Yeməkxananın girəcəyi təmir olunmuş, yeni hovuzun tikintisinə başlanmışdır. Əraziyə qaz xəttinin çəkilməsi məqsədilə layihə və texniki sənədlər hazırlanmışdır. Yaxın vaxtlarda sanatoriyanın yataq və müalicə korpuslarına, yeməkxanaya yeni qaz xəttinin çəkilməsinə başlanacaq. "Naftalan" və "Şıx" sanatoriyalarında da bir sıra təmir-bərpa işləri görülmüş, müalicəyə gələnlərin rahatlığı üçün mühüm tədbirlər həyata keçirilmişdir. Bütün bu işlər həmkarlar ittifaqları üzvlərinə, eləcə də xarici ölkələrdən Azərbaycana müalicə məqsədilə, eləcə də ölkəmizin gəzməli, görməli yerlərinə səyahət etmək, tarixi-memarlıq incilərimizlə tanış olmaq, milli-mənəvi dəyərlərimizi öyrənmək niyyəti ilə üz tutan qonaqlarımızı yüksək səviyyədə qarşılamaq və yola salmaq üçün mühüm stimuldur.
Hazırda ölkəmizin turizm obyektlərində, sanatoriya və pansionatlarda yaz-yay mövsümünə ciddi hazırlıq işləri görülür. "Turizm ili"ndə Azərbaycan Həmkarlar İttifaqlarının turizm-ekskursiya təşkilatlarının yaradılmasının 75 ili tamam olur. Bu ikiqat bayram ovqatı turizm sistemində çalışan əməkdaşlarımızın əvvəlki illərdəkindən yaxşı işləməsinə və 2011-ci ildə daha çox turistə yüksək səviyyədə xidmət göstərməsinə zəmin yaradır.
Səttar MEHBALIYEV,
Azərbaycan
Həmkarlar İttifaqları
Konfederasiyasının sədri,
Milli Məclisin deputatı
Azərbaycan.- 2011.- 30 mart.- S. 4.