Cəzasız qalmış cinayətlər
1905-ci ildə silahlanmış erməni
dəstələri Qafqazda etnik zəmində
soyqırımı kimi dəhşətli bir cinayətin ilk
müəllifləri olmuşlar
XX əsrin əvvəllərində Bakının neft sənayesi sahəsində mövcud olan 167 müəssisəsindən cəmi 49-u azərbaycanlı kapitalistlərin əlində idi. Ermənilərin isə 55 firması vardı. Qalan 21 firma ruslara, 10 firma əcnəbilərə, 17 firma yəhudi kapitalistlərinə, 6 firma isə gürcü sahibkarlarına məxsus idi. İnhisarçı kapitalın neft sənayesində hakim kəsildiyi illərdə Azərbaycan milli kapitalının mövqeyi çox zəif idi.
Belə bir gərgin dövrdə "Daşnaksütyun" partiyası sosial-demokratlarla əlaqəyə girərək Bakıda sosial-demokrat və sosial-inqilabçı adı altında daşnaksütyun yönümlü fəhlə təşkilatları yaradırdılar. Onların isə əsas məramı yerli əhali arasında iğtişaşlar, təxribatlar törətmək, qanlı aksiyalar həyata keçirmək idi. Tarix elmləri namizədi Ataxan Paşayev "1905-1907-ci illərdə Azərbaycan xalqına qarşı erməni vəhşilikləri" adlı məqaləsində yazır ki, daşnaksütyun partiyasının rəhbərləri öz planlarını yerinə yetirmək üçün bütün vasitələrə əl atırdılar. Hətta öz ermənilərindən də külli miqdarda vəsait tələb edir, verməyənləri isə fiziki cəhətdən məhv edirdilər. 1904 və 1905-ci illərin əvvəllərindən başlayaraq daşnaksütyun yönümlü təxribatçı-terrorçu təşkilatlar öz məqsədlərinə çatmaq üçün əhali arasında narazılıqlar, iğtişaşlar salmağa cəhd göstərirdilər. Bu cəhdlər isə nəticəsiz qalmırdı.
1904-cü ilin dekabrında Bakıda azərbaycanlıları ruslara qarşı birlikdə mübarizə aparmaq məqsədilə erməni terror təşkilatlarına qoşulmağa çağıran intibahnamələr yayılmağa başlamışdı. Bu təklif rədd ediləcəyi təqdirdə vərəqələrdə müsəlman əhalisinə hədə-qorxular gəlirdi: "Hazır olun ki, biz sizin torpağınızı elə öz al qanınıza qəltan edəcək və meyitlərinizə od vuracağıq, bu od bütün dünyanı bürüyəcəkdir". Sonrakı hadisələr göstərdi ki, bu sözləri erməni beynəlxalq terror təşkilatları tamamilə həyata keçirdilər. Senator Kuzminski yazırdı: "Görünür, ermənilərin bu cür fitnəkar fəaliyyəti müsəlman dünyasında geniş yayılmışdır...". Ermənilərin hədələyici intibahnamələri və onlara müsəlmanların mənfi cavabları İskəndəriyyədə fars dilində nəşr edilən "Göhrənuma" jurnalının nömrələrindən birində dərc olunmuşdur.
1905-il fevralın 6-da gündüz saat 12 radələrində Bakıda baş verən dəhşətli hadisə isə şovinist ruhlu erməni millətçilərinin etnik zəmində əvvəlcədən planlaşdırdıqları böyük qırğına yol açmış oldu. Həmin gün şəhərin mərkəzində erməni kilsəsinin yanında "Parapet" deyilən yerdə varlı, nüfuzlu, çoxlu qohum-əqrəbası olan karxana sahibi sabunçulu Ağarza Babayev erməni komitəsi tərəfindən qətlə yetirildi. Müayinə edilərkən mərhumun bədənində həm odlu, həm də soyuq silahların izləri aşkar olundu. Bütün şəhərə səs yayıldı ki, Ağarzanın meyiti təhqir olunmuş, ona 200-ə yaxın yara vurulmuşdur. Əhvalatdan xəbərdar olan Bakı əhli qətl hadisəsindən çox təsirlənmiş və bundan əvvəl də ermənilər tərəfindən bir sıra cinayətlər törəndiyinə görə xalq arasında böyük narazılıqlar yaranmış və iğtişaşlar baş vermişdi. M.S.Ordubadi özünün "Qanlı illər" əsərində yazırdı: "Nəhayət, süni və çoxdan bəri hər iki millətin zatına qondarılmış iğtişaş bombası partladı və bütün Qafqaz aləmi bu bombanın təsir şiddətindən yanıb yaxıldı... Bu bomba fevralın 6-da baş verən Bakı faciəsidir ki, bütün Qafqaza buradan atəş açıldı. Bu gün hər tərəfdə, yəni, Bakının bütün yerlərində iğtişaş gözlənirdi. Babayev soyadlı bir müsəlmanın ölmək xəbəri yayılandan sonra müsəlmanlar da açıq-açığına hərbə qalxaraq ermənilərə yürüş etdilər... Ermənilər isə tam ciddiyyətlə işə başlamışdılar". Həmin gün Ağarza Babayevin qətlindən yarım saat sonra Vorontsovski küçəsində konka konduktoru Artyom Şinkov öldürülür, Tsitsiyanovski və Çadrovı küçələrində bir naməlum rus kimlər tərəfindənsə güllə ilə vurulur. Ermənilər realnı məktəbin və texniki məktəbin yeddinci sinif şagirdləri Yakov Lebedevi və İvan Volkovu öldürürlər. Bütün şəhərdə şiddətli atışma başlanır, aramsız olaraq səhərə qədər hər iki tərəfdən atəş səsləri eşidilir, gurultu, şaqqıltı, insanların tükürpədici qışqırıqları səngimək bilmir. Mixaylov xəstəxanasının sənədlərinə görə qırğın başlanan gün erməni milyonçuları Balabek Lalayevin, Artyom Babayantsın, İsay Ter-Osipovun və başqa maqnatların havadarlığı ilə terror qrupu tərəfindən 18 adam öldürülmüş, 33 nəfər yaralanmışdır. Onların 34-ü azərbaycanlı, 6-sı rus, 6-sı erməni, 5-i başqa millətin nümayəndələri idi.
Fevralın 7-də vəziyyət daha da gərginləşmişdir. Həmin erməni terror təşkilatı bu dəfə yüzədək dinc vətəndaşın həyatına son qoymuş və yaralamışdır. Damlardan, pəncərələrdən müsəlmanların və gəlib keçən "bütün tayfaların" üzərinə ardı-arası kəsilmədən atəşlər açılırdı. Krasilnikovun, Mayılovun, Korsakovun evlərindən, Madrid mehmanxanasından yerli əhali - azərbaycanlılar qəfildən güllə yağışına tutulurdu. Camaat bir-birinə qarışıb silah işlətməkdə idi. Qocalar, yaşlılar, qadınlar uşaqlarının əllərindən tutub hara gəldi qaçır, ancaq heç bir tərəfdən aman tapmayıb sərgərdan olurdular. İğtişaş nəticəsində müsəlmanların bir çoxunun imarətləri və mağazaları dağıdıldı və qarət edildi. Çünki azərbaycanlılar belə bir hadisənin baş verməsindən bixəbər idilər. Ermənilər isə silahlı dəstələrlə müsəlman məhəllələrini gəzir, günahsız insanları qanına qəltan edirdilər.
Fevralın 8-i şanı-şöhrəti ilə məşhur olan Bakı cəhənnəmə çevrilmişdi. Bir tərəfdən bombaların partlaması, digər tərəfdən isə uca və ali imarətlərin uçub dağılması, neft zavodlarının, budkaların yanğından səmaya qalxan alovları insanları çaşdırmışdı. Həmin gecə mühafizəçi qoşun dəstələri olmadığı üçün şəhər mühafizəsiz qalmışdı. Ermənilər bir çox müəssisə və fabrikləri yandırıb dağıdır, hər tərəfdə qətl-qarət baş alıb gedirdi. " Atışma getdikcə daha da artdığından iki nəfər müsəlman məzlum surətdə qətl edildi. Həmin bu vaxtda pristavlar polismeysterin tərəfindən məmur olub Dağıstan polkunun bir dəstəsi ilə yanğın komandasına köməkdə bulunacaq idilər. Yanğın dəstəsi təşəbbüsdə bir az təxir etdiyindən dördüncü sahənin pristavı bir dəstə qoşun götütüb Aslanovun evinin həyətinə daxil olur. Pristav və qoşun əhli evə daxil olar-olmaz naməlum şəxslər tərəfindən ev şiddətlə atəşə tutulur. Pristav cənabları heç bir tədbir görmədən dəstəsini götürüb öz yerinə qayıtmağa məcbur olur... Bu gün Bakının halı elə təhlükəli, elə qarışıq idi ki, atışmanın, yanan imarətlərin, alovun şiddətli təsirindən öldürülmüşləri heç bir tərəfdən yığmaq, yaralıları azarxanaya aparmaq mümkün deyildi... Bakıda ayın 10-na qədər ardı-arası kəsilmədən cinayətlər baş verirdi. Balaxanıda neft zavodlarında iğtişaş hökmfərma olub yanğı əməli də şiddət tapmaqda idi". (M.S.Ordubadi "Qanlı illər").
Qatillər kütləvi qırğınlar törətdikdən sonra varlı ermənilərin - Balabek Lalayevin, Artyom Babayantsın, İsay Ter-Osipovun, Akop Muradyanın, Qriqori Sarkisyantsın, Karen Saakyantsın evlərinə yığışıb növbəti günlər üçün təxribat planlarını müzakirə edirdilər. Adları çəkilən erməni maqnatları ilə yanaşı Mantaşev, Ter-Qukasov, Melikyants da öz proqramlarını həyata keçirməyə başlamış "daşnaksütyun"nun üzvləri və sponsorları idi. Beləliklə, 1905-ci ilin 6-10 fevral hadisələri tarixə "Bakı şəhərində qanlı qətliam" kimi daxil olmuşdur. Həmin günlərdə mal və əmlaka, mülklərə dəyən zərər milyonları keçmişdi. Bakı hadisələri haqqında qubernator knyaz M.A.Nakaşidze tərəfindən Qafqaz canişini və Rusiya Daxili İşlər Nazirliyi üçün hazırlanan geniş məruzədə qırğın zamanı 231 nəfərin öldüyü, 179 nəfərin yaralandığı göstərilir. Məruzədə o da qeyd olunur ki, itki göstəriləndən daha çoxdur. Gizlədilən ölülərin çoxu müsəlmanlara aid idi. Çünki onlar meyitlərin yarılmasını şəriət qaydalarına zidd olan əməl kimi qəbul edirdilər.
1905-ci il mayın 11-də Bakıda beş erməni terrorçu tərəfindən Qafqaz xalqları arasında dostluq mövqeyindən çıxış edən knyaz M.A.Nakaşidze və Q.Takayşvili qətlə yetirilmişdir. Bunu şahid P.P.Şubinski öz xatirələrində təsdiqləmişdir. Elə həmin gün general Alixanov da öldürülmüşdür. Qətllərlə əlaqədar yayılmış intibahnamələrdə qeyd edilmişdir ki, bunları daşnaksütyun erməni terror təşkilatı törətmişdir. Bəzi məlumatlara görə qatillərdən biri Dro ləqəbli Drastamat Kanayan idi. Bu hadisələrdən əvvəl Dro Zəngəzur mahalında müxtəlif erməni quldur dəstələrinin tərkibində dinc əhaliyə, əsasən, türklərə, kürdlərə, azərbaycanlılara qarşı qanlı əməliyyatlarda iştirak etmişdir. Bundan başqa, erməni terrorçuları tərəfindən qətlə yetirilənlər sırasında qəza rəisləri Pavlov, Neşşanski, Boquslavski, vitse qubernator Andreyev, polkovnik Bıkov və başqaları var idi ("Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər)", AMEA İnsan Hüquqları İnstitutu, Bakı. 2003).
Fevral hadisələrindən sonra ermənilərin və azərbaycanlıların bir -birlərinə olan nifrətləri, kinləri o qədər artmışdı ki, yeni-yeni toqquşmaları hər dəqiqə gözləmək olardı. Ən adi bir bəhanə qırğının başlanmasına gətirib çıxara bilərdi. 1905-ci il avqustun 20-də Bakıda qəflətən ikinci dəfə erməni-müsəlman davası başladı. Şahidlərin dediyinə görə, sentyabrın ortalarına qədər davam edən bu qırğın qəddarlığı, dəhşətləri və kütləviliyinə görə fevral hadisələrini kölgədə qoymuşdu. M.S.Ordubadi "Qanlı illər" əsərində iğtişaşın təfsilatını belə verirdi: " İkinci Bakı faciəsindən bir neçə gün qabaq konkalarda xidmət edən işçilər tətil etmişdilər. Bu tətilə səbəb işçilərin öz vəziyyətlərindən narazılıqları idi. Hökumət isə onlarla razılığa gəlmək əvəzinə, yerlərinə soldat qoyub konkaları işə salmış, onları, yəni, tətil etmiş işçiləri daha da acışdırmışdılar.
Tətil etmiş işçilərin və onların kargüzarlarının çoxu erməni idi. Onlar hökumətin bu əməlindən narazı olub, şənbə günü konkanı gülləyə basırlar. Bu gülləbazlıq əsnasında konkada olan soldatlar və bir neçə müsəlman sərnişin həlak olur və yaralanırlar. Fürsətdən istifadə üçün intizarda olan erməni kilsəsində həzin-həzin zəng çalınır. Erməni cavanları dükanların qabağında əllərini bir-birinə vurmaqla erməni dükançılarına qarışıqlıq salmaq işarəsi verirlər. Dükançılar isə bunun ardınca müsəlmanları atəşə tutur, hər tərəfdə ələ keçən, yollarda kasıbkarlıq edib su daşıyan, arabaçılıq kimi işlərlə məşğul olan camaatı qırıb kəsməyə başlayırlar". Yaxşı silahlanmış erməni quldur birləşmələri şəhərin əhalisi sıx olan müsəlman məhəllələrinə basqılar edir, çox böyük sayda insanları vəhşicəsinə öldürürdülər. Kişilərin başını kəsir, hamilə qadınların qarnını yırtır, uşaqları tonqallarda yandırır, su quyularında boğurdular. Meyitlərin çoxu dənizə atılırdı. O zaman Bakı polismeysterinin general-qubernatora yazdığı raportunda deyilirdi ki, artıq çoxdandır Qafqazda erməni xalqının seperatçılıq hərəkəti məqsədi ilə Erməni İnqilab Komitəsi fəaliyyət göstərir və bu hərəkata əsasən millətin ziyalıları və fəhlələri rəhbərlik edirlər. Onlar müxtəlif məzmunlu bəyannamələr buraxaraq Qafqazdakı bütün xalqları hökumətə qarşı mübarizədə birləşməyə çağırırlar. Bu komitə hökumətə qarşı nümayişlərin, tətillərin, polis və orduya qarşı silahlı müqavimətin təşkilatçısıdır. Bu cür hərəkatın qurbanları yüksək rütbəli inzibati idarə işçiləri, Bakı qubernatoru knyaz Nakaşidze, Yelizavetpol qubernatoru, mülki müşavir Andreyev və bir çox başqaları olmuşlar. Əslində isə bu hərəkətlərində ermənilər müstəsna olaraq milli separatçılıq niyyətlərini güdürdülər. Göründüyü kimi, Bakı polismeysterinin raportunda da 1905-ci ilin fevralında olduğu kimi, avqustunda da törədilən qırğınların səbəbkarlarının ermənilər olduğu açıq-aydın vurğulanır.
Rusiya arxivlərinin materiallarına görə 1905-1906-cı illərdə daşnaksütyun erməni terror təşkilatı "ikili oyun oynamışdır: əvvəla, qisasın heç olmasa bir qismi müsəlmanlardan alınmış, ikincisi isə, mətbuat və təbliğatın köməyi ilə bütün hadisələrə baiskar Rusiya hökuməti hesab edilmişdir, beləliklə, təkcə erməniləri deyil, Qafqazın digər sakinlərini də inqilabiləşdirmək üçün yeni güclü təşviqat materialı meydana gəlmişdir... Nəticədə ermənilərin xoşu gəlməyən çoxlu rus məmuru və mülki şəxsləri həlak olmuşlar" ("Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər)", AMEA İnsan hüquqları İnstitutu, Bakı. 2003).
Bakı polismeysterinin 1905-ci il oktyabrın 11-də müvəqqəti general-qubernatora göndərdiyi raportda göstərilirdi ki, avqust qırğını zamanı evlərin damından, eyvanlardan, pəncərələrdən dinc sakinlərə atəş açılmış, 49 erməni evinin ünvanı və sahiblərinin adları aşkar edilib siyahıya alınmışdır. Onların arasında erməni kilsə xadimlərinin adları da göstərilirdi. Qeodakovun evində Dağıstan polkunun unter zabiti Tkaçenko əsgərlərlə birlikdə pəncərə və eyvanlardan atəş açan 47 ermənini həbs etmişlər. Bundan başqa, Mixaylovun erməni xeyriyyə cəmiyyətinin yerləşdiyi evdən, Osipovun, Yegizarovun, Avakovun, Mayılovun, Antonovun, Adamovun mənzillərindən tapança və tüfənglərdən atəş açılmışdır. Raportda ayrı-ayrı polis sahələri üzrə ölənlərin siyahıları da verilmişdir. Lakin bu siyahıda göstərilənlər həlak olanların cüzi bir hissəsi idi. Meyitlərin çoxu isə tanınmaz hala düşmüşdü. Şaqqalanmış, başları, ayaqları, əlləri kəsilmiş, digər əzaları doğranmış insanları doğmaları bədənlərindəki nişanələrlə tapıb basdırırdılar. Şəxsiyyəti məlum olmayan müsəlman cənazələri isə birbaşa qəbiristanlığa göndərilirdi. Dördüncü məhəllə üzrə avqustun 22-də ermənilər həyət tərəfdən 15-dək iranlı müsəlman baqqal dükanlarını talan etmişdilər. Avqustun 23-25-də Bakının neft mədənlərində və zavodlarında baş verən yanğınlar çoxlu fəhlələri işsiz qoymuşdur. Ən böyük yanğın Balaxanı neft mədənlərində olmuşdur. Bir sözlə, avqustun 20-dən sentyabrın 10-dək davam edən qırğınlar zamanı Bakıda və onun ətrafında çoxlu cinayətlər baş vermişdi.
1905-ci il sentyabrın 10-da Qafqaz canişini İ.İ.Vorotsov-Daşkov azərbaycanlılarla ermənilər arasında sülh və barışıq yaratmaq üçün Bakıya gəlir. Onun rəhbərliyi altında sentyabrın 14-də saat 12 radələrində min nəfərdən çox müsəlman və erməni özlərinin qabaqcıl ziyalıları və din xadimləri ilə birlikdə barışıq üçün Duma meydanına toplaşırlar. Quberniyanın qazisi Mir Məhəmmədkərim ağa Mircəfərzadə camaatı sülhə çağırır. Sonra erməni keşişi və general qubernator S.A.Fadeyev çıxış edir və barışığın zəruri olduğunu söyləyirlər. Danışıqlar aparmaq üçün hər iki tərəfdən nüfuzlu şəxslərdən ibarət xüsusi komissiya yaradılır. Azərbaycanlılar tərəfindən vəkil olunan şəxslər - İsmayıl bəy Səfərəliyev, İsrafil Hacıyev, Əlimərdan bəy Topçubaşov, Əsədulla Əhmədov, Əhməd bəy Ağayev, İsa bəy Hacinski, Hacı Aslan Aşurov, Məmmədhəsən Hacinski, Həsənağa Həsənov, Hacıbaba Aşurov, Mirzə Əsədullayev, Ağabala Quliyev sentyabrın 10-dan başlayaraq danışıqlar, yazışmalar aparmış və nəhayət, bu şəxslərin əksəriyyəti 1906-cı ilin fevral ayında Tiflisdə Qafqaz canişini və onun müavinlərinin rəhbərliyi altında keçən sülh danışıqlarında iştirak etmişlər (A.Paşayev "1905-1907-ci illərdə Azərbaycan xalqına qarşı erməni vəhşilikləri").
M.S.Ordubadi "Qanlı illər" əsərinin müqəddiməsində erməni-müsəlman davasının dörd səbəbini qeyd edirdi. Erməni daşnaksütyun komitəsinin müstəbid bir idarə üsulu təşkil edərək Qafqazda bir sıra qanlı teatroların oynanmasını birinci - əsas amil kimi göstərirdi. Bununla bağlı 245 məktubun, cinayətkar partiyanın fəaliyyətinə dair 400-dən artıq məlumatın yazı masasının üstündə olduğunu bildirirdi. İkinci səbəb kimi hökumət məmurlarının, yəni, Rusiya yerli hakimiyyət orqanlarının bu işə etinasızlığını göstərirdi: "Böyük Rusiya inqilabına görə mərkəzi hökumətin başı özünə qarışdığından xırda məmurlar özbaşınalığa üz qoyub erməni-müsəlman iğtişaşlarının sakitləşməsi üçün heç bir tədbirdə bulunmadılar. Bulundularsa da, ermənilərin terrorları qorxusundan bir tərəfi əldə saxlayıb, digər tərəfə növbənöv vicdansızlıqlar etməkdə idilər... Budur ki, Qafqazın gözəl şəhərləri dağıdılıb yandırılır, yurdlarımız qan çanağına döndərilirdi". Üçüncü səbəb və iğtişaşa gəldikdə, müsəlmanların elmsizliyi və müasir işlərdən bixəbər olmalarıdır. Müəllif yazırdı: "Müsəlmanlar elm və siyasətdən bixəbər olduqlarından hökumət məmurlarının Qafqazda tutduğu əqidəsini və ermənilərin o əqidədən necə istifadə etdiklərini düşünmədilər. Bakı faciəsindən sonra erməni-müsəlman hadisələrinin bu qədər uzanmasına səbəb müsəlmanların elmsizliyidir, digər bir cəhət var isə, o da müsəlmanların silahsız və müasir işlərdən xəbərsizliyidir. Burasını düşünməliyik ki, ermənilər Bakıda müsəlmanları yoxlamaq üçün öz əsgərlərinə müəyyən işarə verdilər. O vaxt müsəlman camaatı hazırlıq görüb ayıq tərpənsəydi, erməniləri bir oyanışa, bir tənbihə uğratsaydı, Qafqaz faciələrinə büsbütün son qoyular, müsəlmanların da təbii şücaət və rəşadəti onlara məlum olardı". Dördüncü səbəb isə ermənilərin muxtariyyət üsul-idarəsi həvəsində olmaları kimi göstərilir. Yazıçı burada onların ideoloqları tərəfindən aranan yollar, erməni yazıçısı Arsruninin təlimatları barədə danışır, azərbaycanlıları zorla baba yurdundan qovub həmin yerlərdə öz səltənətlərini qurmaq kimi milli istəklərinə yetişmək üçün bütün vasitələrdən istifadə edəcəklərini xüsusi vurğulayır.
1905-1906-cı illərdə Bakıda başlanan qırğınlar İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda və digər bölgələrdə davam etmiş, erməni separatçıları tərəfindən kütləvi şəkildə azərbaycanlılara divan tutulmuş, şəhər və kəndlər yandırılmış, uşaqlar, qocalar, qadınlar xüsusi qəddarlıq və vəhşiliklə öldürülmüşlər. Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə-yeksan edilmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi viran qoyulmuşdur. Erməni vəhşiliyindən sağ qurtara bilən on minlərlə azərbaycanlı öz döğma yurdlarını tərk etmək məcburiyyətində qalmış, bununla da, Azərbaycanda həqarətli qaçqınçılıq ənənəsinin əsası qoyulmuşdur.
İ.ƏLİYEVA
Azərbaycan.- 2011.- 30 mart.- S. 5.