Vərəmlə mübarizədə Azərbaycan təcrübəsi əsas götürülür

 

Ümumbəşəri sosial bəla olan vərəm xəstəliyinə qarşı bütün dünyada, o cümlədən Azərbaycanda genişmiqyaslı mübarizə aparılır, vərəmin müalicəsi üzrə məqsədyönlü tədbirlər görülür, xüsusi qanun qəbul olunmuş, beynəlxalq təşkilatlarla əlaqəli surətdə müvafiq strategiya müəyyən olunaraq aidiyyəti proqramlar həyata keçirilir.

Dünya Səhiyyə Təşkilatının təhlillərinə görə, hər il dünyada vərəmdən 1 milyon 700 min insan vəfat edir, həbsxanalarda isə vərəmin yayılma riski mülki sektorla müqayisədə 100 dəfə artıqdır. Bu xəstəliyin penitensiar müəssisələrdən cəmiyyətə keçməsi üçün həbsxana divarlarının qətiyyən maneə olmadığından, vərəmlə mübarizə təkcə məhkumların deyil, bütün cəmiyyətin sağlamlığına təsir edir.

Bununla əlaqədar, 24 mart - Ümumdünya Vərəmlə Mübarizə Günü ərəfəsində Ədliyyə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında penitensiar sistemdə vərəmə nəzarət sahəsində əməkdaşlığa dair ikigünlük beynəlxalq konfrans öz işinə başlamışdır.

Uğurlu fəaliyyətin 15 illiyinin qeyd edilməsi və müsbət nəticələrin Şərqi Avropa və Mərkəzi Asiya regionunda geniş təbliğ olunmasına həsr olunmuş konfransda Azərbaycanın dövlət rəsmiləri, Gürcüstan, Moldova, Belarus, Ukrayna və Qırğızıstanın nümayəndələri, yerli qeyri-hökumət və beynəlxalq təşkilatların, ölkəmizdə akkreditə olunmuş səfirliklərin təmsilçiləri iştirak etmişlər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər.

Ədliyyə naziri Fikrət Məmmədov konfransı giriş sözü ilə açaraq ümummilli lider Heydər Əliyev tərəfindən əhalinin rifahının yaxşılaşdırılmasına yönələn məqsədyönlü tədbirlər çərçivəsində vərəmlə mübarizəyə xüsusi diqqət göstərildiyini qeyd etmiş, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən aparılan köklü həbsxana islahatları çərçivəsində vərəmlə səmərəli mübarizədə mühüm rolu olan məhkumların saxlanma şəraitinin və təminatının yaxşılaşdırılması, penitensiar infrastrukturun müasirləşdirilməsi, effektiv ictimai nəzarətin tətbiqi üzrə görülən işləri vurğulamış, bu işdə BQXK-nın fəal dəstəyini təqdir etmişdir.

Qeyd olunmuşdur ki, BQXK ilə sıx əməkdaşlıq nəticəsində vərəmli məhkumlar üçün xüsusi İxtisaslaşdırılmış müalicə müəssisəsi və ən müasir avadanlıqla təchiz olunmuş laboratoriya yaradılmış, 11 mindən çox məhkum qabaqcıl DOTS strategiyası üzrə müalicə olunmuş, 2007-ci ildən ölkəmizdə ilk dəfə olaraq vərəmin çox ağır və ən təhlükəli forması olan "multirezistent" xəstə məhkumların DOTS-plus müalicəsinə başlanılaraq, dünyada çox yüksək göstərici - 72 faiz uğurlu nəticə əldə edilmişdir.

Tədbirdə çıxış edən insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bu sahədə qazanılmış nailiyyətlərin insan haqlarının, xüsusilə məhkumların hüquqlarının etibarlı müdafiəsi baxımından əhəmiyyətini qeyd etmiş, tövsiyələrini bildirmişdir.

Konfransda BQXK və Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya üzrə yüksək nümayəndələri çıxış edərək ölkəmizlə səmərəli əməkdaşlığı məmnunluq hissi ilə qeyd etmiş, Azərbaycan hökumətinin vərəmlə mübarizədə güclü siyasi iradəsini, məhkumlara göstərilən tibbi yardımın köklü surətdə yaxşılaşmasını və nəticədə vərəmdən ölümün 35 dəfəyədək azalmasını alqışlamışlar. Vərəmin dəqiq diaqnozunu 3 aydan sonra deyil, bundan 1000 dəfə tez - 1 saat 40 dəqiqə ərzində müəyyən etməyə imkan verən yeni ekspress-testin dünyada ilk dəfə olaraq penitensiar müəssisələrdə yalnız Azərbaycanda sınaqdan keçirilərək tətbiqinə başlanılması növbəti bir uğurlu addım kimi qiymətləndirilmişdir.

Bildirilmişdir ki, göstərilən yüksək nailiyyətlərin təzahürü kimi, BQXK Azərbaycanın artıq onun köməyinə ehtiyacının qalmadığını bəyan edərək vərəmə nəzarət işinin tamamilə Ədliyyə Nazirliyinə təhvil verilməsi qərarına gəlmişdir. Respublikamızın müsbət təcrübəsinin yayılmasının əhəmiyyəti vurğulanmış və qeyd edilmişdir ki, bu sahədə artıq davamlı tədbirlər görülür.

Sonra Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi R.Mehdiyev tərəfindən BQXK ilə vərəmə nəzarət sahəsində əməkdaşlığa dair təqdimat nümayiş etdirilmiş, 15 illik fəaliyyətə həsr olunmuş sənədli film göstərilmişdir.

Elə həmin gün konfrans iştirakçıları vərəmlə mübarizə sahəsində əldə olunmuş nailiyyətlər və penitensiar sahədə aparılan islahatlarla yaxından tanış olmaq üçün İxtisaslaşdırılmış müalicə müəssisəsinə və müasir Bakı istintaq təcridxanasına baş çəkmişlər.

Konfrans öz işini martın 30-da davam etdirəcəkdir

 

 

Azərbaycan.- 2011.-  30 mart.- S.  5.