Aydın Sezgin: "Rusiyanın və Türkiyənin münasibətləri heç vaxt bu qədər yaxın olmamışdır"

 

Rusiyanın və Türkiyənin münasibətləri heç vaxt bu qədər yaxın olmamışdır. Türkiyənin Moskvadakı səfiri Aydın Adnan Sezgin bu fikri İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko ilə görüşdə söyləmişdir.

AzərTAc İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, tərəflərin qarşılıqlı maraqlarına əsaslanan danışıqlarda türkiyəli diplomat Rusiya agentliyinə əməkdaşlıq üçün təşəkkürünü bildirmiş və müasir mərhələdə Rusiya-Türkiyə münasibətlərinin vəziyyətini yüksək qiymətləndirmişdir.

Səfir vurğulamışdır: "2010-cu ilin mayında RF Prezidenti Dmitri Medvedevin Türkiyəyə səfəri, həmçinin 2011-ci ilin martında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri çərçivəsində ən yüksək səviyyədə dialoq ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan vermişdir".

Diplomat "uğurla inkişaf etməkdə olan Rusiya-Türkiyə tərəfdaşlığının strateji xarakterini" vurğulamışdır.

Sezgin demişdir: "Hələlik yalnız bəzi cüzi əhəmiyyət kəsb edən texniki məqamlar öz həllini tapmamışdır".

"Biz bir faktı başa düşür və yüksək qiymətləndiririk ki, turizm sahəsində rusiyalılar üçün cəlbedici istiqamətlər arasında Türkiyə birinci yeri tutur. 2010-cu ildə Rusiyanın 3 milyon sakini Türkiyə kurortlarında olmuşdur, bu il isə biz RF-dən azı 4 milyon turist gözləyirik", - deyən diplomat onu da əlavə etmişdir ki, bəzi proqnozlara görə, Rusiyadan Türkiyə sahillərinə səfər edən turistlərin sayı 6 milyona çata bilər. Sezgin müsahibini əmin etmişdir ki, Türkiyə tərəfi "rusiyalıları ləyaqətlə qəbul etmək üçün mümkün olan hər şeyi edəcəkdir".

Səfir informasiya sahəsində əməkdaşlıq üçün İTAR-TASS-a ayrıca təşəkkür etmiş və Rəcəb Tayyib Ərdoğanın RF-yə səfəri çərçivəsində İTAR-TASS ilə Ümumrusiya Dövlət Teleradio Şirkətinin müştərək "Formula vlasti" ("Hakimiyyətin formulu") layihəsi silsiləsindən "Rossiya 24" kanalında göstərilmiş televiziya filmini Baş nazirin adından yüksək qiymətləndirmişdir.

İTAR-TASS-ın baş direktoru və Türkiyənin Rusiyadakı səfiri arasında görüşdə informasiya sahəsində gələcək əməkdaşlığa dair konkret məsələlər də müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2011.- 30 mart.- S. 6.