YAP Gənclər Birliyinin fəalları Qubadakı kütləvi məzarlığı ziyarət etmişlər

 

AzərTAc xəbər verir ki, martın 29-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) fəalları 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qubadakı kütləvi məzarlığı ziyarət etmişlər.

Məlumat verilmişdir ki, burada qazıntı işləri aparılarkən kütləvi qətlləri təsdiq edən çoxlu insan sümükləri aşkar olunmuşdur. İlkin araşdırmalardan sonra bu sümüklərin 1918-ci ildə ermənilərin Qubaya basqını zamanı öldürülmüş yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir. Kəllə sümüklərində aşkar olunmuş küt alət izləri insanların zorakılıqla qətlə yetirildiyini təsdiq edir. Bu fakt ermənilərin türklər tərəfindən soyqırıma məruz qaldığı barədə iddialarının yalan olduğunu sübut edir.

İştirakçılar, həmçinin Qubada soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuşlar.

Sonra Quba Olimpiya Kompleksində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş YAP GB-nin fəallarının iştirakı ilə "dəyirmi masa" keçirilmişdir.

YAP GB-nin sədri Seymur Orucov 93 il bundan əvvəl - 1918-ci il martın 31-də ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlardan danışmışdır. Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və digər bölgələrdə törədilən bu qətliamlarda on minlərlə həmvətənimizin qəddarcasına öldürüldüyünü xatırlatmışdır.

YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev də əsrlər boyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətindən bəhs etmişdir.

Vurğulanmışdır ki, ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş vandalizm aktlarına uzun müddət obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanında bu qanlı cinayətə əsl hüquqi-siyasi qiymət verilmişdir.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-30 mart.- S. 6.