Azərbaycan hakimiyyəti NATO
qoşunlarının Liviyadakı hərəkətlərini təqdir
edir
Azərbaycan hakimiyyəti BMT Təhlükəsizlik
Şurasının (BMT TŞ) Liviyanın hava məkanının
qapadılması, dinc əhalinin müdafiəsi, habelə
Liviya diktatoru Müəmmər Qəddafidən
üsyançılara qarşı hərbi əməliyyatların
dayandırılması və zorakılığa son
qoyulması tələbini əks etdirən qətnaməsinə
münasibət bildirib
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə günü "Trend"ə açıqlamasında qeyd edib ki, BMT TŞ-nin Qəddafi hakimiyyətinin öz xalqına qarşı qəddar davranışını, dinc əhalinin tələfatına səbəb olan hərbi əməliyyatlarını dayandırmaq haqqında qərarı təqdirəlayiqdir.
Bununla yanaşı, o, deyib ki, BMT TŞ-nin məlum qərarının operativ icrası, beynəlxalq birliyin Qəddafinin nəzarətində olan silahlı qüvvələrə qarşı dərhal hərbi əməliyyatlara başlaması, bu prosesə NATO-nun qoşulması bir sıra məntiqi sualların ortaya çıxmasına da səbəb olur.
"Liviyada
diktatora qarşı BMT TŞ-nin çıxardığı
bir qətnamə dərhal və böyük iradə ilə
icra olunduğu halda, BMT TŞ-nin Ermənistanla bağlı
ayrı-ayrı vaxtlarda qəbul etdiyi 4 qətnamə 20 ilə
yaxındır ki, icra edilmir. Bu hal dünya siyasətində
ikili standartların mövcudluğundan, dünya siyasətinin
formalaşmasında, millətlər və dövlətlərarası
münasibətlərin inkişafında mühüm təsirə
malik ölkələrin ikili siyasətindən xəbər
verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı BMT TŞ-nin 4 qətnaməsi
də Liviyaya dair qətnamə kimi qətiyyətlə və
operativ icra edilməlidir. Təcrübə göstərir ki,
BMT-nin qətnamə qəbul edərək kənarda
durması, qərarın yerinə yetirilməsi ilə
bağlı məcburetmə tədbirləri görməməsi
son nəticədə qətnamənin icrasız qalmasına
şərait yaradır. Ermənistandan BMT qətnamələrinin
tələblərini özxoşuna yerinə yetirməsini
gözləmək və ona qarşı məcburetmə tədbirləri
görməmək BMT-nin nüfuzuna ciddi zərbə vurur. Əlbəttə,
Liviyada mülki əhalinin təhlükəsizliyinin təmin
edilməsi vacib məsələdir. Lakin belə tədbirlər
qətlə yetirilmiş minlərlə azərbaycanlıya,
milyondan artıq qaçqın və məcburi
köçkünə də şamil olunmalıdır. Liviya
diktatorunun əməlləri Xocalı, Qaradağlı,
Quşçular, Bağanis Ayrım və Azərbaycanın
digər yaşayış məntəqələrində ermənilərin
törətdikləri soyqırımı və vəhşiliklərdən
daha qəddar və faciəli deyil. Ermənilər Azərbaycan
torpaqlarını işğal edərkən həlak olan azərbaycanlıların
sayı Liviyada üsyançılarla Qəddafi
qoşunları arasındakı toqquşmalar zamanı ölənlərin
sayından on dəfələrlə çoxdur. Azərbaycanda
Ermənistanın işğalından ziyan çəkən
insanların ümumi sayı Liviyada hərbi əməliyyatlar
nəticəsində zərər çəkmiş
insanların sayından qat-qat artıqdır. Serbiyada
bosniyalı müsəlmanların soyqırımından sonra
BMT TŞ keçmiş Yuqoslaviyaya dair Beynəlxalq Tribunal
yaratdı. Nəyə görə Xocalı və
Qaradağlı hadisələrini törədənlər Beynəlxalq
Tribunala cəlb olunmamalıdır?! ATƏT-in Minsk qrupunun
çoxillik fəaliyyətinin heç bir nəticə verməməsi
və onun işğalçı Ermənistana təzyiq etmək
istəməməsini nəzərə alaraq, beynəlxalq
birlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə də Liviyada olduğu kimi,
çevik münasibət göstərməli və BMT
TŞ-nin 4 qətnaməsinin icrasını təmin etməlidir.
Beynəlxalq birlik ikili standartlara son qoymalı, BMT TŞ qəbul
etdiyi qərarlara hörmətlə yanaşmalıdır"
- Əli Həsənov Azərbaycan hökumətinin
narazılığını ifadə edib.
Azərbaycan.- 2011.- 31mart.- S. 2.