Sarıqamışda, Ahılkələkdə,
Şamaxıda qan su yerinə axıb
1920-ci il aprelin 29-da İngiltərənin türklərə qarşı düşmənçiliyi ilə seçilən o zamankı baş naziri L.Georgi Qafqaz hadisələrinə icma palatasında münasibət bildirərkən demişdi: "...Çətinlik ondadır ki, Ermənistana vermək istədiyimiz geniş əraziyə erməniləri yerləşdirmək üçün lazımi gücümüz yoxdur. Ən böyük çətinlik məsrəfdə deyil, döyüşəcək əsgər tapmaqdadır. Ermənilər balaca bir ərazini belə fəth və ya zəbt edəcək heç bir dövlətə malik deyillər. Əsgəri ənənələrdən məhrum ermənilərin istədikləri geniş torpaqları böyük əsgəri qüvvəyə sahib bir düşmənin (türklərin) əlindən alıb zəbt edə biləcəklərinə ümidlənmək boş şeydir".
Bu etiraf erməni məkrinin mahiyyətini əks etdirən saysız yanaşmalardan biridir. Etirafçı düşmən mövqedə olsa da, "bağışlamaq" istədiyi ərazini qoruyub saxlamaq iqtidarında olmayan ermənini tamahkar və mənfur xislətli bir millət kimi aşağılamağı da özünə rəva bilib.
Tarix boyu gözü onun-bunun torpağında olan ermənilər təəssüf ki, ayrı-ayrı qüvvələrin himayəsi altında türk dünyasına zaman-zaman böyük problemlər və faciələr yaşadıblar. Türk tədqiqatçılarından C.Arslanoğlu yazır ki, səkkiz yüz ilə yaxın bir dövrdə türk aləmi içində yaşayan, türkün sahib olduğu bütün hüquqlara malik olan, türkün alicənablığından və təvazökarlığından sui-istifadə edən ermənilər türkün çətinliklərlə üz-üzə qaldığı zamanlarda rusların, ingilislərin və fransızların ardıcıl təhrik və təşviqləri ilə kilsə monastrlarında Osmanlı dövlətinin yıxılması üçün hər cür zərərli işlər görmüş, türk millətinə böyük fənalıqlar etmək üçün müqəddəs yerləri gizli nifaq yuvasına döndərmişlər. Ancaq türklər bu vəziyyətdə belə müqəddəs yerə girməmiş, təcavüz etməmişlər.
1918-ci ilin ağır döyüşləri zamanı üçüncü ordu komandanı Vehib Mehmet Paşanın Baş Qərargaha göndərdiyi məlumatda deyilirdi: "Ermənilər başlarını kəsib cəsədlərini parçaladıqları müsəlman qadınların müxtəlif əzalarını çirkin bir şəkildə murdarlamış, silahsız, köməksiz yaşlı türkləri yandırmış, Sarıqamışda 500 türkü, Ahılkələkdə 10 min müsəlmanı qanına qəltan etmiş, 40 türk kəndinə tamamilə od vurmuş, qarşılarına çıxan Azərbaycan müsəlmanlarını qətlə yetirmiş, məhəllələri viran qoymuş, məscidləri və qəbiristanlıqları darmadağın etmiş, bir çox insanın əl-ayağını bağlayaraq diri-diri su quyularına atmışlar".
Əlbəttə, bütün bunlar erməni zülmünün çox kiçik göstəriciləridir. Ötən əsrin ikinci onilliyinin sonlarında ermənilər Azərbaycanda da dəhşətli qırğınlar, vəhşiliklər törətmişlər. Bu qırğınlar 1918-ci il martın son günlərində bənzəri olmayan soyqırımı həddinə çatmışdır.
Ulu öndər Heydər Əliyev xalqımızın soyqırımı haqqında danışarkən demişdir: "Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır, tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da..."
Şübhəsiz ki, ulu öndər Heydər Əliyevin imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilməsi haqqında" 18 dekabr 1997-ci il tarixli və "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanları erməni qaniçənlərinin tarix boyu xalqımızın başına gətirdikləri müsibətlərin araşdırılması, tarixi keçmişimizə daha həssas münasibətin formalaşması baxımdan böyük əhəmiyyətə malikdir. Dövlət səviyyəsində bu məsələyə münasibət, hər il mart ayının 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan olunması tarixi yaddaşımıza işıq salmış, xalqın milli mənafe və vətənpərvərlik ruhunun artırılmasında əvəzsiz rol oynamışdır.
Tarixi mənbələrdən bəllidir ki, ermənilərin "böyük Ermənistan" yaratmaq xülyası iki istiqamətdə həyata keçirilməli idi. Birincisi, ermənilərin göz dikdikləri tarixi türk torpaqlarının, o cümlədən Azərbaycan torpaqlarının müharibə, yaxud dinc yolla zəbt edilib Ermənistana qatılması. İkincisi isə, bu, mümkün olmadıqda qanlı qırğın törətmək yolu ilə türk xalqlarına, eləcə də azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirmək idi.
Tarixdən o da bəllidir ki, XIX əsrdən başlayaraq Qarabağa, İrəvana, Şirvana köçürülən ermənilər xalqımıza qarşı kin-küdurətini gizlədə bilməmiş, min bir fitnə-fəsadla daxili düşmənçiliklərini etmişlər. Şamaxının ən səfalı yerlərindən olan Mədrəsə, Saqiyan, Meysəri, Kələxana, Zarxı və s. kəndlərdə məskunlaşan ermənilərin hiylə və məkrləri çox tez üzə çıxıb. Onlar nəinki dinc azərbaycanlıları "qonşu", "dost", "duz-çörək" məfhumlarını da topa-tüfəngə tutublar.
1918-ci ilin Mart qırğınları Şamaxıda da dəhşətli faciələrə, ağlagəlməz işgəncələrə səbəb olmuşdur. Bu mövzuda filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev "1918-ci il Şamaxı soyqırımı" adlı kitab yazıb. Tarixi mənbələr, həqiqətlər və faktlar əsasında hazırlanmış bu kitab təkzibolunmaz faktlar baxımından çox gərəklidir. Professorun özünün dediklərindən:
- 1917-ci ilin sonu 1918-ci ilin əvvəllərindən başlayaraq S.Şaumyanın tapşırığı ilə Şamaxıda böyük mülk, var-dövlət sahibi olan Stepan Lalayev gizlincə Şamaxı şəhərində, eləcə də Mədrəsədə, Kərkənc, Saqiyan, Zarxı, Meysəri kəndlərində yaşayan ermənilərə, həmçinin də ruslar yaşayan kəndlərə - Hilmilliyə, Qızmeydana, Çuxuryurda silah, sursat paylatmış, onları başdan-ayağa silahlandıra bilmişdir. S.Şaumyanın məqsədi azərbaycanlılara qarşı soyqırımını bütün ölkə miqyasında həyata keçirmək olub. S.Lalayevin və eləcə də bir çox erməni mülkədarlarının mülkləri şəhərin yuxarı hissəsində yerləşirmiş. Cinayətkar dəstənin başçılarından olan S.Lalayev qabaqcadan mülkünün zirzəmisini silah-sursatla doldurub. Oradan şəhərin müsəlman məhəllələri ovuc içi kimi görünürmüş. Buna görə S.Lalayevin mülkündən atılan toplarla Cümə məscidinin həyətini vurmaq çox asan olub. Atılan topların vahiməsindən pərən-pərən düşən azərbaycanlılar başlarını itirmiş halda hara gəldi üz tutublar. S.Lalayevin evindən atılan pulemyot güllələri qadını, qocanı, uşağı biçib-töküb. Müqavimət hiss etməyən erməni daşnakları şəhərə daxil olaraq evlərə od vurub, qarətçilik edib, ələ keçəni, gözə görünəni güllələyiblər. Gecə müsəlmanlar təslim olmaları barədə ermənilər tərəfə nümayəndə göndərirlər. Lakin ermənilər qırğını dayandırmırlar. Küçələrdə döşləri kəsilmiş, doğranmış qadınların meyitləri atılıb qalmış, kişi, uşaq, qoca cəsədləri qalaq-qalaq olmuşdur.
Professor S.Qəniyev Məşədi Sadıq Əli oğlunun xatirəsini də danışdı. Məşədi Sadıq Əli oğlu deyirdi ki, mən onda uşaq idim. On yaşım olardı. Biz evimizin zirzəmisində gizləndik. Gözlərimlə gördüm ki, adamları güllələyir, sonra küçəyə yığır, üstlərinə xalça-palaz atıb yandırırlar. Hətta körpə uşaqları diri-diri həmin odun içinə atırdılar. Qonşumuz Molla Mirzəgili ailəliklə yandırdılar. Beş gün zirzəmidə qaldıq. Biz gecə fürsət tapıb şəhərdən çıxdıq, yolda qardaşım da öldü.
Şamaxını hər tərəfdən mühasirəyə alan ermənilərə qarşı vuruşan könüllü dəstələr də olub. O dəstələrdən birinə Şamaxı qəzasının rəisi olmuş Azad bəy Qocamanbəyov, başqa birisinə türk zabiti Osman Əfəndi başçılıq edirmiş. Təhlükəni əvvəldən hiss edən A.Qocamanbəyov bir az silah-sursat toplaya bilib. Məhz buna görə bəzi qırğınların qarşısının alınmasında bu amil az rol oynamayıb. Osman Əfəndinin azsaylı dəstəsi də düşmənə xeyli müqavimət göstərib.
Şamaxının ən çox soyqırımına məruz qalan yaşayış məntəqələrindən biri də Əngəxaran kəndi olub. Məlumata görə, Əngəxaranda 510 nəfər qətlə yetirilmiş, onlardan 70 nəfərinin başı "Qanlı dərə" və ya "Əngəxaran dərəsi" adlanan yerdə vaxtilə Şamaxıda qəssab işləmiş bir erməni tərəfindən kəsilib. Kənddəki 186 evdən 181-i yandırılmış, 7 aşığın külliyyatı məhv edilmiş, bir aşığı isə qanına qəltan etmişlər.
Şamaxı şəhərini və onun ətraf kəndlərini viran qoyan, müsəlman əhalini ucdantutma qanına qəltan edən daşnaklar sonra Ağsu, Göyçay, Gəncə tərəfə istiqamət götürüblər. Şamaxı soyqırımı ilə bağlı müxtəlif rəqəmlər mövcuddur. Deyilənə görə, şəhərdə təxminən 8-12 min, bütövlükdə Şamaxı qəzasında 40 minə qədər insan qətlə yetirilmişdir.
Nuru Paşanın dəstəsi ilə ermənilər arasında ən ağır döyüşlərindən biri də Şamaxı və Mərəzə əraziləri arasında Acıdərə adlanan yerdə olub. Həmin döyüşdə düşmən böyük itki verdiyi kimi, Şamaxı könüllülərindən və türk əsgərlərindən də xeyli şəhid olub. Orada şəhid olanlar arasında bir türk zabiti də vardı. O zabitin məzarı indi də şamaxlıların ziyarət yeridir.
Tarixi həqiqətlər gec də olsa üzə çıxır. Hələ də öz mənfur niyyətlərindən əl çəkməyən erməni işğalçıları Azərbaycan torpaqlarının 20 faizini zəbt edib. Ancaq Azərbaycan artıq ötən əsrdəki Azərbaycan deyil. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan qarşıya qoyduğu bütün məqsədlərə nail olacaq, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bizim xeyrimizə həllinə nail olacaqdır.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2011.-31 mart.- S. 4.