Qafqaz Müsəlmanları İdarəsi 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlamışdır

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlamışdır.

Müraciətdə bildirilir ki, XX əsrdə yenidən müstəqilliyə qovuşmaq səadətinə nail olmuş Azərbaycan xalqı, təəssüflər olsun ki, mənfur düşmənlərin məqsədli şəkildə törətdikləri vəhşi qətliamlar nəticəsində on minlərlə övladını qurban vermişdir. Silahsız, dinc əhaliyə qarşı uşaq, qadın, qocalara məhəl qoyulmadan xüsusi qəddarlıqla törədilmiş soyqırımı aktları xalqımızın yaddaşında dərin iz buraxmışdır. Azərbaycanın bir çox yerlərində 1918-ci ilin martında törədilmiş görünməmiş soyqırımı aktlarının qanlı izləri - kütləvi insan məzarlıqları mövcuddur. Qubadakı kütləvi məzarlıq buna əyani sübutdur.

Tarixən Azərbaycanın əzəli torpaqlarına xaincəsinə göz dikmiş, bir əsrdə azərbaycanlılara qarşı dörd dəfə soyqırımı və deportasiya siyasəti həyata keçirmiş erməni ekstremistləri və onların havadarlarının əməlləri bəşər tarixinə qara ləkədir. Lakin təəssüflər olsun ki, xəyanətkar qonşularımızın əməllərinə beynəlxalq hüquq müstəvisində qiymət verilməmişdir. Erməni qatillər cəzasızlıqlarından istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, dinc əhalini qətlə yetirmiş, bir milyondan artıq həmyerlimizi öz doğma yurdundan didərgin salmışlar.

Beynəlxalq ictimaiyyətin azərbaycanlıların soyqırımına məruz qalmasına dair tarixi arxivlərdə mövcud olan acı həqiqətləri bilməsinin vacibliyinin vurğulandığı müraciətdə qeyd edilir ki, Azərbaycan xalqı erməni ekstremistlərinin təcavüzü ilə yanaşı, erməni lobbilərinin bütün dünyaya car çəkdiyi dezinformasiyalardan da əziyyət çəkir. Ermənistan özünün "tarixi əzabkeşliyi" barədə mifdən istifadə edərək törətdiyi vəhşiliklərə, kütləvi qırğınlara, Azərbaycana qarşı hərbi müdaxiləsinə dünya ictimaiyyəti qarşısında haqq qazandırmağa çalışır.

A.Paşazadə bir daha dünya birliyini soyqırımılara məruz qalmış Azərbaycan xalqının faciələrinə biganə qalmamağa, mənfur qonşularımız tərəfindən azərbaycanlılara qarşı törədilmiş dəhşətli soyqırımı aktlarına prinsipial hüquqi qiymət verməyə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində haqq səsimizi dəstəkləməyə çağırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-31 mart.- S. 5.