Məhkəmə sistemində şəffaflığın təmin edilməsi mövzusunda "dəyirmi masa" keçirilmişdir

 

Martın 30-da "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Məhkəmə-Hüquq Şurası ilə birgə, yerli QHT-lərin və beynəlxalq qurumların iştirakı ilə məhkəmə sistemində görülən işlər, əldə edilən nailiyyətlər və mövcud problemlərlə bağlı "dəyirmi masa" keçirmişdir.

AzərTAc xəbər verir ki, tədbirin məqsədi məhkəmə sisteminin şəffaflaşdırılması istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etməkdir. Həmçinin vətəndaş cəmiyyəti üzvləri ilə hakimiyyət nümayəndələrinin birgə dialoqunu qurmaq, korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimai müzakirələrin təşviq edilməsinə nail olmaqdır.

Məhkəmə-Hüquq Şurasının rəhbəri Cavid Hüseynov məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumat vermişdir.

Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ şöbəsinin müdiri, "Şəffaflıq Azərbaycan" İB-nin idarə heyətinin üzvü Dürdanə Məmmədova məhkəmə sistemində şəffaflığın artırılmasında Konstitusiya Məhkəməsinin rolundan bəhs etmiş, rəy və təkliflərini bildirmişdir.

"Şəffaflıq Azərbaycan" İB-nin icraçı direktoru Rəna Səfərəliyeva, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin məlumatlandırılma və əməkdaşlıq şəbəkəsinin əlaqələndiricisi, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova vətəndaşların informasiya əldə etmək hüququnun təminatında məhkəmələrin rolu, vəkillik təcrübəsi əsasında məhkəmə proseslərinin şəffaflığında problemləri və digər mövzularla bağlı çıxış etmişlər.

 

 

Azərbaycan.- 2011.-31 mart.- S. 2.