"TRT" telekanalının
Bakı nümayəndəliyinin Azərbaycanlıların
soyqırımı günü ilə bağlı
hazırladığı filmin təqdimatı olmuşdur
Martın 30-da Türkiyənin Azərbaycandakı səfirliyində "TRT" telekanalının Bakı nümayəndəliyinin 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı ekranlaşdırdığı "Niçin katledildik" ("Niyə qətl edildik") filminin təqdimatı olmuşdur.
AzərTAc xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
"TRT"-nin Bakıdakı təmsilçisi Yüksəl Dəyərcan bildirmişdir ki, telekanal Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına çalışır. Nailə Əkbərovanın rejissoru olduğu bu filmdə ermənilərin türklərə qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı barədə həqiqətlər və tarixi faktlar öz əksini tapmışdır.
Azərbaycanın kədərinin Türkiyənin də kədəri olduğunu bildirən qardaş ölkənin Bakıdakı səfiri Hulusi Kılıç ermənilərin tarix boyu türklərə və azərbaycanlılara qarşı törətdikləri cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini vurğulamışdır.
Diplomat bildirmişdir ki, Türkiyə hər zaman Azərbaycanın yanında olmuş və olacaqdır. H.Kılıç türk xalqlarını öz tarixlərinə sahib çıxmağa və dərindən öyrənməyə çağırmışdır.
Milli Məclisin deputatı Qənirə Paşayeva bildirmişdir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin insanlığa qarşı təcavüz kimi qiymətləndirilən 31 Mart - Azərbaycanlıların soyqırımı gününü xalqımızla birgə anması iki ölkə arasında mövcud olan qardaşlığın bariz nümunəsidir.
Soyqırımına həsr olunmuş filmin hazırlanmasını yüksək qiymətləndirən Q.Paşayeva ermənilərin törətdikləri cinayətləri bütün dünyaya bəyan etməyin zəruriliyini vurğulamışdır.
Çıxışlardan sonra "Niçin katledildik" filmi təqdim edilmişdir. 31 mart soyqırımına aid görüntülərin əks olunduğu 35 dəqiqəlik filmdə ermənilərin dəhşətli cinayətlərindən danışılır.
Azərbaycan.- 2011.-31 mart.- S. 8.