Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu gələcəkdə bu istiqamətdə real nəticələrə söykənən platformanın formalaşdırılmasına əsas olacaqdır

 

Xəbər verdiyimiz kimi, bu il aprelin 7-dən 9-dək Bakı daha bir möhtəşəm beynəlxalq tədbirə - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcəkdir. Əsası 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuş mədəniyyətlərarası dialoq üzrə "Bakı Prosesi"nin davamı olacaq bu tədbirdə dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr iştirak edəcəklər.

AzərTAc-ın müxbirinin indiyədək foruma hazırlıqla bağlı keçirilmiş görüşlər, bu möhtəşəm beynəlxalq məclisdə əhatə olunacaq mövzu və tədbirlərlə bağlı suallarını Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun koordinatoru, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin sektor müdiri Vasif Eyvazzadə cavablandırır.

 

- Vasif müəllim, əvvəlcə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqla bağlı indiyədək görülmüş işlər barədə məlumat verməyinizi xahiş edirik.

- Bildiyiniz kimi, son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Bu, ilk növbədə, ölkəmizin geosiyasi əhəmiyyəti ilə bağlı olan məsələdir. Azərbaycan Şimal ilə Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşir. Başqa sözlə desək, real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan, eyni zamanda, həm Avropa Şurasına, həm də İSESKO-ya üzv olan yeganə dövlətdir. Azərbaycanın həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri vardır. Bütün bunlarla yanaşı, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir.

Bu səbəbdən müxtəlif mədəniyyətlərin və qitələrin qovuşuğunda yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi "Bakı Prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verir.

Bilirsiniz ki, "Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi"nin davamı olaraq Azərbaycan tərəfindən bu il aprelin 7-dən 9-dək Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü irəli sürülmüş və bu nəcib ideya YUNESKO, Avropa Şurası (AŞ), BMT-nin Sivilizasiyalar Alyansı və AŞ-ın Şimal-Cənub Mərkəzi, həmçinin İSESKO tərəfindən dəstəklənmişdir. Bütün bunları əsas götürən Azərbaycan Prezidenti İlham Əliyev ötən il sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Məclisinin 65-ci sessiyasında Bakıda Ümumdünya Forumunun keçiriləcəyini bəyan etmişdir.

Mötəbər məclisə hazırlıq çərçivəsində 2010-cu il və cari ilin ötən dövründə Azərbaycanın Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin, BMT-nin Sivilizasiyalar Alyansının, YUNESKO-nun, Avropa Şurasının, AŞ-ın Şimal-Cənub Mərkəzinin nümayəndələrindən ibarət işçi qrupunun Paris və Strasburq şəhərlərində 4 iclası keçirilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin bu il yanvarın 18-də imzaladığı sərəncamla Forumun Tədbirlər Planı təsdiqlənmişdir.

Mötəbər beynəlxalq məclisin başlanmasına az vaxt qalsa da, Forumun keçirilməsi ilə bağlı hazırlıq işləri davam etdirilir. İndiyədək işçi qrupunun bir neçə iclası keçirilmişdir. Həmin iclaslarda Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin bu işə cəlb olunan səfirlikləri ilə yanaşı, Avropa Şurasının, BMT-nin Sivilizasiyalar Alyansının, YUNESKO-nun, Avropa Şurasının Şimal və Cənub Mərkəzinin, İSESKO-nun yüksək vəzifəli rəsmi şəxsləri fəal iştirak etmişlər. Euronews televiziya kanalı Bakı Forumunun beynəlxalq səviyyədə təbliği üçün tədbirin əsas media tərəfdaşıdır. Bununla bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Euronews arasında müqavilə imzalanmışdır.

Forum ərəfəsində cərəyan edən hadisələr belə bir fikir söyləməyə tam əsas verir ki, "Bakı Prosesi" adı ilə regional format kimi irəli sürülən layihə 2011-ci ildə məhz Azərbaycan tərəfinin təşəbbüsü ilə artıq qlobal bir formata çevrilməkdədir. Beləliklə, Azərbaycanın mədəniyyətlər və sivilizasiyalararası dialoqa dair təşəbbüsü tezliklə bütün dünyanı əhatə edəcəkdir.

- Şübhəsiz, regional formatın qlobal formata çevrilməsi həm də qlobal mövzulardan xəbər verir. Bu baxımdan tədbirdə müzakirəsi nəzərdə tutulan mövzular maraq doğurur.

- Biz təşəbbüskar tərəf olaraq forumun proqramının ilkin variantını beynəlxalq qurumlarla birlikdə hazırlamışıq. Artıq bütün sessiyalar üzrə bölgü aparılmışdır. Beynəlxalq məclisdə müzakirə ediləcək mövzular olduqca genişdir. Forumun birinci gününün ilk sessiyası "Sərhədsiz dünyaya doğru", ikinci sessiyası "Dünyanın davamlı inkişaf gündəliyində mədəniyyətlərarası dialoqun bərqərar edilməsi", üçüncü sessiyası "Mədəniyyətlərarası dialoqu mənalı etmək: mədəniyyət, incəsənət və irs" mövzularını əhatə edəcəkdir. Tədbirin ikinci günündə isə sessiyalar paralel şəkildə təşkil olunacaqdır. Həmin günün birinci sessiyası "Qadınlar mədəniyyətlərarası dialoqun vacib iştirakçıları kimi"; ikinci sessiyası "Texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası əlaqələrə təsiri"; üçüncü sessiyası isə "Dünya dinləri arasında mədəniyyətlərarası dialoq" mövzularına həsr ediləcəkdir.

Dünya üzrə bu formatda ilk möhtəşəm tədbirin bağlanış mərasimindən əvvəl YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurası tərəfindən mədəniyyətlərarası dialoqun və əməkdaşlığın inkişafına dair yeni təşəbbüs və layihələrin təqdimatları olacaqdır. Bütün bunlarla yanaşı, forum çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə "Müasir dünyada dialoq fəlsəfəsi və mədəni müxtəliflik" mövzusunda beynəlxalq konfrans, Avropa Şurasının təşkilatçılığı ilə isə "Mədəniyyətlərarası şəhərlər" layihəsinə üzv şəhərlərin merlərinin və nümayəndələrinin iştirakı ilə tədbir keçiriləcəkdir. Forum çərçivəsində keçiriləcək ayrı-ayrı sessiyaların tərəfdaş beynəlxalq qurumlar tərəfindən təşkili, müvafiq moderatorlarla təmin edilməsi və hər bir sessiyada gənclərin iştirakı nəzərdə tutulur.

Bir vacib məqamı da qeyd etmək yerinə düşər ki, bu forumdan dərhal sonra, yəni aprelin 9-10-da gənclərlə bağlı xüsusi tədbir keçiriləcəkdir. Bu xüsusi tədbirə dəvət olunacaq gənclərin iki gün əvvəl bizim forumda iştirakı təmin ediləcəkdir.

- Forumun adından da bəllidir ki, iştirakçıların tərkibi kifayət qədər geniş olacaqdır...

- Tədbirdə 20-dən çox ölkənin mədəniyyət nazirinin iştirakı gözlənilir. Bu nazirlərin iştirak coğrafiyası Asiya, Avropa, Amerika və Afrika qitələrini əhatə edir. Mədəniyyət nazirləri ilə yanaşı, tədbirdə YUNESKO-nun baş katibinin müavini, İSESKO-nun baş direktoru, Avropa Şurası Parlament Assambleyasının prezidenti, Dünya Turizm Təşkilatının İnkişafa Yardım Proqramının direktoru, AŞ-ın Şimal-Cənub Mərkəzinin icraçı direktoru və digər beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri iştirak edəcəklər.

Forumun açılış mərasimi aprelin 7-də "Gülüstan" sarayında keçiriləcəkdir. Bununla yanaşı, hər bir sessiya üzrə xüsusi müzakirə sənədləri olacaqdır. Çalışırıq ki, hər sessiyanın müzakirə sualları aydın olsun. İştirakçılar sessiyalar üzrə çıxışlarını həmin sualları cavablandıraraq qursunlar. İstəməzdik ki, bunlar adi çıxış mövzusunda olsun. Hesab edirik ki, çıxışlar kifayət qədər təhlilli, forumun proqramına və qaldırılmış məsələlərə uyğun olmalıdır. Forumun açılış mərasimindən sonra birinci sessiyada "Gəlin, dünyanı bölüşdürməyək", başqa sözlə desək, mədəniyyətlərarası dialoqun sərhədi yoxdur mövzusu müzakirə ediləcəkdir.

Mədəniyyət, incəsənət və irslə bağlı sessiya Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçiriləcəkdir. Dinlərarası mövzunu Avropa Şurasının Şimal-Cənub Mərkəzi, "Müasir medianın mədəniyyətlərarası dialoqun təbliğində rolu", eyni zamanda "Mədəniyyətlərarası dialoqun müasir inkişaf prosesində rolu" ilə bağlı sessiyanı BMT-nin Sivilizasiyalar Alyansı, "Qadınların mədəniyyətlərarası dialoqda rolu" sessiyasını isə YUNESKO təşkil edəcəkdir. Bütün sessiyalarda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi bilavasitə təşkilatçı kimi iştirak edir.

Forumun rəsmi sessiyaları və tədbirləri ilə yanaşı, xüsusi mədəni proqram da təşkil ediləcək və bu proqram da bilavasitə mədəniyyətlərarası dialoq mövzusuna həsr olunacaqdır. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Avstriyanın Federal Təhsil, İncəsənət və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə "Yəhudi, xristian və müsəlmanlar: mədəniyyətlərarası dialoq ən qədim yazılarda" adlı sərgi keçiriləcəkdir. Bu sərgidə ən qədim əlyazmalar nümayiş etdiriləcəkdir. Artıq Avstriyanın ölkəmizdəki səfirliyi ilə bu istiqamətdə iş aparılır. Eyni zamanda, tədbir çərçivəsində YUNESKO, Avropa Şurası və AŞ-ın Sivilizasiyalar Alyansının birgə sərgisi açılacaqdır.

Bütün bunlarla yanaşı, Mədəniyyət və Turizm Nazirliyi Bakı forumuna Azərbaycan cəmiyyətinin böyük marağını nəzərə alaraq mədəniyyətlərarası dialoq mövzusu çərçivəsində milli foto müsabiqəsi elan etmişdir. Bu müsabiqənin qalibləri də forumun davam etdiyi günlərdə müəyyənləşəcəkdir. Yeri gəlmişkən qeyd edim ki, biz bu layihəni beynəlxalq layihəyə çevirməyi və onu forumda nümayiş etdirməyi planlaşdırırıq. Forum zamanı "Layihə və təşəbbüslərin təqdimatı" mövzusunda tədbirin təşkili də nəzərdə tutulmuşdur. Bu tədbir çərçivəsində Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, AŞ-ın Şimal-Cənub Mərkəzi və Azərbaycan tərəfi özlərinin layihə və təşəbbüslərini nümayiş etdirəcəklər. Bütün layihələr bilavasitə mədəniyyətlərarası dialoqun təbliğinə həsr olunacaqdır.

- Verdiyiniz məlumatlardan belə nəticə hasil olur ki, Bakı forumu öz miqyasına və əhatə dairəsinə görə təsəvvür ediləndən qat-qat yüksək səviyyəli ilk ümumdünya mədəniyyət məclisi olacaqdır. Bu baxımdan forumdan gözlənilən nəticələrlə bağlı bəri başdan nə demək olar?

- Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizdə təşkili Şərq və Qərb mədəniyyətini özündə ehtiva edən mədəniyyətimizin beynəlxalq səviyyədə təbliğ olunması, ölkəmizin nüfuzunun, imicinin yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətinin artırılmasına, eləcə də Azərbaycanın qitələrarası və sivilizasiyalararası əməkdaşlıq məsələlərində çox mühüm dövlət kimi qəbul olunmasına, həmçinin respublikamızın dünya mədəniyyətinə inteqrasiyasına xidmət edir. Şübhəsiz, forumun nəticələri tədbirin təşkilinə dair məqsədlərimizdən qaynaqlanacaqdır.

Sualınıza cavab olaraq onu deyə bilərəm ki, hər bir halda gözlənilən ən böyük nəticə ondan ibarətdir ki, bu mötəbər tədbirdə qəbul olunacaq sənədlər və hesabatlar bilavasitə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gələcəkdə davamlılığını təmin edəcəkdir. Eyni zamanda, onun daha da inkişafına təkan verəcək və ölkəmizdə bu istiqamətdə real nəticələrə söykənən bir platforma, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq qurumlar arasında Azərbaycan vasitəsilə qlobal şəbəkə formalaşdıracaqdır.

 

 

Müsahibəni apardı:

Əhməd MƏMMƏDOV,

AzərTAc-ın müxbiri

 

Azərbaycan.- 2011.-31 mart.- S. 7.