Toxunulmaz sərvətimiz

 

Bu, ana dilimizdir

 

Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında nitq söyləyən Prezident İlham Əliyev humanitar elmlərlə bağlı bir sıra məsələləri diqqət mərkəzinə çəkərək bu sahədə aparılan bir sıra işlərin uğurlu və təqdirəlayiq cəhətlərindən danışaraq milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, ana dilimizə, ədəbiyyatımıza dövlətin daim qayğı göstərməsini bildirdi. Ölkə başçısı dərin məzmunlu nitqində ana dilimizlə bağlı bəzi məsələlərə də toxunaraq onun saflığı və mühafizəsi ilə əlaqədar qarşıda duran məsələlərdən danışdı: "Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir".

Ana dilimizin inkişafına dövlətimizin həmişə xüsusi diqqəti, qayğısı olub. Hər bir dilin özəlliyi və özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar edə bilməz. Amma bir vətəndaş kimi etiraf edək ki, Azərbaycan dilinin analoqu yoxdur. Ümummilli lider Heydər Əliyevin hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsində böyük xidməti olmuşdur. Ana dilinin inkişafı ilə əlaqədar ulu öndərin müntəzəm imzaladığı fərman və sərəncamlarda, eləcə də tövsiyələrində, çıxış və məruzələrində vaxtaşırı ortaya çıxan problemlərin həlli vacib sayılırdı. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə, zənginləşə-zənginləşə nüfuz qazanmasına böyük əhəmiyyət verirdi. "Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur" - söyləyən Heydər Əliyev yürütdüyü dil siyasətində həmişə çalışırdı ki, gənc nəsildə bu cür nəcib hisslərin tərbiyə edilməsi ön planda olsun. Ümummilli lider ana dilini sadəcə öyrənmək deyil, onu sevməyi də tələb edirdi. Bu mənada dillə bağlı söylədiyi bütün fikirlərdə, çıxış və məruzələrində həmişə böyük mənalar duyular, müdriklik hiss edilərdi: "Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini də yaxşı bilməz. Xatirimdədir, 70-ci illərdə mən bir neçə dəfə çox narahatlıqla göstərişlər verdim ki, rusdilli məktəblərdə Azərbaycan ədəbiyyatına çox yer verilsin. ...Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun". Bütün mütəxəssislər, tədqiqatçılar, ümummilli liderlə birlikdə səfərdə olanlar bir məsələni mütləq vurğulayırlar ki, Heydər Əliyev Azərbaycan dilini təkcə ölkəmizdə, soydaşlarımızın yaşadığı yerlərdə deyil, beynəlxalq dillər mühitində də səsləndirməyi lazım bilirdi. Ulu öndər deyirdi: "Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Biz daha keçmişdəki kimi sovet imperiyasının daxilində deyilik ki, rus dilində danışaq. Qoy hamı, o cümlədən dünyaya yayılmış soydaşlarımız da bilsinlər ki, bizim öz dilimiz var və biz öz dilimizdə də danışırıq". Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan dilinin dövlət dilinə yalnız sözdə deyil, əməldə də çevrilməsi üçün bütün gücü, qüdrəti və iradəsi ilə çalışmışdır. Dünyaya səpələnmiş azərbaycanlılar arasında bir daha ünsiyyət vasitəsi, milli-mənəvi körpülər olması üçün əsl mübarizə aparmışdır.

Ümummilli lider Heydər Əliyevin məşhur bir fikrini yenidən xatırlayıram: "Millətin milliliyini saxlayan onun dilidir". Məhz bu fikrin növbəti təsdiqidir ki, ölkə Prezidenti İlham Əliyev qətiyyətlə bildirir ki, ana dilimizi yad təsirlərdən qorumalıyıq.

Dövlət müstəqilliyimizi qazandıqdan sonra ana dilimizlə bağlı, onun tədqiqi işinin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar imzalanıb. Dil tarixində əlamətdar hadisəyə çevrilən bir məqamdır ki, 2001-ci ilin avqust ayında imzalanan sərəncama əsasən, 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Əlbəttə, dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda, ədəbiyyatdır, tarixdir, mahnıdır, musiqidir, millətin taleyidir. Bu gün dövlət başçısının dillə bağlı qətiyyətli çağırışı hər kəsi bir daha ana dilinə məsuliyyətlə yanaşmağa sövq edir. Azərbaycan dili zəngindir, bir sözün neçə mənası, yozumu var. Ona görə də istər yazıda, istərsə danışıqda mütləq məntiqli olmaq, sözü düzgün ifadə etmək lazımdır. Dəfələrlə qəzetdə bu mövzuda yazılar dərc etdirmişik. Dilin qorunmasına, zənginləşməsinə, mənəvi borcu olanların dili korlamasına, qəsd etməsinə münasibətimizi bildirmişik. Təəssüf ki, bu sahədə qüsurlar hələ də davam etməkdədir. Şəhərimizi bürümüş reklam və elanların dili, eləcə də fəaliyyət göstərən şirkətlərin, müəssisələrin, şadlıq saraylarının, hətta qəzetlərin adı ilə bağlı qüsurlar hələ də davam edir. Bəzi üzdəniraq "sənətçilər" təkcə geyimlərimizi, adət-ənənələrimizi gözdən salan hərəkətlər etmirlər. Həm də dilimizin başına "turp əkir"lər. Demək olar ki, özəl kanalların əksəriyyətində, xüsusilə də şou proqramlarında Azərbaycan dilinin varlığına qəsd edilir. Yad kəlmələr, başqa dildən gəlmə sözlər, kobud ifadələr ekran-efiri başına götürüb. Ədəbi dilimizdən çox-çox uzaqda olan, heç bir lüğət kitablarında tapılmayan sözləri təkcə verilişə təşrif buyuranlar deyil, aparıcılar özləri də gen-bol işlədirlər. Biz dəfələrlə "Xəzər" televiziyasının aparıcılarının Azərbaycan dilinin ahənginə uyğun olmayan bir tonda danışmasını tənqid etmişik. Halbuki Azərbaycanda fəaliyyət göstərən hər bir şirkət, qurum ilk növbədə bu ölkənin rəsmi dövlət dilinə hörmətlə yanaşmalı, onu tələb və qəbuledilən şərtlər əsasında işlətməlidir. Başqa bir ölkədə aparıcının hansı ahəngdə danışmasının bizim ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə dəxli yoxdur. Bu ölkənin öz dili, öz qanunu var. Prezident də vacib vəzifə olaraq hamımızın qarşısında bu məsələni qoyur. Dilimizi yad təsirlərdən qoruyaq. Bu, təkcə yad kəlmələrin, sözlərin işlədilməsi ilə əlaqədar deyildir. Həm də danışıq tərzimizə, ahəngimizə, sözlərin düzülüşünə, cümlənin quruluşuna diqqət yetirməliyik. Bu yaxınlarda Milli Məclisin iclaslarının birində parlament sədrinin müavini Bahar Muradova da Azərbaycan dilinin özəl kanallarda xoşagəlməz hallara məruz qaldığından söz açaraq konkret ünvanı da göstərdi. Maraqlıdır ki, böyük vətəndaşlıq və milli təəssübkeşlik naminə söylənilmiş bu iradları müxalifət düşərgəsində başqa cür yozdular. Halbuki hamımızın bir ana dili var. Əqidəsindən, vəzifəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq ana dilinin gözəlliyini qorumaq, onun təmizliyinə xələl gətirən yad təsirlərin qarşısını almaq hamımızın borcudur. Öz dilini sevməyən insanın Vətən sevgisinə inanmaq olarmı? Ayrı-ayrı ləhcələrin, jarqon ifadələrin həm yazılarda, həm də telekanallarda baş alıb getməsi qəbahətdir, qəbuledilməzdir. Ədəbi dilimizin qanun-qaydalarına əməl edilməsi çox vacibdir. Xüsusilə də, dövlət məmurları sadə vətəndaşlara nümunə olmalıdırlar. Təəssüf ki, hələ də bəzi komitə rəhbəri, nazir Azərbaycan dilində mükəmməl, səlis danışmırlar, fikirləri elə ifadə edirlər ki, baş-ayaq şəkildə işlədilən sözlər öz mənasını itirir. Məsələn, "dəstək" "dəstə", "mütəxəssis" "mütəhəssis", "müsahibə" "müsabiqə" olur və s. Xüsusilə də, "x" hərfi ilə başlanan sözlər "h" ilə əvəzlənir. Təsəvvür edin, komitə sədri keçirdiyi iclasda qonaqlara müraciətlə deyir: "Hoş gəlmisiniz". Bir də "ilk" və "öncə" sözləri haqqında dəfələrlə bildirmişik ki, Azərbaycan dilinin fonetikasına, morfologiyasına, sintaksis quruluşuna görə bu sözlər ayrı-ayrılıqda deyilər. Çünki eyni mənanı ifadə edirlər. Ya ilk, ya da öncə. Bunlar bir yerdə işlənilməz. Təəssüf ki, hələ də çıxış və nitqlərin birinci kəlməsi "ilköncə"dən başlayır. Əhəmiyyət vermədiyimiz kiçik qüsurlarsa böyük səhvlərə və çaşqınlığa gətirib çıxarır. Çox istərdik ki, əski zamanlarda olduğu kimi tanınmış diktorlar, dilçi alimlər telekanallara dəvət edilsinlər. Aparıcıların Azərbaycan dilində təmiz və səlis danışması üçün onların köməyindən mütləq bəhrələnmək lazımdır. Əgər ilin, günün bu vaxtında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında etdiyi nitqində dil məsələsinə bu dərəcədə ciddiyyətlə önəm verib toxunursa, ana dilimizin mühafizəsini elm xadimlərinin diqqətinə çatdırırsa, deməli, bu istiqamətdə görəcəyimiz işlər çoxdur. Ana dilinə məsuliyyətlə yanaşmaq həm övladlıq, həm də vətəndaşlıq borcumuzdur.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 1 may.- S. 1.