Azərbaycanda sosial infrastruktur layihələri uğurla həyata keçirilir

 

Azərbaycan iqtisadi sahədə inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Yeni mərhələnin ən mühüm səciyyəvi cəhəti milli iqtisadiyyatın dayanıqlı və sabit inkişafı üçün qeyri-neft sektorunun daha da gücləndirilməsi, bu sahədə liberallaşma prosesinin dərinləşdirilməsidir. Bu mənada hökumətin respublikanın regionlarının inkişafına xüsusi qayğı ilə yanaşması da ilk növbədə, bölgələrin disproporsional inkişafının qarşısını almaq, qeyri-neft sektorunu, sahibkarlığı milli iqtisadiyyatın intibah prosesinin lokomotivinə çevirməkdir.

Dövlət başçısı İlham Əliyev respublikanın regionlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair imzaladığı fərman və sərəncamlar ölkədə qeyri-neft sektorunun inkişafının davamlı olmasına, iqtisadiyyatın diversifikasiyasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün qarşıdakı müddətdə ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdə tutulub. Respublikanın regionlarının sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramı bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyətinə də yaxşı imkanlar açmışdır. Proqramda özəl sektorun dəstəklənməsi ilə bağlı nəzərdə tutulan kompleks tədbirlər göstərir ki, zəngin iqtisadi biliklərə, menecment təfəkkürünə malik olan, dünyada baş verən iqtisadi prosesləri dərindən bilən Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi tərəqqisində sahibkarların rolunu düzgün dəyərləndirir, onlara hərtərəfli dəstəyini əsirgəmir.

Bu sahədə yürüdülən siyasətin başlıca hədəflərindən biri də əlverişli biznes və investisiya mühiti yaratmaq, bu məqsədlə daxili və xarici investisiyalar cəlb etmək, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisini durmadan artırmaqdır. Ölkəyə investisiya qoyuluşları sahəsində dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyini daha da artırmaq baxımından hələ 2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin yaradılmasının mühüm əhəmiyyəti olmuşdur. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Şirkət eyni zamanda xarici sərmayədarlarla birgə layihələr həyata keçirməklə, onlarda inam və etimadın güclənməsini təmin edir. Qürur doğuran haldır ki, bu gün Azərbaycan investisiya cəlbediciliyinə görə dünyanın öndə olan dövlətlərindəndir.

Cari ilin birinci rübündə dövlət investisiya xərclərinə 546 milyon manat vəsait yönəldilmiş, əsas investisiya layihələrinin maliyyələşdirilməsi təmin edilmişdir. Həmin vəsaitdən 78 milyon manat təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına xərclənmişdir. Müharibə əlilləri, şəhid ailələri üçün yaşayış evlərinin və bu qəbildən olan digər sosial obyektlərin tikintisinə 9,4 milyon manat, regionlarda idman komplekslərinin və digər idman təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 5,5 milyon manat vəsait yönəldilmişdir.

Sahibkarlığın inkişaf etdirilməsi üçün cari ilin birinci rübündə iqtisadiyyatın müxtəlif sahələri üzrə 322 sahibkara 27,5 miloyn manat güzəştli kredit verilmişdir ki, bunun da 10 milyon manatını dövlət büdcəsindən sahibkarlığın inkişafı ilə bağlı ayrılmış vəsait təşkil etmişdir. Sahibkarlıq fəaliyyətinə başlama üçün sərf edilən müddətin, prosedurların və sənəd sayının azaldılması nəticəsində "bir pəncərə" sistemi üzrə cari ilin birinci rübü ərzində 14 min sahibkar qeydiyyata alınmışdır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçirilməsinin nəticəsi olaraq 2011-ci ilin birinci rübündə qeydiyyata alınmış sahibkarların 61,2 faizi regionların payına düşmüşdür.

Ölkədə həyata keçirilən çoxşaxəli dövlət siyasətinin əsasında insan və şəxsiyyət amili dayanır. Azərbaycanın son illərdə büdcə zərfində sosialyönümlü xərclərin prioritetliyi iqtisadiyyatda bu sahənin üstünlüyünü bir daha təsdiqləyir. Bu siyasətin real nəticələri isə insanların gündəlik həyatında öz təcəssümünü tapır. Ölkəmizdə ünvanlı sosial yardım proqramının uğurla həyata keçirilməsi, respublikamızda yeni açılan iş yerlərinin sayının ildən-ilə artması sosial siyasətin praktik nəticələri kimi diqqəti çəkir. Sosial sahəyə diqqətin ildən-ilə artırılması ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə nəticələnir.

Dövlət başçısının yürütdüyü sosial islahatların əsas məqsədi əhalinin məşğulluğunun təmin edilməsindən, yeni iş yerlərinin açılması və paralel olaraq sosial müdafiəsi məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsindən, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılmasından, onların həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasından ibarətdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin birinci rübündə sosial təyinatlı xərclərə aid olan təqaüdlərin və müavinətlərin ödənilməsinə 17,2 faiz çox vəsait sərf edilmişdir. Məcburi köçkünlərə, müavinət və yardım alan vətəndaşlara nəzərdə tutulan ödənişlər üzrə öhdəliklərin icrası tam təmin edilmiş, növbəti rüblər hesabına ayrılan vəsait də nəzərə alınmaqla cari ilin birinci rübündə sosial təminat və sosial müdafiə xərclərinə ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz çox vəsait yönəldilmişdir.

Son 7 il ərzində ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır, hətta böhranlı 2009-cu və 2010-cu illərdə iqtisadiyyatımız 14 faiz artmışdır. İqtisadiyyatımız birinci rübdə bütövlükdə 1,6 faiz artmışdır. Qeyri-neft sektorunda artım 5,6 faiz təşkil etmişdir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirmişdi: "Bütövlükdə iqtisadi sahədə bütün tapşırıqlar yerinə yetirilir. Birinci rübün yekunları deməyə əsas verir ki, ilin sonuna qədər də müsbət meyillər özünü göstərəcəkdir. Sosial sahədə bütün proqramlar həyata keçirilir. Bütün sosial məsələlər öz həllini tapır. Sosial infrastrukturun yaradılması istiqamətində proqram üzrə işlər aparılır. Məktəblərin, xəstəxanaların, sosial obyektlərin, mədəniyyət, idman obyektlərinin tikintisi investisiya proqramı çərçivəsində müəyyən olunduğu kimi icra edilir. Birinci rübün yekunlarına görə ölkəmizdə əməkhaqqı 340 manat səviyyəsindədir. Əgər biz dollarla hesablasaq, bu, haradasa 430 dollara yaxındır. Bu, yaxşı göstəricidir. Orta əməkhaqqının artımı ölkədə həm iqtisadi, həm də sosal sahədə aparılan siyasətin əlamətidir. Biz bazar iqtisadiyyatına sadiq ölkəyik. Eyni zamanda, sosial məsələlər Azərbaycanda uğurla öz həllini tapır. Əlbəttə, bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, Azərbaycanda yoxsulluğun səviyyəsi ildən-ilə aşağı düşür".

Dövlət başçısı İlham Əliyevin xalqın mənafeyini uca tutmaqla həyata keçirdiyi iqtisadi siyasətin uğurları respublikamızın cari ilin birinci rübündə qazandığı makroiqtisadi göstəricilərdə bir daha əksini tapır. Uğurla gerçəkləşdirilən iqtisadi strategiya respublikamızı yeni inkişaf mərhələsinə çıxarmış, büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə imkan yaratmışdır.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.- 1 may.- S. 1.