Heydər Əliyevin geosiyasi təlimi: XXI
əsrdə Azərbaycanın əsas geosiyasi vəzifələri
və perspektivləri
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə dövlətin sükanı arxasına keçməsi ilə ciddi xarici geosiyasi müdaxilələrə, kəskin daxili ictimai-siyasi, iqtisadi və mənəvi böhrana, günü-gündən güclənən milli-vətəndaş qarşıdurması və s. neqativ hadisələrə baxmayaraq, müstəqil Azərbaycanın milli dövlətçiliyini qoruyub saxlamaq mümkün oldu. 1993-1996-cı illərdə respublikada milli-vətəndaş qarşıdurmasının dayandırılması, ictimai-siyasi sabitliyin bərpa edilməsi, həyata keçirilən ardıcıl daxili, xarici, milli dövlət quruculuğu və sosial-iqtisadi siyasət, 1994-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində müvəqqəti atəşkəsə nail olunması və s. proseslər Azərbaycan Prezidentinə öz xalqının gələcəyi ilə bağlı həyati əhəmiyyət kəsb edən strateji layihələri həyata keçirməyə imkan yaratdı.
Qısa zaman kəsiyində ölkənin həm daxili həyatında bazar iqtisadiyyatı mexanizmlərinin yaradılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi və biznes mühitinin liberallaşdırılması, həm də beynəlxalq aləmlə hərtərəfli işgüzar münasibətlərin qurulması, respublika iqtisadiyyatına hava-su kimi lazım olan xarici investisiya və texnologiyaların cəlb edilməsi, Xəzər dənizinin milli sektorundakı neft-qaz yataqlarının birgə istismarı, inkişaf etmiş Qərb dövlətləri və onları təmsil edən şirkətlərlə Azərbaycanın bərabərhüquqlu, qarşılıqlı-faydalı, müştərək tərəfdaşlıq əlaqələrinin yaradılması və s. milli geosiyasi vəzifələrin həyata keçirilməsinin müvəffəqiyyətli sonluğunu şərtləndirdi.
1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə Xəzər dənizinin karbohidrogen yataqlarının mənimsənilməsi və hasil olunan neftin alternativ yollarla dünya bazarlarına ixracı sahəsində "Əsrin müqaviləsi" adlanan çoxtərəfli sazişin imzalanması isə tezliklə planetin əsas fövqəlgüclərinin, aparıcı maliyyə və iqtisadi institutlarının, beynəlxalq transmilli təşkilatların diqqətini Azərbaycana yönəldərək, onlarla qarşılıqlı-səmərəli əməkdaşlıq şəraiti yaratdı.
1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalı seçki nəticəsində yeni parlamentin formalaşdırılması, daxili siyasətdə demokratiya və bazar iqtisadiyyatı prinsiplərinə söykənən modernləşmə kursunun seçilməsi və digər addımlar yaxın və uzaq perspektivdə Azərbaycanın qarşısında duran milli vəzifələri, iqtisadi, siyasi, sosial-mənəvi inkişaf prioritetlərini müəyyənləşdirdi.
Azərbaycanın yeni iqtisadi inkişaf kursu, xarici iqtisadi əlaqələri və neft strategiyası 1996-cı ildən başlayaraq tədricən öz müsbət nəticələrini verərək, ölkəyə dünya iqtisadiyyatına və siyasətinə inteqrasiya istiqamətində ciddi addımlar atmağa imkan yaratdı. Xüsusən "Əsrin müqaviləsi"nin imzalanması bir dövlət olaraq Azərbaycanın dünyada və regionda geosiyasi və geoiqtisadi əhəmiyyətini artırdı, onu bölgədə və dünyada arzuolunan iqtisadi tərəfdaşa çevirdi. Mövcud şəraitdən bəhrələnən hakimiyyət ölkə daxilində dinamik sosial-iqtisadi, siyasi və mədəni inkişaf kursu götürdü ki, bu da geosiyasi anlamda Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini, geoiqtisadi dəyərini yüksəltdi, regional dövlət olaraq perspektivlərini artırdı. O vaxta qədər Cənubi Qafqaz və Xəzər hövzəsinin ən problemli, daxili münaqişələrin, etnik-milli, sosial və dini qarşıdurmaların tüğyan etdiyi Azərbaycan, tezliklə regionda geosiyasi və geoiqtisadi cəhətdən ən əhəmiyyətli bir ölkəyə, arzu olunan iqtisadi tərəfdaşa və ciddi persrektivlər vəd edən dövlətə çevrildi. Digər iki Cənubi Qafqaz respublikası - Gürcüstan və Ermənistandan fərqli olaraq, böyük iqtisadi, əmək resursları və insan potensialına, zəngin enerji mənbələrinə, əlverişli coğrafi mövqeyə və ən əsası, tam müstəqil, balanslı, təkmil daxili və xarici siyasət kursuna, aydın geostrateji, geoiqtisadi mövqeyə malik olması - Azərbaycana regionun vahid liderinə çevrilməsi imkanı yaratdı.
Əlbəttə, bütün bu keyfiyyətlərin qazanılması Azərbaycan dövlətinə və onu idarə edənlərə heç də asan və rahat başa gəlməmişdir. Ulu öndər Heydər Əliyevin nümayiş etdirdiyi böyük iradə, ortaya qoyduğu ciddi zəhmət və düşünülmüş siyasət olmasaydı, yəqin ki, dünya ekspertləri bu ölkə haqqında hazırda tamamilə fərqli fikirdə olacaqdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqillik əldə edildikdən sonra Azərbaycanın keçdiyi geosiyasi inkişaf yolunu xarakterizə edərək söyləmişdir ki, 1993-cü ildən sonrakı dövrdə Azərbaycanının milli dövlətçiliyi qorunub saxlandı və yenidən quruldu, onun inkişaf strategiyası müəyyənləşdi, ölkəmiz özünü bütün dünyaya perspektivli və etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi təqdim edə bildi.
Müstəqillik illərində Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda reallaşdırılan transmilli enerji, nəqliyyat-kommunikasiya və dəhliz layihələrinin işə düşməsi faktiki olaraq ölkəmizi Xəzər-Qara dəniz hövzəsinin və Cənubi Qafqazın lider dövlətinə çevirdi. Bəzi nüfuzlu Qərb tədqiqatçılarının fikri ilə ifadə etsək: "Azərbaycana Cənubi Qafqazda ətraf ölkələrin geosiyasi kursunu müəyyən edən" lider dövlət mövqeyi qazandırdı. Əlbəttə, bütün bunlar regional və beynəlxalq səviyyədə müəyyən iqtisadi, siyasi, sosial-mənəvi üstünlüklər qazandırmaqla yanaşı, həm də ölkə qarşısında daxili həyatda, yerləşdiyi Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda, o cümlədən bütün dünyada xüsusi düşünülmüş və davamlı geosiyasi fəaliyyət göstərmək kimi vacib tələblər qoydu.
Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə hazırda Azərbaycanın beynəlxalq aləm üçün geosiyasi dəyər ölçülərini artıran, regional və beynəlxalq perspektivini yüksəldən, xarici aləmlə tərəfdaşlıq münasibətlərinə və milli inkişafına müsbət təsir göstərən əsas amillər daha çox - ölkənin təbii-mineral ehtiyatları, Qərblə Şərq arasındakı siyasi, hərbi, ticarət və s. əlaqələrə müsbət təsir göstərən coğrafi mövqeyi, mövcud nəqliyyat-kommunikasiya və tranzit imkanları, yürütdüyü geoiqtisadi siyasət və s. ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin geosiyasi təlimindən çıxış etsək, keçən əsrin son onilliyində və bu yüzildə Azərbaycanın qarşısında duran əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəzifələr, ölkənin gələcək geosiyasi uğurlarını təmin edəcək milli strateji kurs aşağıdakı kimi görünür:
Cənubi Qafqazın lider dövləti
geosiyasi statusunun qazanılması, möhkəmləndirilməsi
və qorunub saxlanması
Azərbaycan özünün "Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmək" kimi geosiyasi və geostrateji iddialarını heç vaxt gizlətməmişdir. Bu gün Azərbaycan öz iqtisadi inkişaf potensialına və milli resurslarına görə faktiki olaraq regionun lider ölkəsinə çevrilmişdir. Cənubi Qafqazın insan resurslarının təxminən 60%-i, yanacaq-enerji və maliyyə resurslarının 90%-i, iqtisadi potensialının isə 75-80%-i Azərbaycanın payına düşür. Hazırda həm qonşu dövlətlər, həm də dünyanın əksər geosiyasi aktorları bütün ölçülər üzrə regionun "lider ölkəsi" statusunu daşımaq imkanını məhz Azərbaycana aid edirlər. Mütəxəssislərin fikrinə görə, Azərbaycanın bölgədəki əksər geosiyasi hadisələrə görə getdikcə artan məsuliyyəti fonunda həm də regional proseslərə təsir gücü günü-gündən yüksəlir. Beynəlxalq aləm Xəzər hövzəsi və Cənubi Qafqazın regional problemlərinin, bu məkanda reallaşdırılan əksər transmilli layihələrin və s. həllində ilk növbədə Azərbaycanın mövqeyini əsas götürür və onunla hesablaşmaq məcburiyyəti ilə üzləşirlər.
Hazırda Cənubi Qafqazdakı hər hansı məhəlli və beynəlxalq məsələdə, nə geosiyasi və geoiqtisadi imkanları xeyli zəif olan Gürcüstan, nə də ki Rusiyanın "forpostu" hesab olunan Ermənistan Azərbaycanla regional rəqabətə tab gətirə bilir. Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra onun yeni siyasi rəhbərliyi bu ölkəni postsovet məkanının əsas və aparıcı mərkəzinə çevirmək istəsə də, onun zəif iqtisadi potensialı, yararsız, köhnə infrastrukturları və s. buna imkan vermədi. Gürcüstanın iqtisadi perspektivi əsasən Azərbaycandan və Orta Asiyadan gələn enerji və digər malların Qərb ölkələrinə nəqlinə, Avropa-Asiya əlaqələrində tranzit dəhliz roluna hesablanmışdır. Bu ölkənin gəlir əldə etmək imkanlarının böyük hissəsi birbaşa Azərbaycanla bağlıdır. Gürcüstan öz enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində də Rusiya və Azərbaycandan tam asılı vəziyyətdədir. 2008-ci ildə bu ölkənin Rusiya ilə münasibətlərinin gərginləşməsi fonunda dərin enerji böhranına düçar olması və yalnız Azərbaycanın işə qarışmasından sonra vəziyyətdən çıxması söylədiklərimizin əyani sübutudur.
O ki qaldı Ermənistan və onun Cənubi Qafqazdakı mövqeyinə, Azərbaycanın beynəlxalq aləmdəki çəkisinin artması, son dövrlərdəki aktiv xarici siyasəti nəticəsində bu ölkənin işğalçı siyasəti ən yüksək tribunalardan etiraf olunmuşdur. Bu gün Ermənistan hətta ən yaxın strateji müttəfiqləri ilə münasibətlərdə də bu faktı ört-basdır etməkdə çətinlik çəkir. O, bütün regional və transmilli layihələrdən təcrid olunmuş və ağır sosial-iqtisadi böhrana düçar olmuşdur. Ölkənin əsas iqtisadiyyatı və həyati əhəmiyyətli infrastrukturları Rusiyanın tam nəzarətinə keçmiş, əsas daxili və xarici siyasət məsələləri, Cənubi Qafqazdakı geosiyasi fəaliyyəti Moskva ilə razılaşdırılır, onun rəyi olmadan erməni rəhbərləri heç bir müstəqil qərar qəbul edə bilmir.
Bundan başqa, Ermənistanda sosial durumun ildən-ilə ağırlaşması, əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi hakimiyyət strukturlarını çox ciddi demoqrafik problemlərlə üz-üzə qoymuşdur. Ermənistan Dövlət Statistika Xidməti öz açıqlamasında etiraf etmişdir ki, hər il orta hesabla 50-70 min vətəndaş xarici dövlətlərə miqrasiya edir. Ermənistanda əhalinin sayının "sabit" saxlanılması üçün ikili vətəndaşlıq tətbiq edilmiş və əhalinin sayını süni şəkildə 3 milyona qaldırmışlar. Halbuki BMT-nin Ermənistan nümayəndəliyinin və Rusiyanın müxtəlif rəsmi və qeyri-rəsmi qurumlarının araşdırmalarının nəticələrinə əsasən, bu ölkədə hazırda cəmi 1,5 milyon əhali yaşayır və gənclərin 70%-i Ermənistanı tərk edərək xaricdə məskunlaşmaq arzusundadır (Bax: "Şərq" qəzeti. 30 yanvar 2010. ¹33).
2009-cu ildə iqtisadi böhran Ermənistanda durumu daha da ağırlaşdırmış, ölkə iqtisadiyyatı 14,4% geriləmiş, əhalinin yaşayış səviyyəsi 30% aşağı düşmüş, işsizlərin sayı daha 82 min 900 nəfər artmışdır (Bax: "Səs" qəzeti. 23 fevral 2010. ¹39).
Ermənistanın Cənubi Qafqazdakı iri enerji layihələrindən kənarda qalması isə onun regionda sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən siyasət aparması ilə bağlıdır. Azərbaycanın iştirak etdiyi enerji-nəqliyyat dəhlizləri layihələrinə Ermənistanın qoşulmasına etiraz etməsinin əsaslı səbəbləri var. Bunların sırasına Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları Ermənistanın işğal altında saxlaması, Azərbaycanla onun Naxçıvan Muxtar Respublikasını birləşdirən nəqliyyat-kommunikasiya xətlərini dağıtması və Naxçıvanı blokadada saxlaması kimi məsələlər daxildir.
Təhlillər göstərir ki, hazırda Azərbaycanın iqtisadi potensialı Ermənistanınkından azı 10 dəfə yüksəkdir. Azərbaycanın son ildəki təkcə illik hərbi büdcəsi (təxminən 3,2 milyarad manat) Ermənistanın bütün dövlət büdcəsindən (təxminən 3 miyarad ABŞ dolları) artıq olmuşdur. İşğalçılıq siyasəti ilə özünü regionun bütün transmilli layihələrindən kənarda qoyan bu militarist ölkə işğal etdiyi Azərbaycan ərazilərinin müvəqqəti qarət edilməsindən, xaricdəki havadarlarından və çoxsaylı erməni diasporundan aldığı maliyyə dəstəyindən tam asılı vəziyyətdədir. Ekspertlərin hesablamalarına görə, hər il Ermənistanın xarici ölkələrdəki diaspor təşkilatlarından və şəxslərdən topladığı yardımlar ölkə iqtisadiyyatının daxili gəlirlərini iki dəfə üstələyir. Onların fikrinə görə, Dağlıq Qarabağ münaqişəsi zəminində ermənilərin xarici aləmdən aldıqları yardım dayandırıldıqdan sonra onun sosial-iqtisadi vəziyyəti daha da ağırlaşacaq.
Lakin bir faktı da inkar etmək olmaz ki, nə qədər ağır və perspektivsiz vəziyyətdə olsa da, Ermənistan Cənubi Qafqaz ölkələri və xalqları arasında yarana biləcək mehriban qonşuluq, qarşılıqlı-faydalı əməkdaşlıq və regional tərəfdaşlıq münasibətlərinə kifayət qədər mənfi təsir göstərmək gücünə malikdir. Bəzi geostrateqlərin fikrinə görə, Ermənistanın Cənubi Qafqazdakı "xüsusi geosiyasi missiyası" təkcə bölgə ölkələrinin "heç kimdən asılı olmayan, müstəqil regional əməkdaşlıq tendensiyasını" pozmaq deyil, həm də bu məkanda davamlı regional böhran, etnik-separatçı münaqişələr və s. yaradaraq, region ölkələrinin Avropa strukturlarına - NATO-ya, Avropa Birliyi və s. inteqrasiyasının qarşısını almaqdan ibarətdir. Ermənistanın hətta ən əlverişli şərtlər çərçivəsində belə Dağlıq Qarabağ münaqışəsinin həllindən hər dəfə bu və ya digər bəhanələrlə boyun qaçırmasının kökündə də məhz kənardan idarə olunan "geosiyasi missiya" dayanır.
Azərbaycanın qazanmaqda olduğu "regional lider dövlət" statusunu daha da möhkəmləndirməsi üçün qarşıdan gələn illərdə bir çox vacib və məsuliyyətli geosiyasi, geostrateji və geoiqtisadi vəzifələri reallaşdırması tələb olunur. Bu işin əsas hərəkətverici qüvvəsi rolunda ilk növbədə ölkənin ictimai-siyasi institutları, milli elitası və cəmiyyətin bütün orta təbəqəsi çıxış etsə də, müvəffəqiyyətli həlli daha çox hakimiyyət strukturlarından və həyata keçirilən rəsmi dövlət siyasətindən asılı olacaqdır.
Avropa və dünyanın enerji təhlükəsizliyi
sahəsindəki mövqeləri qorumaq, gücləndirmək
və ölkənin milli maraqları ilə sıx əlaqələndirmək
Azərbaycanın regionda və dünyada geosiyasi mövqeyini möhkəmləndirən əsas amillərdən biri Xəzərin ona məxsus sektorundakı zəngin karbohidrogen ehtiyatları və həmin resursların alternativ marşrutlarla dünya bazarlarına daşınması sahəsində həyata keçirdyi müstəqil və Qərbyönümlü enerji siyasəti olmuşdur. Ardıcıl şəkildə həyata keçirdiyi yeni neft strategiyası ilə Azərbaycan qısa müddətdə Avrasiyanın alternativ enerji daşıyıcılarının tranzit qovşağına və əsas təminatçılarından birinə çevrilmişdir. Mütəxəssislərin fikrinə görə, Azərbaycan Avrasiyanın "elə bir geosiyasi məkanına çevrilmişdir ki, orada "ABŞ, Avropa İttifaqı, Rusiya və başqa dünya güclərinin geoiqtisadi maraqları, geosiyasi və hərbi-geostrateji mövqeləri bir-birinə ən yüksək dərəcədə yaxındır" (Bax: Yohannes Rau. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair Avropanın mövqeyi//"Azerbaijan Focus" jurnalı, yanvar-mart, 2010, s. 117).
Cənubi Qafqazda ən iri enerji, nəqliyyat-kommunikasiya layihələrinin təşəbbüskarı olması və onların fəaliyyətini təmin etməsi təkcə Azərbaycanın özünün deyil, həm də bütün Xəzər-Qara dəniz hövzəsi regionunun, Avropa və Amerikanın, bütün dünyanın strateji maraqlarını təmin edir. Avropa Birliyinin enerji təhlükəsizliyində həm tranzit ölkə, həm də neft və qaz təchizatçısı kimi tanınması XXI əsrdə Azərbaycanın geosiyasi dəyərini artırması üçün geniş perspektivlər yaradır. Bu sahədə onun bundan sonrakı həlledici mövqelərinin qorunması və möhkəmləndirilməsinə artıq təkcə əvvəlki Qərbyönümlü mövqelərdə dayanması, yaxud fərqli, müstəqil və alternativ geosiyasət yürütməsi bəs etməyəcəkdir. Azərbaycanın bundan sonrakı geosiyasi və geoiqtisadi dəyəri daha praqmatik və real şəkildə, dünyada kəskin rəqabət şəraitində, enerji bazarlarına daha ucuz qiymətə, sabit və artan miqdarda enerji resursları çıxarmaq qabiliyyətindən, bölgədəki xarici investisiyaların həcmini artırmasından, öz milli kapitalı ilə sonrakı transmilli enerji-nəqliyyat layihələrində xarici partnyorlarla bərabərhüquqlu tərəfdaşlıq əsasında iştirak etməsindən və s. asılı olacaqdır. Yalnız ölkənin neft və qaz hasilatını ildən-ilə artırmaqla və onu Qərbin artan enerji tələbatı ilə ağıllı surətdə əlaqələndirməklə üçüncü minillikdə Azərbaycanın geosiyasi və geoiqtisadi perspektivini artırmaq, dünyada, Avrasiya regionunda və Cənubi Qafqazdakı mövqelərini getdikcə daha da möhkəmləndirmək olar. Mütəxəssislərin fikrinə görə, yaxın on ildə ölkənin ixrac üçün nəzərdə tutulan neft-qaz hasilatının artırılması və sonrakı 20 ildə sabit vəziyyətdə saxlanması təkcə onun iqtisadi və maliyyə vəziyyətini yaxşılaşdırmaq anlamında deyil, həm də beynəlxalq geosiyasi dəyərini artırmaq baxımından vacibdir. Bu reallığı nəzərə alaraq Xəzər dənizinin Azərbaycan sektorundakı enerji resurslarının istehsalının getdikcə artırılması və ən əsası, bu məhsulların məhz Avropa bazarına ixrac edilməsi Azərbaycanın dünya miqyasına çıxması, əhəmiyyətli "dünya dövlətinə" çevrilməsini şərtləndirən əsas amillərdən birincisidir.
Enerji ixracı
marşrutlarının şaxələndirilməsi və yeni
satış bazarlarının axtarışı siyasətinin
davam etdirilməsi
Azərbaycan Avropa və Asiyanın nəqliyyat-kommunikasiya dəhlizlərinin və neft-qaz ixracatı marşrutlarının üzərində yerləşir. Ölkənin dünyada önəmli rol oynayan dövlətlərlə geoiqtisadi münasibətlərinin taktikasının düzgün müəyyənləşdirilməsi, neft-qaz ixracı marşrutlarının şaxələndirilməsi və səmərəli istifadəsinin təşkili, xarici aləmlə mövcud nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsi, dünyada yeni-yeni satış bazarlarının axtarılması və mənimsənilməsi onun 2010-2020-ci illərdə reallaşdıracağı əsas geosiyasi və geoiqtisadi vəzifələr sırasına daxildir. Bu məqsədlə xarici aləmlə Azərbaycanı birləşdirən transmilli və ölkədaxili strateji tranzit-nəqliyyat infrastrukturlarının, neft-qaz kəmərlərinin yenidən qurulması, buraxılış və daşıma gücünün bir neçə dəfə artırılması xüsusi əhəmiyyət kəsb edir.
Rəsmi məlumatlara görə, keçən illərdə 34 beynəlxalq transmilli şirkət və 16 nüfuzlu dövlət Azərbaycanın təşəbbüsü ilə Xəzər regionundakı nəqliyyat-kommunikasiya dəhlizi və ixrac kəmərlərinin çəkilişi, yenidən qurulması və s. layihələrə qatılmış, onların reallaşmasında iştirak etmişdir. Bu layihələrdən ən vacibi, şübhəsiz ki, artıq istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri, eyni zamanda Avropa Birliyinin TRASEKA layihəsı çərçivəsində yenidən qurulmuş və bərpa edilmiş Transqafqaz nəqliyyat-kommunikasiya dəhlizi ("İpək yolu") və tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bu kəmərlər və nəqliyyat-kommunikasiya dəhlizləri təkcə Azərbaycanın deyil, bütün regionun geosiyasi vəziyyətini köklü şəkildə dəyişmiş, bölgə ölkələrinin müstəqilliyinin gücləndirilməsi, iqtisadiyyatının, sosial həyatının, ölkədaxili milli-vətəndaş birliyinin, siyasi plüralizm, vətəndaş cəmiyyəti və demokratik dəyərlərin inkişaf etdirilməsində və ən əsası, regional, beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamışdır.
Tədqiqatçılar hesab edirlər ki, dünyanın aparıcı ölkələrinin və şirkətlərinin BTC-nin reallaşmasındakı iştirakı təkcə Azərbaycanın deyil, həm də bölgənin enerji resursları ilə zəngin digər ölkələrinin geoiqtisadi gücünü artırmış, bəzi regional qüvvələri geosiyasi təsirlərdən azad etmiş və beynəlxalq aləmdə onların reallaşdırdığı transmilli enerji layihələrinə dəstək olmuşdur. Layihə iştirakçısı olan əksər dövlətlər həm də regionun geosiyasi proseslərinə daha fəal cəlb olunmuş və ona təsir göstərmək imkanı qazanmışdır. Azərbaycan tərəfindən davamlı şəkildə həyata keçirilən bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq, bütün tərəflərin ortaq maraqlarının nəzərə alınması və s. bu ölkənin xarici müttəfiqlərinin sayının artmasını şərtləndirmişdir.
Azərbaycan hazırda beynəlxalq aləmlə iqtisadi, enerji, nəqliyyat və s. əlaqələrini heç bir kənar təsirə məruz qalmadan, müstəqil şəkildə reallaşdırmağa çalışır. Bunun üçün ölkə rəsmiləri qarşıdan gələn illərdə həm mövcud transmilli nəqliyyat-kommunikasiya və enerji kəmərlərinin sabit fəaliyyətini, öz məhsullarının bu dəhlizlərlə sərbəst ixracını təmin etməli, həm də yeni-yeni alternativ bazarların axtarılmasını, kəmərlərin çəkilməsini və enerji ixracının şaxələndirilməsini davam etdirməlidir.
Geosiyasi mövqelərin möhkəmləndirilməsi
taktikasının çevikləşdirilməsi və sistemli
təminatı
Azərbaycan Respublikasının bugünkü əsas strateji mənafeləri və geosiyasi maraqları ilk növbədə onun dövlət suverenliyinin qorunub saxlanılmasını, ərazi bütövlüyünün bərpa edilməsini, əhalisinin həyat şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin olunmasını, ölkə daxilində dayanıqlı siyasi və liberal iqtisadi sistemin formalaşdırılması və inkişafını, sosial-iqtisadi tərəqqinin davam etdirilməsini, xarici aləmlə ortaq maraqların tapılması və uzlaşdırılmasını, ölkənin milli maraqlarının təminatı ilə bağlı qazanılmış beynəlxalq dəstəyin getdikcə artırılmasını və s. vəzifələrin reallaşmasını tələb edir. Bu məsələlər Azərbaycanın bir dövlət kimi mövcudluğunu, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı mövqelərinin güclənməsini şərtləndirən əsas strateji vəzifələr hesab olunur.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan diplomatiyasının bütün səyləri planetin mürəkkəb siyasi münasibətlər sistemində ölkənin müharibədən çıxarılmasına, pozulmuş ərazi bütövlüyünün bərpa olunmasına, milli, regional və beynəlxalq maraqlarının təmin edilməsinə, xarici aləmlə dinc əməkdaşlıq mühitinin yaradılmasına yönəlmişdir. Prezident Heydər Əliyevin diplomatik məharəti, Azərbaycanın mühüm coğrafi mövqeyi, zəngin təbii ehtiyatları, dünya üçün kəsb etdiyi geosiyasi önəm və s. həmin vəzifələri həll etməyə şərait yaratmışdır. Azərbaycanın Avrasiyadakı əhəmiyyətli strateji mövqeyi və geosiyasi dəyəri məşhur dünya politoloqları, aparıcı tədqiqat mərkəzləri tərəfindən də etiraf olunmuşdur. Politoloq Z.Bjezinski bildirmişdir ki, "Müstəqil Azərbaycan Qərbin Xəzər hövzəsinin və Orta Asiyanın zəngin enerji resurslarına çıxışı üçün dəhliz ola bilər. Və əksinə, asılı Azərbaycan Orta Asiyanın dünyadan təcrid edilməsi deməkdir".
Digər tərəfdən, bir çox mütəxəssislər hesab edirlər ki, Azərbaycanın dünyadakı geosiyasi mövqeyinə müsbət təsir edən amillərdən biri bəzi hallarda onun mövqeyinin digər region ölkələrininki ilə üst-üstə düşməməsidir. Lakin bu geosiyasi uyğunsuzluq mövcud milli resursların bölüşdürülməsi və ortaq maraqlar naminə reallaşdırılan "kompromis siyasət" vasitəsilə aradan qaldırılır. Azərbaycanın dünyanın mühüm transmilli geosiyasi və geoiqtisadi maraqların kəsişmə nöqtəsində yerləşməsi və ölkə rəhbərliyinin indiyə qədər bu üstünlükdən məharətlə istifadə etməsi region ölkələri ilə yaranan ziddiyyətli məqamları aradan qaldırmışdır. Məsələn, Azərbaycanın da iştirak etdiyi tarixi "İpək yolu"nun bərpası ilk dövrdə Rusiyanı razı salmasa da, sonrakı dövrdə Azərbaycan dövlətinin yürütdüyü siyasət nəticəsində bu ölkə rəsmilərini bəhs olunan dəhlizin bütün regiona, o cümlədən də Rusiyaya mənfəət gətirəcəyinə inandıra bilmişdir. Azərbaycan öz səmərəli və müsbət mahiyyətli geosiyasəti ilə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin açılmasında mühüm rol oynayaraq, Transqafqaz və Transasiya nəqliyyat dəhlizlərinin fəaliyyət göstərməsində təkcə öz milli maraqlarını deyil, Rusiya da daxil olmaqla bütün region ölkələrinin maraqlarını təmin etmiş, bölgəni dünyanın əsas tranzit mərkəzlərindən birinə çevirmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu da bu anlamda təkcə Azərbaycanın deyil, bütün bölgənin geoiqtisadi maraqlarının təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.
Ciddi transmilli layihələri həyata keçirərkən Azərbaycanın geosiyasi və geoiqtisadi maraqlarının gələcək perspektivləri bundan sonra da hər hansı qarantiyalı inkişaf və tərəqqiyə nail olmaq, əsas strateji həyati ehtiyacları təmin etmək məqsədilə ölkənin geosiyasi addımlarını nüfuzlu regional və beynəlxalq dövlətlərlə, hövzədə geosiyasi maraqları ölkəmizlə üst-üstə düşən transmilli aktorlarla, güc mərkəzləri ilə uzlaşdırmağı tələb edir. Hazırda Azərbaycan yeni müstəqillik əldə etmiş dövlət kimi öz milli mənafelərini mövcud geosiyasi reallıqlara adekvat olaraq müəyyənləşdirməyə, regionda marağı olan əsas ölkələrlə uzlaşdırmağa məcburdur. Yaranmış vəziyyətdə bəzən Azərbaycan da başqa hövzə ölkələri kimi öz milli mənafelərinin qeyri-əsas hesab olunan bir qismini kiməsə güzəştə getməyə, yaxud hansısa "milli dividendləri" kiminləsə bölüşməyə məcbur olur. Əsas odur ki, bu prosesdə dövlət mövcud imkanlar daxilində öz milli və geosiyasi maraqlarının ən vacib, strateji sahələrini kiməsə güzəştə getməsin. Dünya siyasətşünasları belə fəaliyyəti planetin geosiyasi və beynəlxalq münasibətlərinin hazırkı vəziyyətində doğru addım hesab edir və Azərbaycanın bundan sonra da məhz belə davranış nümayiş etdirəcəyini proqnozlaşdırırlar.
Dağlıq Qarabağ probleminin həllinə dinc yolla
nail olunması
Xəzər
hövzəsi və Cənubi Qafqazın geosiyasi perspektivləri
ilə bağlı bütün beynəlxalq dəyərləndirmələrdə
regional sülh və təhlükəsizlik məsələsi
əsas şərt kimi irəli sürülür. Hazırda
regionun inkişafı və dünyada gedən inteqrasiya proseslərinə
qatılması məhz yerli ölkələr arasındakı
sivil, dinc birgəyaşayış münasibətlərinin bərqərar
olmasından, regional sülhün yaradılması və
bölgədəki sabitliyin saxlanılmasından asılı
vəziyyətə düşməkdədir. Bu gün Qafqazdakı postsovet ölkələrinin
dördü də daxili etnik-separatist münaqişələrə
cəlb olunmuşdur. Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ, Gürcüstan - Abxaziya,
Gürcüstan - Cənubi Osetiya və Rusiya -
Çeçenistan münaqişələri regionun sabitliyini
hər an poza biləcək potensial təhlükə mənbələridir.
Qloballaşma
dövründə istənilən ölkənin daxili həyatındakı
münaqişə təkcə həmin ölkənin deyil, həm
də ümumilikdə regionun və dünyanın geosiyasi və
təhlükəsizlik mühitinə mənfi təsir göstərir,
ölkələrin müxtəlif yönlü maraqlarına zərbə
vurur.
Hazırda rəsmi
Bakı Azərbaycanın və ümumilikdə regionun
geosiyasi, geoiqtisadi maraqları və perspektivi baxımından,
bütün daxili və xarici münaqişələrin tezliklə,
yeni müharibəyə əl atmadan - sülh yolu ilə
nizamlanmasının tərəfdarı kimi
çıxış edir. Lakin eyni zamanda, "nə sülh, nə
müharibə" vəziyyətinin də sonsuza qədər
uzanmasına göz
Bu gün
Dağlıq Qarabağ problemi təkcə iki ölkə
arasında yaşanan lokal münaqişə deyil, bütün
regionun ciddi geosiyasi böhrana sürüklənməsidir və
ayrı-ayrılıqda hər iki ölkənin sosial-iqtisadi
inkişafı yolunda böyük maneədir. Dağlıq
Qarabağ münaqişəsinin nizamlanmasına münasibət
bildirən bütün nüfuzlu qurumlar və ekspertlər bu
problemi "regionda sülh və sabitliyi ən çox təhdid
edən real bir təhlükə" kimi xarakterizə
etmişlər və etməkdədirlər. İstər
Birləşmiş Millətlər Təşkilatı Baş
Assambleyasının sessiyasındakı
çıxışı zamanı, istərsə də
sonrakı çıxışlarında Azərbaycan Prezidenti
İlham Əliyev işğal altında olan Azərbaycan ərazilərinin
rəsmi Bakının və beynəlxalq aləmin nəzarətindən
çıxdığını, "nəzarətsiz və təhlükəli
zonaya" çevrildiyini bəyan etmişdir. Bu
isə həmin ərazidə beynəlxalq terrorizm, nəzarətsiz
silah və narkotik qaçaqmalçılığı
üçün əlverişli şərait yaradır.
Rəsmi
Bakının hazırda xarici siyasətinin əsas istiqamətlərindən
birini məhz dünya birliyinin bu problemə beynəlxalq
hüquqa uyğun, konstruktiv və prinsipial
yanaşmasını təmin etmək və onun köməkliyi
ilə Azərbaycanın ərazi
bütövlüyünün bərpasına nail olmaq təşkil
edir. Keçən
müddətdə bu istiqamətdə həyata keçirilən
fəaliyyət nəticəsində Azərbaycan hökuməti
bəhs olunan münaqişənin mahiyyətini
açmış və dünya ölkələrinin ictimaiyyətinə
çatdırmış, ermənilərin ölkəmizə
qarşı həyata keçirdikləri
işğalçılıq faktını BMT TŞ-nin dörd qətnaməsində, ATƏT, Avropa
İttifaqı, Avropa Şurası, NATO, İKT və s.
qurumların sənədlərində əks etdirmişdir. Lakin Dağlıq Qarabağ münaqişəsinin 20
ildən çoxdur həllini tapa bilməməsində
dünyanın aparıcı dövlətlərinin və
onların təmsil olunduğu qurumların ikili standartlar
çərçivəsindəki yanaşmasının,
yalnız deklarativ bəyanatlar verməklə kifayətlənməsinin,
məsələyə seyrçi münasibət göstərməsinin
xüsusi təsiri olmuşdur.
Mütəxəssislərin
fikrinə görə, 1998-ci ildən başlayaraq ildən-ilə
öz iqtisadi və hərbi potensialını gücləndirən,
bütün dünyada nüfuzu artan və etibarlı tərəfdaş
kimi qəbul edilən Azərbaycanın fəal xarici siyasəti,
diplomatik uğurları danışıqlar prosesinin dinamikləşməsinə,
konstruktivlik potensialının artmasına səbəb
olmuş, Ermənistanı real seçim qarşısında
qoymuşdur. Tədqiqatçılar hesab edirlər
ki, Azərbaycanın siyasi və hərbi mövqelərinin,
iqtisadi potensialının bundan sonra da güclənəcəyi,
Ermənistanda isə sosial-iqtisadi böhranın daha da dərinləşəcəyi
davam etsə, onun gələcəkdə Dağlıq
Qarabağ məsələsində ciddi güzəştlərə
getməsi qaçılmaz olacaqdır.
Lakin dünyanın əksər
konfliktoloqları bu münaqişənin həllini yalnız
sülh yolu ilə, ədalətli, beynəlxalq hüquq
normaları əsasında mümkün sayır və belə
olacağı təqdirdə Azərbaycanın real geosiyasi
imkanlarının daha da artacağını, onun öz regional
lider statusunu bir qədər də möhkəmləndirəcəyini
proqnozlaşdırırlar. Yenidən müharibəyə
cəlb olunması hazırkı dövrdə əsasən
dinamik inkişaf edən və getdikcə dünyada öz
nüfuzunu artıran, beynəlxalq mövqelərini gücləndirən
tərəfin - Azərbaycanın ziyanına, Ermənistanınsa
xeyrinə işləyəcək. Çünki bu
müharibə getdikcə Azərbaycanın ədalətli
sülh təklifləri ilə razılaşmaqdan başqa
çıxış yolu və bəhanələri qalmayan,
arqumentləri tükənən Ermənistana, onun beynəlxalq
havadarlarına, regionun və dünyanın antiazərbaycan
qüvvələrinə Azərbaycanı "militarist və
müharibə tərəfdarı olan ölkə kimi"
dünyada "rüsvay və biabır etmək"
üçün göydəndüşmə bir fürsət
olacaqdır.
Qərblə əməkdaşlığı zəiflətmədən,
Türkiyə ilə strateji münasibətlərin dərinləşdirilməsi,
Rusiya və İranla qarşılıqlı maraqlara söykənən
tərəfdaşlıq münasibətlərinin
yaradılması və inkişaf etdirilməsi
SSRİ-nin
süqutundan sonra analitiklər dünyada "soyuq müharibə"
dövrünün bitdiyini və Qərbin postsovet ölkələri,
xüsusilə Rusiya ilə münasibətlərində yeni - əməkdaşlıq
erasının başlandığını bəyan etdilər. XX əsrin son onilliyində
postsovet məkanında və Şərqi Avropada demokratikləşmə
dalğasının geniş vüsət alması, Rusiyada
çoxsaylı daxili problemlərin mövcudluğu, o cümlədən
müşahidə olunan iqtisadi tənəzzül, ictimai-siyasi
çəkişmələr, onun yerləşdiyi
regiondakı qeyri-sabitlik, Çeçenistan müharibəsi və
digər məsələlər rəsmi Moskvanın diqqətini
müəyyən mənada Avrasiya bölgəsində və
dünyada yaşanan əsas geosiyasi proseslərdən
yayındırırdı. Diqqətini daha
çox daxili problemlərin həllinə yönəldən
Rusiya, müvafiq olaraq regionda, Avropada və dünyada öz
geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqelərini
bir-birinin ardınca itirməyə başladı. Həmin dövrdə Rusiyanın xarici siyasətində
təkcə Cənubi Qafqaz və Azərbaycanda deyil,
bütün istiqamətlərdə anlaşılmaz hərəkətlər
müşahidə olunurdu. Qərb analitikləri
bunu təkcə SSRİ-nin dağılmasının fəsadları
kimi xarakterizə etmir, həm də Rusiyada siyasi sistemin və
hakimiyyət strukturlarının böhranı kimi təqdim
edir, bu prosesi demokratikləşmənin xeyrinə təsnif edərək,
onun daha da dərinləşməsinə
çalışırdılar.
2000-ci ilin əvvəlində
Rusiyanın xarici siyasətində sabitləşmə
müşahidə olunmağa başlayır. Bəzi ekspertlər
Rusiyanın həmin dövrdəki xarici siyasət kursunu
"praqmatik strategiya" kimi dəyərləndirərək,
öz fikirlərini onunla əsaslandırmağa
çalışırdılar ki, "Rusiya müasir
dövrün inkişaf tendensiyalarını nəzərə
alaraq imperiya siyasətini "qarşılıqlı
faydalı əməkdaşlıq mühitində milli
maraqların müdafiəsi xətti" ilə əvəz
etmişdir". Lakin 2008-ci ildə Gürcüstanla hərbi
qarşıdurmasından sonra Qərblə Rusiya arasında
başlanan yeni geosiyasi münaqişə bütün
dünyada olduğu kimi, hər iki düşərgənin Cənubi
Qafqaz siyasətinə də öz müvafiq təsirini
göstərmişdir. Tədqiqatçılar
qarşıdan gələn illərdə Rusiya ilə Qərb
arasında Avrasiyada yeni geosiyasi, geoiqtisadi rəqabətin, hərbi-geostrateji
ziddiyyətlərin güclənəcəyini
proqnozlaşdırır və öz fikirlərini kifayət qədər
məntiqi mülahizələrlə əsaslandırırlar.
Azərbaycanın mövcud
geosiyasi maraqları və bugünkü rəsmi siyasəti
ölkə ərazisinin və Cənubi Qafqazın kimlərinsə
"geosiyasi və hərbi-geostrateji münaqişə obyektinə"
deyil, bütün sivil dünyanın "tərəfdaşlıq,
qarşılıqlı-faydalı əməkdaşlıq və
ədalətli iqtisadi yarış meydanına" çevrilməsini
tələb edir. Rəsmi Bakı indiyə qədər Rusiya,
Qərb, Türkiyə, İran və başqa güclər
arasında - Avrasiya, Xəzər hövzəsi və Cənubi
Qafqazın geoiqtisadi və geosiyasi hədəfləri
uğrunda gedən mübarizədən "tam müstəqil
mövqe tutmaqla" və öz milli maraqlarına uyğun hərəkət
etməklə, müəyyən məsafə saxlamağa nail
olmuşdur ki, bu da onun regiondakı geosiyasi mövqelərini
daha da gücləndirmişdir.
Bundan başqa, ABŞ-da
baş verən 2001-ci il 11 sentyabr hadisələrindən sonra
dünya geosiyasətində yaranan "yeni reallıqlar"dan
düzgün istifadə etməsi və müvafiq siyasət
yürütməsi də Azərbaycanın bölgədəki
geosiyasi çəkisini və rolunu xeyli
artırmışdır. O dövrdən başlayaraq Azərbaycanın
müstəqil ölkə kimi dəyəri yalnız Qərb
üçün deyil, həm də ayrıca olaraq Türkiyə,
İran və Rusiya üçün də xeyli
artmışdır. Rəsmi Bakının əldə etdiyi əsas
geostrateji uğur ondan ibarət olmuşdur ki, o, regionda geosiyasi
maraqları təmsil olunan güc mərkəzlərinin
hamısı üçün "ortaq balans obyektinə"
cevrilmiş və onların heç biri Azərbaycanın
"zəif və gücsüz olmasında", kiminsə
"forpostu" statusunda çıxış etməsində
maraqlı olmamışdır. Məsələn, Qərb və
Türkiyə "müstəqil və güclü" Azərbaycana
Rusiyanın, yaxud İranın "təzyiqlərinə sinə
gərən, onların bu regionu tam nəzarətə
götürməsinin qarşısını ala biləcək
faktor kimi" yanaşdığı halda, İran Azərbaycandan
"öz ərazisindən bu ölkəyə qarşı
NATO və ABŞ-ın istifadə etməsi istəyinə
müqavimət göstərdiyinə" və s. müstəqil
iradəsinə görə razı qalmışdır.
Məlum olduğu kimi, Azərbaycan
paralel olaraq Bakı-Novorossiysk kəməri ilə Rusiya ərazisindən
də neft nəqlini davam etdirir, Şimali Qafqaz və
Çeçenistan məsələsində rəsmi
Moskvanın mövqeyini dəstəkləyir, Müstəqil
Dövlətlər Birliyi çərçivəsində
onunla iqtisadi inteqrasiya proseslərində iştirak edir, regional
terrorizmə qarşı mübarizədə öz fəallığı
ilə seçilir, beynəlxalq təşkilatlarda Rusiya ilə
bağlı istənilən müzakirələrdə onun əleyhinə
olan bloklara qoşulmur və s. Bütün bunlar, öz
növbəsində, Rusiyanı da Azərbaycanın "tam
neytral və tarazlaşdırılmış siyasət
yürütmək gücündə olan" dövlət kimi
qalmasında maraqlı edir. Bu, həm də rəsmi
Bakının Rusiyanın rəqibi rolunda
çıxış edən digər güc mərkəzlərindən
"asılı vəziyyətə düşməməsinə"
əlavə təminatdır. Azərbaycanın
Cənubi Qafqazda rəqabət aparan hər üç mərkəzlə
münasibətlərinin yüksək səviyyədə
qurulmasının əsas səbəbi də məhz
yuxarıda göstərilən amillər və Azərbaycan
Prezidentinin indiyə qədər çevik manevr
imkanlarından yetərincə bəhrələnə bilməsi
olmuşdur.
Azərbaycan mütəxəssislərinin
fikrinə görə, öz məxsusi milli maraqlarından
çıxış edərək, Qərb-Rusiya münasibətləri
fonunda yürütdüyü hazırkı "tərəfsiz
və tarazlaşdırılmış siyasi kursu" bundan
sonra da davam etdirərək, həm Qərblə əvvəlki
strateji münasibətlərini qorumalı, regionun həm də
Rusiya və İran kimi iri ölkələri ilə tərəfdaşlıq
münasibətlərini genişləndirməlidir. Milli və təhlükəsizlik maraqları, eyni
zamanda Azərbaycanın əsas müttəfiqi hesab olunan
Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinin
qorunub saxlanılmasını və hərbi-geostrateji sahədə
dərinləşdirilməsini tələb edir.
ABŞ-İran geosiyasi ziddiyyətləri fonunda hər
iki dövlətlə dostluq və tərəfdaşlıq
münasibətlərinin qorunması
1979-cu il
İran islam inqilabından sonra dünyanın siyasi xəritəsində
yeni bir ziddiyyətli regional geosiyasi qarşıdurmanın əsası
qoyulmuşdur. 30 ildən artıq dövr
keçməsinə baxmayaraq, ABŞ və İran münasibətlərinin
tənzimlənməsi istiqamətində heç bir müsbət
nəticə əldə edilməmişdir. 2007-ci ildən sonra İranın nüvə
proqramı Tehranla Vaşinqton arasındakı ziddiyyətlərin
daha də kəskinləşməsinə səbəb
olmuş və yeni geostrateji münaqişə
ocağının alovlanmasına şərait
yaratmışdır. Bu məsələdə
müasir dünyanın hərbi-strateji güc mərkəzləri
uzun müddət vahid mövqeyə gələ bilməmiş
və nəticədə problem getdikcə dərinləşərək
kəskinləşmişdir. ABŞ, Avropa İttifaqı
və İsrail cidd-cəhdlə İrana qarşı
sanksiyaları gücləndirməyə, rəsmi Tehranı
nüvə proqramından əl çəkməyə məcbur
etməyə çalışır, Rusiya və Çin isə
bu məsələnin danışıqlar yolu ilə həll
edilməsinə tərəfdar çıxaraq, tələb
olunan sərt metodlara etiraz edirlər.
İran-ABŞ
qarşıdurmasında Azərbaycanın indiyə qədər
nümayiş etdirdiyi mövqe daha çox İran və
ABŞ-ın istək və tələbləri, yaxud
hansısa əsassız ambisiyaları üzərində deyil,
daha çox müstəqil dövlət olaraq Azərbaycanın
məxsusi maraq və mənafeləri üzərində
qurulmuşdur. Azərbaycan keçən müddətdə, həm
də ortaq maraqlar çərçivəsində
ayrı-ayrılıqda ABŞ və İranla dost, tərəfdaş,
ədalətli və etibarlı qonşu kimi qarşılıqlı-faydalı
əlaqələr qurmuş və ikitərəfli münasibətləri
inkişaf etdirmişdir. Azərbaycanın hər
iki ölkə ilə münasibətləri onların bir-biri
və digər xarici aktorlarla münasibətlərinin
fövqündə dayanmışdır.
Lakin
bütün bunlara baxmayaraq, İran-ABŞ qarşıdurması
Azərbaycan üçün bölgədə və
dünyada həmişə bəzi problemlər yaradaraq,
ölkəni daha ehtiyatlı, ardıcıl və çevik
siyasət yürütməyə, diplomatik və geosiyasi manevr
imkanlarından bacarıqla istifadə etməyə məcbur
etmişdir. Mütəxəssislər hesab edirlər ki,
hazırda Birləşmiş Ştatların İrana
qarşı hərbi əməliyyatlara başlamaq niyyəti
reallaşarsa, Azərbaycanın manevr imkanları ciddi şəkildə
məhdudlaşacaqdır. Çünki illərdir
dünyada beynəlxalq terrorizmin əsas dayaqlarından biri kimi
təqdim olunan İrana BMT-nin sanksiyası əsasında hərbi
müdaxilə başlayacağı təqdirdə bu plana mane
olmaq, yaxud da onunla bağlı hər hansı dirəniş
göstərmək dünyanın bir nömrəli güc mərkəzi
olan ABŞ-la münasibətlərə ciddi mənfi təsir
göstərə bilər. Digər tərəfdən,
Azərbaycan regionda ən uzun müştərək sərhədə,
ortaq tarixə və geosiyasi məkana malik olduğu dost
İran dövlətinin, onun 30 milyondan çoxu azərbaycanlı
olan 70 milyonluq müsəlman əhalisinin də
maraqlarını zərbə altında qoyaraq, bölgənin əsas
geosiyasi fiqurlarından olan qonşu dövlətlə
münasibətlərini korlaya bilməz.
Hazırda
ABŞ-la münasibətləri gərginləşən
İran region dövlətləri və xüsusilə Azərbaycanla
əlaqələrini daha da yaxşılaşdırmağa
çalışır və onun bu səyləri getdikcə
güclənəcəkdir. Bəzi ekspertlər hesab edirlər
ki, Təbriz şəhərində Azərbaycan
konsulluğunun açılması və Azərbaycan vətəndaşları
üçün viza rejiminin aradan qaldırılması, rəsmi
Tehranın ölkəmizin ərazi
bütövlüyünü dəstəkləməsi, enerji
mübadiləsi və ticarət məsələlərində
irəliləyiş əldə olunması, İran ərazisi
ilə Naxçıvana gediş-gəlişin
açılması həmin səylərin göstəricisidir.
Butün bunların müqabilində İran Azərbaycanı
öz tərəfinə çəkərək, antiqərb
düşərgəsinə qatmağa, Tehranın mövqelərini
müdafiə etməyə, bunlar mümkün
olmayacağı təqdirdə isə tərəfsiz
qalacağına təminat almağa çalışır.
Ekspertlər belə qənaətdədirlər
ki, Azərbaycanın buna qarşılıq verməsi Qərblə,
verməməsi isə İranla münasibətlərində mənfi
fəsadlar yaradacaqdır.
ABŞ-İran
münasibətlərinin getdikcə kəskinləşməsinə
baxmayaraq, Azərbaycan öz siyasətini dəyişmək və
tərəfsizliyini pozmaq niyyətində deyil. Prezident
İlham Əliyev dəfələrlə bəyan etmişdir
ki, sülhsevər dövlət kimi Azərbaycan bütün
dünya və region ölkələri ilə, o cümlədən
də İranla qarşılıqlı maraqlara cavab verən
dostluq və əməkdaşlıq əlaqələrinin
inkişafında maraqlıdır. İranla
Azərbaycan arasında imzalanmış dövlətlərarası
müqavilədə hər iki dövlətin öz ərazisindən
bir-birinə qarşı istifadənin yolverilməzliyi ilə
bağlı müddəanın daxil edilməsi də bu məsələnin
rəsmi Bakı tərəfindən ən yüksək səviyyədə
bəyan olunması deməkdir və Azərbaycanın səmimi,
etibarlı və mehriban qonşuluq niyyətinin əyani
göstəricisidir. Azərbaycan həmişə
sübut etmişdir ki, o, hər hansı qonşu və yaxud
qeyri-qonşu dövlətin marağına toxunan addımlar
atmır və bu sahədə imzalanmış bütün
dövlətlərarası, beynəlxalq anlaşmalara hörmətlə
yanaşır. Digər tərəfdən, 2006-cı ildə
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a
səfəri zamanı bu ölkə ilə ikitərəfli
münasibətləri, tərəfdaşlıq siyasətini
inkişaf etdirmək istiqamətində müəyyən
addımlar atarkən ilk növbədə İranın bu və
ya digər rəyini, tələblərini deyil, öz ölkəsinin
və xalqının milli maraqlarını rəhbər
tutmuşdur. Səfər zamanı Prezident İlham Əliyev
eyni zamanda Azərbaycan ərazisindən İrana qarşı hər
hansı hərbi əməliyyat keçirilməsinə və
bütövlükdə Cənubi Qafqaz regionunun ABŞ-İran
mübarizəsinin "poliqonuna" çevrilməsinə
imkan verilməyəcəyi haqqında açıq bəyanat
da səsləndirmişdir. Səfər ərəfəsində
"Fiqaro" qəzetinə verdiyi müsahibəsində o
bildirmişdi ki, "İranda sabitliyin pozulması
bütün regiona öz təsirini göstərə bilər.
Hesab edirik ki, münaqişə diplomatik vasitələrlə,
sülh və dialoq yolu ilə, xoş məramla həll
olunmalıdır. Azərbaycan bu ölkəyə
qarşı hərbi əməliyyatları dəstəkləməyəcək.
Düşünürəm ki, Vaşinqton da buna
anlaşıqlı yanaşacaq" (Bax: "Azərbaycan"
qəz., 04 iyun 2006).
Beləliklə,
göründüyü kimi, Azərbaycan indiyə qədər
həm ABŞ və Avropa ilə, həm də İranla
qrşılıqlı tərəfdaşlıq münasibətləri
qurmaq bacarığını ən çətin məqamlarda
belə nümayiş etdirə bilmişdir. Lakin hərdən
adı çəkilən hər üç düşərgəni
təmsil edən dövlət qurumları və rəsmilərinin
Ermənistanın regiondakı bu və ya digər
addımlarını dəstəkləməsi, bu ölkənin
işğalçılıq və separatçılıq
siyasətini müdafiə etməsi Azərbaycanın haqlı
narazılığına da səbəb olur.
Göründüyü
kimi, Cənubi Qafqaz və Xəzər hövzəsinin
müasir mürəkkəb geosiyasi reallıqları çərçivəsində
və dünya siyasətinin qeyri-müəyyənliklərlə
dolu hazırkı şəraitində Azərbaycan
ABŞ-İran münasibətlərinin xarakterindən
asılı olmayaraq öz geostrateji mövqelərini və
milli maraqlarını qorumağa və bir qədər də
möhkəmlətməyə nail olmuşdur. Qarşıdan gələn
illərdə eyni geosiyasi xəttin - regionda marağı olan Qərb
dövlətləri, dünyanın aparıcı güc mərkəzləri
ilə transmilli layihələrin reallaşdırılması
sahəsində tərəfdaşlıq əlaqələrini
davam etdirməklə, həm də İran kimi böyük
qonşu ölkələrlə tərəfdaşlıq əlaqələrinin
qurulması və davam etdirilməsi Azərbaycana sabit
inkişaf və perspektivli gələcək vəd edir. Siyasi və iqtisadi perspektivdə ölkənin
regional lider statusunun möhkəmləndirilməsi də onun
bundan sonra həyata keçirəcəyi geosiyasi xətdən
və dünyanın ən əhəmiyyətli geoməkanlarından
hesab olunan Avrasiya bölgəsində qazanacağı
mövqedən, planetin əsas geosiyasi aktorları ilə yarada
biləcəyi münasibətlərdən asılı
olacaqdır.
Yeni geosiyasi reallıqlara və bundan irəli gələn
qlobal çağırışlara operativ reaksiya verilməsi,
strateji tərəfdaşlarla geosiyasi münasibətlərə
xələl gətirmədən daha praqmatik siyasət
yürüdülməsi
Azərbaycan
keçən illərdə öz strateji tərəfdaşları
ilə nəhəng transmilli enerji və nəqliyyat layihələri
reallaşdırmaqla Avrasiyanın geosiyasi
xarakteristikasını ciddi şəkildə dəyişmişdir. Yeni enerji-ixrac
marşrutları və yeni geoiqtisadi şərtlər çərçivəsində
Xəzər hövzəsinin və Orta Asiyanın zəngin
karbohidrogen resurslarının dünya bazarlarına
çıxarılması təmin edilmiş və faktiki
olaraq bölgənin ənənəvi enerji ixracının
şaxələndirilməsinə (diversifikasiyasına) nail
olunmuşdur. Azərbaycanın təşəbbüsü və
dünyanın ən aparıcı ölkə və şirkətlərinin
iştirakı ilə yaradılan transmilli enerji konsorsiumu, yeni
istehsal, ixrac marşrutları və s. infrastrukturlar Cənubi
Qafqaz və Xəzər regionunun inkişafına ciddi təsir
göstərmiş, bölgəni Avropa və dünya ölkələrinin
güclü maliyyə və qabaqcıl texnologiyalarının
üzünə açmışdır. Prezident
Heydər Əliyevin qətiyyəti və böyük səyləri,
tərəqqipərvər dünyanın hərtərəfli
dəstəyi nəticəsində o dövrdə bəzi
ölkələrin və maraqlı qüvvələrin bu
işə mane olmaq cəhdləri müvəffəqiyyətlə
neytrallaşdırılmışdır. Artıq
Avropanın enerji təhlükəsizliyi məsələsində
əhəmiyyətli rol oynamağa başlayan Transqafqaz enerji
ixracı kəmərləri həm də Mərkəzi Asiya və
Xəzər hövzəsi ölkələrinin geosiyasi və
geoiqtisadi müstəqilliyinə ciddi təsir göstərmiş,
onların Qərblə yaxınlaşması yolunda əsas
maneələri aradan qaldırmışdır.
Bəzi region ölkələrindən
fərqli olaraq, Azərbaycan bəhs olunan şəraitdən
ciddi şəkildə bəhrələnmiş, regionla əlaqəyə
can atan bütün transmilli şirkətlərlə, xarici
dövlətlərlə, güc mərkəzləri ilə
yaxından əməkdaşlıq etməyə, ABŞ, Avropa
İttifaqı ölkələri, Türkiyə, Rusiya,
Gürcüstan kimi dövlətlərlə strateji əlaqələr
qurmağa, bu əməkdaşlıqdan milli maraqlar naminə
yararlanmağa müvəffəq olmuş və eyni zamanda
öz müstəqil siyasətini də qoruyub saxlaya
bilmişdir. Ekspertlər hesab edirlər ki, Azərbaycan
bütün fəaliyyəti və geosiyasi addımları ilə
Xəzər hövzəsi və Cənubi Qafqazda sabitləşdirici
rol oynamış bir ölkədir.
Son bir neçə
ilə nəzər saldıqda, Avrasiyanın bəzi bölgələrində,
xüsusən Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya
və Cənubi Qafqazda yeni geosiyasi reallıqlar
formalaşmaqdadır. Bunun bəzi əlamətləri
açıq, bəziləri isə dolayısı ilə Azərbaycanın
da geosiyasi maraqlarına toxunur və ölkə rəhbərlərini
müvafiq addımlar atmağa, çevik, operativ, adekvat qərarlar
qəbul etməyə sövq edir.
Avrasiyanın yeni geosiyasi
reallığının ilk gözəçarpan
görüntüləri aşağıdakı kimi
görünür:
lABŞ-ın keçmiş
prezidentləri B.Klinton və C.Buş dövründəkindən
fərqli olaraq, Barak Obama administrasiyasının Avrasiyada
öz regional maraqları ilə bağlı fərqli meyarlar və
ölçülər nümayiş etdirməsi, Rusiya və
digər bölgə ölkələri ilə münasibətlərə
yenidən baxması və bu fonda Cənubi Qafqaza öz
marağını azaltması müvafiq olaraq bölgədəki
duruma, fərqli maraq daşıyicisi olan böyük və
kiçik ölkələrin geosiyasi vəziyyətinə də
təsir göstərməkdədir.
lABŞ-ın yeni strateji doktrinası və
Avrasiyada yürütdüyü siyasət həm də
regiondakı əsas geosiyasi aktorlar arasındakı müttəfiqlik
və rəqiblik əlaqələrinin əvvəlki
nizamını bir qədər pozmuşdur. Məsələn,
hazırda bəzi sahələrdə ABŞ-la Orta Asiya ölkələri,
Ukrayna, Azərbaycan və s. kimi bölgə dövlətləri
arasında bəzi anlaşılmaz münasibətlər ortaya
çıxmışdır. Əvəzində
bu ölkənin Rusiya ilə əvvəlki "Avropanın
strateji müdafiəsinə yönəlmiş hərbi-geostrateji
problemləri" aradan qalxmışdır. Yaxud, son zamanlar Azərbaycan, Gürcüstan və
Türkiyə arasındakı strateji əməkdaşlıq
münasibətlərində - enerji dəhlizləri,
satışı, ixrac marşrutları və tariflər, nəqliyyat-tranzit
keçidləri, onların təhlükəsizliyi və s. məsələlərdə
bir çox əsassız iddialar ortaya çıxmışdır.
Eyni zamanda, əvvəllər bir-birinə enerji sahəsində
rəqib kimi yanaşan Rusiya-Türkiyə, Rusiya - Azərbaycan,
İran-Azərbaycan və s. ölkələr arasında neft,
qaz və elektrik enerjisi mübadiləsi və nəqli sahələrində
əməkdaşlıq və tərəfdaşlıq
münasibətləri yaranmaqdadır.
lSon zamanlar Rusiyanın
bütövlükdə Avrasiya regionu ölkələrinə,
xüsusən də Xəzər-Qara dəniz hövzəsi və
Cənubi Qafqaza geosiyasi və geoiqtisadi təsirinin və
bölgədəki proseslərdə fəallığının
artması fonunda, ABŞ və Avropa Birliyinin həmin mövqelərdən
qismən geri çəkilməsi tendensiyası müşahidə
olunur. Bunu son illərdə Ukraynada, Şərqi
Avropada, Gürcüstanda, Türkiyədə və başqa
ölkələrdə yaşanan proseslərdə bəhs
olunan aktorların öz əvvəlki prinsipial mövqelərindən
asanlıqla imtina etmələri də sübut edir. Mütəxəssislərin bu vəziyyətlə
bağlı gəldiyi ilk qənaət ABŞ-ın nəyinsə
xatirinə (məsələn İran, Liviya və s. məsələlərdə
güzəştə getməsinə görə) öz
müttəfiqlərini və onların maraqlarını
Rusiyaya güzəştə getməsi fikrindən ibarətdir.
lABŞ-İran ziddiyyətlərinin son
dövrdə kəskinləşməsi həm də regionda
yeni geosiyasi vəziyyət yaradaraq, bölgə ölkələrini
öz maraqlarını qorumaq üçün yeni seçim
qarşısında qoymuşdur.
lABŞ-ın Avrasiya siyasəti zəiflədikcə,
həm də Türkiyənin bu bölgədəki geosiyasi fəallığı,
proseslərə müdaxilə etməsi və qoşulması
halı müşahidə olunur. Xüsusən son bir ildə
ABŞ, İsrail və bəzi Avropa ölkələri ilə
münasibətlərində soyuqluq yaranması fonunda
Türkiyənin "fəal Avrasiya geosiyasəti" və
"yeni geosiyasi taktikası" özünü göstərir.
Hazırda bu ölkə bölgənin Rusiya, İran, Yaxın
və Orta Şərq, Balkanlar, keçmişdə Osmanlı
imperiyası ilə bağlı olan digər ərazilər,
xalqlar və dövlətlərlə öz iqtisadi-siyasi əlaqələrini,
tərəfdaşlıq münasibətlərini və bəyan
etdiyi "yeni regional lider iddiasına" uyğun gələn
"məxsusi milli maraq və davranış normaları
çərçivəsi"ni yaradır və getdikcə
ciddi şəkildə gücləndirməyə
çalışır. Türkiyə rəhbərliyi
bütün dünyaya açıq şəkildə
nümayiş etdirir ki, onun ölkəsi bundan sonra Qərbin
Rusiyaya qarşı "təhlükəsizlik şiti" və
yaxud islam dünyasında "geosiyasi təsir vasitəsi"
olmaq niyyətində deyil.
Tədqiqatçılar hesab
edirlər ki, Türkiyənin yeni geosiyasi davranışı və
kursu, həmin kursun son zamanlar regionda yaratdığı
regional vəziyyət Azərbaycanın ziyanına deyil, əksinə,
bu ölkənin güclənən geosiyasi vəziyyəti
daimi və strateji müttəfiq kimi, həm də bilavasitə
Azərbaycanın xeyrinədir. Lakin yeni şərait müstəqil
dövlət kimi Azərbaycanın xarici siyasəti
qarşısında bir çox yeni vəzifələr qoyur,
ondan geosiyasi və xarici siyasət məsələlərinə
"şəraitə uyğun" operativ düzəlişlər
etməyi tələb edir.
İlk növbədə,
fikrimizcə, dünyada baş verən son qlobal dəyişikliklər
fonunda Cənubi Qafqazda formalaşmış geosiyasi reallıq
və onun yeni təzahürləri ciddi təhlil olunmalı,
proseslərə təsir göstərən amillər,
onların meydana gəlməsi səbəbləri və s. məsələlər
araşdırılmalı, mövcud şəraitdə Azərbaycanın
geosiyasi və geoiqtisadi addımları, transmilli layihələrlə
bağlı prioritet vəzifələri, onların təmin
olunması yolları və vasitələri üzərində
praqmatik şəkildə bir daha düşünülməlidir.
Məsələn, bəzi mütəxəssislər hesab edirlər
ki, regionda Türkiyənin rolunun sürətlə artması və
onun həyata keçirdiyi yeni xarici, o cümlədən
regional siyasət kursu indiki vəziyyətdə Azərbaycanın
mənafelərinə tam cavab verməyən bəzi geosiyasi
proseslərə də təkan verə bilər. Çünki
bu ölkənin bir az əvvəl Cənubi Qafqazda sülh və
təhlükəsizlik platforması çərçivəsində
Ermənistanla yaxınlaşmaq cəhdləri sübut etdi ki,
rəsmi Ankaranın "şərait tələb etdikdə"
praqmarik formada Azərbaycanın milli maraqlarını "nəzərdən
qaçırması" və daha pisi, onları sadəcə
unutması ehtimalı realdır. Heç kim
bu cür halların nə vaxtsa Türkiyə ərazisindən
keçən transmilli enerji ixracı kəmərləri,
neft-qaz tarifləri və s. strateji məsələlərlə
bağlı özünü göstərməyəcəyinə
və yaxud Bakı-Tbilisi-Qars dəmir yolunun təhlükəsizliyinin
tam təmin ediləcəyinə zəmanət verə bilməz.
Yaxud, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan
arasında hərbi əməliyyatlar nəticəsində BTC
vasitəsilə neft ixracının dayandırılması və
ümumiyyətlə, Gürcüstanın qeyri-sabit ərazi
xarakteristikasına malik olması, təkcə Qərb enerji
ixracı marşrutundan asılılığın Azərbaycan
üçün müəyyən qədər təhlükəli
olduğunu söyləməyə əsas yaratdı. Digər
tərəfdən, vaxtilə Qərb marşrutunu işə
salmaq və mövcud maneələri aradan qaldırmaq
üçün Azərbaycan Bakı-Novorossiysk kəmərinin
tarifi ilə bağlı Rusiyaya, BTC-nin tarifi ilə
bağlı Türkiyəyə ciddi güzəştə
getmiş, Gürcüstanın xeyrinə isə hətta BTC kəmərinin
Azərbaycan hissəsinin tranzit gəlirlərindən imtina
etmişdir. Bu gün kimsə təminat verə
bilməz ki, bu ölkələrin biri, yaxud hər
üçü tariflərlə bağlı nə zamansa
yeni-yeni tələblərlə çıxış etməyəcəklər.
Beləliklə, yeni geosiyasi şərait və gələcək
perspektivlər Azərbaycandan Türkiyə və
Gürcüstanla strateji münasibətlərə xələl
gətirmədən və regional münasibətlərin
bütün sahələrində bu iki ölkə ilə
geosiyasi müttəfiqliyi qoruyub saxlamaqla, öz enerji ixracı
marşrutlarını yenidən dəyərləndirməsini,
mümkün qədər bu marşrutları şaxələndirməsini,
yeni-yeni marşrut və istiqamətlərin, enerji tərəfdaşlarının,
satış bazarlarının tapılmasını və s. tələb
edir. Bütün bu işlərlə bağlı real tədbirlər,
geoiqtisadi axtarışlar bir an belə
dayandırılmamalı, vaxtilə əsas işin xatirinə
Türkiyə və Gürcüstana gedilmiş tarif güzəştləri
məsələlərinə xüsusi diqqət yetirilməli
və bu "bəxşişlər" davamlı olaraq
onların yadına salınmalı, Azərbaycanın güzəşt
limitinin bitməsi, qarşı tərəfdən hər
hansı "güzəşt tələbinə" bir də
qayıdılmayacağına dair hansısa ikitərəfli və
çoxtərəfli dövlətlərarası təminat
alınmalıdır.
Göründüyü kimi,
Azərbaycan Prezidenti Türkiyə ilə tranzit məsələlərinin
həll olunmamasını, bu ölkə tərəfindən qəbul
edilməsi mümkün olmayan şərtlərin irəli
sürülməsini və s. qeyri-normal məsələləri
enerji sahəsində neçə illərdir ki, transmilli
dünya ilə reallaşdırılan və perspektivdə
reallaşdırılacaq layihənin pozulmasına gətirib
çıxara biləcəyi təhlükəsindən bəhs
edir. Problemdən çıxış yolu isə
müvafiq olaraq yeni-yeni alternativ yolların tapılması və
enerji ixracının şaxələndirilməsi ilə əlaqələndirilir.
Hazırda Azərbaycan
və dünya mütəxəssisləri bölgənin zəngin
neft və qaz məhsullarının daha etibarlı və səmərəli
nəqli üçün bir neçə yeni alternativ yollar təklif
edir. Bunlardan biri Rusiya marşrutudur. 2009-cu
ilin oktyabrında ARDNŞ və Rusiyanın "Qazprom"
şirkəti arasında qaz alqı-satqısı ilə əlaqədar
imzalanmış müqaviləyə əsasən 2010-cu ildən
bazar qiymətləri ilə Rusiyaya ildə 500 milyon kubmetr və
daha artıq qaz ixracına başlanmışdır. Perspektivdə bu həcmin Azərbaycanın imkanlarına
uyğun olaraq artırılması nəzərdə
tutulmuşdur. İkinci marşrut İran
istiqamətində fəaliyyət göstərən
Astara-İran xəttidir. Mütəxəssislərin
fikrinə görə, bir sıra texniki məsələlərin
həllindən sonra bu marşrutla İrana kifayət qədər
əlavə qaz satışı həyata keçirilə bilər.
Üçüncüsü, Azərbaycan nefti və
qazı Qara dəniz limanlarından yeni texnologiya əsasında
(sıxılma və xüsusi gəmilərlə
daşıma) Avropa İttifaqı ölkələrinə
çıxarıla bilər. Sonuncu məsələdə
Rumıniya və Ukrayna ilə danışıqlar
başlanıb və gələcəkdə müvafiq
razılaşmalar əldə ediləcəyinə ümid bəslənir.
Təbii ki, digər variantlar da nəzərdən
keçirilə bilər.
Tariflər məsələsinə
gəldikdə, neft müqavilələri və BTC-yə dair
sazişlərin imzalandığı illərlə müqayisədə
hal-hazırda vəziyyət tam dəyişmişdir. Azərbaycan haqlı olaraq
Türkiyəyə ucuz qaz satışına limit tətbiq
edir və ixrac tariflərinə ədalətli
yanaşılmasını tələb edir. Eyni
zamanda, BTC-yə dair sazişlər imzalanan zaman Azərbaycanın
kəmərdən əldə edəcəyi tranzit gəlir
payını Gürcüstana güzəştə getməsi
məsələsinə yenidən qayıtmaq, ən azından
mütəmadi olaraq rəsmi Tbilisinin bu haqda
yaddaşının itməsinə imkan verməmək də
lazımdır. Rusiya və İrana bazar
qiymətinə qaz ixracına başlanması və gələcəkdə
bu istiqamətlərdə mövcud olan perspektivlər, ixrac və
tarif məsələsində Gürcüstan və Türkiyə
ilə daha inamla danışmağa və milli
maraqlarını təmin etməyə Azərbaycana əlavə
imkanlar yaradır.
Beləliklə,
düzgün dəyərləndiriləcəyi təqdirdə
bütün bu reallıqların, imkan və geosiyasi perspektivlərin
bölgədə və dünyada Azərbaycana əlavə
geosiyasi üstünlüklər qazandıracağı
şübhəsizdir. Bu gün dövlət müstəqilliyi möhkəmlənmiş
və hərtərəfli inkişaf edən Azərbaycan həm
özünün daxili məsələlərini uğurla həll
etmək iqtidarındadır, həm də regionda, beynəlxalq
aləmdə geosiyasi, geoiqtisadi və s. maraqlarını
qorumağa, öz prinsipial mövqeyini müdafiə etməyə
qadirdir. Artıq dünyanın əksər
geosiyasi güc mərkəzləri Azərbaycanla bərabərhüquqlu
əməkdaşlığa üstünlük verir və yerləşdiyi
regionun bütün transmilli məsələlərinin həllində
onun rəyini nəzərə alırlar. Bəhs
olunan geosiyasi vəziyyət və imkanlar Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində də
Azərbaycanın mövqeyini gücləndirir ki, bu da ölkənin
gələcək inkişafı haqqında optimist ovqat
yaradır.
Ermənilərin zaman-zaman azərbaycanlılara
qarşı törətdiyi soyqırımı siyasətinin
ifşa edilməsi və dünyada effektli antierməni siyasətinin
aparılması
Azərbaycanın Ermənistan
tərəfindən işğal edilmiş torpaqlarını
geri aytarmasından sonra da ölkə rəsmiləri
qarşısında dayanan mühüm geosiyasi və hərbi-geostrateji
vəzifələrdən biri azərbaycanlılara
qarşı əsrlərlə reallaşdıran soyqırımı
faktlarının, Xocalı faciəsinin və s. Kimi hadisələrin
dünya birliyinə çatdırılması, beynəlxalq ictimaiyyət tərəfindən bu
tarxix həqiqətlərin qəbul edilməsi istiqamətində
sistemli və daimi iş
aparılması, soyqırımı cinayətlərinin səbəbkarlarının
beynəlxalq ictimaiyyət qarşısında ifşa
olunması, müasir Ermənistan dövlətinin Cənubi
Qafqazda yürütdüyü qonşulara qarşı ərazi
iddiasıvə işğalçılıq siyasətinin
ifşa edilməsi və s. olacaqdır. Planetar və qlobal
informasiya məkanında dünya ermənilərinin təbliğat
maşınıilə effektli mübarizə
taktikasının hazırlanması və davamlı şəkildə
həyata keçirilməsi üçüncü minillikdə
Azərbaycan Respublikasının və dünya azərbaycanlılarının
qarşısında dayanan əsas strateji və geosiyasi vəzifə
olaraq qalacaqdır
Əli Həsənov,
tarix elmləri doktoru,
professor
Azərbaycan.- 2011.-1may.- S. 2, 3.