Dövlətimizin gəncliyin inkişafı üçün istənilən layihəni reallaşdırmağa imkanı var

 

Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənclə görüşündə gənc nəsli maraqlandıran mühüm məsələlər müzakirə edildi. Bu görüş həm də hazırlanan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının ilk ictimai müzakirəsi idi.

Görüşdə iştirak edən gənclərdən biri də Rüfət Əzizovdur. O, Lomonosov adına MDU-nin kimya fakültəsini bitirib. Mançestr Universitetinin "Mürəkkəb materiallar mühəndisliyi" ixtisası üzrə magistridir. 2003-2006-cı illərdə aspiranturada təhsil alıb. Britaniya Materiallar İnstitutunun peşəkar üzvü, Britaniya Elmi Komissiyası tərəfindən təsdiqlənmiş beynəlxalq statuslu alimdir. Son 3 ildə hər il "bp Azərbaycan" şirkətinin "İlin mühəndisi" fəxri adına layiq görülüb. Hazırda bu şirkətdə qrup rəhbəri vəzifəsində çalışır. ABŞ-da çap olunan iki kitabın həmmüəllifi, 25 elmi məqalənin, bir mononqrafiyanın müəllifi, bir elmi patentin sahibidir. Xəzər Mühəndisləri Cəmiyyətinin sədridir.

Rüfət Əzizovla müsahibəmiz müasir Azərbaycan gəncliyinin aktual problemləri barədədir.

 

- Cənab Prezidentlə görüşdən hansı təəssüratlarla ayrıldınız?

- Prezidentlə görüşdən sonra məndə yaranan ilkin təəssürat ondan ibarətdir ki, cənab İlham Əliyev gənclərimizin həyatın hər bir sahəsində iştirakının daha da fəallaşmasının tərəfdarıdır. Bunun üçünsə cənab Prezidentin güclü siyasi iradəsi var.

Aprelin 21-də müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gəncin dövlətimizin başçısı ilə görüşü ilk növbədə, çox səmimi atmosferdə keçdi. Ona görə gənclər özlərini tam sərbəst və rahat hiss edirdilər. Bu da bizə öz fikirlərimizi Prezidentə tam çatdırmağa imkan verdi. Görüşün səmimiliyinin əsas səbəbkarı isə təbii ki, cənab İlham Əliyev idi. Dövlətimizin başçısı çıxışında gəncləri hazırlanacaq "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı ilə bağlı təkliflərlə çıxış etməyə çağırdı, müzakirəyə dəvət etdi.

Belə də oldu. Hər bir sahəni əhatə edən təkliflər səsləndirildi və cənab Prezident bunlara çox aydın münasibət bildirdi, onların dövlət proqramına salınmasının vacibliyini qeyd etdi. Görüşdə elmi-texniki inkişafda gənclərin rolu, yeni nəslin peşə təhsili, məşğulluğunun artırılması, kənd yerlərində yaşayan gənclərin intellektual klublara cəlb olunması, gənclərə ipoteka kreditlərinin verilməsi, sahibkarlıq fəaliyyətlərinin stimullaşdırılması, Gənclər Mərkəzinin və Gənclər Fondunun yaradılması kimi məsələlərə geniş toxunuldu. Bu baxımdan görüş çox səmərəli keçdi. Görüşdə qaldırılan məsələlər və dövlət başçısının bunlara münasibəti ölkəmizdə həyata keçirilən gənclər siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından xəbər verir.

- Sizcə, ölkəmizdə gənclərə cəmiyyətdə özlərini təsdiq etmək üçün yetərincə şərait varmı?

- Əslində mən o fikirlə razı deyiləm ki, gənclər onlar üçün şərait yaradılmasını gözləsinlər. Müasir Azərbaycan gənci ilk növbədə, özünə güvənməlidir. Cəmiyyətdə təsdiq olunmaq üçün gənclər özləri təşəbbüs göstərməli, bacarıq və qabiliyyətlərini nümayiş etdirməlidirlər. İnsanda özünə inam olarsa, o, istənilən şəraitdə özünə yer tapa bilər. Düşünürəm ki, uğur qazanmaq üçün ilk növbədə təşəbbüslər gənclərin özləri tərəfindən edilməlidir.

Bu gün respublikamız kompleks şəkildə dinamik templə inkişaf edir. İndi Azərbaycanın geniş imkanları var.

Hazırda gənclər arasında cəmiyyət həyatında iştirak etmək baxımından böyük və sağlam rəqabət var. Getdikcə gənclərimizin təhsil səviyyəsi, intellekti yüksəlir, o cümlədən xarici mötəbər universitetlərdə təhsil alanların sayı artır. Bu o deməkdir ki, gələcəkdə gənclər arasında olan bu rəqabət daha da yüksələcək. Çünki müxtəlif xarici nüfuzlu ali təhsil müəssisələrində oxuyan tələbələr bir müddətdən sonra Azərbaycana qayıdacaqlar. Bütün bunları nəzərə alaraq düşünürəm ki, məhz bu rəqabətdən irəli gələrək gənclərə cəmiyyətdə özlərini təsdiq etmək üçün yaradılan şəraitin keyfiyyəti getdikcə yüksələcək. Bununla yanaşı, bəzi çətinliklər də var. Təbii ki, bunların aradan qaldırılmasında dövlət proqramının böyük rolu olacaq.

- Çatışmazlıqdan söz açdınız. Sizcə Azərbaycan gəncliyinin nə kimi problemləri var?

- Gəncliyimizin çatışmazlıqlarından bir qismi təhsillə bağlıdır. Təsadüfi deyil ki, təhsil dedikdə ilk olaraq gənc nəsil yada düşür. Təhsil hər bir gəncin həyatının başlanğıcıdır. Yaxşı təhsil alan gənc hər zaman cəmiyyətdə öz yerini tapa bilər.

Qloballaşan dünyada təhsil, sənaye texnologiyaları çox sürətlə inkişaf edir və bu sürətə çatmaq, müasir dünya elminə inteqrasiya olunmaq üçün, əlbəttə ki, Azərbaycanın ilk növbədə daim, davamlı olaraq yeniləşən, yeni texnologiyalarla, yeni bilgilərlə, təcrübələrlə zənginləşən təhsil sisteminə ehtiyacı var.

Yeniləşmə məsələsinə kompleks şəkildə baxılmalıdır. Kurikulumlardan başlayaraq laboratoriya avadanlıqları ilə təchizat, prosedurlar, dərs metodikaları, müəllim-tələbə münasibətləri yeniləşməlidir. Bir misal çəkmək istəyirəm. İki il bundan əvvəl Amerikada konfransların birində Stanford Universitetinin mühəndislik fakültəsinin dekanına sual verdim ki, siz fakültəyə daxil olanda ilk olaraq nə edirsiniz, iş gününüz necə başlayır. O dedi ki, fakültəyə gələndə ən birinci tələbələrlə 20 dəqiqə söhbət edir. Bu söhbət tələbələrin dərs metodikasını, müəllim-tələbə münasibətlərini necə görmək istəmələri barədə olur. Həmin dekan bu söhbətlər zamanı tələbələrin maraqlı təkliflərini imkan daxilində universitetin illik proqramına daxil olunmasına çalışır. Beləliklə, tələbələr özləri universitetin tədris proqramının qurulmasında və inkişafında iştirak edirlər.

Təəssüf ki, ölkəmizin bəzi universitetlərində rektor dəhlizdə görünəndə tələbələr auditoriyaya çəkilirlər. Və düşünürlər ki, belə etmək daha düzgündür. Hesab edirəm ki, bu münasibətlərə yenidən baxılmalıdır.

Digər tərəfdən təhsil sisteminin yeniləşməsində gənclərin özlərinin böyük xidmətləri ola bilər. Əlbəttə, biz yaşlı müəllimlərdən çox şey götürürük. Lakin ümumilikdə götürdükdə təhsildə mütləq gəncləşmə baş verməlidir. Xüsusən xaricdə oxumuş gənclərin tədrisə cəlb olunması, dərs deməsi həm təhsil ocaqlarındakı ab-havanı dəyişər, həm də ümumiyyətlə, təhsilin səviyyəsinin müasirləşməsinə imkan verər.

Gənclərlə bağlı digər problem işsizliklə bağlıdır. Bu problemin həlli üçün ilk növbədə, gənclərin özlərinin hələ əvvəldən görməli olduqları işlər var. Bunlardan biri ali məktəbə qəbul zamanı ixtisas seçimidir. İxtisas seçilərkən gələcək perspektivə baxılaraq qərar verilməlidir.

- Prezidentlə görüşdə çox maraqlı təkliflərlə çıxış etdiniz, o cümlədən kadr hazırlığının vacibliyindən, stimullaşdırılmasından söz açdınız. Həqiqətənmi ölkəmizdə intellektli, menecment təfəkkürlü kadr hazırlığı hələ qaneedici səviyyədə deyil?

- Bir neçə təhsil ocağını çıxmaq şərtilə demək olar ki, kadr hazırlığında hələ də klassik, sovet dövründən qalmış metodlardan istifadə olunur. Bu da hazırkı səviyyəyə gətirib çıxarmışdır. Fikrimcə, kadr hazırlığı ilə bağlı müəyyən addımlar atıla bilər. Bu məsələ ilə bağlı Prezident İlham Əliyevlə görüşdə təkliflərimi verdim. Kadr hazırlığında təhsil, elm və sənaye bir-birinə inteqrə olunmuş şəraitdə fəaliyyət göstərməlidir. Bu üç sahənin təmsilçiləri müasir tələblərə uyğun kadr hazırlığında sıx əməkdaşlıq etməlidirlər. Məsələn, təhsil sənayenin və elmin tələblərinə uyğun kadr yetişdirməlidir. Öz növbəsində sənaye təhsil və elmi layihələr maliyyələşdirilməlidir. Elm isə sənayedə lazım olan araşdırmaları həyata keçirməlidir. Bu üç sahə arasında sıx bağlar yaranarsa, hesab edirəm ki, qısa müddətdə yüksək ixtisaslı kadr hazırlığını həyata keçirmək olar.

İnkişaf etmiş Qərbdə belədir. Qərb ölkələrində qeyd etdiyimiz üç sahə arasında körpü yaradan peşəkar təşkilatlar var. Məsələn, İngiltərədəki Kimya Mühəndisləri İnstitutu belə təşkilatlardandır. Müxtəlif şirkətlərdə işləyən mühəndislərin və alimlərin cəmləşdiyi bu institut vasitəsilə sənaye, təhsil və elm arasında inteqrasiyaya xidmət edən layihələr həyata keçirilir. Bu gün biz də ölkəmizdə bu işi müəyyən qədər həyata keçirməyə çalışırıq. Şirkətlərdə çalışan mühəndislərin universitetlərdə seminarlarını, tələbələrin sənaye müəssisələrinə ekskursiyalarını təşkil edirik. O cümlədən tələbələr üçün qış və yay məktəbləri təşkil edirik ki, sənayedə çalışan mühəndislər onlara mühazirələr oxusunlar. Bir sözlə, elm, sənaye və təhsil arasında kadr hazırlığı üçün münasibətlərin sıx inkişafı və dəstəklənməsi vacib şərtdir.

Prezident İlham Əliyevlə görüşdə belə bir təkliflə də çıxış etdim ki, elmi-texniki inkişafı davamlı etmək üçün məktəb yaşlarından başlayaraq yaradıcı gəncləri dəstəkləməli, üzə çıxarmalıyıq. Bunun üçün dünyanın müxtəlif ölkələrində bir sıra təcrübələr mövcuddur. Bu təcrübələr əsasən elmi-texniki festivalların və sərgilərin keçirilməsindən ibarətdir. Həmin festivallarda, sərgilərdə qalib gələn gənclərin layihələri dövlət tərəfindən maliyyələşdirlir və tətbiqi üçün şərait yaradılır. Bu da istər-istəməz gənclərə yaradıcılığını inkişaf etdirmək üçün stimul və həvəs yaradır. Beləliklə, gəncin dövlət qayğısı ilə əhatə olunması üçün onun hər hansı ictimai fəaliyyətlə məşğul olması deyil, biliyi, təfəkkürü rol oynamağa başlayır. Bu da gənclərimizdə yaxşı mütəxəssis kimi formalaşmağa inam yaradır.

Bir məsələni də xüsusi qeyd etmək istərdim. Ölkəmizdə idman və mədəniyyətin inkişafı sahəsində xeyli iş görülür. Lakin Azərbaycan gəncinin idealları təbii ki, yalnız idman üzərində qurula bilməz. Çünki biz bu gün neft ixrac ediriksə, 15-20 il sonra elmi texnoloji mərkəzə çevrilməyə məcburuq. Yaxud neftlə yanaşı, elmi texnoloji ixraca keçək. Bunun üçün müasir biliklərə, təcrübələrə yiyələnmiş, texniki sahələrdə yetişən kadrlara böyük ehtiyac var. Ona görə elm olimpiadasında qalib gələn gənclə idman yarışının qalibinin arasında fərq olmamalıdır.

- Çox aktual məsələlərə toxundunuz. Bax, elə bu baxımdan yeni qəbul olunacaq dövlət proqramından nə gözləyirsiniz?

- İlk növbədə qeyd etmək istərdim ki, belə bir proqramın hazırlanması təşəbbüsü Azərbaycan Prezidentinin və dövlətinin gənclərə yüksək dəyər verməsinin göstəricisidir. Eləcə də Prezidentin gənclərə olan güvəninin tərənnümüdür. Gənclərlə bağlı Dövlət Proqamının ictimai müzakirəsi və bu ictimai müzakirəsinin Prezidentin iştirakı ilə başlaması özü-özlüyündə bizi gələcəyə böyük ümidlərlə baxmağa səsləyir.

Hazırda əsas vəzifələrdən biri proqramın ictimai müzakirəsinə daha çox sayda gəncin cəlb olunmasıdır. Yəni, məqsəd odur ki, hansısa problem gözdən yayınmasın. Bununla bağlı universitetlərdə qutular qoyulacaq və gənclər onları maraqlandıran məsələlərlə bağlı təkliflərini yazılı şəkildə həmin qutulara atacaqlar. Bu o deməkdir ki, hazırlanacaq dövlət proqramı yalnız ictimai təşkilatların rəhbərləri olan gənclərin deyil, hər bir gəncin, hər bir tələbənin təkliflər verdiyi mükəmməl sənəd kimi ortaya çıxacaq.

Təbii ki, proqramda qarşıya qoyulan məqsədlərdən biri odur ki, buraya gəncləri narahat edən əsas məsələlər salınsın. Təsdiq olunduqdan sonra cəmiyyətin əsas diqqəti qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə yönələcək. İndiki hazırlıq prosesi onu göstərir ki, bu proqramda nəzərdə tutulacaq bütün vəzifələr yerinə yetiriləcək. Çünki bunun üçün ilk növbədə, dövlət başçısının iradəsi və cəmiyyətin istəyi var. O cümlədən dövlətimizin qüdrətinin gündən-günə artması gəncliyin inkişafı üçün istənilən layihənin reallaşmasına imkan verir. Artıq Gənclər Fondunun, Gənclər Mərkəzinin yaradılması istiqamətində işlərin görülməsinə başlanılıb. Prezidentlə görüşdən sonra biz gəncləri düşündürən məsələlərin həlli ilə bağlı nəzərəçarpacaq irəliləyişlərin olduğunu görürük. Aidiyyəti qurumlar bu istiqamətdə fəallıqlarını artırıblar. Bu da bizə inamla söyləməyə imkan verir ki, təsdiq olunacaq dövlət proqramı Azərbaycan gəncliyinin yeni inkişaf mərhələsinə yol açacaq.

 

 

Müsahibəni apardı: Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2011.-1 may.- S. 4.