Akademik Ramiz Mehdiyevin "Gorus-2010:
absurd teatrı mövsümü" kitabı müzakirə
olunmuşdur
Göyçay
2010-cu il oktyabrın 16-da Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda erməni diasporundan olan jurnalistlər qarşısında verdiyi bəyanatlar, xüsusən də erməni tarixi ilə bağlı uydurmaları dünyanın hər yerində, xüsusilə də respublikamızda yalan və saxtakarlığın bariz nümunəsi kimi qarşılanmışdır.
AzərTAc xəbər verir ki, bu hadisədən sonra Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev Ermənistan prezidenti tərəfindən irəli sürülmüş uydurma fikirləri ifşa etmək üçün "Gorus-2010: absurd teatrı mövsümü" kitabını yazmış və həmin əsassız faktlara tutarlı cavab vermişdir.
Bu kitab Göyçay rayonunda da maraqla qarşılanmış və aprelin 29-da onun ictimai müzakirəsi keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov qeyd etmişdir ki, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı Ermənistan prezidenti Sarkisyanın və onun havadarlarının, bütün erməni şovinistlərinin riyakarlığına, tarixi saxtalaşdırmaq cəhdlərinə çox sanballı, arxiv materiallarına, elmi əsərlərə istinadla əsaslandırılmış tutarlı cavabdır: "Kitabın qiyməti və əhəmiyyəti həm də ondadır ki, müəllif əsərdə erməni liderlərinin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq cəhdlərini elmi dəlillərlə ifşa etmiş, Ermənistan dövlətinin əzəli Azərbaycan torpaqlarında yaradıldığını diqqətə çatdırmışdır", - deyə natiq vurğulamışdır.
Kitab haqqında fikirlərini bildirən icra başçısının müavini Rəxşəndə Rəcəbova, təhsil şöbəsinin müdiri Asif Nəbiyev və başqaları vurğulamışlar ki, informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə vuran kitabda bədnam qonşularımız tərəfindən bizim doğma torpaqlarımızın, təbii sərvətlərimizin və mədəni irsimizin işğal edilməsi, özününküləşdirilməsi tam çılpaqlığı ilə ifşa olunmuşdur. Erməni tapdağı altında olan müqəddəs torpaqlarımızda nəinki milli, hətta bəşər mədəniyyəti üçün misilsiz əhəmiyyət kəsb edən yüzlərlə arxeoloji, tarixi, memarlıq abidələri, rəsm əsərləri məhv edilmişdir.
Müzakirələrdə çıxış edənlər akademik Ramiz Mehdiyevin belə bir fikrini xüsusi vurğulamışlar ki, Sarkisyanın ermənilərin hamıdan ali, hamıdan üstün olduğunu sübut etmək cəhdi faşizm əlamətidir. Əslində bu fikir həyatda öz əksini tapmışdır. Çünki Sarkisyan Xocalıda, sözün həqiqi mənasında, faşistlik etmişdir.
Sonda natiqlər bu kitabın hər birimizin stolüstü kitabı olması, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ən çox öyrənilən və maraq dairəsində olması fikrini ifadə etmişlər.
Hacıqabul
Aprelin 30-da Hacıqabul rayon mədəniyyət evində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, görkəmli filosof alim, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov akademik Ramiz Mehdiyevin erməni liderlərinin beynəlxalq ictimaiyyəti uydurma və yalanlarla çaşdırmaq, tarixi saxtalaşdırmaq cəhdlərini yeni elmi dəlillərlə ifşa edən "Gorus-2010: absurd teatrı mövsümü" kitabının tarixi düşmənlərimizlə ideoloji mübarizədə mühüm əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, bu əsər tarixi saxtalaşdırmaqla Azərbaycan torpaqlarının onlara məxsusluğu barədə uydurmaları həqiqət kimi qələmə verməyə cəhd göstərən erməni separatçılarının iç üzünü açır.
Vurğulanmışdır ki, ötən əsrin sonlarında keçmiş Sovetlər İttifaqında yaranmış anarxiyadan istifadə edən erməni separatçıları "böyük Ermənistan" xülyalarını reallaşdırmaq üçün əllərinə fürsət düşdüyünü zənn edərək Azərbaycanın yeni ərazilərini, eləcə də Dağlıq Qarabağı ələ keçirmək üçün özlərinin tarixi saxtakarlıqlarının yeni mərhələsinə qədəm qoydular.
Bu gün beynəlxalq aləmin haqq səsini qulaqardına vuran erməni separatçıları Dağlıq Qarabağla bağlı uydurmaları yenidən ölkə prezidenti səviyyəsində gündəmə gətirməklə dünya ictimaiyyətini çaşdırmaqda davam edirlər. Akademik Ramiz Mehdiyevin kitabını oxuyan hər bir kəs əmin olur ki, Ermənistan prezidenti Serj Sarkisyanın jurnalistlər qarşısında verdiyi bəyanat ağlagəlməz yalan və saxtakarlıqla doludur.
Elmi-praktiki konfransda bildirilmişdir ki, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabını oxuyan hər kəsə "Dənizdən-dənizə Ermənistan" dövləti yaratmaq xülyası ilə yaşayanların, prezident Serj Sarkisyanın reallığı deyil, saxtakarlığı, gördüklərini yox, görmək istədiklərini həqiqət kimi qəbul etdikləri bir daha aydın olur.
Bildirilmişdir ki, akademik Ramiz Mehdiyev kitabında Serj Sarkisyanın Azərbaycanda Stepan Şaumyanın "bandit" adlandırılması ilə bağlı "hiddətinə" də tutarlı cavab vermişdir. Müəllif qeyd edir ki, S.Şaumyan bolşevizm hərəkatının bayrağı altında çıxış edərək faktiki olaraq Azərbaycanda "Daşnaksütyün" partiyasının proqramını həyata keçirirdi. Bu partiyanın strateji məqsədi isə Azərbaycan və Türkiyə ərazilərinin xeyli hissəsində erməni dövləti yaratmaq idi. Ermənilərin rəhbəri də bu imkandan istifadə etmişdir. Müəllif bütün dünyaya guya Türkiyə dövləti tərəfindən soyqırıma məruz qaldığını bəyan edən Ermənistan separatçıları və prezident Serj Sarkisyana bir daha xatırladır ki, 1918-ci il martın 30-dan aprelin 1-dək bolşevik-daşnak qoşunları Bakıda 12 mindən çox dinc azərbaycanlını milli mənsubiyyətə görə məhv etmişdir. Bütün bunlardan sonra S.Şaumyanı azərbaycanlıların soyqırımının əsas təşkilatçısı hesab etməmək olarmı?
Konfransda deyilmişdir ki, kitabda bugünkü müasir, güclü Azərbaycanla böhran içərisində boğulan Ermənistan müqayisə olunur. Göstərilir ki, Azərbaycan ilə Ermənistan arasında çox böyük fərq vardır. Azərbaycanın sürətli inkişafı, hərbi qüdrətinin durmadan artdığı, xarici siyasətinin bütün dünyada bəyənildiyi halda, Ermənistan diplomatiya sahəsində tam məğlubiyyətə doğru gedir. Bunun ardınca başqa xarakterli məğlubiyyətlər də ola bilər.
Akademik Ramiz Mehdiyev əsərində özünü Ermənistanın rəhbəri adlandıran şəxsin guya Ermənistanın dünyada ilk xristian ölkəsi və qədim tarixə malik dövlət olması, Azərbaycanın və bir millət kimi azərbaycanlıların isə yaranmasından bir əsrdən az vaxt keçməsi barədəki sərsəm iddialarına da faktlara söykənən dəlillərlə cavab vermişdir. Bu zaman məşhur tarixçilərin, tədqiqatçıların, hətta bir sıra erməni alimlərinin elmi əsərlərindən istifadə olunmuşdur.
Kitabda erməni ideoloqlarının "yeni tədqiqatlarına" elmi dəlillərlə tutarlı cavab verən akademik Ramiz Mehdiyev həmin "arqumentlərin" əsassızlığını sübuta yetirmişdir.
Bu qiymətli əsərdə sübut olunur ki, hazırda Ermənistanın yerləşdiyi ərazi bütün tarixi dövrlərdə Azərbaycan dövlətinə məxsus olmuş, bu torpaqların ən qədim yerli əhalisi ermənilər deyil, onun aborigen sahibləri Azərbaycan türkləri olmuşlar. Kitabda Azərbaycanın ən müxtəlif dövrlərə aid qədim xəritələri də yer almışdır.
Müəllif indiyə qədər üzləşdiyimiz erməni riyakarlıqlarına tutarlı cavab verərək əsərini bu fikirlə bitirir: "Reallığı dərk etmək əvəzinə Serj Sarkisyan Gorusdakı nitqi ilə özünü pis vəziyyətə salmış və qonaqlara yalnız məsləhət vermişdir. Başa düşmək çətin deyil ki, Ermənistanın gələcək nəsilləri bu səhvlərin ağır nəticələrini öz üzərində hiss edəcəkdir".
Elmi-praktiki konfransda rayon ziyalılar cəmiyyətinin sədri Şükür Məmmədov "Gorus-2010: absurd teatrı mövsümü" kitabı erməni təbliğatına qarşı mübarizədə mükəmməl vasitədir", Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Hafiz Bəşirov "Gorusda Ermənistan prezidenti Serj Sarkisyanın əsassız tarixi "kəşfləri"nin iflası", rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Elvin Şıxəliyev "Ermənistan dövlətinin öz ərazilərini tarixi Azərbaycan torpaqları hesabına genişləndirməsinin sübutu", tarix müəllimi Mehman Əmiraslanov "Dağlıq Qarabağla bağlı erməni saxtakarlığının iflası", "Pir Hüseyn Xənagahı" memarlıq qoruğunun direktoru Mübariz Xəlilov "Erməni separatçılarının Azərbaycanda törətdikləri vandalizmin tarixi faktlarla sübuta yetirilməsi" mövzularında məruzələrlə çıxış etmişlər.
Toplantıda Milli Məclisin deputatı Rafael Hüseynov çıxış edərək bildirmişdir ki, bugünkü tədbir mühüm tarixi hadisə - Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinin böyük təntənə ilə qeyd ediləcəyi ərəfədə keçirilir.
Müstəqilliyimizin qorunmasında və onun daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirən R.Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə apardığı doğru, düzgün və məqsədyönlü siyasətin uğurlu nəticələrini diqqətə çatdırmışdır.
Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ermənilərin sərsəm siyasətinə tutarlı cavab olduğunu vurğulayan deputat, əsərdə təqdim olunan tarixi xəritələrdə Ermənistanın bir ölkə kimi mövcud olmadığını bildirmişdir.
Azərbaycan.- 2011.-1 may.- S.4.