Nikita Mixalkov: İrandan çıxarılan erməni ailələrini Dağlıq Qarabağda məskunlaşdıran məhz Qriboyedov olmuşdur

 

AzərTAc Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Rusiya Kinematoqrafçılar İttifaqının sədri, Oskar mükafatı laureatı, tanınmış rejissor Nikita Mixalkov Aleksandr Qriboyedov haqqında film çəkməyə hazırlaşır.

N.Mixalkov bildirmişdir ki, "Aleksandr Qriboyedovun həyatı və ölümü" adlı layihənin demək olar ki, hazır ssenarisi onun əlindədir. Ssenarinin müəllifləri Aleksandr Adabaşyan, İrakli Kvirikadze, Yuri Loşşits və Nikita Mixalkov özüdür.

Mixalkov demişdir: "Çoxşaxəli, çoxpilləli əhvalat 20 seriyalı telefilmin əsası ola bilər. Sonra isə həmin serial əsasında iki film hazırlamaq mümkündür".

Rejissor əlavə etmişdir ki, bu layihəni 20 il bundan əvvəl fikirləşmişdir.

"Biz bu filmi ona görə çəkmədik ki, Qarabağda kədərli hadisələr başlandı. Bu da məlumdur ki, İrandan çıxarılan erməni ailələrini Dağlıq Qarabağda məskunlaşdıran məhz Qriboyedov olmuşdur" - deyən Mixalkov etiraf etmişdir ki, baş rola çəkilmək üçün hələ aktyor seçilməmişdir, "lakin istəyənlər çoxdur".

Rejissor demişdir ki, biz layihəni hazırlayarkən tapdığımız materiallardan bəlli olur ki, kansler qraf Nesselrode (1816-cı ildən 1856-cı ilə qədər Rusiya İmperiyasının xarici işlər naziri, 1844-cü ildən dövlət kansleri) İngiltərə kəşfiyyatının rezidenti olmuşdur. Qriboyedovun qətli xalis siyasi qətil idi. İngilislər bu qətli Rusiyadakı daxili qüvvələrin köməyi ilə həyata keçirmişlər.

Mixalkovun sözlərinə görə, bu faktlar hadisələri daha maraqlı və müasir edir.

Rusiyanın İrandakı səfirliyinə başçılıq etmiş Aleksandr Sergeyeviç Qriboyedov 1829-cu ildə, hiddətlənmiş xalq kütlələri Rusiyanın Tehrandakı diplomatik missiyasını darmadağın edərkən həlak olmuşdur.

 

 

Azərbaycan.- 2011.-1 may.- S. 5.