Naxçıvanda müasir tipli səhiyyə ocaqlarının sayı ilbəil artır

 

Azərbaycanda səhiyyə müəssisələrinin yenidən qurulması, onun maddi-texniki bazasının gücləndirilməsi, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanması prioritet istiqamətlərdəndir. Bu sahədə həyata keçirilən dövlət siyasətinin başlıca məqsədi əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramına uyğun olaraq Naxçıvanda aparılan genişmiqyaslı quruculuq tədbirləri sırasında yeni səhiyyə ocaqlarının inşasına, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Muxtar respublika Səhiyyə Nazirliyindən aldığımız məlumata görə, son illər aparılan genişmiqyaslı quruculuq tədbirləri sayəsində 42 xəstəxana, 51 həkim ambulatoriyası, 56 feldşer-mama, 17 tibb məntəqəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur.

Son dörd il ərzində rayon mərkəzlərində Avropa standartları əsasında beş mərkəzi xəstəxana binası tikilmiş, bir obyektin inşası isə sürətlə davam etdirilir. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi və Naxçıvan Şəhər Doğum Mərkəzi regionda analoqu olmayan tibb müəssisələri sırasına daxil olub.

Səhiyyə sahəsində prioritetlərdən biri kimi aztəminatlı ailələrdən olan xəstələrə sosial dəstək qismində, onların muxtar respublikadan kənara getmədən cərrahiyyə əməliyyatlarının təşkili işi aktiv şəkildə davam etdirilib. Ötən il Diaqnostika-Müalicə Mərkəzində 431 xəstənin yüksək ixtisaslı həkimlərin iştirakı ilə cərrahiyyə əməliyyatı təşkil olunmuşdur. Onlardan 52-si açıq ürək və damar, 34 nəfərdə plastik cərrahi, 1 xəstədə böyrək köçürülməsi əməliyyatı olub. 87 xəstədə koronarangioqrafiya manipulyasiyası aparılmış və ehtiyacı olan 15 xəstənin ürək damarlarına stend qoyulmuşdur.

Duzdağ Fizioterapiya Mərkəzinin şöhrəti də artıq xeyli artıb. Ölkə başçısı cənab İlham Əliyevin qayğı və diqqəti sayəsində inşa olunan bu mərkəzdə müalicə, müayinə və istirahət üçün hər cür şərait yaradılıb. İndi burada yeraltı nadir müalicəxanada ölkəmizin bütün bölgələrindən, eləcə də bir çox xarici dövlətlərdən bronxial astmadan, onun infeksion allergik və qarışıq formalarından, predastmadan, xroniki bronxitdən, allergik rinitlərdən, atopik dermatitlərdən, neyrodermitlərdən əziyyət çəkən xəstələr müalicə olunurlar. Muxtar respublikada iqlimin quru və kontinental, günəşli günlərin sayının çox olması da müalicənin effektli aparılmasına təsirini göstərir.

Səhiyyə sistemində tikinti-quruculuq tədbirləri ötən il də sürətlə aparılıb. Naxçıvan şəhərində məhdud fiziki imkanlılar üçün regional-informasiya mərkəzi, psixi xəstəliklər dispanseri üçün 85 çarpayılıq yeni korpus, ağciyər xəstəlikləri dispanserinin bakterioloji laboratoriyası, sərhəd bölgəsi olan Sədərək rayon mərkəzi xəstəxana binası da istifadəyə verilmişdir.

Sədərək Rayon Mərkəzi Xəstəxanasının açılış mərasimində Prezident İlham Əliyev quruculuq istiqamətində görülən işləri yüksək qiymətləndirib. "Mən xəstəxana ilə tanış oldum, gördüm ki, burada müasir avadanlıq quraşdırılıbdır, yüksək səviyyədə tikinti işləri aparılıbdır, gözəl layihədir. Həm müalicə almaq, həm də müayinədən, diaqnostik prosedurlardan keçmək üçün bütün şərait, imkan vardır" - deyən ölkə başçısı əmin olduğunu bildirib ki, gələcəkdə belə xəstəxanaların sayı daha çox olacaq.

Səhiyyə müəssisəsi zirzəmi qatı ilə birlikdə üç mərtəbədən ibarət olmaqla 26 çarpayılıqdır. Burada İtaliya, Türkiyə, Almaniya və Koreya istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. Stasionar, poliklinika və təcili yardım şöbələri ilə bərabər, yoluxucu xəstəliklər, pediatriya, doğum və ginekologiya, cərrahiyyə, terapiya bölmələri fəaliyyət göstərir. Cərrahiyyə əməliyyatı otaqları ən müasir avadanlıqlarla təmin olunub. Stomatoloji kabinetdə yaradılan şərait də diqqəti cəlb edir. Xəstəxananın baş həkimi Nəriman Seyidov bildirir ki, hazırda burada 24 həkim və orta tibb işçisi çalışır. Onlardan iki nəfər - Roza Quliyeva və Səbuhi Həsənov Naxçıvan Dövlət Universitetinin tibb fakültəsini bitirdikdən sonra pediatr kimi Türkiyənin Qeysəriyyə və İzmir şəhərlərindəki tibb müəssisələrində xüsusi təcrübə kursları keçiblər.

Prezident İlham Əliyev məhdud fiziki imkanlı insanlar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışında da iştirak edib. Mərkəzin yaradılmasında əsas məqsəd məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyalarının tədrisi, gözdən əlil uşaqlara informasiya texnologiyaları sahəsində bilik və bacarıqların aşılanmasıdır. Heydər Əliyev Fondunun, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdikləri bu layihənin əsasında yaradılan Naxçıvan Regional İnformasiya Mərkəzinin xidmətindən hazırda Naxçıvan şəhəri daxil olmaqla muxtar respublikanın digər bölgələrində yaşayan fiziki qüsurlu insanlar da istifadə edirlər.

Kecən il səhiyyə sahəsində aparılan quruculuq tədbirləri kənd yaşayış məskənlərini də əhatə edib. Şərur rayonunun Yengicə, Maxta, Kəngərli rayonunun Qarabağlar və Şahtaxtı kəndlərində ikimərtəbəli, müasir tipli həkim ambulatoriyaları, Təzəkənd və Yeni Kərki, Babək rayonunun Aşağı Uzunoba kəndində isə feldşer-mama məntəqələri tikilərək istifadəyə verilib. Onlar lazımi tibbi avadanlıqlarla təmin olunub.

Muxtar respublikanın səhiyyə sistemində keçirilən islahatlar keyfiyyət göstəricilərinə də ciddi təsir göstərib. Statistik məlumata görə, bir yaşa qədər uşaqların ölüm sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Ötən il bu göstərici hər 1000 nəfər doğulan hesabı ilə 1,2 nəfər təşkil edib. Halbuki 1988-ci ildə bu göstərici 28,3 nəfər təşkil etmişdir.

Sosial-iqtisadi islahatların səmərəliliyi, əhalinin yaşayış standartlarının davamlı yüksəlişi və güzəranının yaxşılaşması regionda demoqrafik vəziyyətə də öz təsirini göstərib. Son illər ərzində əhalinin orta ömür müddəti 4,2 il yüksələrək 74,4 ilə çatıb. Muxtar respublikanın tarixində ilk dəfə olaraq ötən il ərzində doğulan körpələrin sayı on min nəfəri ötüb. Halbuki 1988-ci ildə bu rəqəm indikindən 34,3 faiz az olub. Müqayisə olunan dövrdə əhalinin sayı isə 115,6 min nəfər artaraq 410 min nəfərə çatıb.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan MR Ali Məclisinin deputatı Anar İbrahimov bildirir ki, son illər muxtar respublikanın səhiyyə sistemində aparılan islahatlar təmsil olunduğu qurumda diqqəti çəkən əsas məqamlardan biri olub. Onun fikrincə, regionun kənd yaşayış məntəqələrində sahə xəstəxanalarının, həkim ambulatoriyalarının və digər tibb obyektlərinin əhatəliyi və müasirliyi, ənənəvi mərkəzi tibb qurumlarını tamamlayır, nəticə etibarı ilə isə sistemin səmərəliliyini artırır. İki il bundan əvvəl "Kənd rayonlarında tibbi xidmətin balanslaşdırılmış bölgüsü haqqında" tövsiyə layihəsinin müzakirəsi zamanı beynəlxalq qurumda muxtar respublikanın təcrübəsi ayrıca qeyd olunub.

Quruculuq tədbirləri cari ildə də uğurla davam etdirilir. Ordubad Rayon Mərkəzi Xəstəxanası üçün inşa olunan 60 çarpayılıq xəstəxanada tikinti işləri tamamlanmaq üzrədir. Xəstəxananın baş həkimi Haçağa Bağırov deyir ki, indiyədək burada maddi-texniki baza zəif olduğundan bir çox hallarda ağır xəstələr Naxçıvan şəhərindəki, eləcə də qonşu rayonlardakı səhiyyə ocaqlarına müraciət etməli olurdular. Xüsusən də, ağır cərrahiyyə, dializ və rentgen xidmətindən istifadə edənlər əksəriyyət təşkil edirdi. Yeni səhiyyə ocağı istifadəyə veriləndən sonra buna ehtiyac qalmayacaqdır

Yeni inşa olunan xəstəxananın aşağı hissəsi laboratoriya, həkim-stomatoloq kabinetləri və yardımçı otaqlar üçün nəzərdə tutulub. Laboratoriyadakı avadanlıqlar ümumi, biokimyəvi və bakterioloji analizləri yüksək səviyyədə aparmağa imkan yaradacaqdır. Xəstələrin rahatlığı üçün burada ən müasir lift də quraşdırılacaq.

Obyektin ikinci, üçüncü mərtəbələrində poliklinika və terapiya-stasionar şöbələri, əməliyyat bloku yerləşəcək. Poliklinikada ultrasəs müayinə, stomatologiya, göz, lor və digər kabinetlər yaradılacaq. Üçüncü mərtəbənin bir hissəsində terapevt-stasionar şöbə fəaliyyət göstərəcək. Şöbə üçün 28 çarpayılıq 14 palata nəzərdə tutulub. Əməliyyat otağındakı müasir avadanlıqlar mürəkkəb cərrahiyyə əməliyyatlarını da aparmağa imkan verəcəkdir.

Xəstəxananın sonuncu - beşinci mərtəbəsində isə 80 nəfərlik iclas zalı ilə yanaşı, 11 palata və həkim kabinetləri olacaq. Avadanlıqlar Almaniya, Yaponiya, Koreya, Türkiyə və Rusiyadan gətiriləcək.

Şərur rayonunun Çomaxtur, Yuxarı Daşarx, Siyaqut, Babək rayonunun Didivar, Şahbuz rayonunun Aşağı Qışlaq, Culfa rayonunun Nəhəcir kəndlərində isə müasir tipli həkim ambulatoriyaları və tibb məntəqələri tikiləcəkdir.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2011.- 1 may.- S., 5.