Özbəkistanda Azərbaycan gəncləri günləri başa çatmışdır

 

Daşkənddəki Gənclər Yaradıcılıq Sarayında təşkil edilən təntənəli sərgidə gənc Azərbaycan rəssamları N.Vahabov, Ş.Qəhrəmanlı, A.Bandurina, L.Zeynalova, B.Yusifov, S.Məmmədov, A.Əziz Arif, H.Ələskərova, F.Salahova, N.Qocayev, X.Tağıyeva, A.Əmirova, A.Əzizov, R.Məmmədov, N.Hüseynov, C.Əliyeva və A.Əmirovun əsərləri nümayiş olunmuşdur. Eyni zamanda, Özbəkistanda yaşayan azərbaycanlılar Yulduz Fərruxzadə və Zaur Mansurovun əsərləri də sərgidə yer almışdır.

Gənc Azərbaycan moda ustası Natəvan Səfərəliyevanın tərtib etdiyi geyim kolleksiyası da burada nümayiş etdirilmişdir. N.Səfərəliyevanın milli Azərbaycan ornamentləri ilə bəzədilmiş müasir geyim növləri tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Azərbaycan və özbək musiqisindən ibarət konsert proqramı tamaşaçılarda xoş ovqat yaratmışdır. Gənc Azərbaycan müğənnisi Günay İbrahimli ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş mahnı ifa etmişdir. Azərbaycan rəqqasələri "Dağlar qızı", "Ağ çiçək", "Naz eləmə" rəqslərini, müğənni Kənan Qədimov "Bəri gəl" və "Azərbaycan" mahnılarını ifa etmişlər. Daha sonra "Özbəyim yoşları" (Özbək gəncləri) ansamblı bir neçə rəqs təqdim etmişdir. Gənc özbək müğənnisi Şirin Mamatova "Sən gəlməz oldun" və "Biz mehriban ailəyik" mahnılarını böyük məharətlə oxumuşdur.

Günün sonunda qonaqlara Daşkəndin "Sultan" restoranında Azərbaycan milli yeməklərindən ibarət ziyafət verilmişdir.

Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Dövlət Teymurilər Tarixi muzeyinə də baxmış, bununla da Özbəkistanda Azərbaycan gəncləri günləri başa çatmışdır.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd

 

Azərbaycan.- 2011.-1 may.- S. 5.