Bir ömrün kino salnaməsi

 

Xalqımızın tarixi keçmişini bugünə gətirən və sabaha aparan sahələrdən ən maraqlısı incəsənətin bir qolu olan kinodur. Teatr tamaşalarından fərqli olaraq, kinofilmlər daha uzunömürlü və yaşarlı hesab edilir. Kinonun incəsənət inciləri sırasına çıxarılmasında rejissorun dünyaya və hadisələrə fəlsəfi baxışı, duyum və dünyagörüşü mühüm rol oynayır. O da danılmazdır ki, hər hansı əsərin obrazları, onları ifa edən aktyorlar istər yazıçı və dramaturqdan, istərsə də rejissordan daha çox yadda qalır və sevilirlər. Kadr arxasında qalmağın nəticəsi bax budur.

Maraqlıdır, görəsən, kadrarxası həyat rejissorların yaradıcılığına mənfi təsir etmir ki? Axı, aktyorların tamaşaçılar tərəfindən alqışlanması onun fəallığını bir qədər də artırmış olur ki, yeni səhnədə o, daha canlı ampluada görünür. Sən demə, bütün bunlar heç də hər hansı rejissorun yaradıcılığına mənfi təsir göstərmir və əksinə, yeni filmlərin daha canlı və obrazlılığı üçün əsas stimula çevrilir.

Ömrünü və yaradıcılığını bütünlüklə kinoya həsr etmiş sənətkarlarımızdan olan kinorejissor Eldar Quliyevin göz açdığı ailə sənət ocağı, musiqi beşiyi sayılıb. Mahnıları ilə könülləri fəth etmiş, uzun müddət Bəstəkarlar İttifaqının rəhbəri olmuş professor Tofiq Quliyevin ailəsində 1941-ci ilin qarlı-şaxtalı bir qış günündə dünyaya göz açan Eldarın gələcəkdə hansı sənətdə özünü tapması və tanımasını o zamanlar söyləmək çətin idi. Lakin onun tərbiyə aldığı ocağın sənət çeşməli, musiqi laylalı olmasını unutmasaq, o zamanlardan Eldar Quliyevin yaradıcı insanlardan dərs və tərbiyə almasını, beləliklə, uşaqlıqdan incəsənətə meyil salmasını söyləmək çətin olmazdı.

Bu yaxınlarda ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunan Eldar Quliyevin 70 yaşı tamam oldu. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə respublikanın ən ali mükafatını alan kinorejissorun çəkdiyi filmlər təkcə sevimli tamaşaçılarının rəğbətini qazanmayıb, eyni zamanda dövlət tərəfindən yüksək dəyərləndirilib. Geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan Eldar Quliyev 1960-1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində məşhur sənətkarlardan dərs alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışan kinorejissor kifayət qədər tanınmış bədii, sənədli film və ssenarilərin müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda mükafatlara layiq görülüb. Dövlət mükafatı laureatı Eldar Quliyev "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professorudur.

"Azərbaycanfilm" kinostudiyasında yaradıcılıq fəaliyyətinə kinorejissor ilk ekran əsərini nağıllar aləmindən başlayıb: "Biri var idi, biri yox idi..."

Azərbaycan kino sənəti tarixində ədəbi hadisəyə çevrilmiş "Bir cənub şəhərində" filmi Eldar Quliyevin ilk böyük ekran əsəri sayılır. 1970-ci ildən ekrana çıxan bu film Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoydu.

Kinorejissorun 1979-cu ildə çəkdiyi "Babək" filmi istər professionallığına, istər kütləviliyinə, eləcə də batal səhnələrinin miqyasına görə heç də xaricdə istehsal olunan məşhur və bəyənilmiş kinolardan geri qalmadı. Mühüm faktlardan biri də budur ki, film həmin illərdə 60-a yaxın ölkə tərəfindən satın alınıb.

Bunlarla yanaşı, professorun yaradıcılıq bioqrafiyasına yazılan və yaddaqalan filmlərin sayı az deyil: "Ən vacib müsahibə", "Var olun, qızlar", "Nizami", "Ürək... ürək...", "Nə gözəldir bu dünya", "Girov", "Abşeron ritmləri", "Ata", "Azərbaycan kinosu-80", "Azərbaycan naminə", "Bəxtəvər", "Bəyin oğurlanması", "Bizim Nəsibə xanım", "Burulğan", "Cənub buxtası", "Dantenin yubileyi", "Əfqan gündəliyi", "Elegiya", "Heydər Əliyev. Dünyaya pəncərə", "Güllələnmə təxirə salınır", "Girov", "Gümüşgöl əfsanəsi", "Əsirin qayıtması", "Güzgü", "Kədərimiz... vüqarımız", "Mənim ağ şəhərim", "Özüm və zaman haqqında", "Odla qol-boyun", "Qızıl uçurum", "Səmt küləyi", "Səməd Vurğun", "Şəhidlik zirvəsi" və s.

Kinorejissorla C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında görüşdük. Kino sənətinin incəliklərinə mükəmməl bələd olan professor ömrünü bu sənətə həsr etməsindən məmnunluğunu bildirdi. Özünü tamamilə qane edən əsərini hələ də ekranlaşdırmadığını gizlətmədi: "İstədiyimi çəkməmişəm, - belə də demək olar. Amma mən istədiklərimi çəkmişəm. İstəməsəydim çəkdiklərimi çəkə bilməzdim. Bütün hallarda hesab edirəm ki, nə zamansa həmin filmi, yəni bütün məziyyətlərinə görə istədiyimi çəksəm, onda mənim növbəti əsər üzərində işləməyimə ehtiyac qalmayacaq. Güman edirəm ki, hər bir sənətkar onu təmin edən əsərin daim arzusunda olub. Bu da təbiidir. Üzərində çalışdığımız hər bir sənət nümunəsi ondan sonrakının ilkini olduğundan, axtarışlar yenisini gətirir və sevdirir. Demək, ilk əsərlə, sonuncu sayılanlar arasında kəskin fərq olmalıdır. Çox güman ki, mənim əsərlərimdə də bu ənənə özünü göstərməlidir".

Eldar Quliyev ötən il tamaşaçılarına daha bir film təqdim edib: "İstanbul reysi". Qeyd etmək lazımdır ki, tanınmış kinorejissor, eyni zamanda bir çox filmin həm də ssenari müəllifi olub ki, "İstanbul reysi" də bu sıraya daxildir.

Bədii və sənədli filmlərin həm ssenari müəllifi, həm aktyoru, həm də rejissoru olan professor Eldar Quliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Kremldə çalışdığı zamanlarda onunla iki dəfə görüşdüyünü belə xatırlayır: "Bütün hallarda sənədli əsərlərdən fərqli olaraq, bədiilərin yaranmasına zaman lazımdır. 1941-45-ci illər müharibəsində ön cəbhə, xüsusən faşizm üzərində qələbə üçün Azərbaycanın göstərdiyi kömək təkcə Xəzər nefti olmayıb. Mən Moskvada o zamanlar SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyən Heydər Əliyevlə görüşəndə bir daha bunu yəqinləşdirdim. Heydər Əliyev mənə bununla bağlı əsaslı bir iş görmək, Bakının əsl qəhrəman şəhər olmasını təsdiq edəcək film çəkməyi tapşıranda o böyük şəxsiyyətin qəlbindəki vətənpərvərlik məni həm qürurlandırdı, həm də doğrusu, kövrəltdi. Onda biz qərara gəldik ki, Azərbaycanın Böyük Vətən müharibəsi illərində arxa cəbhədəki vəziyyətini əks etdirən əsəri yaradaq. O, istəyirdi ki, xalqımızın döyüşkənliyini və mübarizliyini əks etdirən ekran əsərləri yaradılsın. "Vətən keşiyində" filmi məhz Heydər Əliyevin ideyası əsasında ekranlaşdırıldı. Elə ona görə də ulu öndərin özünün həyatını və ictimai-siyasi fəaliyyətini əks etdirən ekran əsəri yaradılmalı idi. "Portret" filmində Azərbaycan Ordusunun yaradılması və möhkəmləndirilməsi istiqamətində ictimai-siyasi xadim Heydər Əliyevin gördüyü işlərdən söhbət açılır. Məhz Heydər Əliyevin səyi nəticəsində 1971-ci ildə Azərbaycanda ilk hərbi məktəb yaradıldı və orada azərbaycanlı uşaqlar təhsil alaraq sonradan ali hərbi məktəblərə qəbul edildilər. Bu, Azərbaycanın dünənindən bugününə bir siyasi baxış, fədakarlıq, vətənpərvərlik, ən əsası isə müstəqilliyə qovuşmağın çox da uzaqda olmadığını dərk etmək idi. Belə olmasaydı, bu gün Azərbaycan Ordusunun sıralarında xalqımızın öz övladları komandir kimi çalışa bilərdimi?"

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Eldar Quliyev öz bilik və təcrübəsini gəncliyə öyrətməyi də unutmur. Ona görə də "Debüt" eksperimental gənclik yaradıcılıq studiyasını və Professional Kinorejissorlar Gildiyasını yaradıb.

Yaradıcılığı dövlət tərəfindən layiqincə qiymətləndirilən Eldar Quliyev Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülüb, Qırmızı Əmək Bayrağı Ordeni, "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.

Azərbaycan kinosunun inkişafı ilə bağlı Prezident İlham Əliyevin üç il öncə sərəncam imzaladığını xatırladan professor onu da qeyd etdi ki, müstəqillik illərinin əvvəllərində bütün digər sahələrdə olduğu kimi, kinomuz da durğunluq, süstlük mərhələsini yaşamalı oldu. Məhz həmin illər kinoteatr binalarının salonları tamaşaçı nəfəsinə həsrət qaldı. Az qala, sovet hakimiyyətinin qalıqlarıdır deyə, bütün infrastrukturlar darmadağın edilib, binalar yararsız hala salınanda kinoqurğular öz əhəmiyyətini itirdi. Amma, gəlin keçmiş sovet illərində kino sənətinə olan marağı əks etdirən bir fakta diqqət yetirək: bir ildə kinoteatrlarda "Dədə Qorqud" (rejissor Tofiq Tağızadə) filminə 1,9 milyon nəfər, "Babək"ə isə ondan bir qədər az, 1,7 milyon tamaşaçı baxmışdı.

Zaman keçdikcə, informasiya texnologiyaları məişətimizə və həyatımızın ayrı-ayrı sahələrinə daxil olduqca yeniliklərlə üzləşirik. Televiziyalarda dünya dövlətlərinin ekran əsərlərinə baxan tamaşaçı, əlbəttə, kinoteatrların (həm də yararsız kinoteatrlar) yolunu yaddan çıxaracaqdır. Son illərin serialları da həmçinin tamaşaçı zövqünü korlayan, kinofilmlərin əhəmiyyətinə kölgə salan amillərdəndir. "Qızıl onluq"ları "SMS"lə qiymətləndirən tamaşaçıların filmlə serialları bir-birindən ayıra bilməmələri də kinofilmlərə münasibəti korlayan səbəblərdəndir.

"Girov" filmi xarici ölkələrdə - Polşa, Misir, Hindistan, İran, Almaniya... yayılıb. Erməni vandalizminin çirkin siyasətini ifşa edən bu ekran əsəri bir sıra beynəlxalq festivallarda layiqli yer tutub. Fransa və İngiltərə kimi dünyanın inkişaf etmiş dövlətlərində Azərbaycan bayrağı "Girov" filmi ilə qaldırılıb. Bu, həmçinin xalqımızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən çəkdiyi əzabın beynəlxalq ictimaiyyətə və geniş tamaşaçı auditoriyasına çıxarılması deməkdir.

Quruluş verdiyi bütün ekran əsərlərində həm də özünü ifadə edən yubilyara yaradıcılıq uğurları arzulayırıq və inanırıq ki, o, çəkmək arzusunda olduğu "Qələbə"yə də imza atacaq.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.-1 may.- S. 7.