Azərbaycan və Litva prezidentləri
mətbuata bəyanatlarla çıxış etmişlər
Mayın 2-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Dalya Qribauskayte mətbuata bəyanatlarla çıxış etmişlər.
Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:
- Hörmətli xanım Prezident!
Hörmətli qonaqlar!
Sizi Azərbaycanda bir daha
salamlamaq istəyirəm. Əminəm ki, səfəriniz
uğurlu olacaqdır. İkitərəfli münasibətlərimizə
aid müxtəlif aspektlər, o cümlədən regional məsələlər
ətrafında çox maraqlı müzakirələr oldu. Əminəm
ki, bu müzakirələr regionda baş verən hadisələri,
çağırışları və problemləri daha
yaxşı anlamağa və irəliyə doğru hansı
yolla gedəcəyimizi təsəvvür etməyə imkan
yaradacaqdır. İkitərəfli münasibətlərə
gəldikdə, bildirmək istəyirəm ki, onlar əladır.
Bizim çox fəal siyasi dialoqumuz vardır. Beynəlxalq təşkilatlar
çərçivəsində yaxşı əməkdaşlıq
edirik. Litva Azərbaycanın Avropaya inteqrasiya siyasətini daim
dəstəkləyir. Əminəm ki, xanım Prezidentin səfəri
ölkələrimiz arasında siyasi münasibətləri
daha da möhkəmləndirəcəkdir. Zənnimcə,
iqtisadi sahədə əlaqələrimizin, xüsusən də
işgüzar dairələr arasında birbaşa təmasların
inkişafı üçün yaxşı potensial vardır.
Bilirəm ki, hazırda qarşılıqlı maraq
artmaqdadır. Biznes dairələrimiz tərəfindən
Litvada müxtəlif sərmayə imkanları qiymətləndirilir.
Hesab edirəm ki, gələcəyə nəzər salaraq
iqtisadi əlaqələrimizin genişləndirilməsi üzərində
düşünməliyik. Çünki
iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır,
bir-birini tamamlayır. Buna görə əminəm ki,
yaxşı siyasi münasibətlərimiz biznes dairələrimizə
daha fəal olmaq üçün bir işarə olacaqdır.
Nəqliyyat sektorunda
yaxşı imkanlar vardır. Azərbaycan müxtəlif
daşıma layihələrini həyata keçirməkdədir.
Bu layihələr yeni infrastrukturu, quru, dəmir və hava
yollarını yaradacaqdır. Həmçinin Xəzər dənizi
vasitəsilə nəqliyyat məsələləri də bu
halda nəzərdə tutulur. Bu, Baltik, Qara və Xəzər
dənizləri regionları arasında nəqliyyat əməkdaşlığının
bir hissəsi ola bilər. Bu, ölkələrimizin öz
regionlarında olduqca mühüm rol oynadığı regional
əməkdaşlıq siyasətini gücləndirəcəkdir.
Bu gün biz, həmçinin
enerji təhlükəsizliyi məsələlərini
müzakirə etdik. Bildiyiniz kimi, Azərbaycan bu baxımdan
daha fəal rol oynayır. Cari ilin yanvarında Avropa
İttifaqı ilə Azərbaycan arasında "Cənub"
qaz dəhlizi haqqında birgə bəyannamə imzaladıq.
Bu, irəliyə doğru atılan mühüm bir addım
oldu. Bu, həmin sahədə daha geniş əməkdaşlığın
qurulmasına əsas yaradacaqdır.
Azərbaycanın nəhəng
neft və qaz ehtiyatları vardır. Ölkəmiz artıq
mövcud daşıma infrastrukturuna və karbohidrogenlərimizi
müxtəlif istiqamətlərə nəql edən çox
sayda boru kəmərinə malikdir. Bu sahədə Avropa ilə
Azərbaycan arasında mövcud əməkdaşlıq
qarşılıqlı faydaya əsaslanır. Əminəm
ki, gələn illər ərzində bunun daha yaxşı nəticələrini
görəcəyik. Əlbəttə ki, enerji sahəsində
əlaqələr Avropa İttifaqı ilə əməkdaşlığımızın
mühüm bir hissəsidir. Biz Azərbaycanın iştirak
etdiyi "Şərq tərəfdaşlığı"
Proqramına verdiyi dəstəyə görə Litvaya minnətdarıq.
Təbii ki, bu gün biz
regional təhlükəsizlik məsələlərini də
müzakirə etdik. Bu məsələ, həmçinin ikitərəfli
gündəliyimizin bir hissəsidir. Eyni zamanda, Litva hazırda
ATƏT-ə sədrlik edən ölkədir. Münaqişənin
həlli müzakirələrimizin bir hissəsi oldu. Uzun illərdir
ki, Azərbaycan ilə Ermənistan arasındakı
münaqişə həll olunmayıb.
Mən xanım Prezidenti
danışıqların hazırkı statusu, müzakirə
olunan məsələlər barədə məlumatlandırdım.
Ümidvarıq ki, Ermənistan ATƏT-in
Mən, xanım Prezidentə
dəvəti qəbul edib bu gün ölkəmizə səfər
etdiyinə görə bir daha minnətdarlığımı
bildirirəm. Ümidvaram ki, səfəriniz uğurlu olacaq və
səfərinizdən məmnun qalacaqsınız.
Sağ olun.
* * *
Litva Prezidenti Dalya QRİBAUSKAYTE
çıxış edərək dedi:
- Çox sağ olun. Əlbəttə,
səfərimin ilk dəqiqələrindən artıq deyə
bilərəm ki, səfərimdən çox razıyam.
Çünki Prezidentlə onun qeyd etdiyi bütün məsələlər,
ikitərəfli münasibətlərə, eləcə də
Azərbaycan ilə Avropa arasında əlaqələrə aid
məsələlər ətrafında, o cümlədən
hamımızın üzləşdiyi problemlərin ATƏT
çərçivəsində çözülməsinə
dair çox səmimi söhbətimiz oldu. Qeyd olunan problemlərin
həlli və əməkdaşlıq edəcəyimiz
bütün sahələr nəinki ölkəniz, o cümlədən
Avropa və ATƏT, bütövlükdə isə
bütün dünya üçün vacibdir.
Litva ilə Azərbaycan
arasında ikitərəfli münasibətlərə gəldikdə,
iqtisadi əlaqələrimizin təkmilləşməsindən
çox razıyıq. Biznes dairələrimiz hər iki tərəfdən
əməkdaşlıq imkanlarını araşdırıb
müəyyən ediblər. Səfirliklərimiz ölkələrimizdə
müvafiq qaydada işləyirlər. Sizin səfiriniz bizim
ölkədə, bizim səfirimiz isə sizin ölkədə
fəal çalışırlar. Mən onları təbrik
etmək istəyirəm. Onlar çox yaxşı iş
görürlər. İşgüzar dairələrimiz hər
iki ölkədə iş aparmaq imkanlarından çox məmnundurlar.
Onların bizneslə məşğul olmaları
üçün yaxşı şansları vardır.
Dalya Qribauskayte Litvanın
Avropa İttifaqına üzvlük sahəsində
apardığı danışıqlardan əldə etdiyi təcrübəni
Azərbaycan ilə bölüşməyə hazır
olduğunu dedi. Azərbaycanda korrupsiyaya qarşı mübarizə
proqramının həyata keçirilməsini müsbət
qiymətləndirən Litva dövlətinin
başçısı bu məsələnin, həmçinin
onun ölkəsində gündəlikdə durduğunu bildirərək
dedi:
- Müəyyən müsbət
addımlar vardır. Biz bunu, xüsusən də, yeni qəbul
etdiyiniz korrupsiyaya qarşı proqramın həyata
keçirilməsində görürük. Bu məsələ,
həmçinin şəxsən mənim və ölkəmin
gündəliyində duran məsələdir. Bu problem bu və
ya digər dərəcədə hər bir ölkədə
vardır. Sizin ölkənizdə Prezidentiniz tərəfindən
bu proqramın başlanması çox yaxşı işarədir.
Litva Prezidenti Azərbaycanın,
eyni zamanda, Avropa üçün önəmli bir ölkə
olduğunu xüsusi qeyd edərək dedi:
- Təbii qaz və digər
enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsində
ölkəniz Avropa üçün böyük əhəmiyyət
kəsb edir. Bu münasibətlərin böyük gələcəyi
vardır. Mən sadəcə olaraq arzulayaram ki, ölkəniz
bundan tam istifadə etsin və bu məsələlər Avropa
İttifaqının istənilən üzv ölkəsi ilə
əlaqələrin daha da yaxşı olmasına töhfə
versin.
Ölkəmizin ən
ağrılı probleminə - Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan Dalya
Qribauskayte problemin yalnız sülh yolu ilə həllinin tərəfdarı
olduğunu bildirərək dedi:
- Bu cür münaqişələr
hər bir ölkəyə böyük itkilər verir. Mənəvi
dəyərlərə, münasibətlərə, iqtisadiyyata
çox pis təsir göstərir. Bu çətinlikləri
aradan qaldırmaq olduqca mürəkkəbdir. Bunun
üçün sizə səbir, açıq yanaşma və
əlbəttə ki, sülhsevər münasibət
lazımdır. Avropa və bütün dünya istəyir ki,
münaqişələr dinc yolla həll edilsin. Bu məsələnin
həllində Litva həm ATƏT-in, həm Avropa
İttifaqının üzvü kimi, həm də ki, ikitərəfli
formatda sizə bacardığı qədər kömək etməyə
hazırdır.
Litva prezidenti Azərbaycanın
sürətlə inkişaf etdiyini və ölkəmizdə
irimiqyaslı layihələrin icra olunduğunu xüsusi
vurğulayaraq bildirdi:
- Buraya gələrkən
tikilən və bərpa olunan bir çox binaları
gördük. Böyük infrastruktur obyektləri tikilmək
üzrədir. Bu çox yaxşı göstəricidir və
biz çox şadıq ki, ölkəniz sürətlə
inkişaf edir.
Təhsil sahəsində gələcək
əməkdaşlığa da toxunan Litva dövlətinin
başçısı bu istiqamətdə bir sıra layihələri
reallaşdırmağa hazır olduqlarını dedi.
AzərTAc
Azərbaycan.- 2011.-3 may.- S. 2.