İzmirdə Avropa Məhkəməsinin gələcək fəaliyyəti müzakirə olunmuşdur

 

Avropa məkanında hüquq sistemlərinin təkmilləşdirilməsi və inkişafında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Məhkəməyə ildə 60 mindən çox şikayət daxil olur, insan haqlarının müdafiəsində mühüm presedentlər yaradılır, milli qanunvericiliklərin təkmilləşməsinə töhfələr verilir.

Avropa Məhkəməsinə şikayətlərin sayı son illər kəskin artsa da onların 90 faizi Konvensiyaya uyğun olmadığından icraata qəbul edilmir və məhkəmənin iş yükünün əsassız artımı ilə nəticələnir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycandan bu məhkəməyə daxil olan şikayətlərin orta Avropadan olan şikayətlərlə müqayisədə 2 dəfə az olmasına baxmayaraq, onların da böyük əksəriyyəti rədd edilir.

Avropa Məhkəməsinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliyinin artırılması məqsədilə Avropa Şurasının təşkilatçılığı ilə ötən həftə Türkiyənin İzmir şəhərində Avropa Məhkəməsinin gələcəyinə dair yüksək səviyyəli konfrans keçirilmişdir.

Avropa Şurasının üzv və müşahidəçi dövlətlərinin ədliyyə və xarici işlər nazirlərinin, digər yüksək səviyyəli rəsmi şəxslərinin iştirak etdiyi konfransın açılışında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, ədliyyə naziri Əhməd Kahraman, Avropa Şurasının baş katibi Turbyorn Yaqland, AŞ PA-nın sədri Mövlud Çavuşoğlu, Avropa Məhkəməsinin sədri Jan-Pol Kosta, İnsan Hüquqları üzrə Avropa Komissarı Tomas Hammerberq çıxış etmiş, Avropa Məhkəməsinin səmərəsinin artırılması, mövcud problemlər və onların həlli ilə bağlı müzakirələr keçirilmişdir.

Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tədbirdə çıxış edərək Avropa Məhkəməsinin restrukturizasiyası, daha effektiv mexanizmlərin tətbiqi ilə bağlı təkliflər irəli sürmüş, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının müdafiəsi istiqamətində həyata keçirilən mütərəqqi islahatlardan danışmışdır.

Nazir həmçinin Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, bununla da Avropa Konvensiyası ilə qorunan insan haqlarının kobud şəkildə pozulduğunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

Belə mötəbər tribunadan Azərbaycan həqiqətlərinin səslənməsi erməni nümayəndə heyətinin böyük narahatlığına səbəb olmuşdur. İngilis dilində olan çıxışın, həm də rus dilində mətnləri tədbir iştirakçıları arasında yayılmışdır.

Konfransın sonunda Avropa Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə müvafiq fəaliyyət planını nəzərdə tutan bəyannamə qəbul olunmuşdur.

Tədbir çərçivəsində həmçinin Avropa Şurasının baş katibi, İnsan hüquqları üzrə komissarı, habelə bir sıra dövlətlərin ədliyyə nazirləri ilə görüşlər keçirilmiş, insan hüquqlarının təşviqi və əməkdaşlığa dair faydalı müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-3 may.- S.3.