Azərbaycan səfirliyi İsveçrə Xarici İşlər Departamentinə
etiraz notası vermişdir
Aprelin 29-dan Cenevrə şəhərində 25-ci Beynəlxalq Kitab və Mətbuat Sərgisi açılmışdır.
Sərgi mayın 3-də başa çatacaqdır.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ermənistanın şərəf qonağı qismində iştirak etdiyi sərgi ilə mayın 2-də prezident Serj Sarkisyan da tanış olacaqdır.
Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən verilən məlumata görə sərginin açılışı zamanı məlum olmuşdur ki, Ermənistana aid stendlərdə ölkəmizin ərazi bütövlüyünü təhrif edən müvafiq materiallar nümayiş etdirilir. Bununla əlaqədar səfirlik tərəfindən dərhal İsveçrənin Xarici İşlər Federal Departamentinə və sərginin təşkilatçılarına məlumat verilmiş və ciddi etiraz bildirilmişdir.
Səfir Murad Nəcəfbəyli sərginin təşkili üzrə məsul olan qurumun rəhbərləri Bernard Quiot və Adeline Beaux ilə görüşmüş, ölkəmizin etirazını qarşı tərəfin diqqətinə çatdırmışdır. Həmin materiallarda həqiqətə uyğun olmayan məqamlar əyani olaraq nümayiş etdirilmiş və onların sərgidən çıxarılması tələb edilmişdir.
Eyni zamanda, səfirlik İsveçrənin Xarici İşlər Departamentinə də etiraz notası ünvanlamış, məsələ ilə bağlı İsveçrə tərəfindən müvafiq tədbirlərin görülməsinin təmin olunması xahiş edilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.-3 may.- S. 3.