Azərbaycan və Türkiyə
birliyinin sarsılmazlığını göstərən
növbəti qətiyyətli mövqe
Rəcəb Tayyib Ərdoğan:
"Dağlıq Qarabağ münaqişəsi həll
olunmadan Ermənistanla əlaqələrimizin
normallaşması mümkün deyil"
Eyni dili, dini, tarixi paylaşan Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı dinamik və çoxşaxəli xarakterə malik olmaqla kifayət qədər möhkəm özüllər üzərində qurulub. Bunu şərtləndirən önəmli amillərdən biri eyni soykökündən gələn, ortaq mədəniyyətə malik xalqlarımızın qarşılıqlı əlaqələrində səmimiliyə, qardaşlıq və dostluğa hər zaman əsas önəm verməsi olub. Ən böyük hakim olan zaman da Azərbaycan və Türkiyənin ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olduğunu dəfələrlə sübuta yetirib.
Ölkələrarası münasibətlərin daha da dərinləşməsi istiqamətində hər iki dövlətin rəhbərliyi tərəfindən meydana qoyulan siyasi iradə Azərbaycan-Türkiyə əlaqələrinin strateji xarakter almasına, beynəlxalq hüquq məkanında mövqelərinin daha da güclənməsinə səbəb olub. Eyni zamanda istər ikitərəfli əlaqələrdə, istərsə də regional və daha genişmiqyaslı məsələlərə münasibətdə qarşılıqlı maraqların nəzərə alınması ölkələrimizin birliyinin dünya miqyasında da nə dərəcədə sarsılmaz olduğunu beynəlxalq ictimaiyyətə aydın nümayiş etdirir. Həmçinin bu birlik tarixən türk dünyasının düşməni kimi çıxış edən, hər fürsətdə azərbaycanlılara, eləcə də türk ulusunun digər təmsilçilərinə qarşı amansız soyqırımları törədən ermənilərə qarşı da etibarlı bir sipərə çevrilib.
Bunun nəticəsidir ki, Ermənistanın, erməni diasporunun bütün cəhdlərinə rəğmən, Azərbaycan torpaqlarını işğal altında saxladığı üçün Türkiyə təcavüzkar ölkə ilə sərhədlərini bağlı saxlayır. İşğal siyasətinə son qoyulmayana qədər sərhədlərin açılmasının mümkünsüz olduğunu bəyan edərək beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətlənməsi üçün daha qəti addımlar atmasını bildirir. Qondarma "erməni soyqırımı", Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarına qarşı mübarizədə isə qardaş ölkənin ən etibarlı müttəfiqi qismində Azərbaycan çıxış edir.
Proseslərin real gedişi isə Ermənistanın və erməni diasporunun hələ də düşmənçilik və işğal siyasətindən əl çəkmək niyyətində olmadığını göstərir. Bu mənada o da tam təbiidir ki, cari ilin yanvarında Qars vilayətinə səfəri zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan burada türk-erməni dostluğunu simvolizə edən "İnsanlıq abidəsi" heykəlinin sökülməsinə dair göstəriş verdi. Düzdür, burada rol oynayan məqamlardan biri də abidənin Türkiyənin tarixi-memarlıq üslubuna zidd olmasıdır. Sözügedən heykəl olduqca eybəcər görünüşə malik idi. Baş nazirin "ucube" (çirkin, eybəcər) adlandırdığı abidə həqiqətən də yarıtmaz olmaqla yanaşı, elə ucaldığı vaxtdan yerli əhalinin ciddi narazılığı ilə qarşılaşmışdı. 2008-ci ildə ucaldılmış heykəl yerli sakinlərin kəskin etirazlarına və siyasətçilərin narazılıqlarına rəğmən, yerində qalırdı. Bütün bunları nəzərə alan cənab Rəcəb Tayyib Ərdoğan abidənin sökülməsi və yerində park salınması üçün qətiyyətli mövqe nümayiş etdirdi. Nəticədə abidənin sökülməsi prosesinə start verildi. Qars Bələdiyyəsinin sədri Nevzat Bozkuş Türkiyənin Baş naziri Ərdoğanın mayın 20-də Qarsa gözlənilən səfərinədək "İnsanlıq abidəsi"nin böyük bir hissəsinin söküləcəyini bildirib. O, abidənin parçalara ayrılmış hissələrinin təkrarən birləşdirilib abidə halına gətirilməsinin mümkün olmadığını da vurğulayıb.
Belə yöndəmsiz abidənin götürülməsindən isə daha çox ermənilər narahat olmağa və Türkiyəyə qarşı yeni hədyanlar səsləndirməyə başladılar. Ancaq abidə şokunu yaşadıqları vaxt cənab Rəcəb Tayyib Ərdoğan Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxışı ilə ermənilərə daha bir zərbə vurdu, Azərbaycan və Türkiyə dostluğunun hər şeydən öndə gəldiyini bir daha göstərmiş oldu. Çıxışı zamanı Baş nazir açıq bildirdi ki, Türkiyə dost və qardaş Azərbaycanın maraqlarını qoruyur, azərbaycanlıların hüquqlarının ermənilər tərəfindən pozulmasını heç cür qəbul edə bilməz. Həmin vaxt AŞ PA-da Ermənistan nümayəndə heyətinin üzvü Armen Rustamyanın Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı imzalanmış protokola Türkiyənin nə üçün əməl etmədiyi, türk və erməni xalqlarının Qarsda ucaldılmış dostluq abidəsinin nə üçün söküldüyü barədə sualını Ərdoğan belə cavablandırmışdı: "Əvvələn, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ayrı bir məsələdir. Türkiyədəki erməni əhalisinin hüquqlarının qorunmasına gəldikdə, bu, bizim qarşımızda əsas öhdəliklərdən biridir və buna sədaqətliyik. Amma digər tərəfdən bizə dost və qardaş olan Azərbaycanın maraqlarını da qoruyuruq və onların da hüquqlarının ermənilər tərəfindən pozulmasını heç cür qəbul edə bilmərik. Səmimi deyim ki, biz bu problemləri çözməliyik və biz bu gün sərhədləri açmağa hazırıq. Biz həmişə çıxışlarımızda ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha fəal olmağa çağırmışıq. ABŞ, Fransa və Rusiya bu münaqişəni həll etmək üçün səylərini artırmalıdır. Onlar nə zaman bu problemin həllini tapsalar, o zaman biz də sərhəd məsələsində bir həll yolunu tapa bilərik. Əgər onlar öz öhdəliklərini yerinə yetirməsələr, o zaman hər şey çətin olacaqdır.
Mənim ölkəmdə hazırda 70 min erməni əsilli vətəndaş yaşayır. Bundan başqa, Türkiyədə Ermənistandan gəlmiş 40 min miqrant erməni də vardır. Biz onları yenidən Ermənistana deportasiya etmirik. Bilirik ki, onlar ehtiyac üzündən ölkələrini tərk ediblər. Biz protokol imzaladıq. Bu addımı o niyyətlə atdıq ki, aramızdakı problemi həll edək. Amma bu gün görürəm ki, Ermənistan tərəfi xaricdəki erməni diasporunun təzyiqləri nəticəsində bu və ya digər mənada arxaya addımlar atır. Bu gün Ermənistan erməni diasporunun girovuna çevrilib və müstəqil hərəkət etməkdə çətinlik çəkir. Ermənistan hökuməti düzgün istiqamətdə daha qətiyyətli və daha ardıcıl addımlar atsaydı, o zaman biz daha çox irəli gedə və sərhədləri aça bilərdik. Bizim Ermənistana və ermənilərə qarşı kin və nifrət hissimiz yoxdur".
Türkiyənin bu mövqeyinin dəyişilməz olduğunu Rəcəb Tayyib Ərdoğan İğdırda sakinlərlə görüşü zamanı bir daha diqqətə çatdırdı. İyunun 12-də keçiriləcək parlament seçkisi öncəsi hakim Ədalət və İnkişaf Partiyasının lideri olan Türkiyənin Baş naziri azərbaycanlıların da yığcam yaşadığı İğdırda olarkən növbəti dəfə ölkələrimiz arasında münasibətlərdən bəhs edib. Onun sözlərinə görə, hər iki ölkə bir-birilərinə güc verən gələcəyin iki dövləti və dünyada misli görünməmiş əlaqələrə malik iki qardaş ölkədir.
Baş nazir İğdırdan Naxçıvana yeni yolun tikintisinin başa çatdığını və yaxın vaxtlarda istifadəyə veriləcəyini də bildirib.
Türkiyə-Ermənistan münasibətlərinə toxunan Ərdoğan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən münasibətlərin normallaşması mümkün deyil: "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir. Burada, İğdırda bir daha söyləyirəm. Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanla əlaqələrimizin normallaşması mümkün deyil". Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Azərbaycanın arxasında olduqlarını və bu mövqedən çəkilməyəcəklərini bildirən Ərdoğan daha sonra qeyd edib: "Bu məsələdə kimsə bizdən başqa bir şey gözləməsin". Onun sözlərinə görə, bu barədə ona Avropa Şurası Parlament Assambleyasında suallar verən erməni və ermənipərəst deputatlara da lazımi cavablar verilib.
Bütün bunlar bir daha Türkiyə və Azərbaycan arasında kifayət qədər yüksək səviyyəli münasibətlərin olduğunu, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində qardaş dövlətin qətiyyətli mövqe nümayiş etdirdiyini aydın göstərir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2011.-3 may.- S. 3.