Moskvada Azərbaycan etnomədəni komponentli məktəb əfsanəvi Kərim Kərimovun adını daşıyacaqdır

 

Moskvada 157 nömrəli Azərbaycan etnomədəni komponentli orta ümumtəhsil məktəbi bundan sonra Sosialist Əməyi Qəhrəmanı, Stalin, Lenin və SSRİ Dövlət mükafatları laureatı, Pilotlu Uçuşlar üzrə Dövlət Komissiyasının sədri (1966-1991), general-leytenant Kərim Kərimovun adını daşıyacaqdır.

Məktəbdə bu əlamətdar hadisə münasibətilə keçirilən təntənəli tədbirdə Ümumrusiya Azərbaycan Konqresinin, şəhər ictimaiyyətinin, Moskva meriyasının, Rusiya paytaxtının təhsil departamentinin nümayəndələri, müharibə və əmək veteranları iştirak etmişlər.

Məktəbin direktoru, Azərbaycanın əməkdar müəllimi Aida Quliyeva bildirmişdir ki, məktəbə Kərim Kərimovun adının verilməsi gününü müəllimlər, eləcə də şagirdlər və valideynlər böyük səbirsizliklə gözləyirdilər. Bu məktəbdə təhsil alan hər bir kəs Kərim Kərimovun həyat və fəaliyyətini, onun sovet kosmonavtikasının tarixindəki rolunu bilir.

Kərim Kərimovun adının 157 nömrəli məktəbə verilməsi ilə əlaqədar Rusiya rəhbərliyinə və şəhərin hakimiyyət orqanlarına minntədarlığını bildirən Aida xanım demişdir ki, bu hadisə Rusiya və Azərbaycanın dostluq və mehriban qonşuluq əlaqələrinin inkişafına təkan verəcəkdir.

Sonra tədbirdə Kərim Kərimovun nəvəsi, məşhur babasının adını daşıyan Kərim Kərimov çıxış etmişdir. O, babasının adının əbədiləşdirilməsində iştirak edən insanlara minnətdarlığını bildirərək vurğulamışdır ki, babasının uzun illər Moskvada yaşamasına baxmayaraq, onun qəlbi daim Azərbnaycanla bir döyünmüşdür. O demişdir: "157 nömrəli məktəbə Kərim Kərimovun adının verilməsi onun zəhmətinə verilən ən yüksək qiymətdir".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sözügedən hadisənin əhəmiyyətini iki ölkənin təhsil sahəsində dinamik inkişaf edən Azərbaycan-Rusiya münasibətləri kontekstində uğur kimi qiymətləndirmişdir. Bu böyük şəxsiyyətin həyatından söz açan səfir əmin olduğunu bildirmişdir ki, müəllim və şagirdlər Kərim Kərimovun xatirəsini qayğı ilə anacaqlar. P.Bülbüloğlu onu da vurğulamışdır ki, 157 nömrəli məktəb əlamətdar tarixlərə və tarixi şəxsiyyətlərə həmişə diqqətlə yanaşmışdır.

Təntənəli mərasim məktəblilərin hazırladıqları konsert proqramı ilə başa çatmışdır.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2011.-3 may.- S. 3.