Azərbaycan muğam sənəti ilə bağlı qanun layihəsi hazırlanıb

 

Mayın 2-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilmişdir. İclasda iki məsələ müzakirə edilmişdir. Əvvəlcə "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olundu. Komitənin sədri Nizami Cəfərov zəngin folklorumuzun ayrı-ayrı xalqlar tərəfindən mənimsənilməsi kimi halların baş verdiyini, məhz bu səbəbdən sözügedən qanuna dəyişikliklər etmək zərurətinin yarandığını bildirdi. Qeyd olundu ki, layihəyə əsasən qanunun 1.0.3-cü maddəsində "kommersiya məqsədi ilə ənənəvi və adi olmayan istifadə hallarında" sözlərinin "istifadəyə dair" sözləri ilə əvəzlənməsi, 6.2-ci maddədən "kommersiya məqsədi ilə" sözlərinin çıxarılması nəzərdə tutulur. Bundan başqa qanuna bu məzmunda 6.3-cü maddənin əlavə olunması təklif edilir: "Digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında və istifadəyə görə haqq ödəməklə istifadə edə bilərlər. Həmin vəsait müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür və əqli yaradıcılığın həvəsləndirilməsinə, habelə folklor nümunələrinin qorunub saxlanmasına və zənginləşdirilməsinə sərf olunur".

Komitə sədri qanuna əlavə edilməsi nəzərdə tutulan 6.4-cü maddə və 9.2-ci maddəyə dəyişikliklər barədə də məlumat verdi. Qısa müzakirədən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Sonra "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olundu. Nizami Cəfərov belə bir qanunun mövcudluğuna həqiqətən böyük ehtiyac olduğunu bildirərək dedi ki, bu qanunun qəbulunda məqsəd Azərbaycan muğam sənətinin ictimai əlaqələr sistemindəki yerini və hüquqi vəziyyətini müəyyənləşdirmək, azərbaycanlıların mədəni irsinin tərkib hissəsi olan və tarixən ifa etdikləri Azərbaycan muğamlarının hüquqi qorunması, öyrənilməsi, tədqiqi, tədrisi, təbliği və inkişaf etdirilməsi ilə bağlı yaranan münasibətləri tənzimləməkdir.

Layihə ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Rafael Hüseynov ətraflı məlumat verdi. Qeyd etdi ki, özündə ifaçılıq, bəstəkarlıq və poeziyanı birləşdirən Azərbaycan muğam sənəti xalqımızın milli-mədəni və mənəvi sərvətidir. Tarixin müəyyən dövrlərində muğam sənəti təzyiqlərlə üzləşib. Hətta muğamın adını dəyişmək, bu ifaçılıq sənətinə siyasi-ideoloji dəyişikliklər etmək cəhdləri olub. Lakin muğam bütün neqativ təsirləri dəf edib.

Bu gün isə xalqımızın bu maddi və mənəvi sərvəti dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Azərbaycan muğamı həmçinin YUNESKO tərəfindən "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsəri" elan edilib.

Komitə üzvləri layihəni yüksək qiymətləndirdilər, muğam sənəti haqqında qanunun zərurətindən danışdılar. Çıxış edənlər muğamlarımızın inkişafı, dünyada tanıdılması və təbliği istiqamətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gördüyü məqsədyönlü işləri xüsusi vurğuladılar. Qeyd olundu ki, məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli və silsilə tədbirlər sayəsində Azərbaycan muğam sənəti son illər yeni inkişaf mərhələsinə qədəm qoyub.

Yekunda qanun layihəsinə rəy verilməsi üçün aidiyyəti orqanlara göndərilməsi qərara alındı.

 

 

Azərbaycan.- 2011.-3 may.- S. 3.