Heydər Əliyev iqtisadi modeli müasir tərəqqinin əsasıdır

 

Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən nadir və sanballı şəxsiyyətlərdən biri, qüdrətli dövlət xadimi, dünya şöhrətli siyasət qrossmeysteri və əvəzedilməz lider - Heydər Əlirza oğlu Əliyev Azərbaycan tarixinin parlaq səhifələrini yazaraq ölkənin salnaməsində dərin iz qoymuş, sözün həqiqi mənasında, onu qurub-yaratmışdır. Bu böyük şəxsiyyət titanik zəhməti, tükənməz enerjisi, işıqlı zəkası və dəmir iradəsi ilə daim xalqının, vətəninin, dövlətinin xidmətində dayanmışdır. Həyatımızın ən çətin, mürəkkəb məqamlarında Heydər Əliyev özünün xilaskarlıq missiyası ilə insanlarımızın köməyinə çatmışdır.

Müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələri, heç şübhəsiz ki, Heydər Əliyevin adı ilə, onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır. Respublikaya otuz dörd illik rəhbərliyi dövründə Azərbaycanın bütün sahələr üzrə inkişafında, xüsusən iqtisadiyyatın dirçəlişində, sosial vəziyyətin yaxşılaşdırılmasında, dövlət müstəqilliyinin möhkəmləndirilməsində onun xidmətləri ölçüyəgəlməzdir. Heydər Əliyev hələ sovet hakimiyyəti illərində var qüvvəsi ilə Azərbaycanın gələcək inkişafı, tərəqqisi, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması və cəmiyyətin firavanlığı naminə yorulmaq bilmədən çalışmışdır.

Ötən əsrin 60-cı illərində Azərbaycan sosial-iqtisadi inkişaf cəhətdən bir cox müttəfiq respublikalardan geridə qalırdı. Totalitarizmin ağır nəticələri respublikamızın həyatında dərin izlər buraxmışdı. Respublikaya rəhbərlik etməyə başladığı ilk dövrlərdə Heydər Əliyev ölkənin keçdiyi yolu dərindən təhlil edərək buraxılan səhvləri, sosial-iqtisadi geriliyin səbəblərini müəyyənləşdirmişdir. Yalnız bundan sonra Heydər Əliyev dühası vəziyyətdən çıxış yolu kimi uzunmüddətli və məqsədyönlü sosial-iqtisadi inkişaf strategiyasının konseptual əsaslarını hazırlamış və mərhələlərlə onun həyata keçirilməsinə başlamışdır. Nəticədə 1969-cu ildən sonra Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan elə bir dirçəliş yolu keçmişdir ki, dünyanın bir cox ölkələrində bundan ötrü bəlkə də əsrlər lazım gələrdi. Bu dövr ərzində Azərbaycanda güclü sənaye potensialı yaradıldı, aqrar sektor inkişaf etməyə başladı, energetika sistemi yenidən quruldu, çoxlu sayda infrastruktur və sosial obyektlər yaradıldı. Xüsusən, karbohidrogen ehtiyatlarından səmərəli istifadə olunması Azərbaycanın hərtərəfli inkişafında mühüm rol oynadı. Ümumiyyətlə, neft amili ulu öndərin hakimiyyətinin bütün mərhələlərində uzaqgörən, düşünülmüş iqtisadi və siyasi xətt olaraq daim ön planda durmuşdur. Azərbaycan dünyada neft ölkəsi kimi tanınsa da, vaxtilə bu təbii sərvətdən lazımınca bəhrələnməmişdi. Yalnız Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra xalq öz "qara qızıl"ından bəhrələnmək hüququ əldə etdi və ölkənin gələcək inkişafı üçün etibarlı iqtisadi zəmin yarada bildi...

Odur ki, ulu öndər Heydər Əliyev tarixə həm də müstəqil Azərbaycanın yeni neft strategiyasının müəllifi kimi daxil oldu. Bu böyük şəxsiyyət Azərbaycan xalqının gələcəyini düşünərək hələ ötən yüzilliyin 70-80-ci illərindən inkişafın strateji əsasları kimi neftdən istifadə məsələsini önə çəkərək neft-qazçıxarma sənayesinin tamamilə yenidən qurulması və modernləşdirilməsi ideyasını irəli sürmüş və onun reallaşmasını təmin etmişdir. Yeni neft yataqlarının kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi qazma texnologiyalarından istifadə olunması məhz onun şəxsi təşəbbüsləri və rəhbərliyi ilə həyata keçirilmişdir. Respublikada nəhəng neftayırma kompleksinin yaranması, müasir neft donanmasının, sovetlər birliyində analoqu olmayan və ildə 60 min ton metal konstruksiya istehsal edən Bakı Dərin Özüllər Zavodunun qurulması məhz Heydər Əliyevin təşəbbüsü və iradəsi sayəsində meydana gəlmişdir.

Bir neçə onilliklər bundan qabaq yuxusuz gecələr və böyük əziyyətlər hesabına yaradılmış bu potensialın ölkə iqtisadiyyatı üçün nə qədər həlledici əhəmiyyətə malik olmasını biz bu gün tam aydınlığı ilə dərk edirik. Ulu öndər özü çox-çox sonralar həmin illəri xatırlayaraq belə demişdir: "...1970-ci illərdə görülən işlər, yaradılan böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görən zaman mən əmin idim ki, vaxt gələcək onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradacaqdır".

Azərbaycanı böyük inam və bacarıqla idarə edən dahi strateqin rəhbərliyi altında 1970-1980-ci illərdə ölkə iqtisadiyyatının qocaman sahələrindən olan neft emalı sənayesinin əsaslı surətdə yenidən qurulması sayəsində Yeni Bakı Neft Emalı Zavodunda neftin ilkin emalı üçün ELOU-AVT-6 qurğusunun, katalitik reforminq və katalitik krekinq qurğularının, yağların hidrotəmizlənməsi və neftin emalı üzrə digər yeni qurğuların yaranması mümkün olmuşdur. Bu isə texnoloji prosesləri xeyli təkmilləşdirməyə, neftin emal dərinliyini artırmağa, buraxılan benzinin və sürtkü yağlarının keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verdi. Neft sənayesinə böyük diqqətin və qayğının nəticəsində 1980-1982-ci illərdə "Şelf-1" və "Şelf-2" üzən qazma qurğuları hazırlanaraq Xəzər neftçilərinin istifadəsinə verildi.

Aparılan dərin təhlillər göstərirdi ki, tikinti sənayesinin zəif unkişaf etməsi səbəbindən Azərbaycan Respublikasında istehsal olunan milli gəlirdən tam istifadə yox idi. Hətta keçmiş SSRİ Dövlət Plan Komitəsindən böyük çətinliklə alınan əsaslı vəsait qoyuluşu limitlərindən belə lazımınca istifadə oluna bilinmirdi. Buna görə də Heydər Əliyevin xüsusi tapşırığı ilə qısa vaxt ərzində respublikada bir neçə nəhəng dəmir-beton zavodu və tikinti materialları istehsal edən müəssisə tikildi. Çoxlu sayda inşaat texnikası, maşın və mexanizmlər alındı. İxtisaslaşdırılmış yeni sifarişçi təşkilatlar yaradıldı. Nəticədə Heydər Əliyevin bilavasitə şəxsi nəzarəti altında respublikada kütləvi surətdə məktəblər, xəstəxanalar, uşaq bağçaları, səhiyyə ocaqları, mədəniyyət evləri, şahmat klubları, kitabxanalar, yollar və digər obyektlər tikilməyə başladı.

Bütün bunlar ümummilli liderin bilavasitə özünün hazırladığı sosial-iqtisadi inkişafın uzunmüddətli strategiyasının ayrı-ayrı epizodları olsa da, bir yerə toplandıqda rəhbərin nəhəng qurucu təfəkkürünün, unikal yaradıcı təxəyyülünün və yorulmaz fəaliyyətinin miqyasını göstərən amillər kimi heyrətamizdir.

Azərbaycanın inkişafı ilə bağlı Heydər Əliyevin düşündüyü strateji xəttin əsas istiqamətlərindən biri də respublikanı çoxsahəli sənaye ölkəsinə çevirmək yolu idi. Əslində, totalitar sistemdə nəhəng sovet sənayesinin bütün strukturları tam şəkildə ittifaq tabeliyində olduğu halda, Heydər Əliyev fitri bacarıqla əyalət sənayesinin inkişafına yönələn xüsusi qərarların təsdiqinə nail ola bilirdi. Bunun sayəsində elmi-texniki tərəqqinin son yeniliklərini tətbiq etməklə Azərbaycanda müasir maşınqayırma, kimya, neft kimyası və elektron sənayesi, əlvan və qara metallurgiya, yüngül, yeyinti və emal sənayesi müəssisələrinin yaradılması, elektroenergetika, nəqliyyat kompleksi və ümumiyyətlə, sənaye infrastrukturunun qurulması üçün respublikaya böyük məbləğdə əsaslı vəsait yönəldilirdi.

Dövlət idarəçiliyində Heydər Əliyevin özünəməxsus dəst-xətti, prinsipiallığı, proseslərə müntəzəm şəxsi nəzarəti, tələbkarlığı və obyektivliyi tezliklə öz nəticəsini verirdi. 1970-1980-ci illərdə Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələri sürətli inkişaf yoluna qədəm qoydu. Sənaye məhsulunun artım sürətinə görə Azərbaycan sovetlər birliyində öncül yerlərdən birinə cıxdı, 1985-ci ildə isə artıq əsas istehsal fondlarının dəyəri 1969-cu illə müqayisədə iki dəfə artdı, hər bir ölkənin milli sərvətinin bir hissəsi olan əsas fondların 69 faizi tamamilə yeniləşdi. Ulu öndər sanki Azərbaycanın gələcək müstəqillik günlərini görür və dirçəlişin təməlini qururdu.

Çox qısa bir zamanda, 1976-1982-ci illər ərzində Azərbaycanda 15 mühüm sənaye müəssisəsi tikilib istifadəyə verildi, 12 iri müəssisənin istehsal gücü artırıldı, buraxılan məhsulun nomenklaturu xeyli genişləndi, fəaliyyətdə olan bir cox maşınqayırma zavodları texniki cəhətdən müasirləşdirildi. Böyük istehsal sahələrinə malik elektrotermik və elektroqaynaq avadanlıqları zavodları, elektrik lyüminissent lampaları zavodu, Bakı məişət soyuducuları zavodu, Sumqayıt kompressorlar zavodu və başqa müəssisələr tikilib istifadəyə verildi. Xüsusilə, Heydər Əliyevin şəxsi təşəbbüsü və daimi nəsarəti altında Bakı Məişət Kondisionerləri Zavodunun qısa vaxt ərzində - cəmi iki ilə araya-ərsəyə gətirilməsi o zaman bütün kecmiş ittifaq respublikalarında nadir hadisə kimi qarşılanmış, Azərbaycanın şöhrətini daha da artırmışdı. Kimya və neft-kimya sənayesi də böyük templərlə inkişaf edirdi. Azərbaycanda etilen və polietilen istehsalı, sintetik kauçuk, mineral gübrələr, yuyucu tozlar və digər məhsullar istehsal edən iri komplekslər istifadəyə verilir, Sumqayıtdakı müəssisələrin demək olar ki, hamısı köklü surətdə yenidən qurulurdu. Respublikada ilk dəfə çoxsahəli əlvan və qara metallurgiya kompleksi yaradıldı, boru-prokat zavodu texniki cəhətdən tamamilə yenidən quruldu.

Enerji sisteminin potensialını daha da artırmaq məqsədilə Heydər Əliyev SSRİ rəhbərliyi qarşısında Zaqafqaziyada ən böyük elektrik stansiyasının tikilməsi məsələsini qaldırdı və 3000 meqavat gücü olan 10 bloklu Mingəcevir DRES-in tikintisinə nail oldu. Bir qədər sonra - 1982-1983-cü illərdə Şəmkir SES istifadəyə verildi. Nəticədə respublikamızın su-elektrik stansiyalarının gücü ikiqat artırılaraq elektrik enerjisinin istehsalı 1987-ci ildə təqribən 1,5 milyard kilovat/saata çatdı. Bütün bu işlər yalnız Heydər Əliyevin fenomenal uzaqgörənliyinin, və bacarığının, şəxsi əzmkarlığının, əlbəttə ki, Vətənə və dövlətə böyük sevgisinin sayəsində mümkün olub, reallığa çevrildi.

Yeni müəssisələrin yaradılması nəticəsində sosial-iqtisadi sferada çalışanların ümumi sayı 1985-ci ildə 2,6 milyon nəfərə çatmışdı. Bu isə 1970-ci illə müqayisədə 1,5 dəfə çox idi. Əgər 1969-cu ildə orta aylıq əmək haqqının səviyyəsinə görə Azərbaycan 15 müttəfiq respublika arasında axırıncı yeri tuturdusa, 1980-ci ildə artıq 4-cü yerə qalxmışdı. Aqrar sektorun inkişafında əldə olunan uğurlu nəticələr kənd təsərrüfatı işçilərinin sosial vəziyyətini xeyli dərəcədə yaxşılaşdırmış, onların gəlirlərinin artmasına səbəb olmuşdu.

Əminliklə deyə bilərik ki, məhz həmin dövrlərdə yaradılan iqtisadi potensial çox sonralar özünün dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın inkişafı üçün yaxşı təməl idi. Ulu öndərin XX əsrin 70-80-ci illərində düşünüb qurduğu strategiyanın, xalqın dirçəlişi yolunda çəkdiyi gərgin zəhmətlərin və yürütdüyü məqsədyönlü dövlət siyasətinin nəticəsində Azərbaycan Respublikası əsrin sonlarında möhkəm maddi-texniki baza ilə, elmi-mədəni potensialla və geniş iqtisadi strukturla müstəqil inkişaf yoluna qədəm qoya bildi.

...Burada onu da qeyd etmək lazımdır ki, məhz əsrin sonlarında keçmiş SSRİ-də gedən siyasi proseslər nəticəsində dövlət idarəçiliyi mexanizmi dağılmış, zəruri əlaqələr pozulmuş, cəmiyyətdaxili ünsiyyətdə vacib şərt olan bir çox dəyərlər deqradasiyaya uğramışdı. Həyatımızın digər sahələri ilə yanaşı, iqtisadiyyatda da reqress yaşanırdı. Xalq psixoloji cəhətdən bir növ ümidsizliyə düçar olmuşdu. Vaxtilə sakit və firavan dolanan əhalinin yaşayış səviyyəsi kəskin şəkildə aşağı düşmüş, maddi vəziyyəti pisləşmişdi. 1993-cü ilin ortalarına doğru isə ölkədə hətta vətəndaş müharibəsinin simptomları müşahidə edilməyə başlamışdı. Bu, dövlətçiliyin itirilməsi, Azərbaycan Respublikasının az qala dünya xəritəsindən silinməsi kimi böyük fəlakətlərə gətirib çıxara bilərdi.

Belə gərgin dövrdə xalq üzünü xilaskar oğluna doğru çevirdi. Və Heydər Əliyev o ağır məqamda yenə xalqının tələbi ilə Azərbaycanın idarəçilik sükanı arxasına qayıtmağa razı oldu. Ədalət naminə deyək ki, elə mürəkkəb şəraitdə o cür ağır məsuliyyəti hər adam öz üzərinə götürməyə risk etməzdi. Ancaq böyük iradə və cəsarət sahibi olan müdrik insan bu çağırışa mətanətlə "hə" cavabı verdi. Ölkənin ən təhlükəli vəziyyətində çox böyük iradə və mərdlik tələb edən düzgün tarixi bir addım atdı. Vaxtilə özünün qurub yaratdığı ölkəni xaosun pəncəsindən xilas etməyə gəldi...

Bəli, dahi Heydər Əliyevin hakimiyyətə qayıdışı - Azərbaycanda qurtuluş anının başlanğıcı oldu! Sanki möcüzə baş verdi. Qısa vaxt ərzində respublikada ictimai-siyasi vəziyyət sabitləşdi, qanlı müharibə durduruldu, atəşkəs elan olundu, həyat yavaş-yavaş öz axarına düşməyə başladı.

Cəmi bir il sonra - 1994-cü il sentyabrın 20-də ölkəmizdə taleyüklü böyük hadisələr baş verdi. Dahi strateq Heydər Əliyevin fövqəladə uzaqgörənliyi, qətiyyətli addımları və mətin iradəsi sayəsində "Əsrin müqaviləsi" imzalandı. Bu müqavilənin imzalanması ulu öndərin müstəqil dövlət quruculuğu konsepsiyasının strateji istiqamətlərindən biri, bəlkə də birincisi idi. Dahiyanə istedadla qurulan və böyük cəsarətlə həyata keçirilən yeni neft strategiyası həqiqətən müasir Azərbaycanın taleyində, milli dövlətçiliyin möhkəmləndirilməsində həlledici rol oynadı. Ümummilli liderin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyası XXI əsrin astanasında Azərbaycan iqtisadiyyatının dinamik inkişafının əsasını qoydu.

Təsadüfi deyil ki, Heydər Əliyevin hazırladığı və həyata keçirdiyi "Əsrin müqaviləsi" kimi tarixə düşən bu beynəlxalq müqavilədən sonra Azərbaycan Respublikasının potensial imkanları dünyaya bütün parlaqlığı ilə açıldı. Respublikamızın sağlam imicinin yüksəldilməsi uğrunda Azərbaycan Prezidentinin səmərəli və yorulmaz fəaliyyəti, dünyanın müxtəlif ölkələrindəki çoxsaylı görüşləri, danışıqları, konfrans və toplantılarda dərinməzmunlu çıxışları, beynəlxalq qurumların məşhur iş adamlarını ölkəmizə sərmayə qoymağa inamla təşviq etməsi və təkidli dəvətləri, habelə aparıcı dövlətlərin rəhbərləri arasında şəxsi nüfuzu tezliklə bir çox beynəlxalq qurumların, transmilli şirkətlərin ölkəmizə marağını artırdı, əməkdaşlıq arzusunda olanların sırasını genişləndirdi. Az sonra 19 ölkənin 41 neft şirkəti ilə Azərbaycan arasında 26 sazişin imzalanması bu gərgin fəaliyyətin məntiqi nəticəsi idi.

Ümummilli liderin nadir dühasının və siyasi iradəsinin təntənəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəməri texniki-iqtisadi əhəmiyyətlə yanaşı, həm də çox böyük siyasi mahiyyət kəsb etdi. Məhz buna görə də böyük siyasət və dövlət xadiminin tarixi xidmətlərini nəzərə alan layihə iştirakçıları Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə Heydər Əliyevin adının verilməsini qərara aldılar.

Digər iri layihələr - Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və "Şahdəniz" yatağından qazın hasilatı da ümummilli liderimizin Azərbaycan xalqı və dövləti qarşısında böyük xidmətlərinin sırasında özünəməxsus yer tutur.

"Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur". Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə dediyi bu müdrik sözlər diqqətimizi mühüm bir məqama yönəldir. Belə ki, "Əsrin müqaviləsi"nin həyata keçirilməsi nəticəsində ilk gəlirlər əldə edilməyə başlayanda qarşıda duran vacib məsələlərdən biri də bu gəlirdən necə səmərəli istifadə olunması ilə bağlı idi. Məhz belə bir etibarlı mexanizmin yaradılması məqsədilə Heydər Əliyev 29 dekabr 1999-cu il tarixli fərmanı ilə Dövlət Neft Fondunu yaratdı. Fondun əsas vəzifəsi Azərbaycan Respublikası vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi sahəsində bağlanan sazişlərin həyata keçirilməsindən əldə olunan vəsaitin idarə olunmasını təmin etməkdən ibarətdir. Buraya böyük həcmdə daxil olan valyuta gəlirlərinin ölkədə makroiqtisadi sabitliyin qorunmasına, qeyri-neft sektorunun inkişafının təmin edilməsinə, eyni zamanda, gələcək nəsillər üçün ehtiyat vəsaitinin toplanmasına, ölkənin sosial-iqtisadi tərəqqisi üçün ümummilli əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsinə və s. yönəldilməsi nəzərdə tutulmuşdur. Dövlət Neft Fondu ötən müddət ərzində xalqımızın milli sərvəti olan neft gəlirlərinin idarə olunması sahəsində uğurlu mexanizm kimi özünü doğrultdu. Qurumun aktivləri bu gün artıq təxminən 25,8 milyard ABŞ dollarına çatmışdır.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılandan sonra regionların, kiçik və orta sahibkarlığın, qeyri-neft sektorunun, infrastruktur sahələrinin inkişafı, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi, bir çox sosial problemlərin həlli, iqtisadiyyatın intellektual və texnologiya bazasının səviyyəsinin yüksəldilməsinin stimullaşdırılması, "insan kapitalı"nın inkişafı, yüksək ixtisaslı kadrların hazırlanması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün qəsəbələrin salınması və s. ilə bağlı tədbirlər intensiv həyata keçirilməkdədir.

Ulu öndərin uzaqgörənliklə işləyib hazırladığı və reallaşdırmağa başladığı, bu günsə möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən məharətlə həyata keçirilən yeni neft strategiyası Azərbaycan xalqının rifahı naminə zəngin neft ehtiyatlarından səmərəli istifadə edilməklə özünü tam doğrultmuşdur.

Heydər Əliyevin məharətli idarəçilik üslubu artıq 1998-ci ilin əvvəlində Azərbaycanda iqtisadi islahatları dərinləşdirmək və sosial-iqtisadi inkişafın daha yüksək sürətini təmin etmək baxımından kifayət qədər möhkəm zəmin yaratmışdı. İqtisadi inkişafımızın templəri get-gedə artırdı. Daim xalqın rifah halının yaxşılaşdırılmasını düşünən respublika rəhbərliyinin əhalinin "mavi yanacağa" olan tələbatını ödəmək istiqamətində gördüyü məqsədyönlü tədbirlər nəticəsində təbii qaz verilən rayonların sayını üç dəfə artıraraq 52-yə çatdırmaq mümkün oldu.

Yeni energetika güclərini yaratmaq və elektrik şəbəkəsi təsərrüfatını genişləndirmək məqsədilə son illərdə bu sahəyə güzəştli şərtlərlə böyük həcmdə xarici sərmayə cəlb olunmuşdur. "Şimal" Elektrik Stansiyasında gücü 400 meqavat, 1 nömrəli Bakı İstilik Elektrik Mərkəzində gücü 105 meqavat olan buxar-qaz enerji blokları tikilmiş, 150 meqavatlıq Yenikənd Su Elektrik stansiyası istismara verilmiş, Mingəçevir Su Elektrik Stansiyasının yenidənqurulması nəticəsində ölkənin enerji sisteminin gücü 700 meqavatadək artırılmaqla 4800 meqavata çatdırılmış bir sıra yüksək gərginlikli xətlərin və yardımçı stansiyaların texniki baxımdan yenidən qurulması işləri aparılmışdır.

Makroiqtisadi sabitləşmə və iqtisadiyyatın dinamik inkişafı sahəsində qazanılan uğurlar ölkə vətəndaşlarının yaşayış səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəlməsinə imkan vermişdir ki, bu da ümummilli lider Heydər Əliyevin əsas məqsədlərindən biri idi. Onun bütün fərmanları, sərəncamları və tapşırıqları son nəticədə Azərbaycan vətəndaşının maddi rifahının durmadan yaxşılaşdırılmasına yönəlmişdi.

Möhtərəm Heydər Əliyevin dünyanın aparıcı ölkələrinin rəhbərləri arasında qazandığı yüksək nüfuzu bir çox dövlətlərin, beynəlxalq təşkilatların və iri şirkətlərin Azərbaycanla əməkdaşlığa maraq göstərməsinə səbəb olmuşdur. Həmçinin beynəlxalq maliyyə-bank qurumları və donor ölkələrlə əməkdaşlıq intensiv inkişaf etdirilmişdir. Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Avropa Yenidənqurma və İnkişaf Bankının, İslam İnkişaf Bankının, Küveyt İqtisadi İnkişaf Fondunun, Avropa Komisiyyasının, Asiya İnkişaf Bankının, Yaponiya İqtisadi Əməkdaşlıq Bankının, habelə bir sıra hökumətlərin verdiyi kreditlər 50-dən cox layihə və proqramın maliyyələşdirilməsi üçün istifadə olunmuşdur. Bu layihə və proqramlar əsasən iqtisadiyyatın infrastrukturunun, kənd təsərrüfatının, sənaye müəssisələrinin və həyati əhəmiyyət kəsb edən obyektlərin inkişafı ilə bağlıdır.

Bu gün Azərbaycan artıq 40-a yaxın beynəlxalq siyasi, iqtisadi, maliyyə-bank, mədəni, humanitar təşkilatın tamhüquqlu üzvüdür. Dünyanın 15 aparıcı dövləti və beynəlxalq təşkilatları ilə əməkdaşlıq üzrə komissiyalar və işçi qrupları yaradılmışdır. Bütün bu nailiyyətlər bilavasitə ümummilli lider Heydər Əliyevin böyük xidmətlərinin nəticəsiydi.

Azərbaycanın son otuz beş ilə yaxın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, habelə müstəqillik əldə edildikdən sonra milli dövlətcilik quruculuğu Heydər Əliyevin adı və şəxsiyyəti ilə sıx bağlıdır. Azərbaycan ictimai fikir tarixində fenomenal hadisə olan Heydər Əliyev dühası haqqında istər ölkəmizdə, istərsə də xaricdə çox yazılmış, çox danışılmışdır. Onun qeyri-adi işgüzarlığına, fəaliyyət qabiliyyətinə, rəhbərlik, təşkilatçılıq, idarəçilik istedadına, tükənməz enerjisinə, xalqa, Vətənə sonsuz sevgisinə dair görkəmli dövlət xadimləri, tanınmış elm, ədəbiyyat, incəsənət adamları çox dəyərli sözlər söyləmiş, yüksək fikirlər demişlər.

Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi, memarı və qurucusudur. Bu gün 20-ci baharını yaşayan müstəqil dövlətimizin təməli, iqtisadi-mənəvi, hətta ideoloji özülü uzaq 70-ci illərdə, Heydər Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində qoyulmuşdur. Türkiyə Cümhuriyyətinin sabiq prezidenti, görkəmli dövlət və siyasət xadimi hörmətli Süleyman Dəmirəl bu mövzuya toxunarkən daha sərrast ifadə ilə demişdir: "Bu gün Azərbaycanda nə varsa, hamısı Heydər Əliyevin keçmiş zamanda xidmət göstərdiyi vaxt yaradılmışdır".

...Beləliklə, həqiqətən də o zamanlar həyatın bütün sahələrində nail olunan irəliləyişlər sovetlər birliyi çökdükdən sonra öz dövlət müstəqilliyini bərpa edə bilmiş Azərbaycan Respublikasının dirçəlişi üçün etibarlı maddi-mənəvi özül oldu. Heydər Əliyevin respublikaya ilk rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycan bütün tarixi ərzində görünməyən sürətli inkişaf yolu keçdi. Vaxtilə qazanılan uğurları nəzərdə tutaraq Heydər Əliyev belə deyirdi: "O dövrdə respublikamızda yaranmış güclü sosial-iqtisadi və intellektual potensial xalqımızın milli sərvətidir və Azərbaycanın müstəqilliyi üçün yaxşı zəmin yaradır".

Artıq müasir Azərbaycan bugünkü inkişaf tempinə görə nəinki MDB ölkələri arasında, hətta bütün regionda öncül yerlərdən birini tutur. Dünya birliyinə inteqrasiya prosesinin digər respublikalarla müqayisədə daha uğurla həyata keçirilməsi onu göstərir ki, müstəqilliyimizin iqtisadi bünövrəsi həqiqətən möhkəm qurulmuşdur. Sonradan ikinci dəfə hakimiyyət sükanı arxasına keçən dahi rəhbərimiz fövqəladə bacarıq və mətanətlə həmin bünövrə üzərində yeni bir Azərbaycan qurmuş, qoruyub saxlamış, dirçəltmiş və sabit inkişaf relsləri üzərinə qoyaraq etibarlı əllərə təhvil vermişdir.

2003-cü ildən etibarən ölkəyə inamla rəhbərlik edən Heydər Əliyev idarəçilik məktəbinin layiqli yetirməsi, ulu öndərin özü qədər inandığı və etimad göstərdiyi cənab İlham Əliyev Azərbaycan iqtisadiyyatının sabit inkişaf tempini qoruyub saxlamaqla yanaşı, ölkənin daha dinamik inkişafına, müasir Azərbaycanın modernləşdirilməsinə xüsusi diqqət yetirir.

Təsadüfi deyil ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkəmizdə artıq keçid dövrünün başa çatdığını və Azərbaycan iqtisadiyyatının indi daha yüksək növbəti mərhələyə, modernləşdirilmə mərhələsinə qədəm qoyduğunu vurğulamışdır. O qeyd etmişdir ki, ötən il bütün dünyada ağır maliyyə böhranı yaşanmasına baxmayaraq, Azərbaycanda bunun təsiri minimum dərəcədə hiss olundu. Belə ki, inflyasiya cəmi 5,7 faiz təşkil etdi, manatın məzənnəsi dəyişmədi, əhalinin sosial müdafiəsi təmin olundu, pul gəlirləri 12,3 faiz artdı. Əhəmiyyətlidir ki, ölkədə yoxsulluq həddində yaşayan insanların sayı 2009-cu illə müqayisədə xeyli azalaraq 9,1 faizə enmişdir. Ümumilikdə isə son 7 ildə yoxsulluq səviyyəsi 4-5 dəfə azalmışdır. Bu, Azərbaycan əhalisinin rifah halının yaxşılaşdırılmasına yönələn dövlət siyasətinin bariz göstəricisidir. Prezident İlham Əliyev onu da vurğuladı ki, 2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə yönəldilmişdir və daxili investisiyalar xarici investisiyaları üstələmişdir. Xüsusən qeyri-neft sahələrinə yönəldilən sərmayələrin neft sənayesinə qoyulan sərmayələrdən çoxluğu əlamətdardır. Belə ki, 15,5 milyard dolların 9,3 milyard dollarının qeyri-neft sektoruna qoyulması iqtisadiyyatın neft amilindən asılılığını azaltmağa istiqamətlənmiş hökumət siyasətinin uğuru kimi dəyərləndirilməlidir.

Bundan başqa, 2010-cu ildə minimum əməkhaqqı və pensiyanın baza hissəsinin artırılması, ünvanlı sosial yardımların göstərilməsi, ölkənin hər yerində sosial infrastrukturun geniş şəbəkəsinin yaradılması, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi, yeni təhsil, səhiyyə, idman-sağlamlıq ocaqlarının tikilib istifadəyə verilməsi, həmçinin son bir ildə 70 mindən çox iş yerinin açılması, yaşayış məntəqələrinin qazlaşdırılması, yeni, rahat yolların çəkilməsi, körpülərin salınması, müasir nəqliyyat infrastrukturunun yaradılması və s. bütün bu işlərin görülməsi, heç şübhəsiz, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılmasına dövlət qayğısından xəbər verir.

Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev 2011-ci ildə qarşıda duran vəzifələr sırasına - sosial-iqtisadi inkişafın davam etdirilməsini, nəzərdə tutulan sosial-iqtisadi layihələrin, eləcə də icrası yarımçıq qalmış işlərin başa çatdırılmasını, Bakı-Tbilisi-Qars dəmiryolu tikintisinin davam etdirilməsini, sahibkarlığın inkişafına dövlət və özəl təşkilatlar tərəfindən göstərilən dəstəyin artırılmasını, kənd təsərrüfatının inkişafını sürətləndirmək üçün əlavə tədbirlərin görülməsini, subsidiyalar verilməsinin davamlı olmasını, iri fermer təsərrüfatlarının yaradılmasını, əhalinin əsas ərzaq məhsulları ilə təminatının maksimum dərəcədə yerli istehsal hesabına ödənilməsini, bu məqsədlə aqroservislərin fəaliyyətinə geniş meydan verilməsini, paytaxtda tikinti, quruculuq, yaşıllaşdırma işləri, xüsusilə dəniz sahilində yeni istirahət zolağı salınmasının planauyğun şəkildə davam etdirilməsini və s. aid etmişdir.

2011-ci ili "Turizm ili" kimi xarakterizə edən cənab Prezident bu il daha əlamətdar bir hadisənin - Azərbaycanın dövlət müstəqilliyini qazanmasının 20-ci ildönümünün xüsusi qeyd olunacağını da xatırladaraq bu tarixi hadisəyə ciddi hazırlıq görülməsinin vacibliyini vurğulamışdır.

İnamla demək olar ki, Azərbaycanın güclənən mövqeləri, iqtisadiyyatının inkişafı, beynəlxalq nüfuzunun artması, xüsusən dövlət başçısının siyasi iradə nümayiş etdirməsi, xalq-iqtidar birliyi 2011-ci ildə qarşıda duran bütün bu vəzifələrin uğurla yerinə yetiriləcəyinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tələbləri səviyyəsində və ölkəmizin maraqları çərçivəsində həll olunacağına əsas yaradır. Cənab Prezidentin qətiyyətlə bəyan etdiyi kimi, əminliklə demək olar ki, 2011-ci il də ölkəmizin inkişafı üçün uğurlu olacaqdır.

Bu həm də o deməkdir ki, ulu öndər Heydər Əliyevin sosial-iqtisadi inkişaf konsepsiyası məhz onun arzuladığı kimi, uğurla davam etdirilməkdədir. İndi bu böyük siyasəti xüsusi əzmkarlıq və iradə ilə yeni düşüncəli, müasir tipli bir rəhbər davam etdirir. Ölkənin davamlı inkişafına, milli maraqlarımıza, xalqın rifahının yaxşılaşdırılmasına xidmət edən iqtisadi-sosial strategiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilərək onun ardıcıl, məqsədyönlü və praqmatik siyasəti sayəsində müvəffəqiyyətlə reallaşdırılmaqdadır.

Biz tam əminliklə deyə bilərik ki, ulu öndərin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf kursunu möhtərəm Prezident İlham Əliyev inamla davam etdirərək ölkəni irəliyə, intibaha doğru aparır.

 

 

Yaqub EYYUBOV,

Azərbaycan Respublikası

Baş nazirinin birinci müavini

 

Azərbaycan.- 2011.- 3 may.- S.  4.