İqtisadi inkişafdan modernləşməyə keçidi uğurla təmin edən lider

 

Azərbaycanın son illərdə ciddi makroiqtisadi uğurlara imza atması, beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsində aparıcı söz sahibi kimi çıxış etməsi, qlobal maliyyə böhranı şəraitində dinamik artım tempini qoruyub saxlaması dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış və təcrübədən uğurla çıxmış çevik mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Respublikanın bütün problemlərinə milli dövlətçilik kontekstindən yanaşan, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirməyi bacaran, eyni zamanda, ictimai həyatın müxtəlif sahələrindəki çatışmazlıq və nöqsanlar haqqında səhih təsəvvürə malik olan Azərbaycan Prezidenti İlham Əliyev praqmatik liderlik keyfiyyətləri sayəsində yeni dövr üçün qarşıda duran prioritet vəzifələri dəqiq şəkildə müəyyənləşdirə bilmişdir.

 

Zamanı qabaqlayan intibah

 

Bütün həyati əhəmiyyətli sahələrdə yüksək tərəqqiyə imza atan, sürətlə modernləşərək qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyən müstəqil Azərbaycan bu gün dünya miqyasında həm də özünəməxsus milli inkişaf modeli ilə tanınır. Azərbaycan Prezidenti İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etməklə, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açır, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırır. Nazirlər Kabinetinin 2011-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, modernləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini təsdiqləyir.

Bir sıra dünya ölkələrində qlobal maliyyə böhranının hələ də davam etməsinə rəğmən, Azərbaycanın rüb ərzində mühüm nailiyyətlərə imza atması - ümumi daxili məhsulun 1,6 faiz, qeyri-neft sektorunun 5,6 faiz, o cümlədən qeyri-neft sənayesinin 9,8 faiz artması ölkədə həyata keçirilən inkişaf strategiyasının səmərəliliyinin əyani göstəricisidir. İqtisadiyyatın bütün sahələrində sistemli islahatların davam etdirilməsi nəticəsində yanvar-mart aylarında əhalinin pul gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 16,8 faiz, orta aylıq əməkhaqqı 11,7 faiz artmış, adambaşına düşən gəlir inflyasiya səviyyəsini 7,7 faiz üstələmişdir.

Əldə olunan bu yüksək göstəricilər fonunda Azərbaycanın bazar iqtisadiyyatı sisteminə sürətli transformasiyasının spesifik cəhətləri, daha dəqiqi, respublikanın milli inkişaf modeli ilə bağlı müzakirələrə dünyanın nüfuzlu elm mərkəzlərində də kifayət qədər həssaslıqla yanaşılır. Aparılan təhlillər nəticəsində bu da birmənalı etiraf edilir ki, XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla müəyyənləşdirdiyi uzaqgörən siyasətin nəticəsidir. Böyük strateqin xalqın mənafeyini daim əsas tutmaqla həyata keçirdiyi siyasət 1969-cu ildə İttifaq miqyasında geridə qalan, özünütəminetmə qabiliyyətinə malik olmayan, 1991-1993-cü illərdə - müstəqilliyin ilk illərində isə tamamilə tənəzzülə uğrayan, talana məruz qalan Azərbaycan iqtisadiyyatının yüksəlişini təmin etmiş, respublikamızı davamlı yüksəliş yoluna çıxarmışdır.

 

Tarixi zərurətin diktə etdiyi seçim

 

Tarixə öz möhürünü vurmuş böyük şəxsiyyətlər, ilk növbədə, insanlar üçün cəlbedici görünən mütərəqqi ideyalarla cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşlar. Xalqların milli maraq və mənafeyini maksimum dərəcədə özündə ehtiva edən bu ideyalar, eyni zamanda, onların perspektiv milli inkişafı üçün möhkəm bünövrəyə çevrilmişdir. Həqiqi azadlığa zəmin yaradan iqtisadi müstəqillik də məhz belə fenomen şəxsiyyətlərin milli resursları nəzərə almaqla müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanmışdır.

Bu gün istisnasız olaraq bir həqiqət aksiom kimi qəbul olunur ki, müstəqil Azərbaycanın qısa müddətdə sosial-iqtisadi sahədə qazandığı böyük uğurlar ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində böyük müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanır. 1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev ölkəmizin keçmiş İttifaq miqyasında geridə qalmış respublikalardan biri kimi tanınması ilə barışmayaraq vəziyyətin kökündən dəyişdirilməsi üçün qətiyyətli addımlar atmış, mövcud resursları səfərbər etməklə tərəqqi və inkişaf prosesindəki maneələrin aradan qaldırılmasına çalışmış və buna nail olmuşdur.

Sovetlər birliyinin iqtisadi-siyasi və ideoloji cəhətdən ən güclü dövründə Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev vətənpərvər fəaliyyəti ilə həm də xalqımızda tarixi keçmişimizə, milli adət-ənənələrimizə, dilimizə, mədəniyyətimizə bağlılığı gücləndirmiş, yaratdığı zəngin elmi və iqtisadi potensialla milli müstəqilliyimizə əsaslı zəmin formalaşdırmışdır. Bu gün obyektivlik hissini itirməyən tarixçilər də Heydər Əliyev fenomeni ilə milli dövlətçilik ideyaları arasındakı bağlılığın köklərinin 40 il əvvələ təsadüf etdiyini bildirirlər. Ümummilli lider hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə böyük strateq kimi dövlət müstəqilliyinə zəmin yaradan bir sıra tədbirləri həyata keçirmiş, bu istiqamətdə böyük nailiyyətlər əldə etmişdir.

Fərqli zamanlarda tarixi inkişafın diktə etdiyi ictimai-siyasi şərait hər bir şəxsiyyətin və liderin nəyə qadir olduğunu qabarıq şəkildə üzə çıxarır. Bu mənada ulu öndər ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə də qətiyyən biganə qalmamış, hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə milli müstəqilliyin qazanılmasında yaxından iştirak etmişdir.

Vaxtilə bilavasitə şahidi və iştirakçısı olduğum prosesləri göz önündən keçirdikdə əminliklə deyə bilərəm ki, respublikada geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi fəaliyyət göstərdiyi və muxtar respublikaya rəhbərlik etdiyi dövrlərdə atılmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı ilə Azərbaycanın üçrəngli bayrağı rəsmi olaraq Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. Bu qərarın əsl müəllifi isə həmin dövrdə Moskvada yaşamasına baxmayaraq böyük qəlbi yaralı vətən həsrətilə döyünən qüdrətli siyasi xadimin müstəqil dövlətçiliklə bağlı ideyaları, tövsiyələri, ideoloji təşəbbüsləri olmuşdur. Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, ulu öndər bu istiqamətdəki vətənpərvər səylərini israrla, əzmlə davam etdirmişdir. Nəhayət, muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş, Naxçıvan MSSR-in adından "sovet" və "sosialist" sözləri çıxarılmış, onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. Bu qərarın da müəllifi Azərbaycan və Naxçıvanın xalq deputatı Heydər Əliyev olmuşdur. Sessiyada həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərar qəbul edilmişdir.

Azərbaycan 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa etsə də, hakimiyyətdə xalqın etimad göstərdiyi, dəstəklədiyi siyasi qüvvənin olmaması ilkin mərhələdə özünü ciddi problem kimi göstərmiş, ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün dərinləşməsinə, vətəndaşların hüquq və azadlıqlarının addımbaşına pozulmasına, dövlətçiliyə potensial təhdid olan cinayətkar qruplaşmaların baş qaldırmasına gətirib çıxarmışdı. O zamankı böhranlı və ağır şəraitdə respublikanın gələcəyini düşünən, reallığı adekvat qiymətləndirməyi bacaran nüfuzlu ziyalılarla yanaşı, biz gənclər də xalqın düçar olduğu bəlalardan qurtulması üçün çıxış yolunu məhz ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışında görürdük. Ağır vəziyyətdən cana doymuş insanlarla birgə böyük strateq Heydər Əliyevin hakimiyyətə gəlişini əngəlləmək üçün Konstitusiyaya daxil edilmiş qondarma yaş senzinin ləğvi üçün respublikanın müxtəlif bölgələrində mitinqlər təşkil edir, böyük strateqin yenidən böyük siyasətə qayıdışını təkidlə istəyirdik.

Respublikanın mütərəqqi fikirli ziyalıları 1992-ci ilin ortalarından etibarən yeni siyasi mübarizə yolu seçərək ümummilli liderin rəhbərliyi ilə yeni partiya yaratmaq qərarına gəldilər. Həmin ziyalılar oktyabr ayının 16-da ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması xahişi ilə müraciət etdilər. Oktyabrın 24-də ulu öndərin ziyalıların müraciətinə verdiyi müsbət cavab isə Heydər Əliyevin yaranmış vəziyyətdə böyük məsuliyyətin altına girməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Cavab məktubunda ziyalıların haqlı narahatlığını və həyəcanını bölüşən Heydər Əliyev yaranmış vəziyyətdən çıxış yollarını da böyük müdriklik və uzaqgörənliklə göstərirdi.

Tarix sübut edir ki, dövlət və cəmiyyət həyatında rol oynayan, demokratik, hüquqi, sivil, dünyəvi dövlətçiliyin təməl prinsiplərindən, əsas atributlarından sayılan siyasi partiyalar, adətən, zərurətdən və milli tələbatdan yaranırlar. 1992-ci il noyabrın 21-də Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə təsis qurultayını keçirmiş YAP qısa müddətdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq fəaliyyətə başlamış, cəmiyyətdə özünə möhkəm dayaqlar tapan güclü siyasi təşkilata çevrilmiş, qarşıya qoyduğu hədəflərə doğru əzmlə irəliləmişdir.

Həmin dövrün mürəkkəb ictimai-siyasi hadisələrinin canlı şahidi olaraq bu qənaətdəyəm ki, Azərbaycanda merkantil maraqlar ətrafında formalaşmış bir sıra qondarma siyasi qurumlardan fərqli olaraq Yeni Azərbaycan Partiyası ayrı-ayrı şəxslərin deyil, bütövlükdə tarixi zərurəti dərk edən yüz minlərlə vətənpərvər insanın yüksək mübarizliyi nəticəsində yaranmış siyasi partiyadır. Yarandığı gündən müstəqil Azərbaycanda hüquqi-demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti yaratmaq uğrunda fəal mübarizəyə atılan YAP-ın siyasi partiyalar tarixində nadir hadisə sayılan qısa zaman kəsiyində - təxminən 7 ay sonra Azərbaycanda hakimiyyətə gəlməsi də məhz ulu öndər Heydər Əliyevin parlaq şəxsiyyətinə olan yüksək ictimai inamın, etimadın nəticəsi olmuşdur.

Həmin dövrdə mənim də daxil olduğum gənclər qrupu yeni yaranmış partiyanın təbliğatçıları kimi ictimaiyyət arasında fəal təşviqat kampaniyası aparırdıq. Qeyd edim ki, həmin çətin dövrdə - o vaxtkı hakimiyyətin repressiyalarına, təqib və maneələrinə baxmayaraq insanlar kütləvi şəkildə partiyamıza daxil olur, ideyalarımızı bölüşürdülər. Bizə çoxsaylı müraciətlər olur, vətənin taleyindən, xalqın müqəddəratından narahat olan hər bir layiqli vətəndaş Heydər Əliyev partiyasına daxil olmağı özünə borc bilirdi.

Hər bir siyasi partiyanın gücü və qüdrəti təkcə elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, həm də qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq etmək imkanı ilə ölçülür. Bu mənada Azərbaycan iqtidarının cəmiyyətdəki həlledici uğurlarını təmin edən başlıca amillərdən biri də onun qarşıya qoyduğu vəzifələri gerçəkləşdirmək potensialı ilə şərtlənmişdir. İqtidarın ötən 18 ilə yaxın müddət ərzində həlledici nəticələrə imza atması, dövlətçiliyi xaos və anarxiya burulğanından davamlı tərəqqi və yüksəliş yoluna çıxarması, öz potensialını səmərəli şəkildə realizə etməsi, ilk növbədə, ümummilli lider Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri sayəsində mümkün olmuşdur. Müstəqil Azərbaycanın bu gün əldə etdiyi böyük nailiyyətlər də məhz ulu öndər Heydər Əliyevin, o cümlədən onun yadigarı olan YAP-ın irəli sürdüyü inkişaf konsepsiyasına əsaslanır.

 

Milli inkişaf strategiyasının banisi

 

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü inkişaf modelinin uğurunu şərtləndirən ən mühüm amillərdən biri demokratikləşməyə və iqtisadi modernləşməyə xidmət edən islahatların paralel şəkildə aparılması idi. Başqa sözlə, ulu öndər yaxşı bilirdi ki, iqtisadi inkişaf və demokratikləşmə prosesləri biri-birini tamamlamalı, təkamül xarakteri daşımalı, ən əsası, ictimai şüurda obyektiv dərk olunmalıdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ideya müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" kitabının ön sözündə haqlı olaraq yazır: "Kifayət qədər mürəkkəb tarixi siyasi şəraitdə dövlət müstəqilliyini əldə edən Azərbaycan yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra həyata keçirilən islahatlar, çoxvektorlu xarici siyasət sayəsində sürətli sosial-iqtisadi inkişaf yoluna çıxmış, dünya iqtisadi sisteminə inteqrasiyanı təmin etmişdir".

Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatın bütün sahələrinin paralel inkişafının qeyri-mümkünlüyünü önə çəkərək bu sahədə ciddi dönüşə nail olmaq üçün respublikanın zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib saymışdır. Ümummilli lider neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin etmiş, 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmuşdur. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu müqavilənin imzalanması ilə respublikamızın gələcək inkişafının fundamental bünövrəsi qoyulmuşdur. Qərb şirkətlərinin Xəzər hövzəsində külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, bir sözlə, sosial-iqtisadi modernləşməyə ciddi təkan vermişdir.

İqtisadi islahatların ardıcıl və sistemli şəkildə aparılmasının tərəfdarı kimi çıxış edən Heydər Əliyev torpaq islahatı və dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesini də uğurla başa çatdırmışdır. Ümummilli lider yaxşı başa düşürdü ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, eləcə də insanların şüurunda, həyat tərzində əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratmışdır.

Özəlləşdirmə prosesi ilə paralel respublikada həyata keçirilən struktur islahatları iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlbi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına xidmət etmişdir. Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. 1997-2002-ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. Milli sahibkarlar ordusu formalaşmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 75 faizə çatmışdır.

Ulu öndər Heydər Əliyevin ölkənin gələcək müqəddəratı ilə bağlı qarşıya qoyduğu təxirəsalınmaz vəzifələrdən biri də Azərbaycan regionlarının tarazlı və davamlı inkişafı olmuşdur. Dayanıqlı inkişaf baxımından regionların imkanlarından maksimum səmərəli istifadə edilməsi əsas hədəf kimi qarşıda dururdu. Əlbəttə, regionların sosial-iqtisadi inkişafının səviyyəsi və səmərəliliyi, habelə aralarında zəruri tarazlığın yaradılması məsələlərinin həlli o zaman nisbətən mürəkkəb və çətin idi. Çünki sovet hakimiyyəti illərində məhsuldar qüvvələrin regionlarda inkişafında xeyli müsbət irəliləyişlər baş versə də, bu proses qənaətbəxş səviyyəyə çatdırılmamışdı. Yəni, müstəqil Azərbaycanda regionların sosial-iqtisadi inkişafı prosesinin ardıcıl mərhələlər üzrə həyata keçirilməsi tələb olunurdu. Bu mənada, demək olar ki, regionların sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi 1995-ci ildən 2003-cü ilə qədərki dövrü əhatə edir. Məhz bu dövrdə bazar münasibətlərinin geniş vüsət alması, liberallaşma və çoxcəhətli iqtisadi islahatların aparılması, xüsusən, özəlləşdirmə proqramlarının uğurla həyata keçirilməsi, pul-kredit və maliyyə sisteminin yenidən qurulması, milli sahibkarlar sinfinin formalaşması regionların inkişafına əlverişli zəmin yaratmışdır.

 

Milli inkişafda keyfiyyətcə yeni mərhələ başladı

 

İnkişaf prosesi - hər bir ölkədə ictimai mənafelərə xidmət edən mütərəqqi ideya və proqramların xalqın iradəsinə söykənən hakimiyyət vasitəsilə reallaşdırılmasına əsaslanan mürəkkəb, zəncirvari və iyerarxik mexanizmdir. Təkcə dövlətin deyil, ümumən hər bir vətəndaşın, fərdin gələcək taleyini şərtləndirən bu pozitiv proses ilk növbədə, xalqına bağlı milli liderlərin praqmatik və reallığa adekvat fəaliyyətindən asılıdır. Cəmiyyətdəki çoxluğun maraq və mənafeyinə uyğun siyasət yeritməyən siyasi qüvvənin ictimai dəstək qazanmasının qeyri-mümkünlüyünü isə xüsusi vurğulamağa ehtiyac yoxdur.

Əminliklə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi islahatlar respublikamızın dinamik sosial-iqtisadi inkişafını təmin etmiş, modernləşmə kimi mürəkkəb prosesin etibarlı iqtisadi bazisini formalaşdırmışdır. Dövlət başçısı özünəməxsus siyasi məharətlə dövlətə rəhbərlik fəaliyyətinin bütün məqamları arasında qırılmaz bağlılığa, məntiqi ardıcıllığa nail olmuş, Azərbaycanda dövlət idarəçiliyinin özünəməxsus mükəmməl sistemini formalaşdırmış, bu sistemin xalqın mənafeyinə uyğun intensiv fəaliyyətini təmin etmişdir. Dövrün tələblərinə uyğun formalaşdırılmış bu sistem respublikamızın sürətli sosial-iqtisadi tərəqqisinə, siyasi sabitliyə, vətəndaş sülhünə, insanlarımızın maddi rifah halının yaxşılaşmasına, ölkəmizdə demokratiyanın inkişafına yönəlmiş mühüm qərarlara, habelə bu qərarların icrasına xalqla birgə nəzarət formuluna əsaslanır.

"Bizim iş üslubumuz belədir: problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var" - deyən cənab İlham Əliyev davamlı və tarazlı inkişafın təmin edilməsi baxımından bir sıra sahələrdə uzun illər boyu həllini gözləyən problemlərin dəqiqliklə müəyyənləşdirilməsi, habelə mövcud resursların həmin problemlərin həllinə yönəldilməsi üçün kompleks proqramların hazırlanaraq həyata keçirilməsini, icra prosesinin diqqətdə saxlanılmasını vacib saymışdır.

İnkişaf etmiş ölkələrin təcrübəsi birmənalı şəkildə təsdiqləyir ki, demokratik inkişaf və modernləşmə yalnız yüksək maddi rifah şəraitində özünə möhkəm ictimai dayaqlar tapa bilir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin fəaliyyətində iqtisadiyyat həyata keçirilən islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Bu da kifayət qədər əsaslı yanaşma olaraq Azərbaycanın dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. İnkişaf etmiş dövlətlərin təcrübəsi də təsdiqləyir ki, iqtisadi sistemin sabitliyi labüd surətdə demokratikləşməyə, ictimai həyatın bütün sahələrinin modernləşməsinə aparır. Dövlət başçısının iqtisadi siyasəti nəticəsində son illər vətəndaşların yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan müsbət keyfiyyət dəyişiklikləri, hər bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin - milli sahibkarlar ordusunun mövqelərinin ildən-ilə möhkəmlənməsi ümumbəşəri xarakter daşıyan demokratik-hüquqi normaların ictimai rəydə düzgün dərk olunmasına, qavranılmasına və qiymətləndirilməsinə əlverişli şərait formalaşdırır.

Bütün bunlara nəzərən Azərbaycanın özünəməxsus inkişaf modelinin formalaşması ilə bağlı obyektiv qənaət isə qısa zamanda əldə olunmuş sosial-iqtisadi nailiyyətlərlə şərtlənir. Ümumi şəkildə ifadə etsək, son 8 ildə milli iqtisadiyyat 3 dəfə, büdcə xərcləri 12 dəfə, hərbi xərclər 20 dəfə, valyuta ehtiyatları 20 dəfə artmışdır. Əgər 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi cəmi 1,3 milyard manat idisə, 2011-ci il üçün bu rəqəm 12 milyard 61 milyon manat təşkil edir. Bu dövrdə Azərbaycanda maaş və pensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluq 4 dəfədən çox azalaraq 49 faizdən 9 faizə enmiş, 900 mindən çox yeni iş yeri açılmışdır.

Fəaliyyətini hər zaman ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini mütərəqqi ənənə kimi formalaşdıran Azərbaycan Prezidenti İlham Əliyev bunu həm də şəffaf, səmərəli və demokratik idarəetmənin mühüm formulu hesab edir. Artıq bir neçə ildir ki, bu cür hesabatlar həm də konkret dövr ərzində əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, müstəqil dövlətimizin əldə etdiyi uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması, bu problemlərin həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilmişdir

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru" əsərində haqlı olaraq göstərir ki, Azərbaycanda təkamül yolu ilə gerçəkləşən, tədrici xarakter daşıyan sistem dəyişkənliyi, habelə modernləşməyə keçid, ilk növbədə, idarəçiliyə yeni ruh və müasirliyin, habelə innovativ yeniliklərin gətirilməsi prinsipinə əsaslanmalıdır. Respublikamız elə inkişaf mərhələsinə çatmışdır ki, hazırda ölkə iqtidarı da idarəetməni tamamilə yeni prinsip və metodlar üzərində qurmağa çalışır. Sabitləşmədən modernləşməyə aparan bu yol eyni zamanda, cəmiyyətin müxtəlif təbəqələrinin mənafelərinin daha etibarlı müdafiəsi, ictimai qüvvələrin tarazlığının qorunub saxlanılması, cəmiyyətə xas mülki, demokratik, özünüidarə meyillərinin adekvat realizə etmək imkanlarını genişləndirir.

 

Sosialyönümlü inkişaf Nərimanov rayonunda da qabarıq duyulur

 

Bu gün milli iqtisadi inkişaf modeli ilə tanınan Azərbaycan həm də sovet dövründən qalmış köhnə infrastrukturdan tamamilə azad olaraq iqtisadi-mədəni səviyyədə modernləşir, ölkənin hər bir guşəsində müasir tələblərə cavab verən abadlıq-quruculuq işləri aparılır. Bakıya daxilən bağlı olan cənab İlham Əliyev ötən 8 ildə şəhərin millilik və müasirliyin sintezi əsasında hərtərəfli inkişaf etməsi, təmizliyi, gözəlliyi, yaşıllığı ilə göz oxşaması üçün kompleks tədbirlər həyata keçirir. Paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsindən tutmuş ekoloji tarazlığın qorunmasına, yaşıllaşdırma işlərinədək hər bir işi şəxsi nəzarətdə saxlayan, tikinti-abadlıq, quruculuq prosesi ilə yerindəcə tanış olan dövlət başçısının xüsusi diqqət və qayğısı ilə ötən 8 ildə Bakı rayon və qəsəbələrinin görkəmi inanılmaz dərəcədə dəyişmiş, müasirləşmişdir.

Bu gün Azərbaycanın ən müxtəlif bölgələrində müşahidə olunan abadlıq və inkişaf paytaxtın Nərimanov rayonunda da özünü qabarıq göstərir. Son illərdə müasir tikinti-inşaat meyarları əsasında, yüksək estetik zövqlə həyata keçirilən, vətəndaşlarda yüksək razılıq doğuran genişmiqyaslı abadlıq-quruculuq tədbirləri Nərimanov rayonunun simasını əsaslı dərəcədə dəyişmişdir. Mühüm inşaat layihələrinin uğurla gerçəkləşdirilməsi nəticəsində rayonun küçə və meydanları, prospektləri, parkları, istirahət məkanları, yolları abadlaşmış, əksər yaşayış və inzibati binaların fasadları müasir görkəm almışdır.

Dövlət başçısının birbaşa təşəbbüsü və himayəsi sayəsində son dövr ərzində Nərimanov rayonunda mühüm obyektlərin tikintisinin təməli qoyulmuş və inşası uğurla başa çatdırılmışdır. Ümumiyyətlə götürsək, müxtəlif tədbirlərdə, açılışlarda, təməlqoyma mərasimlərində iştirakla bağlı 2005-2010-cu illərdə ölkə Prezidenti 30 dəfə Nərimanov rayonu ərazisində olmuş, 25 açılış və 2 təməlqoyma mərasimində iştirak etmiş, tanışlıq xarakterli 3 tədbirə qatılmışdır. Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə təməli qoyulan, şəxsi nəzarəti altında inşa edilən bu obyektlər Nərimanov rayonunun simasını daha da müasirləşdirmiş və gözəlləşdirmiş, əhalinin yaşayış səviyyəsinin, sosial rifahının yüksəldilməsində mühüm rol oynamışdır. Dövlətimizin başçısı Nərimanov rayonuna və sakinlərinə son beş il ərzində çoxsaylı səhiyyə və təhsil müəssisələri, yol ötürücüləri və yol qovşaqları, piyada keçidləri, parklar, infrastruktur obyektləri, istehsalat müəssisələri, yeni inzibati binalar bəxş etmişdir.

Prezident İlham Əliyev yalnız 2010-cu ildə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Departamentinin İdarəetmə Mərkəzinin, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının, Mətbuat Şurasının yeni inzibati binasının, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin, K.Rəhimov küçəsinin F.X.Xoyski prospekti və Təbriz küçəsi ilə kəsişmələrində yeraltı yolötürücülərinin açılışlarında iştirak etmişdir. Xüsusi vurğulamaq istərdim ki, rayon ərazisində tikintisi başa çatmaqda olan Heydər Əliyev Mərkəzinin unikal memarlıq üslubundakı inzibati binası bütövlükdə müstəqillik tariximizin ən möhtəşəm tikililərindən biri olacaqdır.

Rayondakı inkişaf prosesindən danışarkən Heydər Əliyev Fondunun misilsiz qayğısından, böyük himayədarlığından danışmamaq mümkün deyildir. Çünki rayonumuzda bu sahədə görülən işlərdə dövlətin ən yaxın yardımçısı məhz ulu öndərin adını şərəflə daşıyan bu fond olmuşdur. Təsadüfi deyildir ki, fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan vətəndaşlarının, xüsusən də, Nərimanov rayonu sakinlərinin inam ünvanına, mərhəmət və xeyirxahlıq rəmzinə çevrilmişdir. Talassemiya Mərkəzinin, Psixonevroloji Uşaq Evinin, kor və zəif görən uşaqlar üçün musiqi məktəbinin, məktəb kompleksinin, Zərifə Əliyeva adına uşaq bağçasının, parkların və digər bu kimi orbyektlərin Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Nərimanov rayonu ərazisində istifadəyə verilməsini sakinlərimiz böyük qədirbilənlik və sonsuz minnətdarlıqla xatırlayırlar.

Bütün bunlar bir daha göstərir ki, 2003-cü ilin 15 oktyabrından ötən 8 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan hüquqi-siyasi və iqtisadi islahatlar postkeçid mərhələsində ölkədə modernləşmə xəttinin uğurla davam etdirilməsi üçün real zəmin yaratmışdır. Vətəndaş mənafeyini önə çəkən iqtisadi islahatların dərinləşdirilməsi, liberal dəyərlərin, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təminatı sisteminin təkmilləşdirilməsi Azərbaycan vətəndaşının firavan yaşayışını təmin edir. Respublikamız qloballaşan dünyanın tərkib hissəsi kimi uğurla irəliləyir, yüksək iqtisadi inkişaf tempinə adekvat olaraq demokratik dəyərləri mənimsəyir. Ölkəmizin ildən-ilə artan sosial-iqtisadi imkanları deməyə əsas verir ki, Azərbaycan modernləşmə mərhələsini də tezliklə başa vuraraq dünyanın ən inkişaf etmiş dövlətləri ilə eyni sırada dayanmaq imkanı əldə edəcəkdir.

 

 

Abdin FƏRZƏLİYEV,

Yeni Azərbaycan Partiyası

Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2011.-3 may.- S. 5.